Menu
Geri İrəli

Sumqayıtda zəlzələ olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2011 • Baxış sayı: 540 dəfə • 2 şərh

Deməli belə, Sumqayıtda çox yaxın zamanlarda zəlzələ baş verəcək. Və bu zəlzələnin episentri məmur aparatında olacaq. Dağıntıların altında kimlər qalacaq, kimlər sağ-salamat qurtaracaq bunu yeni icra başçısı bilər. Təbii yox, məmur zəlzələsinə ehtiyac var. Çünki xarabalığa çevrilmiş məmurlar yurdunu abadlaşdırmaq üçün onu ya yerlə-yeksan edib, yenidən qurmalısan, ya da kosmetik işlər görərək abır-həyaya salmalısan. Amma öz aramızdır, Sumqayıtın məmurlar oylağının ora-burasını bəzəməklə onu abadlaşdırmaq, yəni demokratikləşdirmək, sivilləşdirmək, hüquqiləşdirmək olmaz. Çünki qanqrenanın müalicəsi yalnız, onu kəsib atmaqdır. Neştər əlinizdədir, buyurun…

Yeni icra başçısının şəhər ictimaiyyəti ilə keçirdiyi görüşdə maraqlı məqamlar üzə çıxdı. Sən demə, idarə rəhbərlərinə mövcud problemləri həll etmək üçün bir-iki ay, bəziləri üçün isə bir-iki il vaxt gərək imiş. Sayın məmurlar, bu günə qədər nə ilə məşğul idiniz? Nəsə səsiniz çıxmır. Sumqayıt cıdır meydanı, siz də köhlən atlarla sağa-sola çapan nər igidlər idiniz. Deyəsən, atlarınız büdrədi axı? Daş qayaya rast gəldi.

Bizim üçün kimlərin vəzifələrini itirəcəyi, yaxud itirməyəcəyi heç qram da maraqlı deyil. Sizə uğrunda mübarizə apardığınız və üzərində əsdiyiniz kreslonuz nə qədər qiymətlidirsə, bizim üçün də Sumqayıt ondan da qiymətlidir. Deyə bilərsiniz ki, niyə indiyə qədər yazmırdın, ay köşə sahibi? Həə, yerində verilən sualdır. Amma bu sualı verməyə haqqınız çatmır, çünki, illərlə yayxandığınız vəzifə kreslosunun etimadına uyğun işlər görməmisiniz. Bu baxımdan sizin heç kimdən haqq-hesab istəməyə haqınız yoxdur. Atalar demişkən, sözü yazıram, sahibi götürsün.

Bu xəmir çox su aparacaq hələ. Dəyirmandan neçə-neçə məmur keçəcək, üyüdüləcək. Dəyirmanın suyu da Acıdərə çayından gəlir haa… yeni icra başçısının biabırçılıq adlandırdığı çayı deyirəm. Necə deyərlər, sıkı durun, sumqayıtlı məmurlar. Qarşınızda boyun bükən, qapınızın kandarını yağır edən vətəndaşları xatırladınızmı? Siz də o cür icra başçısının qarşısında durmuşdunuz və çox güman ki, yeni başçıya “xod tapmaq” üçün neçəsinin qarşısında əyilib-büküləcəksiniz, qapısının kandarını ayaqlayacaqsınız.

Amma öz aramızdır, məzəli görünürdünüz. Mən qəşş eləyib güldüm də.

Nəsə gülməyimə ara verərək, fikrimi məğul edən bir sualı verim. Sabiq başçı Sumqayıtı “fürsətlər şəhəri” adlandırmışdı. Görəsən, növbəti 8 ildən sonra şəhərimiz necə adlandırılacaq. Rus demiş, yaşayırıq görərik.

Sonda mən də fürsətdən istifadə edib bir təklif vermək istəyirəm. Qarşıdan başçı demişkən, sezon gəlir, yəni yay mövsümü. Mən deyərdim ki, yay mövsümü yox, ağacaqanad mövsümü gəlir. Təklif edirəm ki, hər bir ailəyə hər gün orta hesabla 4 ədəd ağcaqanad dərmanı verilsin. Vallah, yazığıq. Yayda heç nə istəmirik, nə dəniz, nə park, nə də başqa şey. Rahat yatmaq istəyirik, vızıltısız və qaşınmasız bir gecə, şirin yuxu.

Onsuz da normal şəhər sakini yuxarıda sadaladıqlarımdan məhrumuq. Göz dağına çevrilmiş stadion, park, çimərlik, asfaltı cadar-cadar olmuş yollar, səkilər… siyahını uzatmaq olar.

Bu dünyanın qara daşı göyərməz. Cəmiyyəti saflaşdırmaq üçün güclü əl və möhkəm poladdan hazırlanmış balta lazımdır. Bir də rəhmsiz, ədalətli, demokratik ürək. Varsa, buyurun.

Facebook Şərhləndirmə:

“Sumqayıtda zəlzələ olacaq” yazısına 2 cavab

  1. Bahar deyir:

    AILELIKCE OTURUB MARAQLA BAXIRDIQ ICRA BASCISININ CIXISINA.AXIR VAXTLAR HEC BELE UREKDEN GULMEMISDIM)))GOREK DE,AXIRI NECE OLACAQ.

  2. fuad ismayilov deyir:

    elvin qadan alim bu memur ovladlari bizim kimi sade heyat terzi kecirmeye oyrenmeyib yaziqdilar qoy yasasinlar nece deyerler millet nece taran olur olsun ne isim var

Şərhinizi yazın