Sumqayıt şəhərində 2 fevral – Gənclər Günü qeyd olunub.
Sumqayıt gənclərini təbrik edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
Şəhər rəhbəri 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə bu günün təsdiq olunmasını ölkənin gənc vətəndaşlarına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Z.Fərəcov əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb, Azərbaycan gənclərinin bütün sahələrdə hərtərəfli uğur və nailiyyətlər əldə edərək özlərini doğrultduğunu vurğulayıb. Bu gün gənclər dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Vurğulanıb ki, məhz son 18 il ərzində formalaşmış gənclik 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı azad etdi. Son illər Sumqayıtda həyata keçirilən layihələrə diqqət çəkən Zakir Fərəcov qeyd edib ki, görülən bütün işlər gənclərin inkişafına, məşğulluğuna və asudə vaxtının səmərəli keçirilməsinə xidmət edir.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara yönəlmiş siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. İdarə rəisi son illər Sumqayıt şəhərində həyata keçirilən layihələrdən, gənclərin əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, Sumqayıtlı gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, şəhərdə həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.
Çıxışçılar ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda şəhərin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahəsində nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.