Menu
Geri İrəli

Ərzaq təhlükəsizliyimiz necə təmin olunur?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2013 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

Ərzaq təhlükəsizliyimiz necə təmin olunur?  

Bu istiqamətdə hansı irəliləyiş və problemlər var?   Artıq bir neçə ildir ki, ərzaq təhlükəsizliyi məsələsi ölkəmizin prioritetləri sırasındadır. Problemə ölkənin birinci şəxsi səviyyəsində diqqət yetirilir.  Sovetlər dönəmində istehsalat şəbəkəsi elə qurulmuşdu ki, ölkələr bir-birindən asılı qalmalı idi. SSRİ-nin mövcudluğunu təmin edən ən ciddi faktorlardan biri də məhz bu, olmalı idi və bu idi – hər kəs düşünməli idi ki, müstəqil olaraq yaşamaq mümkünsüzdür. 80-cı illərin sonlarına yaxın bu xof dağılmağa başladı və SSRİ-nin süqutu üfüqdə göründü.  Ancaq inqilablar və ciddi dəyişikliklər heç vaxt itkisiz başa gəlmir: müstəqil ölkələr ciddi sıxıntılarla üz-üzə qaldılar. Azərbaycan üçün keçid dövrü daha acınacaqlı başlayırdı – müharibə, Ermənistanın işğalçılıq siyasəti, eyni zamanda ölkədaxili ziddiyyətlər, ictimai-siyasi qarşıdurmalar ölkəmizi daha çıxılmaz labirintə salmışdı. Keçid dövrünün ilk illəri ərzində (1992-1995)  ümumi daxili məhsulun səviyyəsi 70 faizdən çox aşağı düşdü, inflyasiyanın yüksək səviyyəsi real gəlirləri kəskin surətdə azaltdı, manatın  məzənnə kursu zəiflədi, valyuta ehtiyatları demək olar ki, tükəndi.  Azərbaycanla  keçmiş Sovet İttifaqı Respublikaları arasında mövcud olan ənənəvi ticarət əlaqələrinin kəsilməsi bütün sahələrdə, eləcə də ərzaq təminatında ciddi sıxıntılar yaradırdı. 90-cı illərin ortalarına doğru vəziyyət stabilləşməyə başlamışdı… Sonrakı illərdə görülən tədbirlər isə ölkəni artıq inkişaf relsləri üzərinə çıxarmışdı. Ancaq bir çox problemlərlə yanaşı daha bir problem narahatlığa əsas verirdi: Ərzaq təhlükəsizliyi məsələsi. Problem bu gün də tam olaraq aradan qalxmayıb. Zarafat deyil, söhbət ölkənin bütünlüklə daxili imkanlar, daxili istehsal hesabına keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasından gedir.

Zəruri keçid

Ötən ilin yay aylarında beynəlxalq təşkilat – “Economist İntelligence Unit” araşdırma mərkəzi (London) dünya ölkələrinin ərzaq təhlükəsizliyi reytinqini tərtib etmişdi. Reytinq ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması meyarlarına əsaslanır.  Reytinq cədvəlinə ABŞ, Danimarka və Fransa başçılıq edirlər. Azərbaycan isə 105 ölkə arasında 67-cidir. Hesabatda Azərbaycanın zəif cəhətləri kimi kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclərin azlığı, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, siyasi sabitlik, demokratiya məsələlərində əskikliklər, ümumi daxili məhsulun adambaşına düşən həcminin kiçikliyi göstərilib.

  İngilislər nədə səhv edir, nədə yox?

“Economist İntelligence Unit” araşdırma mərkəzinin nə qədər ciddi araşdırma apardığını müzakirə etmək fikrində olmasaq da, Mərkəzin Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu barədə rəyinə əks arqument qoymaq olar: Ölkədə 2001-2010-cu illəri əhatə edən  “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı” icra edilib. 2008-2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramının icrası hazırda davam edir.  Ərzaq təhlükəsizliyinə ayrılan vəsəaitə gəldikdə isə ingilislərə bu mənada əvvəlki illər üçün müəyyən qədər haqq qazandırmaq olar: bu, bir faktdır ki, ölkə büdcəsindən bundan öncəki illərdə aqrar sektora, məsələn, nəqliyyat sektorundan dəfələrlə az vəsait ayrılırdı. İndi isə vəziyyət başqa cürdür: kənd təsərrüfatı xərcləri büdcədə ilk yerlərdən birini tutacaq.

 Bəs prezident nə deyir?  

Problem dövlət başçısını da narahat edir. Odur ki, bu istiqamətdə görülən işlərə o, şəxsən nəzarət edir. Prezident deyir: “Hesab edirəm ki, bu sahədə hələ ki, çox ciddi işlər görülməmişdir.  Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir. Çünki biz ümumi göstərişlər veririk. Məsələn, hər bir kənd təsərrüfatı məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı ödəmək, ixrac imkanlarını artırmaq üçün ümumi göstərişlər verilir. Amma bunlar bu rayonlar arasında necə bölünür, yəqin ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər verilməlidir. Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib. Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Aqrar sahədə də İKT məsələlərinin həlli hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq və həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Paralel olaraq kənd təsərrüfatının inkişafında informasiya texnologiyalarından istifadə etməliyik. Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə də bu məsələ öz həllini tapmalıdır.  Prezident şəffaflıq məsələsinə görə də məmurlara xəbərdarlıq edir: “Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Özümüzü təminetmə ilə bağlı prezidentin səsləndirdiyi rəqəmlər də maraqlıdır: “Ət və ət məhsulları ilə biz keçən il özümüzü 92 faiz səviyyəsində təmin etmişik, bu il 95 faiz səviyəsində təmin edəcəyik. Quş əti – 88 faiz, bu ilin sonuna qədər olacaq 93 faiz. Yumurta 96 faiz, bu il verilən proqnoza görə 100 faiz olacaqdır. Bitki yağları 70 faiz, qalxacaqdır 75 faizə. Kərə yağı 50 faiz, bu il olacaq cəmi 52 faiz. Bu, çox aşağı göstəricidir. Bu barədə düşünmək lazımdır. Süd və süd məhsulları ilə özümüzü 73 faiz səviyyəsində təmin edirik. Bu ilin sonunadək 78 faiz olacaqdır. Taxıl 65 faiz, olacaqdır 70 faiz və dediyim kimi, 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz 100 faizə çatacağıq. Üzüm 94 faiz, 96 faiz olacaqdır. Kartof istehsalı təxminən 100 faizdir. Bu səviyyədə də qalacaqdır. Bostan məhsulları 100 faiz. Artıq bu ildən böyük ixrac imkanları yaranacaqdır, faizin səviyyəsi 104 olacaqdır. Meyvə və giləmeyvə – 126 faiz, olacaq 130 faiz. Yəni, böyük ixrac imkanlarımız vardır. Tərəvəz 99 faiz, olacaq 108 faiz. Duz 71 faiz, olacaqdır 75 faiz. Şəkər və şəkərdən hazırlanan məhsullar. Burada biz bilməliyik ki, cəmi 12 faiz yerli xammal ilə təmin olunur. Ancaq idxal edilən digər xammallar ilə təmin olunan şəkər və məhsullar 180 faiz olacaqdır”  Bax belə. Görək hökumət qarşıya qoyulan vəzifələrin öhdəsindən nə qədər uğurla gələ biləcək.

Mütəxəssislər nə deyir?

Məsələylə bağlı, ekspert rəylərini də təqdim edirik.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov hesab edir ki, tərkibində şirinlik olan qida məhsulları həm konservantdır, həm də qıcqırma proseslərini aktivləşdirdiyindən zəhərlənmə yarada bilər. Onun bildirdiyinə görə, ümumiyyətlə, SSRİ dövründə yay mövsümündə kremli tortların satışı qadağan edilmişdi: «O qanunlar da hələ dəyişməyib. Bu tortların saxlanma müddəti çox qısa olmalıdır. İkincisi, kremli məhsullara marqarin yağı işlədilməsi qadağandır. Amma bizim şirniyyat şəbəkələrində heç bir şirniyyat məhsuluna kərə yağı işlədilmir. Çünki oradakı mütəxəssislərinin çoxu savadsızdır. Peçenyeyə və sair marqarin yağı işlətmək olar. Kremli şirniyyatlarda isə ancaq kərə yağı işlədilməlidir».

Baş kulinarın sözlərinə görə, ən böyük tortun saxlanma müddəti 24 saatı keçməməlidir. Tortu satan firma onun üzərində göstərməlidir ki, bu, saat neçədə hazırlanıb. T.Əmiraslanov həmçinin bildirdi ki, hər bir sexin standartı olmalıdır və internetdən hansısa resepti götürüb hazırlamağa nə sexin, nə də restoranların ixtiyarı var. Müsahibimiz bəzi şirniyyat sexlərində yol verilən mətbəx «əməliyyatları»na da toxundu: «Bəzi bulkalar var ki, onlara 20-30 köpürdücü vururlar, ona görə də rezin kimi şişir. Həmin sexlərə çirkli şərait hakimdir. Televiziyalarda bizim xanımlar başqalarına yemək bişirməyi öyrədirlər, amma əllərində qızıl, qulaqlarında sırğa, saçları açıq vəziyyətdə, sifətində kosmetika yemək bişirirlər. Bunların hamısı zəhər əmələ gətirən ünsürdür».

Tanınmış iqtisadçı-ekspert Kənan Aslanlı da bu məsələylə bağlı istehlakçıları diqqətli olmağa səsləyir:

“İstehlakçılar qablaşdırılmış ərzaq məhsulları alarkən ilk öncə məhsulun son istifadə tarixinə fikir verməlidirlər. Çünki bəzi hallarda hətta ən tanınmış pərakəndə və topdansatış məntəqələrində də istifadə müddəti qurtarmış məhsulların hələdə satışda olduğunu müşahidə etmək olur. Eyni zamanda, daha məlumatlı alıcılar malın saxta olub olmadığını onun 13 rəqəmli əmtəə nömrəsinə baxmaqla da müəyyən edə bilər. Xüsusi hallarda isə istehlakçı malın mənşə və keyfiyyət sertifikatını tələb etmək hüququna malikdir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlara və topdansatış məntəqlərinə reydlərinin sayını son zamanlar artırsa da, istehlakçıların hüquqlarının pozulması və keyfiyyətsiz məhsulların satışı ilə əlaqədar bir çox neqativliklər hələ də mövcuddur.”

“168 saat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın