Menu
Geri İrəli

“Elektron Hökumət”ə maraq artır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2013 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur
Share Button

Çağımız texnologiya çağıdır. Texnologiyanın isə ən inkişaf etmiş növü internetdir. İnternet demək olar ki, həyatımızın bir parçasına çevrilib. Monoton bir həyatda stress və çətinliklərlə mübarizə edərkən hər hansi bir məlumatın əldə edilməsi, uzaq məsafədə yaşayan insanların bir- birilə əlaqəsi, məhsulların online alış və satışı, bir çox əməliyyatların elektron şəkildə həyata keçirilməsi baxımından  interneti bizim ən yaxın köməkçimiz hesab etmək  mümkündür.  Hazırda bir sıra ölkələrdə, xüsusən də İnkişaf  Etmiş və İnkişafda  Olan ölkələrin bir çoxunda insanların internetdən səmərəli istifadə etməsi üçün layihələr hazırlanır və internet vasitəsilə insanların xidmətinə verilir.

e-hokumet1Ölkəmizdə də vətəndaşlar üçün, onların hər hansı bir məlumatı rahat şəkildə əldə etmələri üçün bir sıra layihələr hazırlanır. Bu sahədə uğurlu sayılan layihələrdən biri də Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya əsasən işlənib hazırlanan və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Elektron hökumət” layihəsidir. Ölkəmizdə “Elektron hökumət”in  fəaliyyəti üçün Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla  hüquqi baza yaradılmışdır.

Layihənin əsasnaməsi isə Azərbaycan Respublikası prezidentinin 5 fevral 2013-cü il fərmanı ilə təsdiq olunub.  Layihənin əsas məqsədi  dövlət qurumlarının fəaliyyəti, onların vətəndaşlara göstərdikləri xidmətlərin  və bu xidmətlərdən vətəndaşların elektron və asan şəkildə faydalanmalarının təmin edilməsidir. Hazırda təsdiq olunmuş 417 xidmətdən 236-sı portala daxil olmuşdur. Yaxın gələcəkdə “Asan” xidmətin də “Elektron hökumət”ə inteqrasiyası düşünülür. Vətəndaşların həmçinin Elektron hökumət portalından vergi, rüsum və s.  kimi  ödənişlər etmək imkanı bu layihənin uğurlu cəhətlərindən biri kimi səciyyələnir.  Ən əsası bu xidmətlərin istifadəsi və onlar haqqında məlumatı ayrı-ayrı saytlara deyil, yalnız bir sayta, Elektron hökumətin https://www.e-gov.az saytına müraciət etməklə əldə etmək olar. Saytdan istifadə üçün yalnız qeydiyyatdan keçmək kifayətdir. Vətəndaşların saytın imkanlarından istifadəsi isə tamamilə ödənişsiz olaraq həyata keçirilir. Həmçinin “Elektron hökumət”in “Facebook”  və“Twitter”  sosial şəbəkələrində səhifələri yaradılıb ki, bu da istifadəçilərə sayt haqqında suallarını, təklif və iradlarını  bildirmək imkanı verir.

Hazırda “Elektron hökumət” portalına daxil olan istifadəçilərin sayı getdikcə artır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin bu barədə yaydığı məlumatda bildirilir ki, 2013-cü ilin yanvar-avqust aylarında “Elektron hökumət” (e-gov.az) portalına daxil olmaların sayı 281 mindən çox olub.
Məlumatda deyilir ki, portala baş çəkmənin ümumi sayının 84 faizi Azərbaycanın payına düşür. ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Almaniya, Ukrayna və digər ölkələrdən olan istifadəçilər də portala baş çəkirlər. Avqust ayında “Elektron hökumət” portalı vasitəsi ilə dövlət qurumlarının təkcə 10 elektron xidmətindən isə  67745 dəfə yararlanıblar.

Qeyd edək ki, layihə üzrə 2013-cü ilin yanvar ayından etibarən  aylıq bülletenlər də hazırlanır və artıq bu bülletenlərin 8-ci sayı işıq üzü görüb. Bülletenlərdə respublikada “Elektron hökumət”in  inkişafı istiqamətində hazırda görülən və gələcəkdə görüləcək işlər, portal haqqında ümumi məlumat, statistik məlumatlar (Elektron hökumət portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmətlər,  Dövlәt Hakimiyyәti orqanları tәrәfindәn Milli Sertifikat Xidmәtlәri Mәrkәzinә edilәn müraciәtlәrin vә onlara verilәn sertifikatların sayı,  Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 24 oktyabr 2011-ci il tarixli 191 nömrәli Qәrarında tәsdiq olunmuş e-xidmәtlәrin “Elektron hökümәt” portalına qoşulma vәziyyәti barәdə, portala daxil olan istifadəçilərin daha çox hansı brauzerlərdən istifadə etdikləri barəsində və s.), mobil autentifikasiya haqqında, e-gov elektron hökumət portalında təmsil olunan yeni xidmətlər və s. məlumatlar öz əksini tapır.  Onu da qeyd edək ki, ölkəmizdə  Elektron hökumətin  fəaliyyətinin formalaşması istiqamətində  getdikcə daha böyük nailiyyətlər əldə olunur. Bu ilin may ayında Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Reyxard Azərbaycanda “Elektron hökumət”quruculuğu istiqamətində aparılan tədbirləri yüksək dəyərləndirərək öz musahibəsində ölkəmizin “ Elektron hökumət” sahəsində çox böyük nailiyyətlər əldə etdiyini və bu sahədə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirdiyini bildirib. Akademik Qərib Məmmədovun isə avqust ayında Böyük Britaniyada keçirilən Kembric konfransında BMT-nin Qlobal Geoməkan İnformasiyasının idarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında “Elektron hökumət”in formalaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri xüsusi olaraq vurğulayıb.

                                                                                     Elnarə Salamova

 

Yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinə təqdim olunur

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın