Menu
Geri İrəli

İslam dininə görə rüşvət haramdır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Mart 2014 • Baxış sayı: 1,052 dəfə • Şərh yoxdur

ekrem-hesenovRüşvət, ehtiyat tələb edən bir əməldir. Rüşvət alan şəxs elə etməlidir ki, onun aldığı payı heç kim bilməsin. Çünki özünün həmin paya haqlı olduğunu dəqiq bilir. Bu səbəbdən rüşvət alan şəxs ilk növbədə özünü təhlükəyə atır. Çünki, axır-əvvəl onun bu əməlinin üstü açıla bilər. Çox hallarda risk edən rüşvətçi şəxs bunun heç də fərqində olmur. İş-işdən keçdikdən sonra isə artıq gec olur. Rüşvət alan şəxs ilk növbədə yalançı olur. Çünki, onun oturduğu iş və bu işi həyata keçirməsi onun üçün elə də ciddi əhəmiyət kəsb etmir. Onun üçün əsas məsələ bu görəcəyi və görməyə məcbur olduğu işi reallaşdırmaqdır. İş burasındadır ki, görüləcək iş böyük işdir və rüşvət verənin böyük bir problemi həll olunur. Bu səbəbdən rüşvət alan şəxs burada yalançı roluna girir. Əslində bu rol deyil, rüşvət alan dərhal yalançı olur. Ona görə ki, asan görüləcək işi çətinləşdirir. Görüləcək işi çətinləşdirmək üçün rşvət alan yalan danışmağa və yalançı olmağa məcburdur. Rüşvət alan şəxs eyni zamanda qorxaqdır. Çünki, hər an rüşvət verən bu haqda başqalarına deyə bilər. Bu səbəbdən uzun illər qorxaq halda yaşamağa məhkum olur. Rüşvət alan şəxs eqoistdir, yəni yalnız özünü bəyənir, qarşısındakını isə aşağı hesab edir. Çünki bilir ki, ən azından rşvəti verən də ona tabe olmağa məcburdur və qarşısında susmalıdır. Rüşvət alan şəxs rüşvət verənin qarşısında alçalır. Çünki ondan rüşvəti alan kimi rüşvət aldığı şəxsin qulluqçusu durumuna düşür və dərhal aldığı pula görə öz qul vəzifəsini yerinə yetirməlidir. Əslində elə rüşvət verən də rüşvət alanla eyni dərəcədə günah daşıyır. Dinimiz islamın bu məsələlərə yanaşmasını öyrənməklə rüşvət alanı və verəni daha yaxşı tanıya bilərik.

Rüşvət – ərəbcə “rəşv” kökündən yaranıb, bir çox mənası vardır. Rüşvət, haqqı (həqiqəti, reallığı) yox etmək və ya batili ayaqda tutmaq üçün, yaxud da qarşıya qoyulan hansısa bir  məqsədi mütləq olaraq təmin etmək üçün haqqı olmayan şəxsə verlən hər hansısa pula, mala, qiymətli əşyaya deyilir. Bir səlahiyətli nümayəndənin öz vəzifəsini mənfi yönə istifadə edərək etməsi lazım olan bir işi etməməsi və ya etməməsi lazım olan bir işi etməsi, bunun qarşılığında özünə və başqasına pul, hədiyyə, hansısa bir ad altında pay verilməsi rüşvət olub, haram qazanc yollarından biri hesab olunur, din, əxlaq və beynəlxalq hüquq qaydalarına tamamilə ziddir. Vəzifəli şəxsin əslində qarşılıqsız etməli olduğu bir işi etməsi üçün pul və ya digər şey alması da rüşvət şəkillərindən biridir. Rüşvət verənin, ona aid olmayan bir şeyin ona verilməsi üçün və ya yerinə yetirməli olduğu bir haqqı yerinə yetirməmək üçün rüşvət verməsi və yaxud özü kimi haqq edənlərin bitərəf etmək üçün rüşvət verməsi də rüşvətin müxtəlif şəkillərindəndir.Uca dinimiz İslam; əmr və qadağalarıyla fərd və cəmiyyət faydasını qorumuş; insanların dünya və axirət xoşbəxtliklərinə zərər olacaq hər cür söz, hərəkət və davranışları isə haram etmişdir. Bu məqsədlə ictimaiyətə məxsus malları qeyri-qanuni ələ keçirmək, oğurluq, qəsb və s. qeyri qanuni qazanc yollarını qadağan etdiyi kimi fərd və cəmiyyət həyatı üçün son dərəcə zərərli olan rüşvət alıb-verməyi də qadağan etmişdir.

Qurani Kərimdə bu söz keçməsədə, ona işarə edən ayələr vardır. Allah təala buyurur: “Bir-birinizin mallarınızı haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Bəqərə surəsi 188). Başqa ayədə uca Allah buyurur: “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Nisa surəsi 29-cu ayə). Bəzi islam alimləri bu ayəni də rüşvətə dəlil olaraq gətiriblər: “(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz” (ən-Nəml (Qarışqalar) surəsi, 36-cı ayə). İslam alimləri bildiriblər ki, bu və ya digər ayələr rüşvətin qadağan olunmasını, haram olmasını bildirir.

Allahın rəsulu (səlləllahu aleyhi və səlləm) “Rüşvəti alan da verən də cəhənnəmdədir” buyuraraq rüşvət almağın və ya verməyin adamın cəhənnəmə girməsinə səbəb olacağını açıq bir şəkildə vurğulamışdır. Bu hədisi Təbarani rəvayət edib. Aşağıda başqa hədisləri də qeyd edəcəyik. Yenə başqa bir hədisi şərifdə də hər zaman insanların bağışlanılması üçün dua edən dəyərli Peyğəmbərimizin rüşvətin cəmiyyətdə meydana gətirdiyi böyük ziyan səbəbiylə rüşvət alanı və rüşvət verəni və bu ikisi arasında vasitəçilik edəni lənətlədiyi ifadə edilir.

İslamın üzərində əhəmiyyətlə dayandığı ədalət müəssisəsini yerlə bir edəcək ən qorxunc xəstəlik olan rüşvət, şiddətlə qadağan edilmişdir. Ancaq şəxsin, qəsb edilən haqqını almaq üçün başqa yol qalmadığı təqdirdə və ya məruz qaldığı zülmü ön mühafizə üçün verdiyi rüşvətin haram hissəyə daxil olmadığı deyilmişdir. Rüşvəti halal etmək üçün də bəzən uydurulmuş rəvayətlərədn istifadə edilir. Mən belə rəvayətlərin nümunə üçün birini qeyd edim. “Bir nəfər Cəfəri-Sadiqdən soruşdu: Yə Rəsulallahın nəvəsi! Mən bir məclisə girəndə görsəm ki, hör­mətli bir adam ayaq altında oturub və istəyi­rəm keçə yuхarı başa, bunun üçün, yuхarı başda oturanlardan birinə bir şey verirəm ki, yerini onunla dəyişsin. Bunun məsələsi necə­dir? Bu iş haramdırmı?

O buyurur:

- Bunun heç eybi yoхdur. O, pul alar və öz yerini başqasına verər.

Amma bir mətləb də var ki, həzrətin bir tapşırığı da var ki, əgər rüşvətin halalından da çəkinə bildiniz çəkinin, yoхsa əgər halaldan başladınsa, üzü o biri tərəfə gedəcək”. Bu cür səhih qaynaqdan olmayan rəvayətlər bir tərəfdən insanları rüşvətə sürükləyir. Belə rəvayətləri verdikdə insanlarda rüşvətə həvəs artır. Ancaq yalnız birini nümunə kimi verdim. Rüşvətin haram olması ilə bağlı kifayət qədər səhih və etibarlı hədislər var.

Abdullah ibn Məsud (Allah ondan razı olsun) Rəsulullahın (səlləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: (rüşvət alan bir hakim haqqında) belə buyurdu: Xalq arasında (rüşvət və haqsızlıqla) hökm verən heç bir hakim yoxdur ki, qiyamət günündə bir mələk onu, ənsəsindən tutmuş olaraq gətirməsin. Sonra mələk, başını səmaya (göy üzünə doğru) qaldırar. Əgər mələyə; “Onu at!” deyən olursa mələk onu, cəhənnəmin, dibinə qırx ildə ancaq çata bilən bir çuxura atar” (İbrahim Canan, Hədis Ensiklopediyası, c. 17, səh. 274-275).

Abdullah ibn Əmrdən (Allah ondan razı olsun) rəvayət olunur: “Muhamməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm), rüşvət alana da verənə də lənət oxudu” (Sünəni-Tirmizi, Babul-Ahkam, 9).

Sevbandan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Rəsulullah (səlləllahu aleyhi və səlləm) rüşvət verənə, rüşvət alana və rüşvətə vasitəçilik edənə lənət etdi”. (Əhməd ibn Hənbəl).

Ömər bin Xəttabdan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
“İnsanların yediyi iki pis qazanc qapısı vardır: Rüşvət və zinakar qadının zinadan qazandığı”. Ömər bin Xəttab burada rüşvətlə əldə edilən qazancla zinadan əldə edilən qazancı eyniləşdirmiş və hər ikisinin böyük günah olduğunu bildirmişdir. Bundan da anlayırıq ki, rüşvət, zərərli və təhlükəli bir xəstəlikdir. Fərdlər üçün təhlükəsi və cəmiyyət üçün pisliyi böyükdür. Rüşvətə bulaşan şəxsin mütləq sağlamlığından, vaxtından, ruzisindən, ailəsindən və ömründən bərəkət qaldırılır. Rüşvətə bulaşan şəxsin mütləq duası qəbul olunmaz, insanlığı yox olar, əxlaqı pozular, utanma duyğusu itər və qazanc mənbəyi çirkin olar. Belə olduğu halda mütləqdir ki, bu əməli hər birimiz tərk etməliyik.
Hədisi şərifdə, Rəsulullah (səlləllahu aleyhi və səlləm) belə buyurur: “Haqsız qazancla bitən hər ət, atəşə daha layiqdir”. Deyilir ki: “Haqsız qazanc nədir?” O belə buyurur: “Hökm vermədə rüşvət almaqdır” (İbn Cərir). Yəni hər hansısa bir işi icra etmək üçün rüşvət almaq haqsız qazancdır.

Rüşvət, cəmiyyətlərin yox olmasına və zərərə düçar olmasına səbəb olar, vəziyyətlərini pozar. Cəmiyyətlərdə, zülmün yayılmasına yol açar. Bundan başqa, rüşvətin yayıldığı bir cəmiyyətdə şərəf, izzət və fəzilət yox olar və onların yerinə, alçaqlıq, kin və nifrət hakim olar. Rüşvət bir ümmətdə olarsa, mütləq o ümmətdə nəsihətin yerini saxtakarlıq, əmanətin yerini xainlik, ədalətin yerini zülm və əmin-amanlığın yerini qorxu alar. Cəmiyyətdə rüşvət; alçaqlığa və pozğunluğa, nəfslərin şəhvətlərinin sərbəst qalmasına, oğurluğun və saxtakarlığın yayılmasına, vəzifədən sui-istifadəyə və dələduzluğa çağırmaqdır. O zaman, cəmiyyətin maraqları zərərə düçar olar. Cəmiyyətdə pislik və zülm hakim olar. Aralarında səfillik, kasıbçılıq və bədbəxtçilik yayılar.

Rəsulullah (sav) belə buyurur: “İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir” (Əhməd ibn Hənbəl). Buna bənzər başqa rəvayətlər də vardır. Rüşvət həqiqətdə; insanın, ona halal olmayan bir şeyi əldə etmək üçün vəzifəli bir şəxsə ödədiyi hər şeydir. Rüşvət, bir çox şəkildə olur. Ən böyüyü, bir haqqın pozulması, bir batilin haqlı edilməsi və ya bir şəxsə zülm etmək üçün veriləndir.

İslamda rüşvət, hansı şəkildə olsa da və nə adla adlandırılsa da haramdır. İstər hədiyə, istər mükafat və istərsə də hörmət deyilsin, hal eynidir. İsimlər həqiqətləri dəyişdirməz. Sözlərə deyil, həqiqətlərə baxılır.

Şəriət tərəfindən müəyyən edilən qanunlardan biri də, vəzifəli şəxslərin hədiyə almasının əmanətə xəyanət qəbul edilməsidir. Burada nəzərdə tutulan, idarəçilikdə yer alan hər bir vəzifəli şəxsdir. Rəhbərləri, yardımçılarını və vəzifələri nə olursa olsun, dərəcələri və maaşları nə qədər fərqlı olursa olsun, bütün məmurlarını da içinə alır.

Əbu Humeyd əs-Saidi (Allah ondan razı olsun) bunu rəvayət edir: Rəsulullah (səlləllahu aleyhi və səlləm), Əsd qəbiləsindən bir şəxsi vəzifəyə təyin edir. O, geri gəldikdə belə deyir: “Bu sizin, bu isə mənə hədiyə edildi”.

Rəsulullah (səlləllahu aleyhi və səlləm) minbərə çıxaraq Allaha həmd-səna edir və belə deyir: “Göndərdiyim bir məmura nə olur ki, “Bu sizin, bu da mənə hədiyə edildi” deyir? Atasının və ya anasının evində otursaydı görərdi ona hədiyə edilərdi yoxsa yox? Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biriniz ondan bir şeyi alarsa Qiyamət günü onu boynunda daşıyaraq gələr” (əl-Buxari, Muslim). Rəsulullah səlləllahu aleyhi və səlləm burada dövlət başçısının bir şəxsi məmur təyin etməsi, həmin şəxsin məmur olduğu halda gördüyü işlərə görə dövlət başçısından gizlin pul alması, onu gəlib bəyan etsə də aldığı pulun ona haram olmasını bildirir. Çünki özü də kimisə harasa məmur təyin edəndə ona beytul-maldan kifayət qədər məvacib verirdi. Dövlət başçısı öz səlahiyəti ilə bir əraziyə məmur təyin etdikdə, ona kifayət qədər məvacib ayırdıqda, dövlət büdcəsindən onu özü mailiyələşdirdiyi halda məmur yenədə rüşvət alırsa, aldığı rüşvət əlbəttə onun üçün Allah Rəsulunun bildirdiyi kimi Qiyamət günü boynundan ağır yük olaraq asılı vəziyətdə gələcək. Belə olduğu halda dövlət məmurları əlavə rüşvət almaqdan çəkinməli, Allahdan qorxmalı, Allahın hüzuruna toplanacağımız gündən ehtiyatlı olmalıdırlar ki, kiminsə haqqını bellərində daşıyaraq meydana gəlməsinlər.

əl-Xattabi belə deyir: “Bununla, məmurların aldıqları hədiyyələrin haqsız qazanc olduğu, onların digər mübah hədiyyələr kimi olmadığı açıqlanmaqdadır. Ona ancaq güzəşt etməsi, hədiyyə edənin üzərinə düşəni yüngülləşdirməsi və etməli olduğu bəzi şeyləri etməməsinə göz yumması üçün hədiyə edilmişdir”. İmam Şövkani isə belə deyir: “Hakimlərə və məmurlara verilən hədiyyələr rüşvətin bir növüdür. Çünki hədiyyəni verən, o şəxs hakim olmadan öncə ona hədiyə vermə vərdişi yoxdursa, bunu ona ancaq müəyyən bir məqsəd üçün verir. Bu məqsəd, ya onunla haqsızlığını gücləndirmək ya da hədiyyəsi ilə haqqına çatmaqdır ki, hamısı haramdır”.

Elm əhlindən başqaları da belə deyir: “Hakim və məmurlar, o vəzifəyə gəlmədən öncə ona hədiyyə vermə vərdişi olmayan insandan hədiyyə qəbul etməməlidir. Çünki o hədiyyə, bu halda bir rüşvətdir”.

Fəzilətli əməllərdən biri də yaxşılıqla vasitəçilik etməkdir. Allah rizasını istəyərək, bir şəxsə fayda vermək və ya bir zərəri dəf etmək kimi xeyirli işlərdə vasitəçi olmaqdır. Rəsulullah (salavatullah) belə buyurur: “Vasitəçilik edin ki, savab qazanasınız. Allah, Peyğəmbərinin dili ilə dilədiyinə hökm edər” (əl-Buxari). Ancaq, yaxşı bir işdə vasitəçilik edənin bunun qarşılığında hədiyyə alması haramdır. Rəsulullah (səlləllahu aleyhi və səlləm) belə buyurur: “Kim bir qardaşı üçün vasitəçilik edər və ona bunun üçün bir hədiyyə verilir və onu qəbul edərsə, faiz qapılarından böyük bir qapıya daxil olar” (Əbu Davud. “Həsən” hədisdir).

İbn Məsud (Allah ondan razı olsun) belə deyir: “Haqsız qazanc; bir qardaşının ehtiyacının təmin edilməsinə yardım etməyin və onu təmin etdikdən sonra sənə bir hədiyyə verməsi və onu qəbul etməyindir”.

Ömər ibn Əbdüləzizin bir gün alma istədiyi, evində alma tapmadığı və onu almaq üçün pulunun olmadığı rəvayət edilir. Ömər ibn Əbdüləziz bayıra çıxır və əlində bir tabaq alma olan bir uşaqla qarşılaşır. Ondan bir alma alır və iyləyir. Sonra tabağı geri verir. Niyə belə etdiyi soruşulduqda belə deyir: “Ona ehtiyacım yoxdur!” Deyirlər ki: “Rəsulullah (səlavatullah), Əbu Bəkr və Ömər hədiyəni qəbul etmirdilər?” O belə deyir: “O, onlar üçün hədiyyədir, sonrakı məmurlar üçün isə rüşvətdir”.

Müasir dövrümüzdə dövlət orqanlarında rüşvətin başqa bir adı ilə fəaliyət göstərirlər. Adı fərqli olsa da mahiyəti eynidir və “korrupsiya” da rüşvət kimi haramdır.  Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.

Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Əslində rüşvətə aid olan bütün ayələr və hədislər birbaşa korrupsiyaya da aiddir. Adın dəyişməsi mahiyəti dəyişmir.

Rüşvət və korrupsiya ilə məşğul olanları uca Allah axirətdə şiddətlə şəkildə cəzalandıracaqdır. Bəs bu dünyada bu əməlin qarşısının azalması üçün hansı cəza sistemi tətbiq olunmalıdır? Ümumiyətlə hər bir ölkədə ölkənin qanunvericiliyinə uyğun cəza tətbiq etməklə rüşvət alanı cəzalandırmaq mümkündür. Bir dövlət məmurunun cəzalanması işdən çıxarılması, ölkənin konstitusion hüquqları ilə həyata keçirilir. Xüsusi ilə Azərbacan Respublikasının cinayət məcəlləsi ilə təsnif olunmuş cəza sistemləri təbiq etməklə rüşvətxoru cəzalandırmaq olar.

Əkrəm Həsənov (ilahiyat üzrə fəlsəfə doktoru).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın