Menu
Geri İrəli

Qubadlı elindən zamana töhfələr

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2013 • Baxış sayı: 683 dəfə • Şərh yoxdur
Share Button

Süleyman Rəhimli

suleyman

Xalq yazıçısı Süleyman Rəhimovun nəticəsi sumqayitxeber.com saytına yazır:

“Qubadlı ağsaqqallarından biri olan Süleyman Rəhimovun nəslinin davamçısı olduğum üçün fəxr edirəm. Və Sizlərə “KREMLİN MÜŞAVİRİ” filmini izləməyi tövsiyyə edirəm. O adam ölməzdir ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır”

Qubadlının tarixində həmişə qılınc ilə qələm qoşa dayanmışdır. Hər ikisi də ucada olmuşdur. Biri qəhrəmanlıq, digəri isə istedad zirvəsində. Bu torpaq milli qəhrəmanlar, görkəmli elm və görkəmli dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdir. Qubadlı əsilli ziyalılar, tarixi şəxsiyyətlər Azərbaycanın mədəni həyatında mühüm rol oynamışlar. Son əsrdə Azərbaycan еlminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vеrmiş, yüksək ad san qazanmış akadеmik Möhbalı Əmiraslanov, Gеnеral Valеh Bərşadlı, ilk Sosialist əməyi Qəhrəmanı, хalq yazıçısı Sülеyman Rəhimov Qubadlı torpağının yеtirmələridir. İlk təhsilini rayonun məktəblərində alan yüzlərlə alim və tədqiqatçı, şair və yazıçı, müхtəlif sahələrin yüksək iхtisaslı mütəхəssisləri bu gün müstəqil Azərbaycan Rеspublikasının inkişafı və möhkəmləndirilməsi, qüdrətinin artırılması istiqamətində əllərindən gələni еdirlər. Azərbaycanın хalq qəhrəmanlarından ikisi – Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandır. Öz alicənablığı və dəyərli məsləhətləri ilə xüsusi nüfuz və hörmət qazanmış el ağsaqqalları – Mir Sədi Ağa və Mir Məhəmməd Ağanın adlarını qeyd etmək yerinə düşərdi. Qubadlı rayonu Çingiz Ildırım, Kamran Hüsеynov, Əli İbrahimov, Möhbalı Əmiraslanov, Gövhər İmanquliyeva, Nəzər Hеydərov, Zəhra Kərimova, Mirağa Əliyеv, Ələkbər Abdullayеv, Qara İlyasov, Hicran Hüseynova və başqa ictimai və dövlət xadimlərinin, Əhməd Хani, Mir Həmzə Sеyid Nigari, Mir Mеhdi Хəzani, Sülеyman Rəhimov, Əli Vəliyеv, Əli İldırımoğlu, Zahid Rəhimov (Qubadlı), Ceyhun İsmayılov (Maestro), Cəlal Bərgüşad, Qasım Qasımzadə, Taryеl Cahangirov (Taryеl Cahangir), Famil Sülеymanov, Rafiq Əliyеv (Rafiq Yusifoğlu), Ramiz Əliyеv (Ramiz Rövşən), Еldar Ağayеv (Еldar Baхış) və başqa şair və yazıçıların, onlarla elm və incəsənət adamlarının, akademik və elmlər doktorlarının, generalların vətənidir. Əslən Qubadlıdan olan 6 nəfər Sosialist Əməyi Qəhrəmanı, 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı vardır. İncəsənət sahəsində də Qubadlı ön sıralarda olub. Son zamanlar özünəməxsus ifa tərzi ilə seçilən xanəndə İlahə İbadovada Qubadlı torpağının yetirməsidir. Gənc olmağına baxmayaraq, xanəndə muğam ifaçıları arasında adından yetərincə səs etdirməyi bacarmışdır. Təbiiki günümüzdə muğam sənətinə göstərilən diqqət və qayğı başlıca olarağ ölkənin birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədi Mehriban Əliyevanın adı ilə bir başa bağlıdır. Muğamın daha da inkişaf etdirilməsi, milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyət kəsb edən Beynəlxalq Muğam Mərkəzinin inşası Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. “Muğam Azərbaycanın milli sərvəti olmaqla yanaşı dünya musiqi xəzinəsinin incisidir, muğam hüdudsuz bir məkandır və onun paytaxtı Bakıdır”, deyə Mehriban Əliyeva qeyd etmişdir. Yeri gəlmişkən onuda qeyd edimki Mehriban xanımın ana nənəsi Gövhər xanımda Qubadlıdandır. O, ictimai-siyasi xadim, uzun müddət “Bakı-Baku” qəzetlərinin redaktoru olmuş Nəsir İmanquliyevin həyat yoldaşı olmuşdur. Bu şəcərənin daha bir övladı isə Əli Əmiraslanovdur. Əli Əmiraslanov 1900-cü il dekabrın 22-də Zəngəzur qəzasının (Qubadlı mahalının) Balahəsənli kəndində anadan olmuşdur. Çox erkən yaşlarında valideynlərini itirmiş, nənəsinin himayəsi altında böyümüşdür. İlk təhsilini əvvəlcə kənd, sonra Şamaxı realnı məktəbində almışdır. 1925-ci ildə Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Həmin ilin sonunda respublika Xalq Təsərrüfatının Ali Şurasına şöbə müdiri təyin olunmuşdur. Ə.Əmiraslanov işləyə-işləyə hazırlıq kursunda oxumuş və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur. 1926-cı ilin payızında köçürmə yolu ilə Moskva Dağ-Mədən Akademiyasının geoloji-kəşfiyyat fakültəsinə qəbul edilmişdir. 1930-cu ildə təhsilini uğurla başa vurub mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Əli Əmiraslanov A.P.Pavlov, P.P.Lavrov, İ.M.Qubkin, A.D.Arxangelski, S.S.Nametkin, V.A.Obruçev kimi görkəmli alimlərdən dərs almış, onlardan geologiya elminin sirlərini öyrənmişdir. Gənc geoloq 1930-cu ildə Moskva Geoloji Kəşfiyyat İnstitutunun təşkilində fəal iştirak etmiş və orada böyük elmi işçi kimi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Ümumittifaq Mineral Xammal İnstitutunda geoloji-kəşfiyyat dəstəsi və ekspedisiyasının rəhbəri işləyən Ə.Əmiraslanov həmin illərdən həyatını keçmiş SSRİ-nin əlvan metallurgiyasının mineral-xammal bazasının öyrənilməsinə, inkişafına və möhkəmləndirilməsinə həsr etmişdir. O, 1936-cı ilədək Şərqi Qazaxıstan, Ural, Zabaykalye, Orta Asiya, Şimali və Cənubi Qafqazda dəyərli metalların axtarışını aparmışdır. Ə.Əmiraslanov, eləcə də Gədəbəyin, Qərbi Azərbaycan torpaqları olan Qafan və Qacaranın mis yataqlarının tədqiqini daim diqqət mərkəzində saxlamış və Cənubi Azərbaycan torpaqlarında da axtarışlar aparmışdır. 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə alim Beynəlxalq Geoloji Konqresin çağırılması və Moskvada keçirilməsi ilə bağlı təşkilat komitəsinə dəvət edilmişdir. O, XVII Beynəlxalq geoloji konqresin elmi katibi və rəyasət heyətinin üzvü təyin olunmuşdur. 1938-ci ildə Elmi-Tədqiqat Qızılın Geoloji Kəşfiyyatı İnstitutuna elmi işlər üzrə direktor müavini göndərilmiş, 1939-cu ilin avqust ayında əlvan metallurgiya xalq komissarının əmri ilə həmin komissarlığın Baş Geologiya İdarəsi rəisinin birinci müavini – baş mühəndisi təyin edilmiş, 1947-ci ilədək bu məsul vəzifədə uğurla çalışmışdır. Bilavasitə onun iştirakı ilə yeddi sənaye əhəmiyyətli əlvan metal yatağı kəşf edilmiş və istismara verilmişdir. Ölkənin mis və polimetal yataqlarının öyrənilməsi və istismara verilməsi sahəsində Əli Əmiraslanovun əməyi çox olmuşdur. O, mütəxəssislər arasında mis və polimetal yataqların mahir bilicisi sayılırdı. Ölkə üçün daha böyük əhəmiyyətli yataqların mənimsənilməyə seçilməsində, mədən müəssisələrinin inşası üçün layihə təşkilatlarına tövsiyələr verilməsində, ümumiyyətlə, əlvan metallurgiyanın inkişafının dövlət planlarının işlənib hazırlanmasında böyük əmək sərf etmişdir. Görkəmli geoloqun fəaliyyəti yalnız SSRİ məkanının geologiyasını öyrənməklə məhdudlaşmamışdı. O, eləcə də Çin, İran, Rumıniya, Polşa, Macarıstan, İsveç və digər ölkələrdə geoloji işlərlə məşğul olmuş, həmin ölkələrin metallurgiya sənayesinin inkişafına töhfələr vermişdir. Əli Əmiraslanov tutduğu yüksək vəzifələrdən asılı olmayaraq daim elmi-tədqiqat işləri aparırdı. Zəngin nəzəri biliyə, elmi bazaya və praktik iş təcrübəsinə malik olan alimin araşdırmaları Uralın mis-kolçedan yataqlarının, habelə Qazaxıstanın və Orta Asiyanın qurğuşun-sink yataqlarının tədqiqinə həsr olunmuşdur. 1937-ci ildə Uralın mis-kolçedan yataqlarının geologiyası sahəsindəki orijinal elmi əsərə, yəni yataqların mineraloji xarakteristikasının ətraflı tədqiqinə görə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Ə.Əmiraslanov ittifaq miqyasında yüksək səviyyəli geoloq, geoloji xidmətin istedadlı təşkilatçısı və yataqların geoloji-kəşfiyyat işlərinin ümumi nəzəri məsələlərini konkret praktiki tapşırıqlarla həmahəng həll etməyi bacaran mütəxəssis kimi nüfuz qazanmışdır. Görkəmli alimin sonrakı illərdə qələmə aldığı elmi əsərlər onun gözəl tədqiqatçı olduğundan xəbər verirdi. Keçmiş mis yataqlarının geologiyası və mineralogiyasına, mis filizinin genetik tiplərinə və SSRİ ərazisində perspektivin dəyərləndirilməsinə həsr etdiyi monoqrafiyasında Əli Əmiraslanov ittifaq miqyasında əldə edilmiş faktiki materialları araşdırmış, hətta xarici ölkələrin mis yataqları ilə müqayisələr aparmışdı. Həmin monoqrafiyada mis filizi yataqlarının geoloji-iqtisadi təsnifatı əhatəli şəkildə, geniş miqyasda verilmiş, mis axtarışı və kəşfiyyatı üzrə başlıca istiqamətlər düzgün seçilmişdir. Məhz bu sanballı monoqrafiyanın əsasında o, doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Ə.Əmiraslanov həmin ixtisas üzrə professor elmi adına da layiq görülmüşdür. Geologiya-mineralogiya elminin inkişafında, eləcə də gənc geoloqlar nəslinin yetişməsində xüsusi xidmətləri nəzərə alınaraq, 1953-cü ildə professor Ə.Əmiraslanov SSRİ Elmlər Akademiyasına müxbir üzv seçilmişdir. O, SSRİ EA-ya müxbir üzv seçilmiş ilk azərbaycanlı idi. Alim ömrünün sonunadək elmi axtarışlarını davam etdirmiş, irihəcmli əsərlər qələmə almışdır. Onun rus dilində yazdığı və Moskvada nəşr olunan monoqrafiyalarından “Qurğuşun və sink yataqlarının əsas tipləri (Axtarış, kəşfiyyat və qiymətləndirmə metodları)” (1957); “Avstriyanın qurğuşun-sink yataqları (Geoloji səciyyə və yerləşmə qanunauyğunluqları)” (1960, əsəri N.İvanovla birgə yazmışdı); “Faydalı qazıntıların axtarışının mütərəqqi metodları” (1961) geniş rezonans doğurmuş və dəyərli vəsaitə çevrilmişdir. SSRİ Elmlər Akademiyasının müxbir üzvü Ə.Əmiraslanovun rəhbərliyi ilə istehsalat və elmi-tədqiqat təşkilatlarının mütəxəssisləri tərəfindən qalay-sink yataqlarının geologiyası mövzusunda irimiqyaslı tədqiqatlar aparılmışdır. SSRİ-nin ayrı-ayrı filiz yataqları haqqında monoqrafik materiallar tərtib olunmuşdur. Belə materiallar bir sıra böyük ölkələr – Avstraliya, Kanada və ABŞ-ın yataqları haqqında da tərtib olunmuşdu. Bu cür nəhəng miqyaslı işlər aparmağın öhdəsindən isə məhz istedadlı alim, peşəsinin vurğunu olan zəhmətsevər insan gələ bilərdi. İstedadlı alim, vətənpərvər, xeyirxah insan Əli Əmiraslanov ömrünün 62-ci baharında dünyasını dəyişmişdir. Azərbaycanın elm salnaməsində özünəməxsus yeri olan görkəmli geoloqun xatirəsini xalqımız, o cümlədən geniş elm ictimaiyyəti daim böyük iftixar və qürur hissi ilə anır, dərin hörmət və ehtiramla yad edir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın