Menu
Geri İrəli

“Əşşi” xəstəliyi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2013 • Baxış sayı: 1,567 dəfə • Şərh yoxdur

elvinƏvvəlcə vacib olanları edin, sonra mümkün olanları edin. Bir də görəcəksiniz ki, mümkünsüzləri də edirsiniz. Bir oğlan uşaq olarkən böyük bir ferma açmağı düşünürdü. Lakin o balaca idi və qərara gəldi ki, böyüyəndə öz fermasını tikməyə başlayacaq. İllər keçdi, uşaq böyüdü, məktəbi bitirib instituta daxil oldu. Institutda düşünürdü ki, diplom alandan sonra öz böyük fermasını yaratmağa başlayacaq. Lakin o institutu bitirib hərbi xidmətə getdi. Hərbi xidmətdən qayıtdıqdan sonra işə girdi.

Gərgin işlədiyi üçün vaxtı qalmırdı, odur ki evləndikdən sonra fermanı tikəcəyini fikirləşirdi. Ancaq evləndikdən sonra qayğılar o qədər artdı ki, uşaqlarının 2-3 yaşı olanda öz arzuladığı fermanı quracaqdı. Amma illər keçdi. Övladları məktəbi bitirdilər və instituta girdilər. Kişi təqaüdə çıxmağını və rahatlıqla oz xəyallarını reallaşdıracağını gözlədi.

Təqaüd yaşı gəldi çatdı və kişi fərqinə vardı ki, ömrü gözlərinin qarşısında keçib gedib və onun xəyallarını gerçəkləşdirmək üçün artıq enerjisi və həvəsi qalmayıb. Biznesmenlərin öz karyerasını yarımçıq qoymasının, tələbələrin lazımi təhsil səviyyəsinə malik olmamağının, dövlət məmurlarının və ya müəllimlərin iş keyfiyyətinin aşağı olmasının, abituriyentlərin çoxunun zəif nəticə göstərməyinin başlıca səbəblərindən biri budur. Etinasızlıq. Etiraf edə bilərik ki, icra edilməsi asan olan işlərin icra edilməməsi daha asandir. İcrası vacib olan işləri niyə görmürük? Çünki çoxumuz belə düşünürük:

“Əşşi sabah edərəm.”, “Hələ 3 gün vaxtım var.” “Bunu indi etməsəm dünya dağılmayacaqki..” Tanınmış dilçi alimlərdən biri deyirdi: “Hər gün 5 dəqiqə yeni dil öyrənməyə sərf etsəniz 2 ilə yeni dildə mükəmməl danışa və yaza bilərsiniz.” Eləcə də, qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir abituriyent kimi sizə qarantiya verə bilərəm, orta səviyyəli hər hansı bir şagird hər gün cəmi 2 saat səmərəli şəkildə instituta hazırlaşsa, 1 ilə 650-dən yuxarı bal toplaya bilər. Əgər bütün bunlar belə asandırsa və müqabilində nəticəmiz belə yüksək olacaqsa biz niyə bunu etmirik? Cünki görülməsi asan olan işlərin görülməməsi daha asandır. Məhz bu səbəbdən bir çox abituriyentlərin nəticəsi aşağı olur və ya bir çoxumuz hansısa xarici dili bilmirik.

Uğursuzluq etinasızlıqdan doğur. Biz hər gün kiçik və elə də vacib olmayan işlərə fikir vermirik. Xırda detalları buraxırıq. Xırda etinasızlıqlar zaman keçdikcə böyüyür, üst-üstə yığılır və nöqsanlara gətirib çıxarır. Etinasızlıq isə infeksiya kimidir. O diqqətimizdən yayınır, yavaş-yavaş bütün işimizi əhatə edir və karyeramızın ilk addımlarında bizi məhv edir. Bu necə baş verir? Tutaqki hər hansı vacib bir tapşırığı yerinə yetirməliyik. Biz isə bugün onu etmirik. Sabah yuxudan oyandığımız zaman dünənki işi yerinə yetirmədiyimizi düşünəcəyik. Sanki özümüzü günahkar hiss edəcəyik. Nəticədə bizim özümümüzə olan inamımız zəifləyir. Inamımız azaldığından aktivliyimiz aşağı düşməyə başlayır. Aktivliyin azalması nəticələrimizi pisləşdirir.

Zəif nəticə bizim həyatdakı mövqelərimizi də zəiflədir. İşdə, dərsdə, evdə reputasiyamız azalır. Bu proses zamanı həyata münasibətimiz pisləşir, pozitivdən neqativə doğru dəyişir. Özümüzə və ətrafdakılara inam azalır. Əyər biz dalbadal görülməsi vacib olan işləri görmürüksə, onda həyatımızda neqativ spiral yaranır. Həmin spiral bir dəfə burulduqda onun qarşısını almaq cətin olur. Nə üçün biz uğur vəd edən işləri görmək əvəzinə əhəmiyyətsiz işləri görməyə daha çox meyl edirik? Nə üçün gündə 15-20 dəqiqə idman edib bədənimizi sağlam saxlamaq istəyirik, amma əvəzində televizorda şou-biznes proqramlarına baxmağa daha çox meylliyik? Sanki hər dəfə hansısa səs qulağımıza pıçıldayır:

“Əşşi qoy hər şey öz axını ilə getsin,bu dəfə yola vermək olar,sabah edərsən.”. Biz hər dəfə uğursuzluğun səsinə qulaq asaraq hərəkət etdikdə bu səs növbəti dəfə bizi daha cox cəlb edir. Odur ki, “kiçik səhvlərin əhəmiyyəti yoxdur”, “bir dəfə ilə heç nə olmaz…” kimi fikirləri bacaqrdığımız qədər özümüzdən uzaqlaşdırmalıyıq. Bizi uğursuzluğa aparan işlərdən uzaq olmaq üçün özümüzə intizam qaydaları qoymalıyıq. Bunu qəbul edin ki, uğura istiqamətlənmiş hər bir yeni intizam qaydası bizdə özümüzə inamı daha da artırır və nəticələrimizi yüksəltməyə kömək edir. Əyər biz bunu duzəltməsək daima nəticələrimizdən və başqalarından şikayətlənəcəyik, bunun üçün işimizin, dərslərimizin, həyatımızın ağır olduğunu bəhanə gətirəcək, kimi və ya nəyi isə günahlandıracağıq. Yaxşı nəticə üçün vaxtdan çox qərara ehtiyac var. Əyər özünüzə mane olacaq işlərdən uzaq olmaq qərarını vermisinizsə, onda qısa müddətdən sonra irəliləyişlərin şahidi olacaqsınız. Aylarla əla nəticə göstərib bir gün yuxudan oyandıqda nəticəmiz pisləşmir. Uğursuzluq tənbəlliyin və səhv qərarların toplanmasının cəmidir. Çoxumuzun fikrincə gündəlik fəaliyyətimiz elə də önəmli deyil. Kiçik diqqətsizlik, bir saat televizora və ya kompüterə səmərəsiz vaxt sərf etmək bu gün üçün elə də önəmli olmaya bilər. Amma bu 1 ay təkrarlandıqda toplam 24 səmərəsiz saat edir. Əyər biz son 3 ay ərzində heç olmazsa 3 kitab oxumaq üçün zəhmət çəkməmişiksə, bu intizamsızlıq həyatımıza yubanmadan öz təsirini göstərəcək.

İlk 3 ay ərzində qorxulu heç nə baş vermədiyi üçün biz bu səhvi növbəti aylar ərzində də təkrarlayırıq. Nə üçün? Çünki biz bunu vacib hesab etmirik. Bu proses siqaret çəkən insanın acı nəticəsinə bənzəyir. O hər siqaret qutusunu aldıqda bunun nəticəsini vacib saymır, düşünür ki “Əşşi onsuzda ürəyim istəyən vaxt siqareti ata bilərəm.”. Odur ki,zərərli vərdişini illər boyu təkrarlayır. Gündəlik çəkilən siqaretlərin orqanizmə vurduğu cüzi təsir qalaqlanır, acı nəticə isə gələcəyə saxlanılır. Biz özümüzü məğlub hesab etmirik. Sanki axına düşüb eyni səhvləri təkrar edirik, günü günə satırıq.

Bir səhvlə dünya dağılmırki?! Əyər dünya dağılmayıbsa deməli həmin səhv tэhlükəsizdir və təkrarlamaq olar. Əyər biz bir dəfə “əşşi” deyib tənbəllik etdikdə nə isə baş versəydi biz onu növbəti dəfə qətiyyən təkrar etməzdik. Valideynlərin xəbərdarlığına baxmayaraq əlini isti tavaya vurub yandıran uşaq kimi dərhal səhvimizdən nəticə cıxarıb bir daha onu təkrar etməzdik.

Biz “əşşi..” deyərək etməli olduğumuz işi sabaha saxlayırıqsa hər saat içimizdə narahatlıq hiss edəcəyik. Enerjimiz sanki yanacaq qabından maye axırmış kimi sızmağa başlayacaq və get-gedə ruhdan düşəcəyik. Əksinə işi dərhal yerinə yetiririksə bu bizə rahatlıq və enerji verir. Növbəti işə daha çox ruh yüksəkliyi ilə başlayırıq. Sizi əmin edə bilərəm ki həyatda tanıdığınız bütün uğurlu insanlar müəyyən vaxtlarda müəyyən işləri “əşşi..” deyərək gecikdirmək istəyiblər. Lakin onlar bu hissi dərhal özlərindən uzaqlaşdırmış və iş başına keçmişlər. Bir insan desə ki “filan işi 2-3 günə görəcəm.”, yəqin ki, o, bu işi ümumiyyətlə görməyəcək.

Danışığınızdan “əşşi” sözünü çıxarmağa çalışın. Irəliləyişləri qısa zamanda görəcəksiniz. Hərdən indi nəyi etmək istədiyimizi müəyyən edə bilmirik. Bu səbəbdən bəzi işlər üst-üstə qalaqlanır. Möcuzələrə nail olmaq çətin deyil. Sadəcə bir qaydaya əməl etmək kifayətdir: Əvvəl vacib olanları edək, sonra mümkün olanları edək, bir də görəcəyik ki, mümkünsüzləri də edəcəyik.

Elvin Dadaşov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın