Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” – FOTOLAR

1515

İnstitutu bitirdikdən sonra o“adi həkim” kimi yox, cərrah kimi işləmək istəyərək,  şaxtalı-sazaqlı Sibirə, Kamçatkaya da getməyə razı idi, lakin onu qızmar günəşli Türkmənistana, bir nəfər belə cərrahın olmadığı ucqar bir rayona göndərdilər 

 İlk dəfə cərrah bıçağını 57 il əvvəl əlinə alan, 4 il Türkmənistanda cərrah kimi çalışdıqdan sonra dogma Vətənə qayıdan Vaqif Qəhrəmanov insanların sağlamlığı keşiyində dayanaraq, sayı bilinməyən qədər xəstəyə şəfa vermiş, çoxlarını amansız ölümün cəngindən qopararaq, həyata qaytarmışdır. 1968-ci ildən bütün ömrünü Sumqayıta bağlayan təcrübəli cərrah müxtəlif illərdə tibb-sanitar hissəsinin, şəhər xəstəxanasının baş həkimi, 15 ilə qədər isə Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Səhiyyə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə sovetlər dövründə təltif edildiyi “Şərəfli əməyə görə” medalı ilə yanaşı Azərbaycan Prezidentinin sərəncamı ilə ali dövlət təltifinə – “Şöhrət” ordeninə layiq görülmüşdür.

 Qarabağda at çapan, bərk qaçan oğlan – Şuşalı Qəhrəman kişinin qoçaq nəvəsi

 Vaqif həkim əslən Azərbaycanın gözü, dilbər guşəsi, 28 illik ağrılı-acılı həsrətdən sonra Ali Baş komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik sərkərdə rəhbərliyi ilə Milli Ordumuzun rəşadətli döyüşçülərinin igidlikləri, misilsiz qəhrəmanlıqları sayəsində yenidən özümüzə qaytarılan Şuşadandır. Vaqif həkimin atası İmran kişi ilə xalqımızın cəsur, mərd oğlu Vaqif Cəfərovun atası Seyid Cəfər doğma xalaoğlu idilər. O Vaqif Cəfərov ki, qanlı-qadalı 1988-91-ci illərdə Şuşa rayonunun birinci katibi, SSRİ Ali Sovetinin deputatı olmuş və Moskvada keçirilən son sessiyada Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun yaradıcısı və baş direktoru, görkəmli akademik Tofiq İsmayılovla birgə ermənipərəst, satqın M.Qorbaçova və ordakı daşnak yığnağına qarşı Azərbaycan xalqı adından cəsarətlə öz sözünü deyərək, erməni millətçilərinin şovinist siyasətindən, işğalçılıq niyyətlərindən irəli gələn ərazi  iddialarına qarşı çıxaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qətiyyətlə, danılmaz tarixi faktlarla xalqımıza qarşı laqeyd olan sessiya iştirakçılarına, əsasən də o vaxtkı Ümumittifaq televiziyasının tamaşaçılarına, SSRİ ictimaiyyətinə çatdıra bilmişdi


…Ş
uşa bazarından aşağıda Vaqif Qəhrəmanovgilin ata-baba mülkü – daşdan hörülmüş 2 mərtəbəli evləri vardı. Həmin evdə sonralar Vaqif Cəfərovun atasının, bütün Şuşada sayılıb-seçilən Seyd Cəfərin ailəsi yaşayırdı. O da çox maraqlı idi ki, İmran kişidən sonra xalası oğlu Seyid Cəfər də öz oğluna eyni ad – Vaqif adı vermişdi. Bu, yəqin ki daha çox hər ikisinin şuşalı olaraq Qarabağ xanının adlı-sanlı vəziri, məşhur Azərbaycan şairi Molla Pənah Vaqifə olan böyük sevgilərindən irəli gəlirmiş.

Vaqif həkimin babası Qəhrəman kişi tacir (sövdəgər) olsa da, dolanışıqları  o qədər də yaxşı olmadığından onyn böyük oğlu Süleyman 1930-cu ildə ailələrini Şuşadan o vaxtlar Qaryagin adlanan indiki Füzuli şəhərinə köçürməli olur (Vaqifin hər iki əmisi – Süleyman və Salman, eləcə də Qoçəhmədli məktəbinin direktoru olmuş subay dayısı İdris müəllim 1941-ci ildə başlanan müharibəyə gedib, ağır döyüş yolları keçmiş, lakin çox sonralar hər üçünün “qara kağızı” gəlmişdi). Qəhrəman kişinin sonbeşik oğlu İmran Şuşa Pedaqoji texnikumunu bitirdikdən sonra onun iş təyinatı 1936-cı ildə Qoçəhmədli kənd orta məktəbinə verilir. Orda ibtidai siniflərə dərs deyən Gülsüm müəllimə ilə tanış olan gənc riyaziyyat müəllimi İmran Qəhrəmanov 1937-ci ildə onunla ailə həyatı qurur və elə həmin kənddə yaşamağa başlayır. Onların müəllim ailəsində sonralar 5 qız və 2 oğul dünyaya gəlir. Gələcək həkim, uşaqların ikincisi olan Vaqif 25 avqust 1940-cı ildə anadan olur.

Vaqif Qəhrəmanov hələ uşaqlıqdan cansız-cüssəsiz, həm də boyu yaşıdlarına nisbətən balaca olsa da, dərslərini yaxşı oxuyur və cəldliyi, çevikliyi ilə seçilirmiş. Qonşu kəndlərdə orta məktəb olmadığından həmin kəndlərin uşaqları 4-cü sinifdən sonra təhsillərini Qoçəhmədli kəndində davam etdirirdilər. Həmin  kəndlərin uşaqları ilə idman yarışları keçirilərkən Vaqif at çapmaqda həmişə birinci olur, futbolda isə rəqib komandalara göz verib, işıq vermirmiş. Qaçışda da fərqlənərdi. Arıq, cüssəsiz – “yüngülyaraq” olduğundan qonşu kəndlərin ən bərk, sürətli qaçanı məhz o olardı. Ona görə də kənddə uşaqlar da, böyüklər də onu “naqan” (“tapança”) deyə çağırardılar.

“Sən niyə ayağa durmursan?”

Ailəsi sonralar Füzuli şəhərinə köçdüyündən Vaqif Qəhrəmanov orta məktəbi əla qiymətlərlə orda başa vurur. Və hələ uşaqlıqdan həkim olmaq istədiyindən, sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universitetinə) verir. İlk qəbul imtahanında auditoriyaya daxil olan komissiya üzvlərindən biri (Vaqif onun fakültə dekanı, dosent Seyfəli Məmmədzadə olduğunu sonralar bilmişdi) bütün tələbələrin ayağa qalxdığını, lakin onlardan birinin – Vaqifin “saymazyanlıq” etdiyini, oturduğu yerdən tərpənmədiyini görüb, qeyzlə:

– Sən niyə ayağa durmursan, oğlan? Dur da ayağa, – deyə ona irad tutur.

Hamı dönüb Vaqifə baxır. O isə sakitcə:

– Müəllim, durmuşam da, – deyir.

Müəllim diqqətlə baxıb, onun həqiqətən ayağa durduğunu, lakin balacaboy olduğundan (instituta qəbul olunanda çəkisi cəmi 45 kq. olub), oturmuş kimi göründüyünə nəzər yetirib, astadan gülümsünür. Gülüş üçün bir “him”ə bənd olan abituriyentlərin pıqqıltısı get-gedə qəhqəhəyə çevrilərək, auditoriyanı başına götürür. Uşaqların zarafatyana gülüşünə səbəb olan, lakin elə ilk cəhddən imtahanları yüksək qiymətlərlə başa vurub, pediatriya fakültəsinə qəbul olunan həmin o balacaboy oğlan, nə qədər qəribə görünsə də, sonralar biliyi, istedadı sayəsində 1-ci kursdan sonuncu kursa kimi özündən boyca uca olan tələbə yoldaşlarının başçısı (“starostası”) olur.

Kamçatkada işləmək istəyən məzun

Yaxşı, bacarıqlı həkim olmaq üçün Vaqif bütün təhsil illərində gecə-gündüz çalışır və 1964-cü ildə ali məktəbi uğurla bitirir. Gənc həkim kimi təyinatı Azərbaycanın ən sakit, dilbər guşələrindən olan indiki Oğuz rayonuna verilir. Lakin o, Dövlət bölgü komissiyasına həkim-pediatr kimi yox, cərrah kimi çalışmaq istədiyini bildirərək, həmin təyinatdan imtina edir. Ona cərrah yox, uşaq həkimi olduğu xatırladılsa da, inadından dönmək istəmir. Və komissiya üzvlərini təəccübləndirərək bildirir ki, institutda oxuduğu son illərdə cərrah kimi təcrübə qazanmaq üçün axşamlar öz istəyi ilə professor Bəybala Abbasovun tələbəsi kimi Semaşko xəstəxanasında təcrübəli həkimlərin, cərrahların yan-yörəsində fırlanaraq, xəstələrin müalicəsində, cərrahiyyə əməliyyatlarında iştirak edib. Son vaxtar isə onun istedadını, bacarığını ğörən Semaşko həkimləri ona sərbəst olaraq yüngül cərrahiyyə əməliyyatları aparmağı da etibar edirlərmiş. Hətta ştatdan kənar olsa da, həkim kimi gecə növbəsinə də işə çıxırmış. Komissiya üzvləri Vaqifin “gizlin təcrübə”sinin cərrah işləmək üçün kifayət olmadığnı diqqətə çatdırdıqda o, bir daha  inadkarlıq göstərərək, SSRİ-nin hər hansı bir ucqar yerində, hətta şaxtalı-sazaqlı Uzaq Sibirdə, Uralda, Kamçatkada belə işləməyə hazır olduğunu, lakin pediatr kimi yox, cərrah kimi çalışmaq istədiyini bildirir.

Onun inadkarlığını görən Dövlət Komissiyası üzvləridən biri “tərslik” edən məzundan rusca soruşur ki, axı, sən niyə Sibirdə işləmək istəyirsən? O da əvvəlki qətiyyətlə cərrah olmaq istədiyini bildirir. Belə olduqda tanımadığı həmin komissiya üzvü qayıdır ki, onda gəl, mənimlə gedək. Və Vaqif öz-özlüyündə sual verir ki, “hara gedək”? Məlum olur ki, o, Vaqifə Sibirdə yox, Xəzərin o tayında – Türkmənistanda, gənc məzunun özünün istədiyi kimi həkim-cərrah işləməyi təklif edir. Sən demə, həmin adam Türkmənistanın Səhiyyə nazirinin birinci müavini imiş. Və məhz onun sayəsində istedadlı, gənc həkimin arzusu yerinə yetir və təyinatı soyuq Sibirə yox, qızmar cənub respublikasına verilir. Beləliklə, həyata həkim-cərrah kimi vəsiqə alır, qarşısında yeni perspektivlər açılır…

 Tibb İnstitutuna və Füzuli rayonuna həyəcanlı teleqramlar göndərilir:  “Gənc mütəxəssis V.Qəhrəmanov təyinat yerinə – Aşqabada gəlib çıxmayıb…”

 İlk dəfə olaraq doğma vətəndən kənara ayaq basan gənc həkim Bakı aeroportundan sevinclə Türkmənistana yola düşür. Qardaş respublikanın Səhiyyə nazirliyində onun təyinatı ucqar bir yerə – Taxta rayon xəstəxanasına verilir. Könlündən ona Türkmənistanda işləməsinə Bakıda xeyir-dua vermiş yerli Səhiyyə nazirinin müavinini görmək, ona elə burda – Aşqabadda minnətdarlıq bildirmək keçsə də, utandığından bunu dilə gətirmir və nazirlikdə bu barədə heç bir söhbət də açmır.

Sabahısı günü ilk iş yerinə – Taxta rayonuna yollanmaq istəsə də, dünənki gün Aşqabad aeroportunda tamamilə təsadüfən rast gəldiyi azərbaycanlı həmyerlilərinin və bir məktəb yoldaşının israrlı təkidi ilə bir müddət Türkmənistanın paytaxtında, onun üçün çox ekzotik, əsl müsəlman ab-havası duyulan şəhərdə qalmalı olur. Ali məktəbi uğurla bitirib, həkim-cərrah kimi Aşqabada təyinat alması dostlarını çox sevindirir. Və onlar Vaqifi bir-neçə gün qonaq saxlayaraq, şəhərin gəzməli-görməli yerləri ilə tanış edib, gəzib-dolanır, istirahət edirlər. Həmyerliləri və dostları çox çətinliklə, yalnız “xəbərsiz” ötüb-keçən 10 gündən sonra onun təyinat yerinə getməsinə razılıq verirlər. Beləliklə, dostların “güdazına” gedən gənc həkim iş yerində avqustun 1-də olmalı ikən ora ancaq ayın 11-də çatmışdı. Məhz bu səbəbdən də Azərbaycana həyəcanlı teleqramlar göndərilmişdi.

Türkmənistanın Taxta rayon xəstəxanası

 Təyinat yerinə gecikməsinə baxmayaraq, onu Taxta rayonunda hörmətlə qarşıladılar. Onun üçün rayon mərkəzində hər bir şəraiti – lazımi mebeli, stol-stulu, iki çarpayısı, soyuducusu, suyu, qazı (balonda), işığı daimi olan iki otaqlı mənzil, hələ üstəlik pal-paltar, ərzaq da ayrılmışdı. Belə qonaqpərvərliklə qarşılanmasının əsas səbəblərindən biri isə rayonda 11 il ərzində – 1953-ci ildən 1964-cı ilədək həkim-cərrahın olmaması idi. Ümumiyyətlə isə Türkmənistan səhiyyəsində o vaxtlar böyük kadr çatışmazlığı var imiş. Və, sən demə, Türkmənistanın Səhiyyə nazirinin müavini Bakıya məhz gənc həkimləri öz respublikasına dəvət etmək üçün gəlibmiş və Vaqif Qəhrəmanov onun üçün lap “göydəndüşmə” olubmuş.

Çox qəribə idi ki, Taxta rayonunun 10 il burda çalışmış əvvəlki baş həkimi də – Həsən Zeynalov da azərbaycanlı imiş, özü də məhz V.Qəhrəmanovun yerlisi – Füzulinin Gorazıllı kəndindən. O da təyinatla Türkmənistana göndərilib və cəmi bir il sıravi həkim kimi çalışdıqdan sonra baş həkim təyin edilibmiş. Orda çalışdığı müddətdə öz həkimlik bacarığı, xəstələrə diqqət və qayğısı, mehribanlığı, səmimiyyəti ilə təkcə rayonda deyil, bütünlükdə respublikanın səhiyyə sistemində böyük hörmət, nüfuz qazanıbmış. Ondan sonra xəstəxananın rəhbəri təyin olunan türkmən həkim Yazmuradov isə məhz Həsən Zeynalovun yetirməsi olubmuş.

11 il cərrahsız qalan, lazım gəldikdə uzun məsafə qət edərək paytaxt Aşqabada üz tutan yerli camaat Azərbaycandan “təzə cərrah” gəldiyini eşidib, artıq hansısa bir xəsarət aldıqda, yaralanıb-elədikdə tam arxayınlıqla, inamla Vaqif həkimə müraciət edirdilər. İİk günlər xəstələri az olsa da, səs-sorağı kəndlərə yayıldıqca ona pənah gətirənlərin sayı getdikcə artırdı. O vaxt cəmi 24 yaşı olmasına baxmayaraq, Vaqif həkim kifayət qədər elmi biliyə və müəyyən təcrübəyə malik olduğundan yalnız müxtəlif dərəcəli məişət, təsərrüfat, istehsalat xəsarətləri alanları deyil, daxili orqanlarında problemi, cərrahi müdaxiləyə ehtiyacı olanları da öz şəfalı həkim əlləri ilə müalicə edir, bəzilərini isə güclə də olsa, ölümün pəncəsindən qoparmağa nail olurdu.

…Bir dəfə isə onun yanına kəndlərdən birindən hardasa ayağından ciddi yara almış, lakin müalicəi çox gecikdirilmiş 30-32 yaşında gənc bir oğlan gətirmişdilər. Bir həftədən çox aparılan türkəçarə müalicənin heç bir xeyri olmamış, əksinə – xəstənin ayağı tünd rəng almış, ağrıları daha da güclənmiş, dözülməz olmuşdu. Gəncin ata-anası, həyat yoldaşı yalvararaq, həkimdən onu xilas etməyi, 4 azyaşlı uşaqlarının, ailəsinin başına qaytarmağı xahiş edirdilər. Onların ah-naləsi həkimin də, xəstəxana işçilərinin də ürəyini dağlayırdı. Vaqif həkim onu təcili əməliyyat otağına götürüb, ilkin, təxirəsalınmaz cərrahlığını edərək, gəncin xəstəliyinin aqressivliyinin qarşısını almağa, ağrılarının azalmasına, vəziyyətinin stabilləşməsinə çalışmışdı. Xəstə bircə gün də gec çatdırılsaydı, bu, ayağının qanqrenasına, sonda isə amputasiyasına səbəb ola bilərdi. Vaqif həkim xəstənin doğmalarını həyəcanlandırmamaq, qorxutmamaq üçün vəziyyətin kritik olduğunu onlara bildirmir, özü isə lazımi tədbirləri görsə də, bərk narahatlıq keçirirdi. Tez-tez gözlərinin önündən üzlərini heç vaxt görmədiyi, ata həsrəti ilə yol gözləyən dörd balaca uşağın xəyalı keçib gedirdi və özündən asılı olmayaraq “tutulur”, özünə söz verirdi ki, necə olursa-olsun, o xəstəni sağaltmalıdır. Hətta öz cibindən pul verib, “tapılmayan” dərmanları belə tapıb gətirtmiş, intensiv müalicə aparmışdı. Nəhayət, xəstə “o dünyadan” qayıdaraq, xəstəxanadan çıxarkən körpə, azyaşlı balalarının ona sarmaşıq kimi sarıldığını görüb, Vaqif həkim üzünü yana çevirərək, sevinc göz yaşlarını gizlətməyə çalışmışdı. Nəinki gəncin doğmaları, hətta xəstəxananın baş həkimi və tibb personalı da ona necə təşəkkür edəcəklərini bilmirdilər. Belə halların, türkəçarə müalicələrin aparılmaması üçün sonralar Vaqif həkim rayonun kəndlərinə gedir, yerlərdə, həmçinin qışlaqlarda camaatla profilaktik tibbi söhbətlər aparır, məsləhətlər verir, səyyar qəbullar da keçirirdi.

Cərrah kimi Taxta rayonunda ona böyük ehtiyac olduğu üçün və xəstələrə operativ, effektiv yardım edə bilmək məqsədilə Vaqif həkim humanistlik göstərək, öz istəyi və baş həkimin razılığı ilə bir müddət sonra xəstəxanada kiçik bir otaq götürərək, gecəli-gündüzlü orda, xəstələrin yanında qalır, onların dadına çatmaqda vaxt itirməli olmurdu.

Ucqar bir rayon mərkəzi olan Taxtada həftədə cəmi bir dəfə göstərilən filmlərdən başqa (o vaxtlar orda televizor-zad da yox idi) heç bir mədəni-kütləvi tədbir keçirilmədiyindən, Vaqif həkim rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özünün də hələ uşaqlıqdan çox böyük maraq göstərdiyi futbol yarışlarının təşkilinə, rayonda idmanın bu növünün populyarlaşmasına da nail oldu. Öz təşəbbüsü ilə yaratdığı, məşqçisi (buna görə ona maaş da verilirdi) və həm də əsas oyunçusu olduğu rayon futbol komandası çox keçmədən respublika üzrə birinci yeri tutdu. Buna cavab olaraq isə rayonun partiya rəhbərliyi Vaqif həkimi mükafatlandırmaqla yanaşı onu o dövr üçün mühüm sayılan bir “şərəfə” də layiq gördü – növbədən kənar olaraq Kommunist partiyası üzvlüyünə namizəd qəbul etdi (Sovet sisteminin hökm sürdüyü o vaxtlar fəhlə və kolxozçular üçün partiya sıralarına qəbul növbəsiz olsa da, mühəndislər, həkimlər, müəllimlər üçün bu prosedur çox çətin, keçilməz idi – aylarla, bəzən də illərlə növbəyə durmaq lazım gəlirdi).


Daşkənd zəlzələsi və “türkmənistanlı” gənc cərrah Vaqif Qəhrəmanovun yaralananlara tibbi yardımı

1966-cı ilin 26 aprelində dəhşətli bir xəbər bütün SSRİ-ni silkələdi. Özbəkistanın paytaxtında, Şərq dünyasının ən gözəl, qədim şəhərlərindən olan Daşkənddə səhər saat 5.23-də – şəhər əhalisi evlərində rahat yatıb, yuxuda olarkən çox böyük dağıdıcı gücə malik 8-9 ballıq zəlzələ baş vermişdi. Cəmi 10-12 saniyə davam edən yeraltı təkanlar dəhşət doğuran dağıntılara, minlərlə insan tələfatına səbəb olmuşdu. 300 min nəfərin evsiz-eşiksiz qaldığı şəhərdə on minlərlə adam yaralanmış, xəsarət almışdı.

Şəhərin 230-dan çox rəsmi dövlət, 700 ictimai və ticarət binası, 180 təhsil ocağı, 245 sənaye müəssisəsi ilə yanaşı 185 səhiyyə ocağı da dağılmışdı. Özbəkistana SSRİ-nin hər yerindən ərzaq, tikinti və tibb materialları ilə kömək edilir, Daşkəndə yüzlərlə xilasedicilər, həkim briqadaları göndərilirdi. Türkmənistandan qardaş respublikaya təcili köməyə yollanan həkim briqadasının tərkibində Azərbaycandan olan bir həkim-cərrah da vardı – 26 yaşlı Vaqif Qəhrəmanov.

Cərrah kimi hələ tələbəlik dövründə, Semaşko xəstəxanasında və sonralar çalışdığı Taxta rayonunda nə qədər yaralı və qan görsə də, Daşkənddə gördüyü dağıntılar, binaların qalıqları altından çxarılan, başı-gözü qan içində olan yaralıların, o cümlədən   yaşlı adamların, qadın və uşaqların çarəsiz görkəmləri ürək dağlayırdı. Gözlənilməz ağır faciəyə düçar olmuş, ağır yaralar almış özbək bacı və qardaşlarımızın sağalmasına, sağ qalmasına mümkün qədər çox kömək etmək üçün Vaqif həkim həmin günlər rahatlıq bilmədən, sutkada cəmi 3-4 saat dincəlməklə gecə-gündüz çalışmış, neçə-neçə ağır cərrahiyyə əməliyyatları aparmalı olmuşdu. Zəlzələnin təkrar baş verəcəyi qorxusu ilə çölün düzündə qurulmuş çadırlarda aparılmış əməliyyatlardan sonra hər bir adamı, xüsusilə də qadın və uşaqları ölümün əlindən alanda Vaqif həkim daxilən rahatlıq hissi keçirər, kimisə həyata qaytara bildiyi üçün qəlbən məmnun olar, nümayəndəsi olduğu Azərbaycan tibbinin yüksək nüfuzunu qoruya bildiyinə görə qürur duyardı. Qəlbi  yalnız yaşamaq yox, həm də  yaşatmaq eşqi ilə döyünən 26 yaşlı gənc bir həkim üçün isə bu insani duyğu sabaha ümidlə baxmağa, inamla addımlamağa tamamilə kifayət edirdi.

Bugünlər – Daşkənd zəlzələsindən 55 il ötdükdən, Özbəkistanın ağır yaraları sağaldıqdan sonra bu qardaş ölkə sürətlə inkişaf edərək, dünyanın ən gözəl diyarlarından birinə çevrildiyi bir dövrdə Vaqif Qəhrəmanov daxili bir məmnunluq hissi keçirir ki, özbək dostların ən çətin, ağır günlərində o da bir-neçə ay onların yanında, onlarla çiyin-çiyinə olmuş, dağıntılar altından çıxarılmış yüzlərlə yaralının müalicəsi, həyata qayıtması üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışmışdır.

Təyinat müddəti bitdikdən sonra onu Türkmənistandan niyə buraxmaq istəmədilər?

Yox, bu, hansısa bir cəza deyildi. Sadəcə, bunu Türkmənistandakı vəziyyət, onun tibbi kadrlara, xüsusilə də cərrahlara olan ehtiyacı tələb edirdi. Əslində o vaxtlar belə bir qayda vardı ki, məzunlar təyinatla göndərildikləri yerlərdə ən azı 3 il işləməli idilər. Ancaq bu müddət başa çatdıqdan sonra Vaqif həkimin işindən, peşəsinə olan vurğunluğundan və məsuliyyətindən, xəstələrə, iş yoldaşlarına münasibətdən daim razı olan və sadəliyinə, səmimiyyətinə və təvazökarlığına görə xətrini xüsusi olaraq çox istəyən Taxta rayon xəstəxanasının baş həkimi xahiş edir ki, o, daha bir il də rayonda qalıb, öz əvəzinə bacarıqlı bir cərrah hazırlasın və yalnız bundan sonra doğma vətənə – Azərbaycana təyinat borcu ilə yanaşı mənəvi borcunu da yerinə yetirmiş həkim kimi qayıtsın. Elə də olur. Və Vaqif Qəhrəmanov baş həkimin xahişinə “yox” deyə bilməyərək (təyinat vaxtı bitdiyindən bunu edə bilərdi), o ucqar rayonda daha bir il də qalıb işləyərək, öz əvəzinə qalacaq gənc bir türkmən həkimi cərrahlığın sirrlərinə öyrətdikdən sonra həm Türkmənistanda, həm də Özbəkistanda kifayət qədər təcrübə toplamış yetkin bir həkim-cərrah kimi Bakıya qayıdır.

“Türkmənistanlı” cərrah doğma Vətəndə

 Təcrübəli bir həkim kimi yerli əhaliyə peşəkarlıqla və təmənnasız xidmətinə görə Taxta rayon səhiyyə şöbəsinin rəhbərliyi, türkmən həmkarları və yeni dostları tərəfindən minnətdarlıq bildirilərək, 1968-ci ildə Aşqabaddan böyük hörmətlə, gül-çiçəklə və unudulmayacaq xatirələrlə yola salınan Vaqif həkim doğma Vətənə – Azərbaycana qayıdır. Çox keçmədən o, sonralar əbədi tale şəhəri olacaq Sumqayıt şəhərinin 1 №-li birləşmiş xəstəxanasında həkim-cərrah vəzifəsinə işə götürülür. Orda üç ilə yaxın çalışdıqdan sonra təcrübəsi, bacarığı ilə diqqət çəkərək, 1970-ci ildə  – 29 yaşında şəhər səhiyyəsinin ən qaynar, çətin sahəsinə – Azərbaycan Boru-prokat zavodunun Tibb-sanitar hissəsinə baş həkim təyin edilir. 10 minə yaxın işçinin çalışdığı, üstəlik ərazisində İttifaq əhəmiyyətli üç təmir təşkilatının da yerləşdiyi zavodun əsas sexlər olan marten, prokat, boruyayma, boruların uclarını qalınlaşdırma sexlərində və digər köməkçi sahələrində çalışan əməkçilər arasında xəstələnmə halları, bəzən baş verən, qaçılmaz olan istehsalat qəzaları nəticəsində xəsarət alanlar az olmurdu. Vaqif həkim ora baş həkim təyin olunana qədər zavodda tibbi-səhiyyə vəziyyəti heç də qənaətbəxş deyidi. Ehtiyatsızlıq üzündən xəsarət alanların artması, texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində hətta ölüm hadisələrinin baş verməsi həm şəhər, həm də SSRİ Qara Metallurgiya Nazirliyi səviyyəsində ciddi narahatlıq doğururdu. Ona görə də yeni baş həkim ilk növbədə illər üzrə analiz apararaq, metallurqların ən çox xəsarət aldıqları, bədbəxt hadisələrə düçar olduqları sex və sahələri müəyyənləşdirməyə çalışdı. Məlum oldu ki, daha çox təhlükəli olan sahələr boruyayma sexinin “250-1” stanı və prokat sexinin “700” və “850” prokat stanlarıdır. Və Vaqif həkim zavodun rəhbərliyi və texniki təhlükəsizlik şöbəsinin kollektivi qarşısında məsələ qaldıraraq, müəssisənin təhlükəli sahələrində müvafiq qoruyucu tədbirlər görülməsinə və Tibb-sanitar hissəsinin təcili yardım maşınının idarə binası qarşısında yox, digər sexlərə də yaxın və ən çox – 3 minə yaxın işçisi olan boruyayma sexinin qarşısında gecəli-gündüzlü növbə çəkməsinə, hansısa bir hadisə baş verərdisə, həkim briqadasının qəza yerinə özünü tez yetirməsinə, xəsarət alan işçiyə gecikmədən tibbi yardım göstərə bilməsinə nail oldu. Sexlərdə qrafik üzrə aparılan profilaktik tədbirlər, bütün briqadaların ilkin tibbi yardım çantaları ilə təmin edilməsi də tezliklə öz müsbət nəticəsini verdi. Artıq bir ildən sonra bədbəxt hadisələrin, xəsarət alanların sayı təxminən iki dəfəyə qədər azaldı. Xəstələrin ambulator şəraitdə müalicəsinin və Qara Metallurgiya Nazirliyi üzrə ən nümunəvi sayılan, Sumqayıtın mərkəzində yerləşən, təcrübəli, qayğıkeş həkim Klara Kasyanovanın (o, tibb elmləri namizədi, respublikanın Əməkdar həkimi idi) rəhbərlik etdiyi “Metallurq” sanatoriyasında sağlamlıqlarının bərpasının yüksək səviyyədə təşkili zavod üzrə xəstələnmə faizinin də minimuma enməsinə səbəb oldu.

Bununla belə bir-neçə dəfə ağır xəsarət alma və yanıq hadisələri olmuşdu ki, həmin anlarda da Vaqif həkimin cərrahiyə otağında özünün gecikmədən, operativ göstərdiyi tibbi yardım faciəli halların qarşısını ala bilmişdi. Onun üçün ən çətin, lakin uğurla başa çatmış əməliyyat isə ehtiyatsızlıq edərək, qolunu işlək mexanizm altında qoyub, çoxlu qan itirmiş, qolu “bir tükdən” asılı qalmış gənc bir fəhlənin həyatını öz tibbi personalının iştirakı ilə çətinliklə də olsa, xilas edə bilməsi olmuşdu. O vaxt vəziyyət çox kritik olduğundan həmin gənci nəinki respublika xəstəxanalarından birinə, hətta Sumqayıtın təcili yardım xəstəxanasına da çatdırmaq çox risqli, təhlükəli idi. Həmin günü Vaqif həkim öz cərrahlıq həyatının ən çətin və məsuliyyətli, eyni zamanda uğurlu günü kimi hələ də unutmayıb.

 Təcrübəli həkim-cərrah kimi şəhər xəstəxanasında ona daha böyük ehtiyac vardı

 Buna görə də o, 1975-ci ildə yenidən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına işə dəvət edildi. Orada işlədiyi illər ərzində də neçə-neçə xəstənin şəfa tapması üçün gecəli-gündüzlü, rahatlıq bilmədən, bəzən də ağır halda gətirilmiş xəstə üçün yeganə düzgün qərar verilməli olduğu gecə növbəsində də uğurla, vicdanla çalışdı. Onun ən çətin, həyəcanlı günlərindən biri isə ikinci övladı dünyaya gəldikdən bir ay sonra evdə ağırlaşması olan gənc bir gəlinin gecə yarısı xəstəxanaya gətirildiyi vaxt olmuşdu. Əvvəlcə anası hesab etdiyi, lakin sonradan qaynanasının olduğu məlum olan ağsaç nurani qadın az qala Vaqif həkimin ayağına düşərək, yalvarırmış ki, “doxtur, qurban olum sənə, nəvələrimə yazığın gəlsin, onları anasız qoyma”.

Gəlinin təzyiqi xeyli aşağı düşmüş, bənizi tamam ağarmışdı, nəbzinin döyüntüsü çox zəif hiss edilirdi. İlk dəqiqələrdəcə xəstənin vəziyyətini öyrənib, nə baş verdiyini dərhal, səhvsiz olaraq anlayan Vaqif həkim əvvəlcə məsləhətləşmək üçün təcili ginekoloq da çağırmaq istəsə də, oxşar halla bir dəfə Türkmənistanda da üzləşdiyindən, vaxtı itirmək istəməyib, tibb bacılarını tələsdirərək, təcili olaraq dava-dərmanı hazırlamağı tapşırır və  cavan gəlinin həyatını xilas etmək üçün saat yarımdan da çox intensiv müalicə aparmalı olur, sonda isə iki uşaq anasının həyatını xilas edə bilgiyinə görə bəlkə də hamıdan çox özü sevinir. Gəlinini, onun körpə balalarını dünyalarca sevən ağbirçək qaynana isə həkimə necə təşəkkür edəcəyini bilməyərək, dil boğaza qoymadan həkimə minnətdarlıq edir.

Bəli, həkimin həyatında belə həyəcanlı, sonu sevinclə başa çatan hallar yüzlərlə olub. Təsadüfi deyildi ki, 6 il şəhər Təcili tibbi yardım Xəstəxanasında bacarıqlı cərrah kimi ad-san qazandıqdan sonra o, “aralıq mərhələsi” keçmədən 1981-ci ildə – 40 yaşında Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. O, bu məsul vəzifədə də əzmkarlıqla çalışaraq, şəhərin tibb-səhiyyə müəssisələrinin ardıcıl olaraq təmiri, müasir avadanlıqlarla təmini, dava-dərmanlarla təchizatı üçün maksimum səy göstərmiş, “babam mənə kor deyib, gəlib-keçəni vur deyib” prinsipsiz “prinsipi” ilə işləmiş gəldi-gedər “Xalq cəbhəsi”nin hakimiyyəti dövründəki kiçik fasilə nəzərə alınmazsa, 15 il Sumqayıt səhiyyəsinə rəhbərlik etmişdir. Və bu, həmin məsul sahəyə 14 il (1949-63-cü illərdə) başçılıq etmiş Baba Məmmədovdan sonra yeganə ən uzun səhiyyə müdirliyi dövrüdür. Təbii ki, bu, 15 il ərzində bir-birini əvəz etmiş şəhər rəhbərlərinin hər birinin istedadlı, bacarıqlı həkim-cərrah Vaqif Qəhrəmanova olan etimadlarından irəli gəlib. Və o, bu gün də hər zaman onun yanında olmuş, illərlə çiyin-çiyinə çalışaraq,   sumqayıtlıların sağlamlıqlarının qorunmasında böyük xidmətləri olmuş həmkarlarının – veteran həkim Adil Babayevin, 1№-li şəhər xəstəxanasının baş həkimləri olmuş Dünyamalı Qasımovun və Fərhad Ələsgərovun,  Təcili tibbi yardım Xəstənasına 25 ildən artıq başçılıq etmiş İzzət Sadıqovun, şəhərin baş nevropatoloqu Vahid Məmmədovun, baş pediatr Xalidə xanım Quliyevanın, baş psixiatr Mayilxan Tağıyevin, baş kardioloq Kamil İbadovun, şəhər Göz xəstəxanasının baş həkimi olmuş Fkrət Qəhrəmanovun və bugünkü baş həkim  İradə Əliyevanın, Uşaq xəstəxanasının baş həkimi Zərifə Abdullayevanın, 2 №-li poliklinikanın baş həkimi Talətdin Verdiyevin, Doğum evinin baş həkimi Şəhla Abışovanın, “Metallurq” sanatoriyasının baş həkimi Klara Kasyanovanın, adlı-sanlı cərrahlar Cəfər Quliyevin, Zahid Quliyevin, Rauf Sadıqovun, kimya müəssisələrinin Tibb-sanitar hissələrinin baş həkimləri Sevil Əliyevanın, Canıbəy Ağayevin və digərlərinin xidmətlərini yüksək dəyərləndirərək, bildirir ki, həmin illər ərzində onların hamısı bir komanda kimi daim səylə, qayğıkeşliklə sumqayıltlıların sağlamlığı keşiyində dayanmışlar.

Diqqəytəlayiqdir ki, hər zaman sadəliyi, təvazökarlığı ilə seçilib, rəğbət qazanmış, ötən il şərəflə yaşanmış ömrünün 80 illik yubileyini qeyd etmiş Vaqif həkim heç vaxt vəzifə ardınca qaçmayıb. Harda, hansı vəzifə təklif edilibsə, əsas amalı həkim kimi xalqa vicdanla, sədaqətlə xidmət etmək olmuşdur.  Məhz buna görə də  ayrı-ayrı illərdə müxtəlif böyük-kiçik vəziəfələrdə çalışaraq, hər zaman əsas amalı yaşadığı şəhərin sakinlərinin sağlamlığı qayğısına qalmaq olmuşdur. Şəhərin 1 №-li xəstəxanasının, Təcili tibbi yardım xəstəxanasının baş həkimi də olmuş, 2 №-li xəstəxanada cərrahiyyə şöbəsinin müdiri, Bərpa müalicəsi xəstəxanasında “sıravi” həkim-cərrah kimi də çalışmışdır. Tibb sahəsi üzrə bir çox elmi məqalənin və bu gün də təbabətdə uğurla tətbiq edilən çox qiymətli bir ixtiranın müəllifi olan Vaqif həkim hazırda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 №-li şəhər xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini uğurla davam etdirir.

Həyatda qazancı – övladları, nəvə-nəticələri, xalqın ehtiramı, ölkə rəhbəri tərəfindən “Şöhrət”inin etirafı

Vaqif həkim səhiyyə sistemindəki çoxillik fədakar əməyi ilə həm tibb işçilərinin, həm də daim xidmətində durduğu şəhər ictimaiyyətinin dərin ehtiramını qazanmış və buna görə də etimad göstərilərək, üç dəfə şəhər Sovetinin deputatı seçilmiş, Sumqayıt səhiyyəsinin inkişafında  xidmətlərinə görə dəfələrlə Səhiyyə nazirliyi və şəhər rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilmiş, “ali dərəcəli həkim-cərrah” adına, 1970-ci ildə isə “Şərəfli əməyə görə” medalına layiq görülmüşdür. Vaqif Qəhrəmanovun həkim kimi çoxillik əməyinə ən böyük qiyməti isə Azərbaycan Prezidenti İlham Əliyev verərək, onu 2009-cu ildə Vətənin “Şöhrət” ordeni ilə təltif etmişdir.

Vaqif həkim tanınmış, istedadlı cərrah olmaqla yanaşı həm də gözəl ailə başçısıdır. Vətənə layiqli övladlar kimi böyütdüyü oğullarından biri – Vahid Qəhrəmanov respublikanın hüquq-mühafizə orqanlarından birində general-mayor rütbəsində Baş İdarə rəisi vəzifəsində xidmət göstərir. Kiçik oğlu Vasif isə istedadlı iqtisadçı-mühəndis olaraq Sumqayıt şəhər İcra Hakimiyyətində çalışır. Atasının humanist sənətini uğurla davam etdirən qızı Ceyran Qəhrəmanova isə artıq neçə ildir ki, ata yurdu olan Füzuli rayonunun Diaqnostika Mərkəzinin baş həkimidir. Və bugünlər Vaqif həkimin ən böyük arzusu sevimli nəvələrini övladları ilə birgə Ali baş komandanımız, Azərbaycan Prezidentinin müdrik rəhbərliyi sayəsində Milli Ordumuzun düşməndən azad etdiyi, 90-cı illərdəki ilk Qarabağ döyüşləri zamanı bütün gücü, imkanı ilə yardım göstərdiyi   doğma Füzuliyə, xoşbəxt uşaqlığını yaşadığı Qoçəhmədli kəndinə, ata-baba yurdu müqəddəs Şuşaya aparmaq, onlara dünyalarca sevinc bəxş etməkdir!

Qoy uca Allah bir vaxtlar Vaqif həkimi inadkarlığı, əzmkarlığı, ciddi səyi və istedadı sayəsində cərrah olmaq arzusuna yetirdiyi kimi tezliklə onu bu ümdə istəyinə də qovuşdursun!


Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər