Menu
Geri İrəli

Xaricə “çörəkpulu” dalınca gedən ərlər ailəsini niyə unudur?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2013 • Baxış sayı: 276 dəfə • Şərh yoxdur

Xaricə “çörəkpulu” dalınca gedən ərlər ailəsini niyə unudur?

Ailə kiçik dövlətdir. Bu dövlətin başçısı isə evin kişisidir. Belə ki, kişi evi idarə etməli, problemləri yoluna qoymalı, qadının qayğısına qalmalı, eyni zamanda uşaqlarının tərbiyəsi ilə məşğul olmalıdır. Amma son dövrlərdə Azərbaycan ailələrində sanki natamamlıq hiss olunur. Bu isə əksər kişilərin xaricə işləməyə getməsi ilə əlaqələndirilir. Kişilər çox zaman çalışdıqları ölkələrdə yenidən ailə həyatı qursalar da, Azərbaycanda olan qadınlarının ömrü onların yolunu gözləməklə keçir.

Nəcibə Hüseynova 16 ildir ki, ailə həyatı qurub. 4 övlad anası olan həmsöhbətimiz deyir ki, həyat yoldaşı 9 ildir Rusiyada çalışır. “Ailə qurandan bir müddət sonra maddi sıxıntılarımız oldu. Yoldaşımın “Urset”ə işləməyə getməyə qərar verməsi mənim üçün gözlənilməz oldu. İlk illərdə tez-tez yanımıza gəlirdi, yaxşı da pul gətirirdi. Rahat idim. Çünki düşünürdüm ki, yoldaşım bizim üçün çalışır. Amma 5-ci ildə yoldaşım Rusiyada problemlər yaşandığını deyərək, bizə az pul göndərməyə başladı. Atasının qəfil ölümü onu yenidən rayona gətirdi. Çox soyuq davranırdı bizimlə. Əmin idim ki, həyatında başqa qadın var” deyən N.Hüseynovanın sözlərinə görə, həyat yoldaşının telefon danışığından sonra buna tam əmin olur. Deyir ki, artıq 3 ildir həyat yoldaşı nə zəng edir, nə də ailəsinə pul göndərir.

Ümumiyyətlə, Azərbaycandan başqa ölkələrə gedən miqrantların əsas qismini Rusiyaya gedənlər təşkil edir. Rəsmi məlumata görə, təkcə ötən il ərzində ölkəmizdən Rusiyaya qanuni miqrasiya edənlərin sayı 500 min civarındadır. Sosioloq Yunis Dürüstün dediyinə görə, bütövlükdə təkcə keçən il ölkə vətəndaşlarının hər 12-13 nəfərindən biri immiqrasiya edib. Başqa sözlə, ölkədə demək olar ki, hər bir kəsin ən az bir və ya bir neçə yaxını ölkəni tərk edib. Bu da son dərəcə ciddi bir məsələdir. “Ümumiyyətlə, bir insanın öz ölkəsini tərk etməsi çox ciddi bir sosial olaydır. Kimsə, önəmli bir səbəb olmadan öz qohum və tanışlarını, bütövlükdə, yaşadıqlarını və keçmişini atıb başqa ölkəyə, yad bir yerə getməz. Əgər gedirsə, həyatında ciddi bir qərar vermiş olur.

Vətəndaşlarımızın Azərbaycandan başqa ölkələrə getməyinin əsas səbəbi iqtisadi çətinliklər, sosial təminat və rifahla bağlı problemlərdir”.

İmmiqrasiya edənlərin Azərbaycanda qalan qohum və yaxınları, ailəsi ilə münasibətlərinə gəlincə, sosiolq deyir ki, bu, hər şeydən əvvəl induvidual, fərdi məsələdir və şəxsin sahib olduğu mənəvi keyfiyyətlərə bağlı bir amildir. Onun sözlərinə görə, tamam fərqli mühitdə, xarici ölkədə olmasına baxmayaraq, öz ailəsi və yaxınlarına olan bağlarını qoruyan insanlar olduğu kimi, öz ailəsinə demək olar ki, heç əvvəldən də sorumlu yanaşmayan və üstəlik düşdüyü yeni mühitin təsiri ilə daha da laqeyd və soyuq olan məsuliyyətsiz və vicdandan uzaq olanlar da var. “Yəni, bəzən belə məlumatlar eşidirik, “filankəs, Rusiyaya getdi, orda başqası ilə ailə qurdu və burda ailəsini tək qoydu və s”. Halbuki, həmin o kişi Rusiyaya getdiyi üçün məsuliyyətsizləşməyib, sadəcə, onun məsuliyyətli olmasına burda olanda ailəsinə baxması səbəbiymiş. Sadəcə olaraq, elin tənəsi ilə qarşılaşmamaq üçün, ətrafda pis olmasın deyə indiyə qədər ailəsini tək qoymayıb. Artıq “el qınağı” amili ortadan qalxdığı üçün o, öz mənfi xarakterinin istiqaməti ilə hərəkət edib və ailəsini atıb”.

Müsahibimiz hesab edir ki, bir kəsin öz ailəsinə laqeyd yanaşmasına iqtisadi çətinlik amili də səbəb ola bilməz: “Çünki fərd hələ ailə qurarkən hər şeyi düşünməlidir, planlamalıdır və daha sonralar da hər şeyi ölçüb biçməlidir ki, ailəsi verdiyi qərardan zərər görməsin. Başqa ölkəyə gedəcəyi halda, ailəsi maddi, ya da mənəvi zərər görə bilərsə, o, təbii ki, bunu nəzərə almalıdır. Ola bilsin ki, o, elə ailəsi ilə birlikdə olaraq da, öz seçimini normal şəkildə təmin edə bilər, sadəcə bunun yollarını yetərincə götür-qoy etməyib”.

Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyevin sözlərinə görə, inkişaf etmiş ölkələrdə xaricə miqrasiya edən insanların əksəriyyəti kişilərdir. “İki il öncə biz Azərbaycanda 2500-ə yaxın Bosniya və Hersoqovina vətəndaşlarının işlədiyini müəyyən etmişdik. Bir müddət öncə isə Rumuniyadan gələn vətəndaşların Azərbaycanda çalışdığını aşkar etdik. Ümumiyyətlə, Azərbayacana Gürcüstandan, Əfqanıstandan, Orta Asiya ölkələrindən, Almaniyadan, Böyük Britaniyadan, Çindən işləməyə gələnlərin sayı az deyil”.

Ekspert bildirir ki, Azərbaycana gələn xarici ölkə vətəndaşları əsasən ağır işlərdə, tikinti və inşaat sektorunda çalışırlar. Onun dediyinə görə, ağır nəticələri olsa da, miqrasiyanı kişilərin ölkəni tərk etməsi kimi qiymətləndirmək yanlış fikirdir. Kişilərin xaricə işləməyə getməsinin sovet dövründə də mövcud olduğunu bildirən həmsöhbətimiz deyir ki, o zamanlar indikindən fərqli olaraq, kişilər mövsümi işlərə üstünlük verirdilər. “İndi isə kişilərin əksəriyyəti xarici ölkələrdə daimi çalışmağa üstünlük verir. Buna səbəb isə ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün normal şəraitin olmamasıdır. Azərbaycanda təminat yoxdur. Yəni ölkədə hər hansı bir vətəndaş əmin deyil ki, gedib hər hansı bir tikintidə çalışıb, əmək haqqını vaxtında və qədərində alacaq”.
Onun sözlərinə görə, xarici ölkələrə işləməyə daha çox regionlarından gedirlər. “Region əhalisi ya Bakıya gəlir, ya da xarici ölkələrə üz tuturlar. Onlar üçün rayondan Bakıya gəlməyin və ya hansısa xarici ölkəyə getməyin hər hansı bir fərqi olmur”.
Ə.Əliyev hesab edir ki, ölkədə iş və işədüzəltmə ilə bağlı əngəllər üzündən kişilərin çox hissəsi xaricə üz tutur. Xaricə gedən kişilərin əksəriyyəti isə məcbur olur ki, getdikləri ölkələrdə yaşamaq hüququ qazanmaq, sadələşdirilmiş vətəndaşlıq əldə etmək üçün rəsmi və ya qeyri-rəsmi ikinci dəfə ailə qursun.

Bunun acısını isə Azərbaycan ailəsi, daha doğrusu, Azərbaycan qadını çəkir.

İradə Cəlil/Ekspress

Facebook Şərhləndirmə:

Şərhinizi yazın