Yüksək vəzifədən imtina edən “Sumqayıtın fəxri vətəndaşı” kimdir? – DÜNƏNƏ BOYLAN

1245

Eyruz Məmmədov, Respublikanın əməkdar jurnalisti

“Dünənə boylan” adlı layihəmizin növbəti yazısı Möhtərəm Məmmədova haqqındadır

VİZİT KARTOÇKASI

Möhtərəm Məmmədova 1916-cı ildə Qroznı şəhərində anadan olub. Əmək fəaliyyətinə Bakıda, Statistika idarəsində başlayıb. 1941-1945-ci illərdə Bakıda təhsil sitemində işləməyə çalışıb. Onun təşkilatçılıq bacarığını və işgüzarlığını nəzərə alaraq partiya orqanlarında işləmək üçün yüksək vəzifəyə təyin edirlər. 1947-ci ildən isə həyatını Sumqayıtla bağlayır. Möhtərəm xanımın həyat yoldaşı Yəhya Məmmədov (onun haqqında əvvəlki saylarımızda məlumat verilmişdir – müəllif) Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsində çalışırdı. Sonra o, Azərbaycan Boru-prokat zavodunun direktoru təyin olunur. Möhtərəm Məmmədova Sumqayıt şəhər Xalq deputatları soveti icraiyyə komitəsində məsul katib vəzifəsinə irəli çəkilir və təqaüdə çıxana qədər bu vəzifədə çalışır. Onun əməyi partiya və sovet orqanları tərəfindən yüksək qiymətləndirilib. Bir neçə orden, medalla təltif olunub. Möhtərəm Məmmədova «Sumqayıtın fəxri vətəndaşı» fəxri adına layiq görülüb. M.Məmmədova 1995-ci ildə dünyasını dəyişib. Allah rəhmət etsin! Sumqayıtda yaşlı və orta nəsil Möhtərəm xanımı yaxşı tanıyırlar. Onun işgüzarlığı, sadəliyi, diqqət və qayğıkeş olması hamının yadındadır. Həyatı, işi, əməli nümunə olan Möhtərəm xanım yorulmaq nə olduğunu bilməzdi.


Möhtərəm Məmmədova müsahibələrinin birində deyirdi: – Gənc qız idim, komsomol təşkilatı özəyinin katibi idim. Gecə-gündüz işləmək, nəsə etmək, qurmaq-yaratmaq amalımız idi. Həmin illər mənəviyyat, sədaqət, fədakarlıq, etibar ön plana çəkilirdi. Müharibə başlananda məni Bakı şəhər partiya komitəsinin təlimatçısı vəzifəsinə təyin etdilər. Günlərimiz fabrik və zavodlarda, camaat arasında keçirdi. Təbliğat aparır, alman faşizmi üzərində qələbə çalacağımız haqqında alovlu çıxışlar edirdik. Bu da əhali arasında olan vətənpərvərlik ruhunu artırırdı. Yadımdaır, Bakının Suraxanı qəsəbəsində təşkil etdiyimiz iclasda yazıçılardan Suleyman Rəhimov, şairlərdən Səməd Vurğun, Suleyman Rüstəm iştirak edirdilər. Bir neçə nəfər çıxış etdi. Səməd Vurğunun çıxışı ürəkləri silkələdi. İnanmazsınız, onun alovlu və təsirli çıxışından sonra zalda əyləşən kişilər ayağa qalxıb qapıya sarı yönəldilər. Biz onları saxlayıb soruşduq? – Hara gedirsiniz? Onlar isə cavabında belə dedilər. – Bizim burada oturmağımızdansa, cəbhədə vuruşmağımız gərəkdir. Hərbi komissarlığa gedirik. Aralarında cavanları da var idi, qocaları da, əlil olanları da. Vətən eşqi, Vətən məhəbbəti onları müharibəyə səslədi. Bizim tanınmış və hörmətli ziyalılarımızın bir sözü kifayət edirdi ki, könüllü olaraq cəbhəyə gedənlərin sayı çoxalsın, müharibədə zəfər çalacağımıza inamları artsın. Müharibə illərində Möhtərəm xanım Azərbaycan Lenin Kommunist Gənclər Təşkilatı Mərkəzi Komitəsində məsul vəzifəyə irəli çəkilir. Burada da özünü bacarıqlı, işgüzar kadr kimi göstərir. Sumqayıt şəhəri tikiləndə onu gənclik şəhərinə işləməyə göndərirlər. Sumqayıt şəhər İcraiyyə Komitəsində məsul katib vəzifəsində çalışanda Sumqayıtın quruculuğunda fəal iştirak edir, onun tikintisində öz məsləhətlərini verir. Möhtərəm xanım doğma şəhərimizlə bağlı sözünü belə davam etdirdi: – Sumqayıt mənim ikinci evimə çevrildi. Bilsəniz, bu şəhəri necə də sevirəm. Bir neçə dəfə Bakıya partiya işinə dəvət etdilər, imtina etdim. Bəzi yoldaşlarım mənim hərəkətimə təəccüblə yanaşdılar. «Partiya sənə etibar edir, niyə getmirsən?», deyə soruşurdular. Cavabımda deyirdim ki, mənim üçün Sumqayıt əziz və doğmadır. Onu qoyub başqa yerə köçə bilmərəm. Sumqayıtda olan canlanma, işgüzarlıq, qarşılıqlı hörmət, əməksevərlik, halal əmək bəlkə də başqa regionlarda yox idi. Burada hamı biri-birinin dostu və qardaşı idi. Sumqayıt mənim gözlərim qarşısında böyüyüb. Təvazökarlıqdan uzaq olsa da, Sumqayıt sanki mənim övladımdır. «Sumqayıtın fəxri vətəndaşı» adı veriləndə böyük fərəh hissi keçirdim. Keçmişi xatırladım, mənimlə çiyin-çiyinə işlədiyim yoldaşları yada saldım. Bu gün onların adlarını çəkmək istəyirəm. Kamran Hüseynov, Mehbalı Əmiraslanov, Kamal Axundov, Məzahir Abdullayev, Sərvər Bədəlbəyli, Fərhad Zeynalov Əli Mustafayev, Ərşad Kərimov, Xalid Rzayev və başqaları. Bu insanlar Sumqayıtın əsl təəssübkeşləri idilər. Onların fədakarlığı, böyük zəhməti, əzmkarlığı, sözün əsl mənasında qəhrəmanlıqları Sumqayıtın tarixinə qızıl hərfərlə yazılmalıdır və heç bir vaxt unudulmamalıdır. Onların həyatı indiki gənclər üçün bir örnək məktəbidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər