Şuşa Bəyannaməsi: Birliyin və qardaşlığın təntənəsi

986

Azərbaycan-Türkiyə qardaşlığının dərin kökləri var. Ortaq dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu yaxınlığı şərtləndirən başlıca amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə qeyd-şərtsiz dəstək olublar. Bizi birləşdirən köklər Dədə Qorquddan Koroğluya, Mövlanadan Nəsimiyə, Nuru paşadan İstiqlal mücahidlərinə, Çanaqqala savaşından Qarabağ müharibəsinə qədər zəngin bir tarixi özündə yaşadır. Genetik-etnik, əxlaqi-mədəni, sosial-iqtisadi bağlarımız qırılmazdır. Mübarizə və zəfərlərlə zəngin olan son yüzildə birlikdə yaşadıqlarımız isə xalqlarımızı və dövlətlərimizi bir-birinə daha sıx bağlamışdır.

…Tarixin 1918-ci ili. Sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdilər. Həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərlə bolşeviklərin Bakı və ətraf rayon­lardakı ağalığına son qoyuldu. Möhtəşəm tarixi qələbədən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin pay­taxtı Gəncədən Bakıya köçürül­dü. Türk ordusunun Bakını azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu münasibətlə təntənəli ziyafət təşkil etdi, şanlı komandan Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr verdi.

…2018-ci ilin sentyabrı. Bakının azadlığının 100 illiyi münasibətilə paytaxtda təntənəli yubiley mərasimi-hərbi parad keçirildi. Azadlıq meydanında­kı yüksək tribunda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdı­lar. Qürurlu, qətiyyətli, müdrik, millətinə və dövlətinə böyük sevgi ilə dolu iki Prezident – iki Qardaş! Tribunanın önündən isə mətin addımlarla hər iki ölkənin vətən müdafiəçiləri – igid hərbçiləri keçirdilər. Bu, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin parlaq nümayişi idi.

…2020-ci il, 10 dekabr. Yenə də Bakıda qələbəlik idi. Qarabağda 44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra, möhtəşəm Zəfər paradın­dan əvvəl iki liderin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramla baş əymələri, eyni zamanda, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət etmələri həqiqətən də iki dövlət – bir millət amalının əbədi olduğunu bir daha göstərdi. Zəfər paradı isə Türkiyə rəhbərliyinin, eləcə də bu müharibədə canını ver­miş şəhidlərimizin sayı qədər mehmetciyin iştirakı ilə daha da möhtəşəm oldu.

…Bu il iyunun15-i. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Özü də uca dağlar qoynunda, 28 il yarımlıq erməni əsarətindən qurtarmış Şuşa şəhərində. Bunun nə böyüklükdə hüquqi, siyasi, mənəvi stimul olduğunu təsəvvürə gətirəndə ürəyimiz sonsuz qürur və iftixarla döyünür.

Şərəf tariximizin bəzəyi olan hər üç hadisə milli-mənəvi yad­daşımızın qızıl səhifələrini təşkil etməklə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz­lığını, dönməzliyini və əbədiliyini göstərir.

Şuşada mühüm sənədlərin imzalanması dostluq və qar­daşlığımızın dərin tarixi köklərə söykəndiyini bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev bunu böyük sevinclə diqqətə çatdırdı: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bun­dan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında im­zalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Şuşa Bəyannaməsi əməkdaşlıq platformasını daha da genişləndirdi. Bu bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Müdafiə sahəsində əməkdaşlıq xüsusi mahiyyət daşıyır. Bu, o deməkdir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Digər önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haq­qında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq.

Sovet dönəmində Bakının erməni-bolşevik işğalından azad olunmasını qeyd etmək yasaq idi. Lakin bu şanlı hadisənin xatirəsini ürəklərimizdə yaşadır­dıq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli-mənəvi, siyasi-tarixi dəyərlərimiz yenidən dirçəldi və müstəqil Azərbaycan üçün müqəddəs olan 15 Sentyabr tarixi də öz layiqli qiymətini aldı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan-Türkiyə birliyi daha da gücləndi və bütün dünya üçün nümunəyə çevrildi. Dövlətimizin başçısı hər zaman bu barədə fikirlərini böyük qürur hissi ilə dilə gətirir: “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir”.

Bizim yaxınlığımız, əslində, iki müttəfiq dövlətin sıx əməkdaşlığından da böyük bağlı­lıqdır. Unudulmaz Müstafa Kamal paşa Atatürk demişkən, Ankara Bakının sevincini öz sevinci bilir, Bakının problemini öz problemi kimi qəbul edir. Həmçinin Türkiyə üçün problem olan hər bir hadisə Azərbaycan üçün problem sayılır. Dünya dəfələrlə şahidi olub ki, bütün sınaqlara, haqsızlıqlara, çətinliklərə qarşı mücadilədə Azərbaycanla Türkiyə birlikdə olur, müşküllərinin öhdəsindən çiyin-çiyinə gəlirlər.

Prezident İlham Əliyevin 10 oktyabr 2020-ci ildə Rusi­yanın RBK televiziya kanalına müsahibəsi zamanı jurnalistin Bakıda Azərbaycan bayraqları ilə yanaşı, çox sayda Türkiyə bayrağı görməsi ilə bağlı sualına verdiyi cavabı, yəqin ki, hər kəs xatırlayır: “Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi”.

Turan dünyasının qüdrətli təmsilçisi, 85 milyona yaxın əhalisi olan, sürətlə istiqbalına yürüyən, beynəlxalq məsələlərdə sözünü qətiyyətlə deyə bilən, NATO-nun üzvü olan Türkiyə hazırda yaxın Şərq və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi tanınır. Qardaş ölkə Cənubi Qafqazda da sülh carçısı olan və səsi aydın eşidilən bir dövlətdir. Mənəvi bağlarımızdan, ortaq tariximizdən, köklü mədəniyyətimizdən su içən birliyimiz, bağrıbadaşlığımız əbədidir. Hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ayrılmaz dostluq və qardaşlıq münasibətləridir. Həsəd aparılan birgəliyimiz məhz ürəklərimizin həmahəng vurmasının, məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

İkinci Qarabağ savaşında böyük qələbəmizdə türk qardaş­larımızdan gördüyümüz əvəzsiz mənəvi dəstək isə Azərbaycan-Türkiyə birliyinin ən pik nöqtəsini təşkil edir. Qarabağda aktiv hərbi əməliyyatların ilk günündən Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi, münaqişədə tarixi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Özünün gücü, təsir imkanları ilə Azərbaycanı erməni təəssübkeşlərinin həmlələrindən qorudu. Ərazilərimizi məhz hava­darlarının köməyi ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı. Pre­zident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu ölkənin bir çox rəsmiləri, Türkiyə cəmiyyətinin ən nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını qətiyyətlə bəyan etdilər.

Qarabağda tarixi zəfərin sayəsində qardaş Türkiyə ilə yeni-yeni nailiyyətlərə imza atılır. Tarixi ədalət addım-addım bərpa olunur. Bu yöndə daha böyük uğurlar qazanacağımız şəksizdir. Ermənistan üçün əsl kapitulyasi­ya sənədi olan 10 noyabr birgə bəyanatına əsasən Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respubli­kası arasında yaranan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilib. Buna nail olun­masında Türkiyənin təsir imkan­ları genişdir. Kommunikasiyanın bərpası həm Naxçıvanın blokada­sının aradan qaldırılmasını, həm də Türkiyənin birbaşa yolla Xəzər dənizinə və Orta Asiya respubli­kalarına çıxışını təmin edəcək. Bu yola obrazlı şəkildə “Böyük Turan yolu” deyilir.

Əli Nəcəfxanlı, Əməkdar jurnalist, Sumqayıt şəhər sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər