Menu
Geri İrəli

Azərbaycanlı əsirlərin “qoruyucu mələyi”: “Onun baxışları yadımdan çıxmır…” – ƏSİR DÜŞƏRGƏSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2014 • Baxış sayı: 1,365 dəfə • Şərh yoxdur

95eb12f773328436ada0cf4bf6c757ab
Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin qəhrəmanlarından biri, “xilaskar” titullu Pyer Reyçel 20 il əvvəlki dəhşətləri xatırlayır
Lent.az-dan Qabil Abbasoğlu zəng edib “Tez bir məktub yaz, deyəsən Pyeri tapmışıq” deyəndə ətrafımdakı insanlar işlərini dayandırıb mənə baxmağa başladılar. Onda başa düşdüm özümdən asılı olmayaraq bu xəbərə necə reaksiya verdiyimi…

Vaxtım çox az idi. Redaktorumuz Kəmalə Quliyevanın cəhdləri uğurlu alınmışdı və ona “Məktub yazın, tapsaq verəcəyik” demişdilər.

Bu məktub ən azı Qırmızı Xaç nümayəndələri əsirlərə yazdırdığı məktublar qədər həyəcanla, sevinclə yazılırdı… Mən heç 15-16 yaşımda bu qədər əllərim əsə-əsə məktub yazmamışdım. Bir neçə dəqiqə ərzində əsirlərimizin qoruyucu mələyi Pyerə nə yaza biləcəyimizi müəyyən edə bilmədim… Sonunda redaksiyaya belə bir məktub göndərdim:

“Əziz Pyer!

Sizə yaxşı tanıdığınız Azərbaycandan yazıram. Jurnalistəm. Lent.az saytı ilə “Əsir düşərgəsi” layihəsi işləyirəm. Layihədə 1992-93-cü illərdə Dağlıq Qarabağ münaqişəsində ermənilərə əsir düşən insanların hekayəsindən bəhs edilir. Müsahibim, 15 yaşında Kəlbəcər rayonundan əsir düşmüş Müşfiq Əliyev söhbətində Sizin adınızı böyük ehtiramla çəkib, Sizi özünün qoruyucu mələyi, erməni əsirliyində olan azərbaycanlı əsirlərin xilaskarı adlandırıb.

***

“Pyer çox yaxşı insan idi, özü hər şeyi görürdü. Başıma gələnləri bir-bir, ən xırda detallarına qədər danışdırtdı və o qədər məyus oldu ki, dedi özümə söz verirəm, mənim müddətim bitsə də, vaxtımı uzatdırıb səni burdan xilas edib öz vətəninə, doğmalarının yanına qaytarmayınca bu torpaqlardan getməyəcəm. Dediyini də elədi! 2-3 gündən bir gəlirdi, dost olmuşduq. Şuşa türməsindəki vəziyyəti ona danışdıq. Özü də ora gedəndə uşaqlar görüb rusca bilir, başlayıblar hər şeyi açıb danışmağa. Görüblər ki, artıq buna demək olar.

İllərdir hər yandan əllərini üzüb ümidlərini möcüzəyə bağlayan əsirlər üçün nəhayət ki, o möcüzə baş vermişdi. Bu dəfə həqiqəti dilə gətirməkdən qorxmurdular. Bilirdilər ki, bu həqiqət onlara baha başa gələcək, Pyerə danışdıqları hər söz üçün işgəncə veriləcək, amma olsun! Əsas odur ki, artıq həqiqəti tərcümə eləməyə gərək yox idi!

…Pyerin fəaliyyəti nəticəsində əsirlərə işgəncə verən insanların hamısı artıq həyətdə işləyən əsirlərə barmaqlıqların arasından baxırdılar. Əsirlər bayram eləyirdi. Sonra tam başqa polk gəldi. Gözləri qorxmuşdu deyə artıq əsirlərə əvvəlki işgəncələri vermirdilər. Demək olar ki, əsirlərin həyatını Pyer qurtardı.

Ermənilər əsirləri xəstəxanaya aparanda sürüyüb cəmdək kimi maşına atırdılarsa, indi Pyer əsirləri xəstəxanaya dalında daşıyırdı. Öz yeməyini onlara verir, qaşığı əlinə alıb xəstə əsiri yedirdirdi. Qırx yaşlarında, sarışın isveçrəli əsirlərin xilasedici mələyinə çevrilmişdi”.

***

Müsahibə yayımlanandan dərhal sonra Siz oxucularımızın da qəhrəmanına çevrildiz. Lent.az oxucuları Sizi daha yaxından tanımaq istəyirdilər. İnsanlarımız Sizə bir təşəkkür borcu hiss edir, bu haqda bizə yazırdılar. Sizi tanımaq bizim özümüzə də maraqlı idi.

Bu məktuba cavab verə də bilərsiz, oxuyub silə də bilərsiz. Amma onu bilməyinizi istəyirik ki, oxucularımız Sizə böyük rəğbət bəsləyir. Özümün, redaksiyamızın və oxucularımızın adından Sizə erməni əsirliyində olan azərbaycanlılara göstərdiyiniz qayğıya, köməyə görə təşəkkür edirəm!

Sizə məktub yazmaq imkanım olduğunu biləndə Müşfiqə zəng edib “Pyerə nə sözün var?” soruşdum. Cavabını olduğu kimi yazıram:

- Pyerə nə sözüm olacaq ki? Mən ona hər gün sözümü deyirəm. Uzun müddətdən sonra bacı-qardaşımı qucaqlayanda, universitetə qəbul olunanda, işləyib öz çörəyimi özüm qazananda, ata olanda həmişə birinci Pyerə təşəkkür, sonra Allaha şükür eləmişəm! O mənim qoruyucu mələyim olub. Bütün xoş günlərimdə birinci ürəyimdə ona təşəkkür edirəm. Pyer məni və mənim kimi neçə əsiri həyata qaytarıb, onu həmişə minnətdarlıqla xatırlayıram. Əgər bu sözlərimi ona çatdırmaq imkanınız olsa, xahiş edirəm, ona mənim, ailəmin və balalarımın sevgisini, hörmətini və təşəkkürünü çatdırın! Bilsin ki, mən onun yaxşılığını bir an da olsun unutmamışam. Allah həmişə köməyi olsun!

Əziz Pyer, aşağıdakı suallarımızı cavablamağınızı çox istəyərdik. Bu bizə, bizim yüz minlərlə olan oxucularımıza, hələ də gözü qapıda qalan əsir ailələrinə çox maraqlı olacaq.

Təşəkkür edirəm!

Hörmətlə,

Vüsalə Məmmədova”

Pyer Reyçelin tapılmasında köməklik göstərən əziz həmkarım Kəmalə Quliyevaya və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Bakı nümayəndəliyinə təşəkkür edirəm!

İndi isə… Danışır Pyer Reyçel…

- Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) nə vaxt işləməyə başlamısınız? Nə üçün BQXK nümayəndəsi olmaq qərarını verdiniz? İlk olaraq hansı ölkədə işlədiniz?

- BQXK-da 1993-cü ildə işləməyə başlamışam. İlk missiyam Tacikistanda tərcüməçi vəzifəsində olmuşdur.

- Dağlıq Qarabağdakı missiyanız xatirələrinizdə necə qalıb?

- Dağlıq Qarabağdakı missiyam 1994-cü ilin noyabrında başlamışdır. Orada 1995-ci ilin may ayına qədər, yəni Tərəflər arasında olan müvafiq razılaşmaya əsasən saxlanılan bütün azərbaycanlı və ermənilərin azad edilməsinə qədər işləmişəm.

Bu missiyam barəsində çox aydın xatirələrim var. Elizabet və Rut adlı tibb bacıları ilə işləyirdik, saxlanılan şəxslərin Elizabet və Ruta qarşı böyük simpatiyası var idi. Dağlıq Qarabağdakı missiyanın xüsusiyyətlərindən biri də o idi ki, insanlar 15-dən çox saxlanma yerlərində saxlanılırdılar. Demək olar ki, hər gün bu saxlanma yerlərindən birinə baş çəkirdik. Yolda çox vaxt keçirirdik! Saxlanma yerlərinə baş çəkəndə özümüzlə müsbət əhval gətirməyə çalışırdıq. Bu səbəbdən də çox xoş xatirələrim qalıb: çox dərin təlatümlü anlarımız, lakin eyni zamanda sevincli anlarımız da olub ki, bunları bir-birimizlə bölüşürdük.

- Keçmiş dustaqlar sizin rus dilini bildiyinizi xüsusilə qeyd ediblər. Necə oldu Rus dilini öyrəndiniz? Rus dilini öyrənərkən, heç düşündünüzmi ki, bu dil sizə nə vaxtsa insan həyatlarını xilas etməyə kömək edəcək?

- Çox az insanın baxdığı tərəflərə nəzər salmaq istədiyimdən, rus dilini öyrənmək qərarını verdim. Rus dilini, ədəbiyyatını və mədəniyyət tarixini öyrənərkən, ağlıma belə gəlməzdi ki, bir gün humanitar təşkilatda işləyəcəyəm. Həyat belə gətirdi və BQXK-da 20 illik təcrübəyə malik şəxs kimi bu işin mənə bəxş etdiklərinə görə minnətdaram.

- Dustaqlar üçün sizinlə, yəni yad adamla danışmaq asan idi? Onlarla nə barədə danışardınız? Yadınızda qalan elə bir qeyri-adi hadisə varmı ki, onun barəsində danışmaq istərdiniz?

- Əslində, insanlarla uğurlu ünsiyyətin dəqiq formulu yoxdur. Yəqin ki, dustağın kamerasına bir xarici olaraq daxil olarkən, qonaq olduğunu unutmamalısan. Tibb bacısının tərcüməçisi olmaq sənə dustaqların etimadını yavaş-yavaş qazanmaq imkanını verir. Hadisələri tələsdirməsən, dialoq öz-özünə yaranacaq.

Saxlanma yerlərinə baş çəkən nümayəndə kimi vəzifələrimi yerinə yetirməkdən əlavə, həmişə insanlarla etibara əsaslanmış münasibətlər qurmağa çalışmışam. Belə düşünürəm ki, BQXK nümayəndəsi saxlanma yerlərinə baş çəkməklə birbaşa vəzifələrini yerinə yetirməkdən əlavə, bu insanların gündəlik həyatına müsbət emosiyalar, sevinc gətirməlidir. Bu sadəcə düzgün əməl deyil, həm də başçəkmələrin ayrılmaz hissəsidir. Hər bir başçəkmə zamanı hər bir dustaq üçün ruhlandırıcı sözlər tapırdıq. Bir dəfə dustaqlardan biri məndən və tibb bacısından soruşmuşdu ki, biz bu qədər enerjini haradan alırıq. Biz həmişəki kimi cavab verdik : “Bu enerjini bizə siz verirsiniz”. Saxlanılan şəxslər minnətdar olduqlarını bizə həmişə hiss elətdirirdilər, bu isə bizə enerji bəxş edirdi. Onların minnətdarlığı bəzən gülüşdə, bəzən səmimi söhbətlərdə, zarafatlarda və ya dostcasına göz vurmaqda ifadə olunurdu. Bu bəzən göz yaşları, bəzən qəhqəhə idi, saxlanılanlar bəzən bizə əl işlərini, yaxud yazdıqları şeirləri hədiyyə edirdilər. ..

Bu barədə bir kitab yazmaq olar. Bütün o anları xatırlayıram, çünki bu insanların həyat hekayələridir.

- Dağlıq Qarabağ münaqişəsinin fəal mərhələsi zamanı saxlanılmış bir mülki şəxs sizin adınızı çəkmişdi… Onun adı Müşfiqdir….

- Mən Müşfiqi yaxşı xatırlayıram – o saxlanılanlar arasında ən gənclərindən biri idi. Rus dilini yaxşı bilmirdi, lakin həmişə bizim üçün tərcümə edən başqa bir saxlanılan şəxs olurdu. Qalanları isə onun gözlərindən oxunurdu. Kor bağırsağında əməliyyat olunarkən, onu müşayiət etdiyim yadımdadır. Bütün əməliyyat ərzində onun yanında qalmışdım. Əməliyyat yaxşı keçdi. Lakin o oğlan barəsində yadımda qalan ən parlaq xatirə bunlar deyil: onun həyatında baş verənləri nəzərə alsaq, fikrimcə Müşfiqin barəsində ən yaddaqalan cəhət onun aydın və inamlı baxışları idi – başına gələn bütün çətinliklərə baxmayaraq, optimizmini qoruyub saxlamaq qətiyyətində olan 16 yaşlı yeniyetmənin baxışı.

- Ailə əlaqələrini bərpa etməyin mühüm vasitəsi Qızıl Xaç Məktubudur (QXM). Ailələr üçün əsirlikdə olan əzizlərindən xəbər almaq çox vacibdir. Müşfiq və bacısı da ailələrinə yazdıqları QXM-ləri qeyd etmişlər. QXM nədir? Saxlayan hökumət orqanları QXM-ləri oxuya və senzuradan keçirə bilərlər? Saxlayan hökumət orqanları əsirin yazdığı məktubu gizlədib və BQXK-ya ötürməyə bilərmi?

- QXM saxlanılan şəxs yaxud onun yaxın ailə üzvləri tərəfindən yazılan məktubdur. QXM-də yalnız ailə xəbərləri ola bilər. QXM vasitəsilə digər məlumatlar ötürülə bilməz, çünki bu məktubların yeganə məqsədi ailə üzvləri arasında əlaqə yaratmaq və bir-biri barəsində məlumat verməkdir. QXM açıq məktubdur: o hətta zərfin içinə belə qoyulmur. Həm dustağı saxlayan tərəfin, həm də məktubu alan hökumət orqanlarının onu senzuradan keçirmək ixtiyarı var. BQXK saxlanilan şəxslərə xidmətlərini təklif edərkən bütün bunları izah edir. Bu məktubların toplanmasını və onların dustaqlara, onların ailələrinə çatdırılmasını adətən BQXK nümayəndələri həyata keçirir. Ailələrin əksəriyyəti üçün nəinki məktubun məzmunu, həmçinin əzizinin xətti dəyərlidir, çünki bu onun sağ olduğunun sübutudur.

- BQXK pis rəftarın şahidi olduqda nə edir?

- BQXK neytral və bitərəf humanitar təşkilat olaraq bütün münaqişə tərəfləri ilə əlaqə saxlamağa çalışır və fəaliyyətinin çərçivəsində silahlı münaqişə və ya zorakılığın təsirlərinə məruz qalmış insanlara baş çəkir və onlara yardım edir. BQXK müşahidələrini aidiyyatı olan hökumət orqanları ilə məxfi şəkildə bölüşür və qurbanların vəziyyətini yaxşılaşdırmağa çalışır.

- Azərbaycanı tərk etdikdən sonra karyeranız hansı istiqamətdə dəyişib? Hal-hazırda harada işləyirsiniz?

- Səkkiz il ərzində Şimali Qafqazda, sonra bir il Qəndəharda (Əfqanıstan), bir il Ərbildə (İraq), iki il Məzari-Şərifdə, üç il Cənubi Osetiyada işləmişəm. Kərkükdəki (İraq) missiyamı isə elə indicə başa çatdırmışam.

- Fikrinizcə, BQXK-dakı işiniz neçə insanın həyatına təsir göstərib?

- BQXK komanda işidir və məhz bu komandaların işi təşkilatın fəaliyyətinin əsasını təşkil edir. Mən tam əminəm ki, BQXK insan həyatını xilas etməyə kömək edən təşkilatdır. Mən sadəcə bu böyük zəncirin kiçik bir hissəsiyəm.

- Azadlığa buraxılmasına kömək etdiyiniz insanlardan hansısa sizinlə əlaqə saxlamağa çalışıb?

- İki il əvvəl keçmiş dustaqlardan biri gözlənilmədən zəng etmişdi. Etiraf etməliyəm ki, bu mənə xoş təsir bağışlamışdı!

- Gələcək planlarınız…

- Yeni macəralara həmişə hazıram – lakin indi evimə daha yaxın olmaq istəyirəm, İsveçrədəki ailəm və dostlarım barəsində düşünməli və onlardan uzun müddət uzaqda olmamalıyam!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın