Menu
Geri İrəli

Dərman bazarı: gizli apteklərin qiymət siyasəti – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2013 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

Hindistanda istehsal olunan dərmanlar Azərbaycana ilkin qiymətindən dəfələrlə baha qiymətə gətirilir

 

Dərman istehsalı və satışı bütün dünyada çiçəklənmə dövrünü yaşayır. Elə Azərbaycanda da dərman biznesi ən sərfəli və gəlirli sahəyə çevrilib. Ancaq bu, insanların sağlamlığının qorunmasından daha çox əczaçılıqla məşğul olanların varlanmasında özünü göstərir. Həm də ona görə ki, bir çox hallarda saxta və yararsız dərman idxalı insanların həyatına son qoyur. Hesablamalara görə, bütün dünyada saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10, bəzi ölkələrdə isə hətta 50 faizini təşkil edir.

 

Saxta dərman problemi Azərbaycan üçün də xarakterikdir və ölkənin əczaçılıq müəssisələrində satılan dərmanların böyük əksəriyyətinin keyfiyyətinin son dərəcə aşağı, qiymətlərin isə həddindən artıq baha olduğu hər kəsə bəllidir. Demək olar ki, bütünlüklə xaricdən gətirilən dərman preparatları maya dəyərindən bir neçə dəfə yüksək qiymətə satılır. Əczaçılar bunu ölkədə dərman preparatlarına tələbatının yüksək olması ilə izah etsələr də, vəziyyətdən sui-istifadə halları, varlanmaq hərisliyi də kifayət qədərdir.

 

Bəs, Azərbaycanda dərman bazarında qiymətlərin baha, keyfiyyətin isə aşağı olmasına səbəb nədir?

 

Hazırda Azərbaycanın əczaçılıq müəssisələrində Hindistan, Çin, İtaliya, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, İsrail kimi ölkələrindən gətirilən dərmanlar üstünlük təşkil edir. Həmin dərmanların qiyməti və keyfiyyəti də onların hansı ölkədən gətirilməsinə əsasən müəyyən edilir. Bu isə dərman bazarının vəziyyətinin hansı səviyyədə olduğunu göstərir. Ölkənin dərman bazarında vaxtaşırı monitorinq apardıqlarını deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, artıq Azərbaycan da saxta dərman şəbəkəsinin iştirakçısına çevrilib. Onun sözlərinə görə, hazırda Azərbaycandakı apteklərdə satılan əczaçılıq məhsulların ən azı 40 faizi saxtadır: “Əsas narahatlıq keyfiyyətlə bağlıdır və istehlakçılar şikayət edirlər ki, preparatların müalicəyə təsiri yox dərəcəsindədir. Çünki bazardakı dərmanların çoxu nəzarətdən kənar şəkildə apteklərə daxil olur, səhiyyə orqanları dərmanların keyfiyyətinə nəzarət edə bilmir”.

 

Zirzəmilərdə gizlənən apteklər

 

Eyyub Hüseynov Səhiyyə Nazirliyinin zirzəmilərdəki gizli aptek şəbəkəsinin qarşısını ala bilmədiyini də deyir. Onun sözlərinə görə, əczaçılığa nəzarət qurumları “zirzəmi aptekləri”nə qarşı ciddi mübarizə tədbirləri apara bilsəydi, ölkənin dərman bazarındakı vəziyyət, məhsulların keyfiyyəti indikindən bir neçə dəfə yaxşı ola bilərdi: “Ölkədə hər yeni gün bir zirzəmi aşkarlanır ki, bunlar da bir sertifikatla firma yaradan fırıldaqçı şirkətlərdir. “Firma dərmanları” dediyimiz  dərmanlar insanlara həm baha qiymətə satılır, həm də bir çox hallarda zərər verir”.

 

AİB sədri deyir ki, Azərbaycanda fəaliyyət göstərən apteklərin hamısında tibbi ləvazimat və preparatların satış qiymətlərini bir qayda olaraq əczaçılıq müəssisələrinin rəhbərliyi müstəqil şəkildə özü müəyyən edir. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi yalnız apteklərdə dərmanların keyfiyyətinə, saxlama şəraitinə nəzarət edə bilir: “Qiymət məsələsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hansısa dərmanı istehsal edən və ya gətirən şirkət müəyyən qiymət tərtib edir və apteklərə paylayır. İnsaf isə artıq aptek müdirlərinin özünə qalır”.

 

Ekspert dərman bazarındakı mövcud durumu düzəltmək və apteklər arasındakı qiymət fərqini aradan qaldırmaq üçün Tarif Şurasının konkret tariflər müəyyən etməsini zəruri sayır. Eyyub Hüseynovun fikrincə, indi elə bir vəziyyət yaranıb ki, insanlar öz həyatlarını keyfiyyətsiz dərmanlara etibar etmək məcburiyyətindədir: “Həkimlərin çoxu dərman alverçisinə və məqsədi pul qazanmaq olan əczaçılıq firmalarının qeyri-rəsmi nümayəndəsinə çevrilib. Ona görə də həkimlər əlinə düşən xəstəni soymaqla məşğuldur ki, ondan mümkün qədər çox pul çıxarsın. Bu vasitələrdən biri və ən çox sınaqdan keçiriləni dərmanlardır”.

 

Rəqabət imkanları genişlənməsə…

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə bildirir ki, dərman bazarındakı bu vəziyyət heç də qiymətlərin tənzimlənməməsi ilə bağlı deyil. Onun fikrincə, istər saxta və keyfiyyətsiz dərmanların apteklərə yol açması, istərsə də qiymətlərin real alıcılıq qabiliyyətinə uyğun olmaması birbaşa Səhiyyə Nazirliyinin öz funksiyasını yerinə yetirə bilməməsinin nəticəsidir. Ekspert deyir ki, ümumiyyətlə, dərman preparatlarının qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi yolverilməzdir. Onun sözlərinə görə, bu, həm mövcud qanunvericiliyin, həm də bazar iqtisadiyyatının tələblərinə ziddir: “Bu gün eyni dərmanın qiymətinin müxtəlif apteklərdə müxtəlif qiymətlərdə olmasının səbəbi qiymətlərin tənzimlənməməsi ilə bağlı deyil. Dərman idxalı faktiki olaraq bir neçə şirkətin inhisarındadır və qiymətləri də onlar tənzimləyir. Problem də bununla əlaqədar olaraq ortaya çıxır”.

 

Azər Mehtiyev bildirir ki, Azərbaycanda bu sahədə ən vacib məsələ rəqabəti təmin etməkdir. Azərbaycanda dərman biznesinin həddindən artıq inhisarlaşdığını söyləyən ekspertin fikrincə, ölkəyə dərman gətirilməsi və ölkədaxili istehsal inhisarlaşdığından, apteklər də bir əldən onu almağa məcburdur: “Rəqabət ancaq pərakəndə satışda meydana çıxır. Bu isə təbii olaraq müxtəlif apteklərdə qiymətlərin fərqli olmasına səbəb olur.  Ölkədə dərmanın qiymətinin yüksək olması və eyni preparatın müxtəlif qiymətlərə təqdim olunması birbaşa inhisarçılıqla bağlıdır. Dərman bazarındakı xaosun aradan qaldırılmasının yolu rəqabət imkanlarının genişləndirilməsindədir”.

 

Hindistan səfirindən əczaçılara ismarış

 

Yeri gəlmişkən, Hindistanın Bakıdakı səfiri Vinod Kumar bu yaxınlarda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasında keçirilən görüşdə ölkəsində istehsal olunan dərmanların Azərbaycana ilkin qiymətindən dəfələrlə baha qiymətə gətirildiyini deyib: “Dərmanların qiymətinin bu şəkildə şişirdilməsinin qarşısını almaq üçün Azərbaycanın iş adamları Hindistanın əczaçılıq müəssisələri ilə birbaşa əlaqə qurmalıdır. Bunun üçün bizim çox böyük imkanlarımız var. Hətta hindistanlı mütəxəssislərin köməyi ilə Azərbaycanda əczaçılıq sahəsində sənaye müəssisələri də yaradıla bilər ki, bu da Azərbaycana dərman idxalının ilkin qiymətindən dəfələrlə baha olmasının qarşısını alar. Azərbaycan şirkətləri Hindistanla əczaçılıq sahəsində birbaşa əlaqələr qurmaq istəsələr, biz onlara dəstək verəcəyik”.

 

İqtisadçı Azər Mehtiyev isə deyir ki, xaricdən idxal olunan dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir. Onun fikrincə, Səhiyyə Nazirliyi bu nəzarət funksiyasını normal şəkildə yerinə yetirsə, gizli yollarla bazara daxil olan məhsulların qarşısı alınar. Bu isə əczaçılıq şirkətlərinin dərman istehsalçıları ilə birbaşa əlaqəsi üçün yeni imkanlar yarada bilər: “Amma yerli şirkətlərini əczaçılıq müəssisələri ilə birbaşa əlaqə qurmasına imkan yaradılmır. Dərman bazarı bir-iki şirkətin əlində cəmləşib. Ona görə də bu problemlər kompleks həll olunmalıdır, bazarda azad rəqabət mühiti yaradılmalıdır ki, qiymətlər öz-özünə tənzimlənsin”.

 

Rəqabət mühiti olmayanda…

 

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini, ixtisasca həkim olan millət vəkili Musa Quliyev də dərman bazarında qiymətlərin Tarif Şurası tərəfindən tətbiq edilməsini yolverilməz sayır. Onun sözlərinə görə, ümumiyyətlə, Tarif Şurasının tibbi xidmət sektorunda qiymət siyasətinə hər hansı müdaxiləsi mümkünsüzdür: “Çünki Şuranın nəzarət sistemində dərman sektoru müəyyənləşməyib.  Dərman qiymətləri bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır”.

 

Dərman bazarındakı bahalığı normal hal kimi dəyərləndirən Musa Quliyev hesab edir ki, bunu yaradan əsas səbəb keyfiyyətli preparatlarla saxta yolla ölkəyə gətirilən və tərkibi şübhə doğuran dərmanlar arasında rəqabətdir. Onun sözlərinə görə, dərman idxalı ilə məşğul olan şirkətlərin sayı çox olsa da, onların hamısı bu sahədə eyni dərəcədə imkanlara malik deyil. Bu səbəbdən də əczaçılıq müəssisələrinin məhsullarını bazara fərqli məsrəflər hesabına başa gəlir: “Əsas diqqət dərmanların qiymətinə deyil, keyfiyyətinə yönəldilməlidir. Belə olsa, qiymət öz-özünə tənzimlənəcək və bu işlə məşğul olan sahibkarlar daha keyfiyyətli dərman idxalında maraqlı olacaqlar”.

 

Musa Quliyev bildirir ki, vəziyyəti normallaşdırmaq üçün dərman vasitələrinin idxalına tətbiq edilən rüsumlara da yenidən baxıla və şərtlər yumşaldıla bilər. Onun sözlərinə görə, rəqabət mühiti və digər amillər qaneedici olmayanda sahibkarlar ölkəyə ucuz, həm də keyfiyyətsiz dərmanı gətirməyə meylli olur: “Şərtlər iş adamına sərf etməyəcəksə, o artıq həmin dərmanı gətirməyəcək və nəticədə ölkədə keyfiyyətli dərman qıtlığı yarana bilər. Bu mənada daha vacib preparatlar əlavə dəyər vergisindən azad olunması, yaxud da şərtlərin bir qədər yumşaldılması bazarda müəyyən durulmaya imkan yaradar”.

 

Xatırladaq ki, hazırda Azərbaycanda dərman vasitələrinin idxalı və topdan satışı ilə məşğul olan 73 şirkət fəaliyyət göstərir. Bu şirkətlər Səhiyyə Nazirliyinin lisenziyası əsasında xaricdən dərman idxal edə və satışını həyata keçirir. Səhiyyə Nazirliyinin hesablamalarına görə, indiyədək Azərbaycanda  4500-ə yaxın dərman vasitəsinin dövlət qeydiyyatına alınıb. 2006-2007-ci ilədək ölkədə qeydiyyatda olan dərmanların 20-30 faizə qədəri Hindistandan idxal olunan dərmanların payına düşüb. Hazırda isə bu ölkədən idxal olunan dərmanlar ümumi qeydiyyatda məhsulun cəmi 6-7 faizini təşkil edir.

 

“Gücümüz çatan qədər çalışırıq ki…”

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyir ki, nazirlik gücü çatdığı qədər dərman bazarındakı vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, 2005-ci ildən bu yana keyfiyyətsiz dərmanlar sərhəddən bazara buraxılmır: “Ola bilər ki, hər hansısa məhsul qaçaqmal yolu ilə ölkəyə keçə bilsin, amma apteklərdə həftədə bir neçə dəfə reydlər keçirirlər və saxta dərmanların satışı günbəgün azalır”.

 

Dərman bazarında qiymətlərin həddindən artıq yüksək olmasına gəlincə, nazirlik rəsmisi bildirir ki, apteklərdəki dərmanların qiymətinə Səhiyyə Nazirliyi nəzarət etmir. Anar Qədirlinin sözlərinə görə, dərmanı ölkəyə idxal edən hər bir şirkət qiyməti özü müəyyən edir. Apteklər isə buna əsasən, pərakəndə satış qiymətləri müəyyənləşdirir./lent.az/

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın