Menu
Geri İrəli

SUMQAYITDAN ÜNVANLANMIŞ ŞİKAYƏTƏ GÖRƏ AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANI 20 MİN AVRO CƏRİMƏLƏDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Dekabr 2009 • Baxış sayı: 515 dəfə • 1 şərh

avropa-mehkemesiAvropa İnsan Hüquqları Məhkəməsi bu gün Mikayıl Məmmədovun işi üzrə qərarını açıqlayıb.

Sumqayitxeber.com saytı Hüquq Maarifçiliyi Cəmiyyətinə istinadən məlumat verir ki, ərizəçi Mikayıl Məmmədov 1961-ci ildə anadan olub və Qubadlı rayonundan məcburi köçkündür, hazırda Sumqayıtda yaşayır. Ailəsi ilə birlikdə yataqxanada məskunlaşan Məmmədov 2003-cü ildə Sumqayıtdakı köhnə hərbi-inzibati binanın bir neçə boş otaqlarını təmir edərək ora köçüb və heç bir qurum buna etiraz etməyib. 2004-cü ilin martında iki yerli vəzifəli şəxs və polis zabitləri məhkəmə qərarı olmadan ailəni binadan məcburi cıxarmaq üçün ora gedib. Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova buna etiraz olaraq özünü yandırıb və bir neçə gün sonra bədənində olan şiddətli yanıqlardan vəfat edib.

Ərizə hüquqşünas Əsabəli Mustafayev 27 dekabr 2004-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Ərizəçi Konvensiyanın 2-ci, 3-cü və 8-ci maddələrinin pozuntusundan şikayət edib.

Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusundan şikayət verən Məmmədov göstərib ki, həyat yoldaşının ölümündə şəhər icra hakimiyyətinin rəsmiləri və polis zabitləri məsuliyət daşıyırlar; belə ki, onlar qanunsuz olaraq onun mənzilinə daxil olub, hədsiz zor tətbiq edib və həyat yoldaşını xilas etmək üçün heç bir zəruri tədbir görməyiblər. O, həmçinin qeyd edib ki, hakimiyyət orqanları işi hərtərəfli araşdırmayıblar. Konvensiyanın 3-cü maddəsinin pozuntusundan şikayətlənən ərizəçi qeyd edib ki, o, evdən çıxarılarkən polislər tərəfindən döyülmüş, yoldaşı Çiçək Məmmədovanın ölümünə görə o və ailə üzvləri güclü əsəb gərginliyi keçiriblər. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə istinad etməklə, onun və ailəsinin məhkəmə qərarı olmadan mənzildən çıxarılmasının mənzil və özəl həyatına hörmət hüququnu pozduğunu iddia edib. Məhkəmə 2-ci maddə üzrə şikayəti qəbuledilən, 3-cü və 8-ci maddə üzrə şikayətləri uyğun olaraq əsassız olduğundan və dövlətdaxili vasitələr tükədilmədiyindən qəbuledilməyən hesab etdi..

17 dekabr 2009-cu il tarixli qərari ilə Məhkəmə yekdilliklə Çiçək Məmmədovanın ölümü ilə bağlı dövlət orqanları səmərəli istintaq aparmadığına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu və Dövlətin ərizəçiyə mənəvi ziyana görə 20000 Avro məbləğində kompensasiya ödənilməsini müəyyən etdi.

Palatanın 7 hakimindən 5-i 2-ci maddə ilə bağlı şikayətin digər hissəsinin – dövlət orqanlarının yaşamaq hüququnun müdafiəsi ilə bağlı pozitiv öhdəliyinin pozulmadığını müəyyən etdilər. Xatırladaq ki, bu məsələ ilə bağlı azlıqda qalan iki hakimin xüsusi rəyi qərara əlavə olunub.

Facebook Şərhləndirmə:

“SUMQAYITDAN ÜNVANLANMIŞ ŞİKAYƏTƏ GÖRƏ AVROPA MƏHKƏMƏSİ AZƏRBAYCANI 20 MİN AVRO CƏRİMƏLƏDİ” yazısına bir cavab

  1. imran deyir:

    Bu bir tərəfdən sevindiricidir ki,zərərçəkmiş tərəfin xeyrinə qərar çixarilib və üstəlik bizim[?] dövlət ona 2oooo avro verməlidir.Ancaq digər tərəfdən çox utandirici bir haldir ki,məsələ burada ədalətlə həll olunmali halda gedib Avropaya çixir.

Şərhinizi yazın