Menu
Geri İrəli

Sumqayıtda yüzə yaxın ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2009 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

. «648 köçkün ailəsi mənzil sahiblərinin evində məskunlaşıb»

«Qaçqınkom» hələ də onların taleyi ilə maraqlanmayıb

Ötən həftə əyalət xəbərləri sırasında diqqət yaradan hadisə Sumqayıtda məcburi köçkünlərin zorla mənzillərindən çıxarılması haqqında xəbər oldu. Lent.az tərəfindən yayılan məlumatda bildirilirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə yerli polis və məhkəmə icraçıları şəhərin 9-cu mikrorayonunun 29, 30 və 31-ci binalarında 1993-cü ildən məskunlaşan məcburi köçkünləri mənzillərindən çıxartmaq istəyiblər. Polislərə etiraz etdiklərinə görə 8 nəfər saxlanılıb.

Bir neçə gün sonra adıçəkilən portal saxlanılanların azad edildiyi xəbərini yaydı. Baş verənləri nəzərə alıb hadisə yerinə yollandıq. Təəssüf ki, 29-cu və 30-cu binalarda məskunlaşan məcburi köçkünlər hansı məqsədlə gəldiyimizi biləndə bu barədə danışmaq istəmədiklərini söylədilər. Səbəblərini açıqlamasalar da, sonradan öyrəndik ki, həbs olunanlar hər iki binadan olduqlarından «az aşım, ağrımaz başım» məsəlinə söykənib susdular.

Ancaq 31-ci binada məskunlaşan məcburi köçkünlər onlara qarşı məhkəmə qərarı və polis hərəkətlərinin qanunsuz olmasında israr edirdilər. Təəssüf ki, qarşılaşdıqları problemləri dilə gətirənlər azlıq təşkil edir və danışmaq istəməyənlərin: «Nə xeyri var?» arqumentinə dayanırdılar. 29-cu və 30-cu binalarda ümumilikdə 70-dən artıq məcburi köçkün yaşayırsa, 31-ci binada 23 ailə məskunlaşıb. Bu ailələr 1993-cü ildə Ermənistanın işğalçı siyasəti nəticəsində öz yurdlarını məcburi şəkildə tərk edib o zaman hələ tam istifadəyə verilməyən binalarda məskunlaşıblar, əksəriyyəti də Qubadlı rayonundandır. Bir məqamı vurğulayaq ki, binalarda eyvanları şüşəbənd edilməyən mənzillərdə məcburi köçkünlər yaşayır. Bu mənzərəni göstərənlərdən biri dedi ki, əgər hansı eyvan şüşəbəndli deyilsə, deməli, məcburi köçkün yaşayır.

«Dövlət rayonumuzu azad etsə, bu mənzilləri boşaldacayıq»

Bizimlə söhbətində Həcər Məmmədova bildirdi ki, onlar bu mənzillərə köçəndə binalar tam istifadəyə verilməmişdi: «Təsəvvür edin ki, mənzillərin nə qapısı, nə pəncərəsi var idi və döşəmə də betondan ibarət olub. Biz heç uşaqlarımızın paltarlarını belə tam gətirməmişdik. Uşaqlarımızı «qrelkalar»ı düzüb yatızdırırdıq. Köçəndən 4 ay sonra mənzilin yiyəsi Seymur Fərəcov gəlib orderini göstərdi ki, ev onundur. Halbuki onun iki yerdə mənzili var idi. Bundan əlavə iki oğlu var ki, onlar da heç hərbi xidmətdə olmayıblar, bu günün özündə də Rusiyadadır. Qubadlı işğal olunanda bizim uşağın 5 yaşı vardı, zamanı gələndə hərbi borcunu yerinə yetirdi. Əlbəttə ki, dövlət rayonumuzu azad etsə, bu mənzilləri boşaldacayıq». H.Məmmədova bildirdi ki, mənzilin sahibi Seymur Fərəcov sonradan orderini Həsən adlı bir nəfərə satdı. Həmin adam bir neçə dəfə gəlib mənzili tərk etməyimizi istəyib. Düzdür, Sumqayıt şəhər rəhbərliyindən hər hansı təzyiq olmayıb, amma Qubadlı Rayon İcra Hakimiyyətinin rəsmiləri mərhum prezident Heydər Əliyevin göstərişini xatırlayıb möhkəm dayanmamızı istəyiblər. Amma «Qaçqınkom» bir dəfə də olsun polislərin həmin hərəkətindən sonra bizimlə maraqlanmayıb. Ədliyyə polisi isə məhkəmənin qərarını əsas götürüb deyir ki, dörd otaqlı mənzil olduğundan evin sahibi ilə məcburi köçkün ailəsi bir evdə yaşasın. Axı biri-birini tanımayan ailələr bir mənzildə necə yaşaya bilərlər?»

Sərdar Məmmədov isə «Qaçqınkom»a baş verənlərlə əlaqədar teleqram göndərsə də, heç bir reaksiya yoxdur: «Yalnız Qubadlı rayonunun icra nümayəndələri və polisləri gəlmişdilər ki, qarşıdurmaya getməyək. Amma Sumqayıt polisi bizi qarşıdurmaya çəkirdi».

Qubadlıdan olan məcburi köçkün Əzizə Nəcəfova onların mənzilləri boşaldılması haqqında qərarı yerli məhkəmənin hakimi Gülnarə Tağızadənin çıxardığını bildirdi: «Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimidir. Təsəvvür edin ki, 4 otaqlı mənzildə 10 nəfərdən ibarət ailə yaşayır və mənzilin sahibi də 6 nəfərlə gəlirsə, necə yaşamaq olar? Bir tualet, 1 hamam və evdə 40 yaşına çatmış kişilər və qadınlar bu vəziyyətdə necə yaşaya bilər? Mənim 4 oğlum müharibədə vuruşub və hələ yerin-yurdun olmaması səbəbindən ailə də qura bilmirlər. Ailəmizə mənzili tərk etmək üçün 5 gün vaxt veriblər. Hara gedək? Ev versinlər, tərk edək».

«Bizə deyirlər ki, mənzilin yiyəsi də evə köçsün birgə yaşayın»

Elxan Abbasov dedi ki, işdən evə gələndə hər şeyin ayaq altında olduğunu görüb: «Təsəvvür edin ki, bir həftədir polis təzyiqi altındayıq. Yer versinlər, tərk edirik. Amma bu günə qədər heç bir təklif yoxdur, yalnız deyirlər ki, çıxın, vəssalam! Niyə axı acınacaqlı durum yaradıblar? Bizə deyirlər ki, mənzilin yiyəsi də evə köçsün, birgə yaşayın. Heç bir ölkədə bu cür yaşayış yoxdur. Necə ola bilər ki, ailə üstündə ailə olsun?».

Cəbrayıldan olan məcburi köçkün Gülnar Novruzova dördotaqlı mənzildə üç ailənin yaşadığını bildirdi: «Ya torpaq, ya da mənzil versinlər bu binanı tərk edək, əks təqdirdə üç ailə harda məskunlaşa bilər?».
Həbs olunan xanımlardan Kəmalə Əsədova bildirdi ki, onlar iki gün öncə Apellyasiya Məhkəməsinin qərarına etiraz olaraq məhkəməyə gediblər: «Amma bizi döyə-döyə maşınlara basıb həbs etdilər. Baxmadılar ki, qadınıq. Bunlar ailələrində qadın olduqlarının fərqində deyil. Polislər bizə deyir ki, haqqınızı tələb etməyin, vəssalam! Biz prezidentin fərmanı əsasında bu mənzillərdə məskunlaşmışıqsa, məgər məhkəmənin qərarı bu fərmandan yüksəkdə dayanır? Mənim və baldızımın ailəsi 10 nəfərdən çoxdur və biz dördotaqlı mənzilə yığışmışıq. Mənzilin sahibi 100-ə yaxın polislə gəlmişdi bu qədər qadının üstünə. Bu gərginlikdən hansı vəziyyətə düşdüyümüzü bir Allah bilir».

Vəkil Polad Məhərrəmov: «Problem ondadır ki, icra hakimiyyətinin köçkünləri yerləşdirmək imkanları yoxdur»

Bütün deyilənləri dinlədikdən sonra Nəcəfovların vəkili Polad Məhərrəmovla əlaqə saxladıq. O, bildirdi ki, Akimovanın Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı iddiasından sonra məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdən çıxarılması ənənəyə çevrilib: «Yaranmış duruma normal yanaşmaq mümkün deyil. Düzdür, mənzil sahibləri iddia qaldırıblar və hakimlər də təmin edir. Bəzi qətnamələrdə ailələrin çıxarılması göstərilməsə də, yerləşdirilməsi icra hakimiyyətlərinə və «Qaçqınkom»ın yerli şöbələrinə həvalə edilib. Amma problem ondadır ki, icra hakimiyyəti orqanlarının köçkünləri yerləşdirmək imkanları yoxdur. Bax, anlaşılmazlığı bu məqamda axtarmaq gərəkdir». Vəkil dedi ki, prezidentin 1997-ci ildə fərmanı və Nazirlər Kabinetinin sərəncamları olub ki, məcburi köçkünlər öz yurdlarına qayıdana qədər məskunlaşdıqları evlərdən çıxarılmasını yollverilməzdir: «Ona görə də əllərində order olan bir sıra adamlar mənzillərini özəlləşdirib, sonra məhkəməyə müraciət edirlər. Ancaq araşdıranda bəzi orderlərin qanunsuz verildiyi də üzə çıxır». P.Məhərrəmov hakimlərin hansısa maraq xatirinə qətnamə çıxardığını güman etmir: «Məhkəmə islahatları getdiyindən hakimlər, əsasən, Avropa Konvensiyaları və beynəlxalq müqavilələrdən irəli gələn məsələləri əsas götürürlər. Onlar düşünürlər ki, hər hansı şəxs məcburi köçkünləri mənzilində saxlamağa borclu deyil. Ancaq mənzil sahibi ilə məcburi köçkünün bir evdə yaşaması haqqında qətnamənin çıxarılması mülkiyyətin müdafiəsi yox, problemin dərinləşdirilməsidir. Düzdür, Sumqayıtın 47-ci məhləsində belə praktika olub və mənzil sahibi evə köçərək məcburi köçkünü evindən çıxarıb. Ona görə bəzi mülkiyyətçilər bu variantdan istifadə etmək istəyirlər. Bu addımın qanuni olub-olmamasını demək çətindir. Çünki mülkiyyətçi israr edir ki, təki məni mənzilimə köçürt, onu çıxartmasan da olar. Ona görə hakim məcburiyyət qarşısında belə qərar qəbul edir. Amma biri-birini tanımayan ailələrin bir mənzildə yaşaması mental və başqa səbəblərdən qeyri-mümkündür».

Vəkil bildirdi ki, hazırda Sumqayıtda 648 ailə başqa mənzil sahiblərinin evində məskunlaşıblar: «İcra Hakimiyyətində belə bir siyahı var. Sumqayıtda Bakı arasında inşa olunacaq qəsəbələrə ilkin köçürüləcək ailələr onlar olacaq. Bundan sonra məktəblərdə, bağçalarda və başqa dövlət müəssisələrində məskunlaşanları köçürəcəklər».

Natiq CAVADLI/ Bizim Yol

Facebook Şərhləndirmə:

Şərhinizi yazın