Menu
Geri İrəli

Cavabsız zəng və cəftə suyu…

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 697 dəfə • Şərh yoxdur
Share Button

Məhsəti Şərif
mehseti
Torpağımızı, evimizi yeni tərk etmişdik. İstəməsək də, siyasətin, xəyanətin və ya hərbi başarısızlığın qurbanı olmuşdu torpağımız. Bu hissi yəqin ki, çoxları keçirib. İllər keçib, ağlımın bir köşəsində hələ də metastaz verməmiş xərçəng yarası kimi qalan xatirələri yazıram. Nəticədə alnımıza böyük hərflərlə qaçqın yazılmışdı. Bu yaranı alan çoxu kimi biz də paytaxta, qohumlarımızın qapısına sığınmışdıq. Həyatımın ən agır, gəncliyimin ən acı günlərini yaşamağa başlamışdım. Buna yaşamaq demək olarsa…

Qohum evində çəkinə-çəkinə oturmaq, qarnın ac olsa belə, ikinci tikə çörəyə əl uzatmaqdan utanmaq, hətta yeriyərkən addımların səs etməsin deyə, barmaq ucunda gəzmək…

Orta məktəbi bitirib böyüdüm deyə, sevinə bilməyən bir gənc qızın suya düşmüş, boğulmamaq üçün çöp axtaran xəyalları…
Atam bizi paytaxta əmanət edib rayona qayıtımşdı, dövlət işçisi oldugu üçün işini davam etdirirdi. Hər həftə sonu bizi görmək, maddi ehtiyaclarımızı ödəmək üçün Bakıya gəlirdi. Amma bizim üzümüz gülmürdü. Yurduzluq, evsizlik bir tərəfdən, sığınma kimi yaşamaq da bir tərəfdən bizi mənəvi olaraq çökdürmüşdü. Hər gün “Xəbərlər”də bəlkə torpaqlar geri alındı deyə, gözümüzü AzTV-nin diktorlarının agzına, ANS-dəki qanlı-qadalı xəbərlərə tikib gözləyirdik. Əsgər marşları ilə təsəlli tapırdıq. Yox, hələki döyüş ruhu var…

Beləliklə bir neçə ay keçdı. Xəbərlər yaxşılığa doğru getmədi. İşğal, xəyanət və s. xəbərləri… Boş-boş danışıqlar… Biz anladıq ki, başımıza çarə qılmalı, sığınmalıqdan qurturmalıyıq. Bəlkə o dövrdə yaşı uyğun olan həmkarlarım xatırlayar. Köçkünlər uçuq binalarda məskunlaşırdı. Bizə də tanışlarımız belə bir yer məsləhət gördü. Yığışıb getdik, Yasamalın təpəsində qapısı-bacası olamayan binada yaşamağa. Yay olsa da, orda sanki qış gəlmişdı. Amma içimiz rahatlamışdı. Artıq rahat yeriyir, süfrəyə rahat əl uzadırdıq. Nə də olsa, burda biz vardıq. Bu “xoşbəxtlik”də çox sürmədi. 15 gün sonra gecə saat 3-də 3 avtobus polis gəldi binada yaşayanları yuxulu-yuxulu yığıb apardı. Avtobusda polislərin nəzarətində kim hara gedəcəyini bilmirdi. Maraq dolu gözlər nə olacaq deyə, bir bir-birinə baxırdı. Bizim yerimiz bəlli oldu. Buzovnada istirahət mərkəzinə yerləşdirildik. Buna da şükür. Həftəsonu atam gəldi. Biz maraqla ona baxırdıq, bəlkə nəhayət bir ev alıb bizi köçürdər. Atamın cavabı isə bu oldu. “Pulu boş yerə burda evə verməyək. Çox qalmarıq, tezliklə evimizə qayıdacağıq. O boyda torpaq ermənilərə qalacaq deyil ki…”.

Bu kəlmədən sonra mövzu tamamilə qapandı. Köçkün həyatına davam etdik. 1 il, 2 il… 3-cü il atam da bu dünyadan köçdü. Hər halda bizə verdiyi vədlərə heç özü də inanmamışdı. Bizi buraxıb getdi, qara torpaga cansız bədənini tapşırdı. Ruhu yəqin ki, Ağdamın məzarlığında, ata, anasının, qardaşlarının qəbirləri üzərində dolaşırdı…

Acı ilə yaşamağa davam… Bir gün oturmuşduq, evimizin kiçiyi qardaşım dedi ki, ağlıma bir fikir gəlib. Ağlına gələn fikir bilirsiniz nə idi? Ağdamdakı evimizin telefon nömrəsini yığmaq. Dedi gəlin evimizə zəng edək, görək kim götürür. Əslində bunun bir xəyal olduğunu bilsəm də,  qardaşımın kiçik qəlbində qurduğu xəyalı alt-üst etmədik. İki bacı, bir qardaş anamızdan gizlin evimizə zəng etdik. Operatorun cavabı təxminən belə idi: “Nömrə səhvdir”. Qardaşımsa israrla ola bilməz deyərək, nömrəni yığmaga davam edirdi.. Nəticəsiz zənglər. Təsəsvvür edək ki, o biri tərəfdən cavab gəlir və deyirlər “Hayankuşun evi, buyurun!”…

Mən o gün xəstələndim. İki gün durmadan yataqda qaldım. Kimsə, hətta özüm belə, səbəbin bilmirdim. Çünki gözlərim yuxudan ayılmırdı. Qonşumuzda biri deyib ki, bu qız nədənsə qorxub. Sonra da özlərinin üsulu ilə gedib hardansa 7 dul qadın tapıb, anam da bu qadınların siyahısnda idi. Onlar da əllərində su 7 qapının cəftəsində bardağa su töküb mənə içiriblər. Guya qorxuluəumu keçirirlər. Onlar öz üsulları ilə yardım etməyə çalışıb…

Nəysə, o sudanmı, ya elə olmalı olduğu üçünmü özümə gəldim. Amma doğurdanda qorxmuşdum. Qardaşımın işğalda olan evimizə zəng etməsi və bunun cavabsız qalması məni qorxutmuşdu. Tibbi dildə bu xəstəliyin adı nədir bilmirəm, amma mən qorxudan iki gün yatmışdım…

Ayılanda isə ilk işim işğalda olan evimizin telefon nömrəsini yığmaq oldu. Əslində bunun cahilcə olduğunu bilirdim. Amma son ümid bu nömrələr idi: 5-30-64…

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın