Menu
Geri İrəli

Yazıçı Varis oxucularla görüşdə maraqlı açıqlamalar verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2012 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycan Müəllimlər İnsititunun Sumqayıt filialında tanınmış sumqayıtlı yazıçı Varisin tələbə oxuculrı ilə görüşü keçirildi. Müasir Azərbaycan ədəbiyyatında baş verənlər, yeni nəsil yazıçıların yaradıcılıq istiqamətləri barədə danışan yazıçı öz yaradıcılıq yolu haqda da məlumat verdi.

Tələbələrlə söhbəti zamanı Varis müasir Azərbaycan ədəbiyyatı barədə maraqlı açıqlamalar da verdi. Yazar qeyd etdi ki, təəssüf ki, Azərbaycan ədəbiyyatındakı bəzi xoşəgəlməz məqamlar yazıçılara süni maeələr  yaradır: “Kimlərsə dünyaya hansısa maraqlarına, şəxsi ambisiyalarına görə, yalnız bir neçə yazıçını tərcümə etdirərək çıxarır, onların yazdıqlarının keyfiyyəti belə bəzi hallarda nəzərə alınmır”.

Anar və İsmayıl Şıxlının yaradıcılığından ilhamlandığını diqqətə çatdıran Varis dedi ki, Azərbaycan ədəbiyyatı Anarı vəzifəyə göndərməklə onu itirdi.

“Uşaqlıqdan bədii ədəbiyyata böyük marağım olub” deyən Varis bildirdi ki,  5 yaşımda çap hərfləri ilə özümçün kitab da yazmışam: “Adı belə olub: Varisin romanları,  povestləri, hekayələri, şeirləri. Ədəbiyyata sevgimin formalaşmasında atamın – dövrünün tanınmış filoloqu və ədəbiyyatşünası Musa Yolçuyevin böyük rolu olub. Mən özümü tanıyandan ətrafımda minlərlə kitab görmüşəm. Mənim ilk oyuncağım kitablar olub. Oynaya-oynaya bir də görmüşəm ki, hərfləyərək onları oxuyuram… 90-cı illərdə Azərbaycan Xalq Yazıçısı, nəsrimizin patriarxı İsmayıl Şıxlıdan ədəbiyyat dərsi almışam, onun uğurlu yol diləyi ilə ilk hekayələrim «Ulduz» jurnalında dərc edilib”.

Yazıçı qeyd etdi ki, amma müharibə, cəmiyyətin həddən artıq siyasiləşməsi və bədii ədəbiyyata sevginin tükənməsi məni jurnalistikaya aparıb. «7 gün» qəzetinin redaktoru, «168 saat» qəzetinin baş redaktoru, Azərbaycan Televiziyasının «Gecə kanalı» proqramının həmmüəllifi olmuşam: “Jurnalistika fəaliyyətim heç də pis alınmayıb. Bu illərdə 5 beynəlxalq və saysız-hesabsız yerli mükafatlara layiq görülmüşəm. 2008-ci ildə isə içimdəki ədəbiyyat sevgisi vulkan kimi oyanıb, 10 minlik tirajla «Sonuncu ölən ümidlərdir» kitabı ilə meydana atılmışam. Növbəti illərdə – 2009-un sonunda «Bir ovuc torpaq», 2010-un sonunda «Sənə inanıram» kitablarını ortaya qoymuşam. 2011-ci ildə «yetmiş yeddinci gün», 2012-ci ildə isə «Əzilmiş fotoşəkillər» kitablarımla oxucuların görüşünə gəlmişəm. Növbəti 6-cı kitabım isə 2013-cü ilin əvvəllərində çıxacaq: «Yolayrıcında azıb qalanlar»”.

Daha sonra yazıçı tələbələri maraqlandıran sualları cavablandırdı. Sonda isə ən yaxşı sualın müəllifi olan 5 tələbəyə Varisin imzası ilə kitablar hədiyyə edildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın