Menu
Geri İrəli

Azərbaycan mediasında fotojurnalistikanın durumu – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2013 • Baxış sayı: 650 dəfə • Şərh yoxdur
Share Button

 Media ekspertləri hesab edir ki, şəkillər istənilən uğurlu yazıdan daha təsirli olur

Medianı fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotojurnalistlər isə görüntülərlə çatdırır. Bu ikisi isə bir yerdə tamlıq təşkil edir. Yəni hadisələr söz və foto ilə birgə təsvir olunanda, daha dolğun və doyurucu qəbul edilir. Azərbaycanda fotojurnalistika sahəsində inkişaf olsa da, müəyyən qüsurlar özünü göstərir. Bəzən qəzetlər və saytlar hansısa xəbəri və ya reortajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Əksər hallarda isə müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Təəssüf doğuran hal olsa da, bu gün mətbu orqanlarının çoxunda fotomüxbirlər və fotoredaktor şatatları yoxdur. Mətbuatda dərc olunan yazılarda şəkillərin düzgün yerləşdirilməsi ona görə xüsusi önəm kəsb edir ki, fotolar sərlövhələrdən sonra oxucuların diqqətini çəkən əsas faktorlardan biri kimi yazını insanların gözündə canlandırır, yazıya enerji verir və mövzunun oxunaqlığını, cazibədarlığını artırır. Şəkillər yazı içində bir neçə formada, məsələn, böyük və ya kiçik ölçüdə, bir və ya bir neçə sayda, tam və ya kəsilmiş yəni montaj edilmiş olaraq verilə bilər. Amma qeyd etdiyimiz kimi əsas məsələ fotoların yazıya uyğun seçilməsidir. Media ekspertlərinin narazılığına səbəb olan digər məsələ isə şəkillər üzərində onu ilk yayan media qurumlarına məxsus loqoların “göz deşəməsidir”. Ekspertlərin fikrincə, şəkil üzərindəki hədsiz sayda və həcmcə iri loqolar orojinal fotoların effektliyini zədələyir, keyfiyyətini aşağı salır.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu sahədə bəhs edilən qüsurlarla razılaşdığını deyib:

elcin sixli“Hər hansı reportaj hazırlananda bir məqama diqqət etmək lazımdır. Bu məqam da şəklin məhz həmin mətndə olan hadisəyə aid olmasıdır. Əgər bu iki hal üst-üstə düşürsə, ideal reportaj alına bilər. Amma çox təəssüf ki, bizdə həmişə belə alınmır. Bəzən hansısa rəsmi tədbirə bütün qəzetlər burxılmır və ya müxbir buraxılırsa, onunla gələn fotomüxbirə qadağa qoyulur. Və bu zaman məcbur olub digər informasiya agentliklərinin çəkdiyi, yaxud da dövlət strukturunun mətbuat xidmətinin öz saytında verdiyi şəkillərdən istifadə edirsən. Bu da həmin redaksiyanın hazırladığı reportaja uyğun gəlmir”. E.Şıxlı Azərbaycan mediasında fotojurnalistikanın peşəkarlığı haqda hələ ən yüksək fikirlər söyləməyin mümkün olmadığını bildirib. Redaksiyalarda fotoredaktor ştatının yaradılması haqqında danışan baş redaktor bu məsələni daha çox maddi imkanlara bağlayıb: “Media orqanlarında fotoredaktorun olub-olmaması məsələsinə gələndə bir az problemlər meydana çıxır. Əslində bu ştatın olması vacibdir. Amma baxaq, hansı redaksiyanın buna maddi gücü çatır? Bu da bir problemdir. Təbii ki, maddi problemlər həll olunsa, hər bir redaksiya fotoredaktor ştatı da aça bilər. Fotojurnalistikanın səviyyəsinə gəldikdə isə çox aşağı bir göstərici var. Bəzən hər adama elə gəlir ki, əlinə aparat götürüb şəkil çəkən fotojurnalistdir. Yox, belə deyil. Ümumiyyətlə, Azərbaycanda bu sarıdan müəyyən problemlər var”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu sahədə problemlərin olduğunu desə də, sürətli inkişafın da müşahidə olunduğunu bildirib:

rauf“Fotojurnalistika yeni inkişaf istiqamətinə yönəlib. Texnikanın yenilənməsi, plyonka yaddaşından rəqəmsal yaddaşa keçid nəticəsində inkişaf müşahidə olunur. Biz bu imkanlardan yararlanmağa çalışırıq və artıq aktual hadisələrin özündən çəkilmiş fotolardan istifadə edirik. Artıq qeyd etmək olar ki, Azərbaycanda vizual informasiya dünya miqyasında olan vizual informasiya ilə yanaşı durmağa başlayıb”. Baş redaktor mətbuatda mətnə uyğun olmayan şəkillərin redaktorların səhvindən baş verdiyini deyib: “Əslində redaksiyalarda şəkillərə texniki işçilər baxır. Bəzən fərqinə də varmırlar ki, bu, yay və ya qış şəklidir. Bu hadisələr əvvəllər tez-tez baş verirdisə, indi bir qədər azalan istiqamətə doğru gedir. İndi daha yüksək səviyyəli texnika var və səviyyəli işlər gömək olur”.

“Sumqayıtxəbər.com” xəbər portalının rəhbəri Eyvaz Qocayev bildirir ki, müasir dövrümüzdə insanların informasiyaya münasibəti xeyli dəyişib.

eyvaz qocayev

Artıq insanlar daha çox vizual görüntülərə fikir verirlər: “İnsanlar kitabdan daha çox filmlərə baxırlar. Gündəlik sosial şəbəkələrdə paylaşımlara fikir versəniz görərsiniz ki, paylaşımlar arasında müxtəlif fotolar daha çox üstünlük təşkil edir. Bu baxımdan hesab edirəm ki, xəbər saytlarında və qəzetlərdə təqdim olunan şəkil çox önəmlidir. Əlbəttə ki, xəbərin mahiyyəti də burda önəmli rol oynayır. Xəbərlə foto bir birini tamamlamalı və təqdim edilən fotoşəkil informasiya haqqında ilkin fikir formalaşdırmalıdır”.

E.Qocayevin sözlərinə görə, yazılarda təkrar fotolardan istifadə etdikdə xəbər diqqəti daha az cəlb edir: “Xarici mətbuatda biz daha çox rast gəlirik ki, başlıqlar fotonun üzərində əks olunur. Fotoya xüsusi forma verilir və bir növ biz şəkilə baxanda artıq xəbər haqqında ilkin fikrimiz formalaşır. Xəbər portalları hətta bunun üçün xüsusi işçi də saxlayırlar”.

Baş redaktor deyir ki, yazıdan asılı olaraq fotoların sayı dəyişilə bilər: “Müşahidə edirik ki, mətnlər uzun olduqda əgər bir foto verilibsə, o yazılar daha çox yorucu olur və insanlar bu xəbəri qısa müddətdə yarımçıq qoyurlar. Lakin uzun yazılarda bir neçə foto olarsa, o zaman oxucunu daha çox cəlb edir. Qəzetlərdə, xəbər saytlarında və yaxud da sosial şəbəkələrdə bəzən şəkil paylaşarkən “şərhsiz”, “no comment” sözünə rast gəlirik. Bunun özü fotonun nə qədər əhəmiyyətli olduğunu göstərir. Yəni foto özü də bir informasiya daşıyıcısıdır”.

 aziz mellim 22 “Modern.az”ın redaktoru, yazıçı-jurnalist Əziz Rzazadə də yazılarda foto seçimin çox mühüm olduğunu düşünür: “Bəzən şəkil xəbərə əlavə informasiya qatır. Burda hər şey fotodakı davranış jestini tutmaqdan asılıdır. Bəzən isə bir foto bütün yazını əvəz edir və altından sadəcə “şərhsiz” yazırlar, bu bəs edir”.

Ə.Rzazadə şəkillər üzərində yerləşdirilən loqolara münasibətinin çox pis olduğunu deyir. Redaktor qeyd edir ki, agentlik loqosunu dünyanın heç bir yerində o cür vermirlər: “Loqolar adətən şəkildə uzaq bir küncdə yerləşdirilir. Həm də kölgəylə duyulur. Bizdəki kimi adamın gözünü deşmir. Halbuki “reuter” kimi foto agentliklər ümumiyyətlə, fotolarını satarkən öz loqosunu yerləşdirmir”.

Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənov fotojurnalist peşəsinin problemlərdən danışıb:

Mirnaib-Hesenoglu “Azərbaycanda adətən reportajlarda verilən fotoların çoxu ancaq portret xarakteri daşıyır. Hər hansı bir tədbirdən material hazırlanırsa, həmin tədbirdə çıxış edən şəxslərin ancaq portretləri və ya nə vaxtsa çəkilən şəkli yerləşdirirlir. Bunların hamısı bizim mediada var. Sırf fotojurnalistika baxımından fotoların düzgün verildiyi bir neçə qəzet və sayt var. Amma buna da tam olaraq fotojurnalist işi demək olmaz. Bizdə bu sahədə çox böyük problemlər var”.

M.Həsənovın sözlərinə görə, media orqanının mütləq fotoredaktor ştatı olmalıdır: “Fotoredaktor ayrıca bir peşədir. Sovet dönəmində agentliklərdə fotoredaktorlar olub, amma o dönəm dağılıb gedəndən sonra fotoredaktor deyilən anlayış bizim mətbuatdan itib. Bizim bir çox jurnallarımızda, qəzetlərimizdə hazırlananan şəkillərərə baxın. Onların heç birində fotojurnalist işi yoxdur. Yazan jurnalist və ya redaktor ağlına hansı şəkil gəlirsə, onu da götürüb mətnlərə verir. Bəzən şəkil seçimi ilə qəzetlərin dizaynerləri məşğul olurlar”. Fototexnikanın bol olmasından danışan qurum sədri bu sahədə olan təhsildən çox narazıdır: “Azərbaycanda fotojurnalistika ilə bağlı təhsil yoxdur. Universitetlərin heç biri fotojurnalistika təhsili vermir. Problem ondadır ki, bizdə tədris vəsaiti deyilən şey yoxdur”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev qeyd edir ki, şəkillərin dili ilə oxucuya çatdırılanları yazılarla demək olmur:

arif eliyev “Fotolar istənilən uğurlu yazıdan təsir qüvvəsinə görə daha güclü faktor hesab olunur. Şəkillər daşıdığı informasiyaya görə də effektli olur. Amma problem burdadır ki, bizdə fotojurnalistika kifayət qədər zəif inkişaf etmiş bir sahədir. Təəssüf ki, fotojurnalistlərimiz də o qədər çox deyil. Uğurlu fotoqrafların da əksəriyyəti peşələrini dəyişərək bir növ rəssamlığa meyl edirlər. Əgər fikir versəniz, rəsmlərin əksəriyyətində insanların yalnız baş hissəsinin verildiyini müşahidə edərik. Standartlaşdırılmış baş şəkli dizaynı oxucuların bezikməsinə gətirib çıxarır.

Bu sahədə xeyli müddətdir hazırlıq keçilsə də, müxtəlif kurslar fəaliyyət göstərsə də, hələlik istənilən müsbət nəticə alınmayıb”.

A.Əliyevin sözlərinə görə, mətbu orqanların ilk olaraq istehsal etdikləri fotolar üzərinə loqolar qoymasının səbəbi var. Amma buna baxmayaraq, şəkilli loqolar əlavə problemlər deməkdir: “Foto agentliklər çəkdikləri şəkillər üzərinə ona görə öz loqolarını yerləşdirirlər ki, çox zaman digər xəbər portalları və qəzetlər həmin şəkillərdən istifadə edən zaman istinad etmirlər. Bu da şəkili çəkən tərəfi narazı salır. Əslində loqolu şəkillər media üçün əlavə problemlər yaradır. Faktiki olaraq o yazıları və fotoları təmizləmək üçün böyük əmək və vaxt sərf edilir. Yəni səbəbi olsa da, artıq və lazımsız işdir”.

“Azərfoto” agentliyinin rəhbəri Ceyhun Abdulla da Azərbaycanda fotomüxbirliyin zəif inkişaf etdiyini deyib: ceyhun abdulla“Fotomüxbirlik jurnalistikanın ayrılmaz hissəsidir, ona ciddi önəm verilməlidir. Azərbaycanın bir çox informasiya agentliyi fotomüxbir saxlamaq əvəzinə fotoaparatı yazan jurnalistə verir, informasiya üçün gərəkli fotoları jurnalist çəkir. Bu isə informasiya daşıyıcısı olan fotonun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır”.

C.Abdulla fotoların informasiya agentliyinin loqosu ilə doldurulmasını ciddi problem hesab edir: “Fotonun agentliyin loqosu ilə bəzədilməsi şəkilin keyfiyyətini aşağı salır. Dünya mətbuatında istinad problemi olmadığına görə xarici mediada bundan sui-istifadə etmirlər. Bizim mətbuatda isə vəziyyət xeyli fərqlidir. Ölkə mətbuatındakı istinad problemini aradan qaldırmaq üçün isə medianın maddi durumunun düzəlməsi əsas şərtdir”.

İsmayıl, “Şərq” qəzeti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın