Menu
Geri İrəli

Rusiyada baş verənlərin sistem səbəbləri

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

Tanınmış hüquqşünas Erkin Qədirli facebook səhifəsində son günlər Rusiyada baş verən hadisələrlə bağlı geniş yazı yazıb. sumqayitxeber.com saytı yazını olduğu kimi təqdim edir:


1. Rəsmi sovet iqtisadiyyatının ətaləti.

Sovet iqtisadiyyatı elə qurulmuşdu ki, heç bir respublika texnoloji prosesin tamına sahib ola bilməsin. Yəni, xam malın istehsalından başlayan, yekun məhsulun hazırlanmasına qədər uzanan proses bir respublikanın ərazisində getməsin. SSRİ-inn daxil siyasi məqsədləri üçün bunun ağlabatan məntiqi var idi. Lakin, plan iqtisadiyyatı və partiya nəzarəti sağlam iqtisadi münasibətlərin yaranmasını əngəlləyirdi. Nəticədə, respublikalar, inteqrasiya etmədən, bir-birindən (əslində isə – Moskvadan) asılı vəziyyətə salınmışdılar. Respublikaların birində yaranan problem, başqa respublikaların təsərrüfatında da problem yaradırdı. Bu isə Moskvanın müdaxiləsini zəruri edirdi. Düşünülmüş siyasət idi. SSRİ-də rəsmi texnoloji proses təxminən belə idi (sadələşdirilmiş təqdimat):

- bir respublikada xam mal çıxarılır
- xam mal başqa respublikaya göndərilir
- orada xam maldan ilkin məhsul (detal, maye, yanacaq və s.) hazırlanır
- ilkin məhsul başqa bir respublikaya göndərilir
- orada ilkin məhsul növbəti istehsal mərhələsindən keçirilir (boru, rezin, yağ, naqillər və s. düzəldilir)
- sonra bu məhsulu da başq respublikaya göndərirlər
- orada daha mürəkkəb istehsal gedir (motor, elektronik tərkib və s.)
- bu istehsalın məhsulunu da göndərirdilər daha başqa bir respublikaya
- orada da yekun məhsul düzəldilirdi
- üstəlik, bütün bu texnoloji proses üçün tələb olunan kadrları (ixtisasları) tamam başqa bir respublikada yerləşən universitet/institut hazırlayırdı.

Göründüyü kimi, heç bir respublikanın özünəgörə iqtisadiyyatı yox idi. Respublikalar iqtisadiyyatları ümumi SSRİ-nin siyasi məqsədlərinə tabe olunmuşdu. Təsadüfi və təəccüblü deyil ki, Sovet dağılanda, respublikaların hamısında iqtisadi uçurum yarandı, təsərrüfatlar çökdü, total işsizlik yarandı.

Sovetin texnoloji prosesi rus dili vasitəsilə idarə olunurdu (başqa cür ola da bilməzdi). Sovet dağılandan sonra rus dilindən başqa dil bilməyən, post-sovet məkanından başqa heç yerdə tətbiq olunası bilikləri və iş vərdişləri olmayan milyonlarla insan (keçmiş sovet respublikaların vətəndaşları), çox təbii olaraq Rusiyanı yeganə iş, pul və güzaran fürsəti kimi gördülər. Onların məhz Rusiyaya işləməyə getməsi, bu baxımdan, təəccüblü deyil. Rusiyanın özünü də bu qane edir (bunun açması sonrakı bölümlərdə olacaq).

2. Qeyri-rəsmi sovet iqtisadiyyatının ətaləti.

SSRİ-də, rəsmi plan iqtisadiyyatından başqa, qeyri-rəsmi bazar iqtisadiyyatı da var idi – “sexoviklər”, “valütçiklər”, “farsovşiklər”, “kontrabandistlər”, “zavmaqlar”, “zavxozlar”, “tovarovedlər”, “bazarkomlar”, “xalturşiklər”, “samoqonşiklər”, “daçniklər”, “brakonerlər”, “spekulyantlar” və s. (adları özüm tərcüməsiz verdim ki, zəmanənin ruhunu aydın ifadə oluna bilsin). Bunlar, əslində, normal iqtisadi fəaliyyət növləridir və sağlam bazar mühitində kiçik sahibkarlığın təməlini təşkil edə bilirlər. Lakin, sovet dönəmində bu fəaliyyət növləri, komunist partiyasının ideologiyasına zidd olduğuna görə, qanunla qadağan olunmşdu. Bəzilərinə görə çox sərt cinayət cəzası tətbiq olunurdu (ölüm cəzasına qədər). Buna baxmayaraq, bu işlərin nə qarşısını almaq olurdu, nə camaatı həvəsdən salmaq. Niyə? Üç səbəbə görə.

Birincisi, bu fəaliyyət növləri nəticəsində, sovetin planlı iqtisadiyyatının verə bilmədiyi, keyfiyyət yaradılırdı. Belə işlər vasitəsilə gerçək mallar və xidmətlər təklif olunurdu. Qanunla qadağan olunduğuna görə, qiyməti baha idi, amma camaat alırdı (çünki sovetin malı və xidməti çox zaman keyfiyyətsiz olurdu).

İkincisi, bu fəaliyyət növləri sayəsində, keyfiyyətdən əlavə, fərq da təklif olunurdu. Sovet adamları görmədiyi şeyləri ala bilirdi belə qanunsuz xidmətlərin hesabına. İnsanlar həmişə fərq istəyirlər və fərqi təklif edəni seçirlər.

Üçüncüsü, qanunla qadağan olunmuş belə fəaliyyət növlərinin qarşısını almalı, cəza tətbiq etməli olan orqanlar (narkontrol, partkontrol, OBXSS, prokurorluq, rıbnadzor, texnadzor və s.) korrupsiyaya uğramışdılar, özləri onlarla əl-bir olmuşdular, onlara “krışalıq” edirdilər. Məhz bu orqanların “krışalığı” nəticəsində (bazarın öz məntiqi ilə yanaşı) belə istehsal və xidmət növləri bütün SSRİ-nin ərazisini bürüdü, geniş şəbəkə qurula bildi. Onlar hətta sovet rəhbərliyinin ən yüksək səviyyələrinə qədər çıxa bilir, qərarların qəbul olunmasına təsir edə bilirdilər. Təbii ki, “vorzakonlar” da bu şəbəkənin tərkib ünsürləri idilər. Əslində, “vorzakonlar” təsisatını elə sovet hakimiyyəti yaratmışdı ki, cinayətkarlığa, xüsusilə iqtisadi sahədə, dolayı yolla nəzarət edə bilsin. Məlumat toplamaq da asanlaşırdı, beləliklə.

Sovet dağılanda, onun rəsmi iqtisadiyyatı çökdü, amma qeyri-rəsmi iqtisadiyyatı çökmədi. Bunun da bir neçə səbəbi var. Birincisi, sovetin qeyri-rəsmi iqtisadiyyatı mayasında bazar iqtisadiyyatı idi və, plan iqtisadiyyatından fərqli olaraq, rəqabətə dayanıqlı idi. Təsadüfi deyil ki, post-sovet məkanında keçirilən özəlləşdirmə öncəsi ilkin kapital məhz qeyri-rəsmi iqtisadiyyatın əlində cəmləşdi. Ikincisi, sovetin rəsmi iqtisadiyyaıntdan fərqli olaraq, onun qeyri-rəsmi iqtisadiyyatı respublikalar arasında asılılıq deyil, gerçək inteqrasiya yarada bilmişdi. Əlaqələr çox effektiv qurulmuşdu, mübadilələr də güclü idi. Bu əlaqəqələr və mübadilələr sonradan əldən ələ keçsə də, təsirini nəinki itirmədi, əksinə, daha da gücləndi. İndiki Rusiyada, bazar münasibətlərinin daha çox inkişaf etməsi səbəbindən, həmin əlaqələr və mübadilələr məhz Rusiyada daha çox təsirini göstərir. O cümlədən işçi qüvvələrin miqrasiyası məsələsində.

3. Rusiyanın siyasi sistemi.

Rusiyanın siyasi sistemi – təbii sərvətlərin istismarı üzərində qurulmuş və rentayığıcılığı ilə məşğul olan sistemdir. Belə olmaqla, Rusiya bizə və Mərkəzi Asiya ölkələrinə oxşayır. Oxşayır, amma eynisi deyil. Rusiyanın iqtisadiyyatı daha çoxçeşidlidir, insan ehtiyatları daha zəngindir, beynəlxalq əlaqələri də daha dərin və genişdir, coğrafi yerləşməsi də xeyli əlavə fürsətlər və risklər yaradır. Amma, mahiyyətdə yatan rentayığıcılığı Rusiyanın daxili siyasi səhnəsinin açılmasını həvəsləndirmir. Kiçik və orta sahibkarlıq səviyyəsində inkişaf etmiş rəqabət və onun nəticəsində yaradılan nemətlərin payı Rusiyanın ÜDM-sində (ümumi daxili məhsulunda) siyasi təsir göstərəcək nisbətdə deyil. Ona görə də Rusiyanın hakim elitaları vergilərə deyil, rentaya üstünlük verirlər. Vergi mədəniyyəti inkişaf etmirsə, seçki mədəniyyəti inkişaf edəsi deyil. “Vergi mədəniyyəti” dedikdə vergilərin intizamla ödənilməsi nəzərdə tutulmur (bu, başqa mövzudur). Təbii ki, vergilər intizamla ödənilmirsə və ya dövlətin vergi toplamaq bacarığı yoxdursa, vergi mədəniyyəti inkaşf etməyəcək. Amma vergilərin intizamla ödənilməsi özü-özlüyündə vergi mədəniyyətini yaratmır. Vergi mədəniyyəti siyasi seçkilərlə sıx bağlıdır və büdcə üzərində vətəndaş nəzarətinin formlaşmasından asılıdır. Belə bir şey Rusiyada yoxdur. Hakim elitalar (həm federal, həm regional, həm də yerli səviyyələrdə) vətəndaşlardan asılı deyillər. Vətəndaşların siyasi qərarların qəbuluna təsir etmək imkanları yoxdur.

4. Rusiyanın hüquq sistemi.

Hüquq sistemi siyasi sistemdən çox asılıdr. Onun vəziyyəti siyasi sitemin vəziyyətindən yaxşı ola bilmir. Hüquq-mühafizə və məhkəmə orqanlarında korrupsiya adi haldır. Orada da korrupsiya iqtisadi inkişafın nəticəsi deyil, idarəetmə mexanizmidir. Başqa sözlə, pərakəndə deyil, sistem halındadır. Korrupsiya vasitəsilə siyasi asılılıq və icra intizamı təmin olunur. Icra intizamı, burada təbii ki, qanunilik mənasını vermir. Korrupsiyanın içində özünəməxsus hesabatlıq və cavabdehlik var. Vətəndaşlar hüquq və mənafelərini hüquq vasisilə qorumaqda böyük çətinliklər çəkirlər. Faktik olaraq, belə vasitələrin bahalı və uzunsürən olması, üstəlik qanuni nəticənin zəmanətsiz olması ucbatından vətəndaşları həvəsdən salır, onları başqa (əksər hallarda qanunsuz) vasitələrə əl atmağa vadar edir.

5. Rusiyanın əmək bazarı və yaşayış mühiti.

Rentayığıcılığının, siyasi sabitsizliyin və hüquqi qeyri-müəyyənliyin nəticəsi olaraq, Rusiyada az bilik və az bacarıq tələb edən işlərə böyük ehtiyac yaranır. Belə işlər, təbii ki, təminatlı olası deyil. Üstəlik, bu cür işlərin çoxu ağır və hörmətsizdir. Rusların özü bu işlərə həvəs göstərmirlər, amma bazarda yer var və o yer boş qalmır. Bu yeri miqrantlar tutur. İşin ağırlığı, xüsusilə Rusiya kimi böyük ölkədə, bir çox səbəbdən yarana bilər – iqlim, iş şəraiti, iş yükü, məsafə, sərf olunan zaman, nəqliyyat problemləri, yerli əhalinin işə münasibəti və s. İşin ağırlığını artıran həm də miqrantların mədəniyyət fərqidir (dil bacarıqları, məişət vərdişləri, dini ayinlər, qohum-qonşu münasibətləri və s.). Görülən işin hörmətsizliyi də qismən buradan qaynaqlanır. İşin hörmətsizliyi onun təminatsızlığı ilə bağlıdır. Miqrant işçilərlə müqavilə bağlanmır, onlar vergi qeydiyyatına durmurlar. Çoxu heç miqrant kimi yaşayış yerində qeydiyyata durmur. Tibb və sosial sığortadan heç danışmağa yer qalmır. Belə şəraitdə kim işləmək istəyər ki? Ruslar istəmirlər, miqrantlar isə bu işlərə gedirlər. Niyə?

Birincisi, ona görə ki, miqrantların öz ölkələrində dolanışıq (iş və qazanc) fürsətləri çox azdır ya da heç yoxdur. Rusiyada, hətta az bilik və bacarıq tələb edən işlərdə, onlar öz ölkələrindən daha çox pul qazanmaq imkanı əldə edə bilirlər. Bu azmış kimi, pulun bir hissəsini ölkələrində qalmış ailələrinə göndərirlər və ya ailələrini Rusiyaya köçürürlər. Bir çoxları isə yerli rus qadınları ilə qanuni və ya faktiki ailə qururlar ki, qeydiyyatla problemləri olmasın. Miqrantlar onlarla evlənmək istəyən rus qadınlarını asanlıqla tapa bilirlər, çünki rus qadınlarının kişi idealı çox minimalistikdir – alkohol içməsin, başqa qadınlarla gəzməsin, qazandığını evə gətirsin. Qafqaz və Asiya kişilərinin çoxu bu tələblərə tam uyğun olduğundan, həyatda böyük iddiaları və maddi tələbatları olmayan rus qadınları onlarla ailə qururlar.

Ikincisi, qeydiyyatsız iş miqrantlara vergidən, tibbi və sosial ödənişlərdən yayınmaq fürsətini verir. Nəticədə, miqrantlar özləri və ailələri üçün daha çox pul saxlaya bilirlər. Amma, rəsmi icbari ödənişlərdən yayınmaq, rentadan yayınmaq ikmanı yaratmır. Miqrantlar hər şeyə görə renta (qanunusuz vergi) ödəməli olurlar – rüşvət şəklində. Hər yerdə (sərhəddə, gömrükdə, polisdə, miqrasiya xidmətində, vergi və əmək nəzarəti orqanlarında, sanitar və yanğın təhlükəsizliyi qurumlarında və s.) rüşvət verə-verə yaşayıb, işləyirlər. Üstəlik, kriminal dairələrə (krışalara) da “dolya” verirlər. Yəni, əslində, miqrantlar çox sərt qaydalara intizamla əməl edirlər, sadəcə, həmin qaydalar qanuni deyil. Qanunla iş görmək çox çətindir.

Bütün bu qeyri-rəsmi qaydalara əməl edəndən sonra, ağır və hörmətsiz işdən qayıdıb, məsələn, balkonda manqal qalayıb, kəbab bişirirlər, yerli qızlara sataşırlar, təmizkarlığa riayət etmirlər və s. Rusların bu xoşuna gəlmir, təbii ki. Ruslar buna görə miqrantlara irad bildirəndə, miqrantların çoxu belə iradlara əhəmiyyət vermir. Çünki: 1) miqrantlar onlar üçün gerçəkdən lazım olan bütün sərt (qeyri-rəsmi) qaydalara əməl edərək, özlərini intizamlı sayırlar (əsaslı olaraq); 2) miqrantlar yaxşı bilirlər ki, yerli rusların rəyi (səsi) dövlət orqanları üçün əhəmiyyət kəsb etmir və yerli ruslarla anlaşmaqdansa, korrupsioner dövlət orqanları ilə anlaşmaq faydalıdır. Yerli rusların rəyi dövlət orqanları üçün vacib olsaydı, həmin orqanlar gerçəkdən də seçkilər nəticəsində formalaşsaydı, miqrantlar yerli rus sakinlərin rəyini, iradlarını nəzərə alardılar. Belədə isə, yerli ruslar miqrantlara “понаехали тут” deyir, miqrantlar da ruslara – “да, иди ты на…” Nəticədə, heç bir problem həll olunmur, yığılır, gərginlik isə artır.

6. Rusiyada nəsil dəyişimi. 

Sovet dönəmində rusların özgüvəni xeyli artmışdı. Sovet hökuməti rus kəndlisini şəhərlərə köçürdü, yaxşı təhsil, iş, maaş, istirahət, pensiya və s verdi. Sovetin vaxtında ruslar görmədikləri günləri yaşadılar. Doğrudur, başqa xalqlar da bundan bəhrələnə bildilər. Amma rusların qısa zamanda kəndli səviyyəsindən şəhər ziyalısı və elmi-texniki elitaya çevrilməsi bütövlüklə sovet hakimiyyətinin nəticəsi idi. Məhz belə sürətli prosesin nəticəsində rusların özgüvəni xeyli artmışdı. Amma, bunun mənfi nəticəsi də oldu. İnkişaf çox sürətli olanda, təsisat yaddaşı, mədəni ənənə yarana bilmir. Üstəlik, sənə bütün bu fürsətləri vermiş dövlət birdən yox olanda, bu dövlətdə formaşalmış nəsillərin həyat mənası itir. Təəccüblü deyil ki, SSRİ-nin dağılmasından ən böyük (həm maddi, həm mənəvi) əziyyəti məhz ruslar çəkdi. Sovetin dağılması ilə rusların özgüvəni yox oldu. Bu azmış kimi, onlar sovetin dağılmasında günahı başqalarında görəcək durumuna düşdülər. İdeologiya yox, sosial təminat yox, iş yox, sahibkar bacarıqları yox. Əvəzində, ordan-burdan gəlmiş, rusca pis danışan, özünü rus kimi apara bilməyən, hər işə girişən, pul qazanan, rusları bazardan çıxaran milyonlarla miqrant var.

Sovetdən sonra Rusiyada yeni nəsil yetişdi. Çox fərqli bir nəsil. Bu nəsil dövlətdən asılılığa öyrənməyib və belə asılılığı azrulamır. İşi özü axtarmaq, pulu özü qazanmaq və özünə xərcləmək istəyir. Yeni nəslin uğurlu nümayəndələri miqrantlarla problem yaşamırlar (xırda məişət rahatsızlıqlarında başqa). Çünki onların uğur qazandığalrı sahədə miqrantlar rəqabət apara bilmirlər. Üstəlik, uğur da özgüvən yaradır. Amma, yeni nəslin uğur qazana bilməyən təbəqələri var və onlar çoxdur. Belələri arasında miqrantlara qarşı xüsusi dözümsüzlük yaranır. Ultra-sağ, irqçi yanaşmalar vüsət alır. Fakturasına görə məişət cinayətlərindən böyük siyasi problemlər yaranmağa başlayır.

7. Kriminal razborkalar.

Rusiyada kriminal aləmi də etnikləşib. Ikinci bölümdə izah etməyə çalışdığım səbəblərdən, etnik kriminal keçmiş sovet respublikalarından çıxıb, Rusiyada kök salıb. Onların arasında nüfuz dairələrinin və gəlir mənbələrinin bölüşdürülməsi uğrunda zaman-zaman, özlərinin dili ilə desək, razborkalar olur. Bu razborkalar çox gəlirli sahələr uğrunda aparılır. Razborkaların başlaması da, bitməsi də, Rusiyanın müvafiq dövlət orqanlarının (hakim elitanın) razılığı ilə olur. Rusiyanın hakim elitası özünün nəzarətində olmayan kriminal çevrələrə imkan vermir. Kriminal razborkaların gedişatına dövlətin qarışması (hərdən hətta birbaşa iştirakı) belə razborkaları siyasiləşdirir. Belə şəraitdə günahı asanlıqla etnik qrupların üstünə yıxmaq olur ki, diqqət (şübhələr) hakim elitanın maraqlarından yayına bilsin.

8. Rusiyanın yaxın qonşularına dair siyasəti.

Rusiya, yuxarıda izah etməyə çalışdığım səbəblərdən, demokratik dövlət deyil. Ona görə də yaxın ətrafında demokratik dövlətlərin yaranmasında maraqlı deyil. Hardakı demokratik keçid mümkün olub (Ukrayna, Gürcüstan), Rusiyanın onlarla münasibətləri korlanıb. Hardakı demokratik keçdi alınmayıb, Rusiya oranın hakim elitaları ilə yaxşı münasibəti qurmağı bacarıb. Məsələnin istehzalı tərəfi də ondadır ki, Rusiyay gələn miqrantların çoxu da həmin, yəni Rusiyanın yaxşı olduğuna iddia iddia etdiyi ölkələrdəndir. Niyə? Çünki, həmin ölkələrdə yaranmış avtoritar sistemlər, rentayığıcılığına əsaslanan, inhisarçı sistemlər qurublar. Belə sistemlərdə işsizlik və əhalinin yoxsullaşması dərinləşir. İnsanlar çıxış yolunu Rusiyaya köçməkdə görürlər. Bunun nəticəsində onların ölkələrinə sosial gərginlik azalır (bu isə ordakı rejimlərə sərf edir), Rusiyada isə rusların görmək istəmədiyi və ya bacarmadığı az bilik və bacarıq tələb edən işlər görülür. İqtisadi baxımdan, qısavədəli olaraq, hamı razı qalır, sanki.

Nəticə:

Yuxarıda göstərilmiş bütün səbələrin toplam nəticəsi odur ki, Rusiyaya iş və dolanışıq üçün gəmiş on milyonlarla miqrantlar Rusiyada inteqrasiya oluna bilmirlər, özlərini Rusiyaya bağlı saymırlar, Rusiyanı müvəqqəti (deməli, səliqə və uzunmüddətli yatırım tələb etməyən) iş yeri hesab edirlər. Qanusuz mühitdə ağır və hörmətsiz işlə məşğul olduqlarına görə, miqrantların nə öz üzərində işləməyə, nə ətraf mühiti qorumağa, nə qonşuluqda mədəni davranmağa, nə də, hətta, rus dilini düzəməlli öyrnəməyə həvəsi qalmır. Cinayətlər, irqi dözümsüzlük və bununla əlaqədar siyasi problemlər də buradan qaynaqlanır. Nə qədər ki, Rusiya, yuxarıda sadalanan sistem problemlərini həll olunmamış saxlayacaq, miqrantlarla olan problemlər də artacaq. Bunun nəticəsində isə irqçilik inkişaf edəcək. Bütün bunların mənfi nəticələri isə bizə də təsir edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın