Menu
Geri İrəli

Şirkətlərin xarici böyüməsi və daxili inkişafı

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Avqust 2015 • Baxış sayı: 653 dəfə • Şərh yoxdur

11252858_864961110225027_7272260882307676769_nTanınmış iş adamı və məhşur təlimçi Fəxri Ağayevdən maraqlı bir yazı.http://agaev.az/?p=1595

Biznes böyüməli və inkişaf etməlidir. Bizim dinamik və sürətlə dəyişməkdə olan dünyamızda istehlakçı davranışları, rəqabətcil ortam, informasiya texnologiyaları da daxil olmaqla hər şey böyük sürətlə dəyişməkdədir. Və gələcək üçün strategiyalarını planlaşdıran şirkətlər bu dinamikanı nəzərə almalıdırlar və zamanə və bazarın tələblərini qarşılamaq üçün kifayət qədər sürətli və aktiv olmalıdırlar.
Strategiya hazırlanmasında top menecment mali və coğrafi böyüməni, şirkətin gəlirləri və aktivlərinin artımı nəzərə alır. Şirkətlər avadanlıq, dizayn dəyişməsi, yeni ticarət sahələrinin və müasir proqram təminatının alınması kimi mövzularda investisiyaları planlaşdırır. Zaman keçdikcə şirkət böyüyür, genişlənir və bir çox göstəricilərdə şirkətin miqyası böyüyür – müştəri sayı, gəlirlər və xərclər artır, daha öncə olmayan departamentlər qurulur. Beləliklə, şirkət idarəçiləri və personalı qarşısında duran məsələlərin səviyyəsi artır. Ve elə bir kritik an gəlir ki, şirkət menecmenti artıq meydana yeni gələn məsələləri həll edə bilmir. Bu səbəbdən isə yeni səviyyədə olan problemləri həll etmək üçün lazım olan biliklərə malik olmayan insanlar bütün mövzuları intuitiv-məntiqli üslubla həll etməyə çalışırlar və çox sayda səhvlərə yol verirlər.

Şirkətlərlə görüşlərimdə sıx sıx gələcəklə planları eşidirəm : “Sonrakı üç il ərzində 10 mağaza daha açmağı planlaşdırırıq, yeni avadanlıq alacagıq, investisiyalar cəlb edəcəyik, yeni proqram təminatı sifariş edəcəyik…” Və mən sadə suallar verirəm : “Ümumilikdə bütün personalın və ayrı ayrı əməkdaşlar üçün inkişaf planınız var mı? Personalınızın attestasiyasını keçirmisiniz mi? Şirkətin böyümə planına uyğun olaraq idarəçilərin inkişaf proqramı var mı? Əməkdaş və idarəçilərinizin zəyif tərəflərini bilirsiniz mi? Biznesin və dövriyələrin böyüməsinin komanda qarşısında yeni və daha mürəkkəb məsələlərin meydana gətirəcəyini düşünmüsünüz mü?

Təsəvvür edin ki, beş nəfər qayıqda balıq tuturlar. 3 il sonra dövriyələr və gəlirlər artır və qayıq sahibləri yeni və müasir avadanlıqları olan böyük qayıq alırlar, ancaq eyni beş nəfər insan bu müasir gəmini kiçik qayıq kimi idarə edirlər və yenə balığı eyni üslubla tuturlar. Bu səbəbdən də şirkətlərin böyümə strategiyasının hazırlanmasında kimlərlə yola gedəcəyi haqqında rəhbərliyin qərar verməsi və gələcəkdə şirkət idarə edəcək insanların inkişafına vəsait, zaman və enerji ayırması çox vacib mövzudur.

Personalın inkişafına yatırımlar

Biznesə olan yatırımların geri ödənəcəyinə məhz personal qərar verəcək. Istehlakçıların şirkət və onun xidmətlər və bir daha alış-veriş etmək üçün geri dönmək haqqında qərarlarına da şirkət əməkdaşları birbaşa təsir edəcək.

Bu haqda “Starbucks” brendinin əfsanəvi qurucusu Hovard Schultz “Ona ürəyinizi verin. Necə hər fincanla STARBUCKS quruldu” kitabında belə yazır : “Cavab – baristamızın əlindədir. Kofe evinin açılması anından etibarən Starbucks firmasının siması piştaxta arxasında duran, espresso hazırlayan və kofe satan insan olur”. Və əlavə edir : “Daha öncələri mən düşünürdüm ki, Starbucks-da ən vacib şöbə marketinq şöbəsidir. Bu gün isə mənd eyərdim ki, bu, şübhəsiz ki, kadrlar şöbəsidir. Bizim müvəffəqiyyətimiz tamamən bizə işləməyə və karyera etməyə gələn insanlara bağlıdır. Bizim nə qədər də marketinq, dizayn, əmlak, istehsalat, yeni məhsulların hazırlanması və ya elmi tədqiqatlarda nailiyyətlərimiz olsa da, bu prosesləri nəticədə icra edən və onlara nəfəs və məna verən əməkdaşlarımızdır.

Böyümə və inkişaf harmoniyası

Bu mövzuda mənim düşüncəm belədir : personalın və idarəçilərin bilik və vərdişləri şirkətin ən vacib aktividir. Şirkətin sərmayəsi ancaq mali imkanları, torpaq sahələri, binalar və avadanlıqlar deyil. Şirkətin ən dəyərli aktivi – kadrları və insanların bilik və vərdişləridir. Bu aktivləri daim inkişaf etmək və onların inkişafını təqib etmək lazımdır, çünki şirkətin gələcəyi, müxtəlif növ böhranlara qarşı dözümlülüyü və sağlamlığı və risklərin minimum səviyyəyə endirilməsi məhz bunlara bağlıdır. Və mən əminəm ki. Yaxın gələcəkdə ölkəmizdə bu aktiv şirkətlərin arasında rəabətdə ən stratejik faktora çevriləcək.

Hər şeyi satın almaq olar – binaları, avadanlıqları, torpaq sahələrini, ancaq əməkdaşların sadiqliyini, özlərini işə tam həsr etmələrini, müasir idarəçilik bilik və bacarıqlarını, daim inkişaf etmə vərdişlərini satın almaq olmur : bunları uzun müddət ərzində ciddi zəhmətlə əldə etmək olar. Hər şeyi satın almağa öyrəşmiş bizim biznes isə belə bir hala hələ alışmış deyil.

Şirkətin fiziki, coğrafi, xarici böyümə dinamikası şirkətin real sərmayəsi – əməkdaşların bilik və bacarıqlarının inkişafı ilə müşaiyət olunmalıdır və ancaq belə bu halda şirkət öz böyüməsini həzm edə bilər. əks halda şirkət öz böyüməsini udaraq həzm edə bilməz.

Bu ona bənzəyir ki, bir intensiv şəkildə idmanla məşğul olan idmançı öz bədəninə olan yükü artırır, amma onun ürəyi eyni həcimdə qalır. Nəticədə onun bədəninə olan yük artacaq, amma ürəyi eyni ölçüdə – və bu yükə tab gətirə bilməyəcək. Təbii ki, müəyyən bir anda sıxıntı meydana gələcək. Şirkəti bir bütöv olaraq, tam bir orqanizm kimi təsəvvür etmək lazımdır və bu bədəndə bütün orqanlar eyni ritmdə çalışmalıdırlar. Və bu bədənin ürəyi insanlardır.

Bu səbəbdən komandanın inkişafı hər bir şirkət üçün stratejik əhəmiyyət daşımaqdadır və bu inkişaf kortəbii olmamalıdır. Əməkdaşların inkişafı hər gün icra olunan və işçilərin bilik, təcrübə və vərdişlərini daim cilalayan və şirkətin gələcək strategiyasının vacib tərkib hissəsi olan bir sistem olmalıdır.

Şirkət canlı və tam bir orqanizmdir və bunda hər bir üzvün və ümumi olaraq bir bütov inkişaf olmalıdır. Və inkişaf böyümə ilə parallel olmalıdır.

Daxili inkişaf olmadan şirkətin xarici böyüməsi təhlükəlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın