Menu
Geri İrəli

1963-cü il, 7 noyabr. Sumqayıtda qarşıdurma…

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 749 dəfə • Şərh yoxdur
sumqayit-441961-ci ilin oktyabrında partiyanın 22-ci qurultayında Nikita Xruşşovun təklifi ilə Stalinin nəşinin Mavzoleydən çıxarılması qərarı qəbul olundu. Bununla da Stalinə qarşı 1956-cı ildən başlayan kampaniya öz apogeyinə çatdı. Ancaq baş verənlər tamamilə gözlənilməz fenomenlə müşayiət olundu – aşağılarda (ilk növbədə fəhlələr arasında) Stalinə hörmət daha da artdı. Bu psixoloji nüansın da öz tutarlı səbəbləri vardı.
Stalinin Mavzoleydən çıxarılaraq Kreml divarları yanında dəfn olunması aksiyası simvolik bir jest idi. Yəni, İosif Vissarionoviçin böyük inqilabçı olması inkar edilmir (əks halda Kremlin yaxınlığında torpağa tapşırılmazdı), ancaq o, artıq müqəddəslik haləsindən məhrum olunur. Xruşşovun xeyrinə formalaşmayan müxalif şüurda isə həmin addım tamamilə fərqli formada yozulurdu: hazırkı hakimiyyətə olan neqativ münasibət, Xruşşovun volyuntarizmi, emosional və yararsız “islahatlar”ı, bürokratiyanın güclənməsinin yaratdığı narazılıqlar ictimai şüurda əsl Mani dixotomiyası yaradırdı. Yəni, əgər Xruşşov pisdirsə, deməli, onun gözdən saldığı Stalin yaxşıdır. Əgər hakimiyyət illəri iqtisadi çətinliklərlə müşayiət olunan Xruşşov Stalini “incidirsə”, deməli, Stalin “yaxşı” olub, odur ki, o yaxşını bu pisdən qorumaq lazımdır. Bir sözlə, Stalinə sevgi – “Xruşşova nifrət” kimi anlaşılmalıdır və Stalini tərifləmək – Xruşşovu söymək deməkdir.
Sadə adamların nəzərində Stalinin dövrünə münasibət sürətlə transformasiya olunaraq iqtisadi inkişaf, hər il qiymətlərin endirilməsi, harın bürokratlara yer tapılmayan, əməkçi insana hörmət qoyulan, qayda-qanunun olduğu, kommunizm ideyasına təmənnasız xidmət dövrü ilə assosiasiya etməyə başlayırdı. Və çap olunan çoxsaylı anti-Stalin kitablara, məqalələrə, rəsmi təbliğata baxmayaraq, Stalin dövrünə nostalgiya nəinki özünə kök salır, hətta indi təsəvvür edəcəyimizdən də güclü idi.
“Yüksək ideallar”ın ifşasının gətirdiyi peşmançılıq özünü ifadə etmək üçün uyğun “ideoloji” material axtarırdı. Bu cür “material” roluna ən yaxın namizəd isə Stalin idi (Hətta Lenin də deyildi, çünki, partiya təbliğatı Lenini “özününküləşdirmişdi”, Stalin isə permanent olaraq gözdən salınırdı). Və Stalin illərinə olan apellyasiyanın sadə izahı vardı: Stalin özlüyündə nə yaxşı, nə də pisdi, o, Xruşşov rejiminə rəqib kimi aktuallaşmışdı. Yəni, baş verənlər heç də liberal ziyalıların söylədiyi kimi, “Stalinin reabilitasiyası” deyildi, Xruşşovun tənqidi idi. 1963-cü ilin 7 noyabrında Sumqayıtda baş verən qarşıdurmadan sonra isə hakimiyyət aşağıların açıq mesajını aldı və qəbul etdi: 1964-cü ildə Xruşşov devriləndən sonra yeni hakimiyyət təşəbbüsü ələ alaraq kinoteatr və televiziya ekranlarına, kitab və qəzet səhifələrinə yenidən Stalini buraxdı.
Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
O hadisələr barədə az yazılıb. Yazanlar da məqsədyönlü şəkildə onu antisovet qiyam kimi qələmə verməyə çalışır. Halbuki, əsl mənzərə tamamilə fərqlidir. Həmin mənzərəni canlandırmaq üçün Rusiya Dövlət Arxivində saxlanan (və açıq mənbələrdə olan) sənədlər yardımçıdır. Daha bir mənbə isə Sumqayıt hadisələrinin də özünə yer tapdığı və Vladimir Kozlovun yazdığı “Naməlum SSRİ. Xalqla hakimiyyətin qarşıdurması” kitabıdır (kitab sənədlər əsasında yazılıb).
***
Sumqayıt şəhərində kütləvi aksiyalar Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü günündə – 1963-cü ilin 7 noyabrında ənənəvi parad zamanı baş verir. Əvvəlki illərdə olduğu kimi, həmin gün də səhər saat 10-da şəhərin mərkəzi meydanında zəhmətkeşlərin rəsmi nümayişi başlayır. Tribunadakı mikrofonlardan Sov.İKP-nin və onun rəhbəri Nikita Xruşşovun şəninə şüarlar səsləndirilir. Xruşşovun özü baş verənləri Mədəniyyət Sarayının divarındakı iri portretdən “seyr edirdi”.
Başlanğıcda hər şey əvvəldən müəyyən olunmuş ssenari ilə gedirdi, ancaq sonra təntənəli tədbir məcrasından çıxaraq toqquşmalara çevrilir. Səbəb sadə idi: yerli partiya rəhbərliyi stalinizmdə ittaham olunmaqdan qorxaraq bu dəfə nümayiş iştirakçılarının Stalinin portretlərini daşımasına qadağa qoymuşdu. Bununla onlar Xruşşovun istəklərini yerinə yetirir və rəsmi kursu dəstəklədiklərini göstərirdilər, ancaq elə bu qadağa ilə də “xalq ənənəsi”nə qarşı çıxırdılar. Çünki, Stalinin şəkilləri ilə nümayişə çıxmaq çoxdan vərdiş halı almışdı, üstəlik də şəkillərin çoxu portret halında yox, pencəklərin yaxasına bərkidilmiş balaca fotolar formasında olurdu. Yuxarılar portretləri qadağan etsələr də, balaca şəkillərə gücləri çatmamışdı.
Baş verənlərin təhqiqatı zamanı Azərbaycan SSR-in prokuroru S.Əkbərov SSRİ Baş prokuroru Rudenkoya yazacaqdı: “Sumqayıt şəhərində 1956-cı ildən sonra da nümayişlər zamanı iştirakçılar Stalinin portretlərini daşıyırdılar. Bu cür hallar 1962-ci ilin 1 May və 7 noyabrında, habelə 1963-cü ilin 1 May nümayişində də olub. Nümayişçilər adətən Stalinin balaca portretlərini də daşıyırdılar və heç kəs onlara mane olmurdu”.
Bu dəfə isə mane olmaq qərarına gəlirlər. Stalinin xatirəsinə qarşı Stalin üsullarıyla mübarizə aparırlar – milis işçiləri və drujinaçılar nümayişçilərdən Stalinin portretlərini zorla götürmək əmri alırlar.
Saat 11.30-da, artıq nümayiş sonuna yaxınlaşanda meydanda qarışıqlıq başlanır. Mənbələrin ziddiyyətli məlumatlarına görə, qarşıdurma eyni vaxtda bir neçə yerdə müşahidə edilir. Prokuror Əkbərovun yazılı məlumatında isə deyilir: “Qarşıdurmaya səbəb Stalinin nümayişçilərdən birinin pencəyinin yaxasındakı miniatür portreti olur. Boru-prokat zavodunun partiya komitəsinin katibi Ərşad Kərimov portreti fəhlənin yaxasından qoparmağa çalışır. Nümayişçilər ona müqavimət göstərir”.
Sov.İKP Mərkəzi Komitəsinin “7 noyabrın bayram edilməsinə dair” 10 noyabr tarixli xüsusi məlumatında isə qeyd olunur: “Nümayiş bitəndən sonra mərkəzi meydandan keçən avtomobillərdən birindən qəfildən gənc adam çıxır və Stalinin fotolarını yelləməyə başlayır. Drujinaçılar onu intizamı pozmamağa çağırır. Buna cavab olaraq 100 nəfərlik kütlə drujinaçıların üzərinə yeriyir və dava başlayır”.
Sonra nümayişçilər Xruşşovun tribunada asılmış portretinə daş atmağa başlayırlar. Haradansa Stalinin nəhəng portreti peyda olur. Su idarəsinin 24 yaşlı çilingəri, kriminal keçmişi olmayan, orta təhsilli və 2 uşaq atası Miriş Əlimirzəyevin başçılığı ilə nümayişçilər digər partiya rəhbərlərinin də portretlərini dağıdırlar. Məlumatda deyilir ki, bu işdə 22 yaşlı Yaşar Mahmudov (subay, məhkumluğu olmayan, 10 illik təhsilli) və 25 yaşlı fəhlə Nikolay Şevçenko da fəallıq göstərir. Yaşar Mahmudov milis zabitinin döyülməsində və Xruşşovun portretinin daşa basılmasında iştirak edir. Nikolay Şevçenko da milis kapitanının döyülməsinin iştirakçısı kimi göstərilir.
Sumqayıt şəhər rəhbərliyi tribunadan enərək xalqı sakitləşdirməyə çalışır, ancaq heç nəyə nail olmurlar. Partiya işçilərindən bir neçəsi döyülür. 23 yaşlı bənna Əsgər Mahmudov avtobusun damına qalxaraq nümayişçiləri “Xruşşovu devirməyə” çağırır. Şəhər milis şöbəsinin rəis müavini Kildiaşvili başda olmaqla milislər 2 nümayişçini saxlayaraq şöbəyə gətirir və bu fakt meydandakıların narazılığını daha da artırır.
Kütlə milis şöbəsini əhatəyə alır və saxlanılanların sərbəst buraxılmasını tələb edir. Kildiaşvili həmin şəxslərin artıq sərbəst buraxıldığını desə də (onlar həqiqətən buraxılmışdılar), kütlə inanmır və milis şöbəsinə hücum çəkir, ancaq saxlanılan nümayişçiləri tapmır. Şöbənin həyətində qalanlar binanın pəncərələrini daş və asfalt parçaları ilə “atəş”ə tutur. Milis motosiklləri yandırılır. 2 milis maşını da zədələnir. Milis havaya atəş açmaqla cavab verir. Şöbədən 100-150 metr aralıda 12 yaşlı Eyvaz Eyvazovun təsadüfi güllə yarası aldığı da bildirilir. Xoşbəxtlikdən, uşağın yarası ağır olmur. Onun kim tərəfindən yaralandığı naməlum qalır.
Kütləni yalnız Bakıdan gələn milislərin köməyi ilə dağıtmaq mümkün olur. Qarışıqlıq 3 saat davam edir və qayda-qanun saat 14.30-da bərpa olunur. Stalinin lehinə, Xruşşovun əleyhinə olan bu psixozun ardı olmur, yeni eksseslər qeydə alınmır.
İstintaq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən aparılır. Etirazların heç də əvvəldən planlaşdırılmadığı və rəhbərlərdən məhrum olduğu ortaya çıxır. 6 nəfər mühakimə olunur. Onlara 3 ildən 6 ilədək həbs cəzası verilir, ancaq hamısı cəzalarını sonunadək çəkmədən azadlığa buraxılır…
Məmməd Süleymanov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın