Menu
Geri İrəli

İş tapmaq üçün sertifikat vacibdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur

Bu gün qəzet və saytlarda, dayanacaqlarda, yaşayış binalarının bloklarında “kursu bitirənlərə sertifikat veriləcək” elanlarına daha çox rast gəlmək olur. Böyük şirkətlərin, tanınmış təhsil müəssisələrinin qarşısında, insanların çox gəlib-getdiyi yerlərdə də bu tip məlumatın verildiyi müxtəlif broşürlər paylanılır. Bəs əslində sertifikatların əhəmiyyəti varmı? Sertifikatı olan asanlıqla özünə iş tapa bilirmi?

musahibeBakı sakini Səbinə Rzayevanın sözlərinə görə, o, işə düzəlmək üçün müxtəlif kurslara gedib və sertifikat alıb: “Sertifikat almaqdan ötrü kursa uzun müddət getməli və sonunda imtahan verməli olurdum. Kompüter kurslarına gedib kifayət qədər pul ödəyib proqramları mənimsədiyimi təsdiq edən sertifikat almışdım. Kompüterdə mənə lazım olan bilikləri öyrəndikdən sonra müəllimlər bir müddət də dərsə gəlməli olduğumu və əks halda sertifikatın verilməyəcəyini deyirdilər. Mən də məcbur olub, 1 ilə yaxın kursa getdim” deyən S.Rzayeva bildirir ki, bundan başqa, ingilis dilini öyrənmək üçün də 1 il kursa gedib:

“Orada da müəllimlər deyirdilər ki, dərslərə axıra kimi gəlmək lazımdır. Kursu bitirəndən sonra sertifikat veriləcək və sertifikat çox vacibdir. Müxtəlif təlimlərdə də iştirak edərək, müxtəlif sertifikatlar aldım. Lakin işə qəbul olmaq istəyərkən işə götürənlərdən heç biri məndən sertifikat tələb etmir. Hətta sertifikatlarımı göstərmək istəyəndə belə baxmaq istəmirlər. Bu səbəbdən də düşünürəm ki, kursların “sertifikat veriləcək” elanları sadəcə pul tələsidir”.

İşədüzəltmə agentliklərindən birinin işə qəbul üzrə mütəxəssisi Fərid Süleymanov bildirib ki, nə bakalavr, nə də magistr səviyyəsində tələbələrə insan resursları ilə bağlı heç nə öyrətmirlər: “Və o sahədə işləmək istəyənlər mütləq sertifikat almalıdırlar. Yəni, işə götürəndə mütləq sertifikata baxırlar. Onlar yoxlayırlar, görəsən, həmin adam təlim keçibmi?”

Sertifikatların etibarlı olmağına gəlincə, F.Süleymanovun dediyinə görə, iri və tanınmış şirkətlərin sertifikatlarına üstünlük verilməlidir: “İri şirkətlər daim təlimlər keçirirlər. Tanınmış şirkətlərin keçirdiyi təlimlərə qatılmaq lazımdır. Sertifikat sadəcə printerdən çıxmış bir sənəd olmamalıdır. Sertifikatda möhür və imza olmalıdır”.

Amma mütəxəssis onu da bildirib ki, sertifikat şəxsin bilikli olmasına zəmanət vermir: “Sertifikat almaqla deyil. Sertifikatı pulla da alıb üstündə “əla” yaza bilərsən. İş görüşməsinə gedəndə sizə rusca və ya ingiliscə danışmağı təklif edəcəklər. İşgüzar görüşlərin heç birində “sertifikatınızı gətirin” deməyəcəklər. Sertifikatın öyrənmək üçün əhəmiyyəti var. Amma işə düzəlmək üçün əhəmiyyəti yoxdur”.

Süleymanov diqqətə çatdırıb ki, işə qəbul olmaq istəyən tərcümeyi-halını tərtib edərkən aldığı sertifikatları da qeyd etməlidir: “Müasir zamanda diplomun olması birinci şərtdir. Lakin diplomla yanaşı, sertifikatın da olması yaxşıdır. Belə ki, işə qəbul edən ilk növbədə şəxsin ali təhsilli olmasına, savadına fikir verir” deyən həmsöhbətimiz məsləhət görür ki, ali təhsili olanlar məşğul olmaq istədiyi sahə üzrə sertifikat da ala bilərlər.

İşədüzəltmə agentliyinin meneceri Vüsalə Mirzəyeva isə hesab edir ki, işə götürənlər üçün işçinin təcrübəli olması əsasdır: “Sertifikat vacib deyil. İşə götürən üçün işçinin biliyi və bacarıqları vacibdir. Ola bilsin ki, iş axtaranın diplomu və müxtəlif sertifikatları var. Lakin onun biliyi və bacarıqları bunlara uyğun gəlmir. Ona görə də işə götürən üçün işçinin təcrübəsi daha önəmlidir. Lakin sertifikatın olması iş axtaran üçün üstünlükdür. Belə ki, işə götürən iki eyni mütəxəssisdən sertifikatı olanı seçəcək. Ona görə ki, sertifikatın mövcudluğu şəxsin daim yeni nəsə öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə həvəsinin olduğunu göstərir. Adətən sertifikatı olanlar daim oxumağa davam edir, hər dəfə yeni biliklərə yiyələnirlər. Sertifikat həm də onu göstərir ki, mütəxəssis ixtisaslaşdırılmış ədəbiyyat oxuyub. Yəni mütəxəssis nəzəri biliklərə malikdir”.

Təhsil üzrə ekspert Arif Hüseynov isə bildirib ki, təhsilin verdiyi biliklərin kifayət etməməsi gəncləri müəyyən kurslara gedərək sertifikat almasına təhrik edir: “Xarici dilin və kompüter biliklərinin aşağı səviyyədə tədrisinin nəticəsidir ki, gənclər məktəbi və ya ali təhsil müəssisəsini bitirən kimi ingilis və rus dili, kompüter kurslarına üz tuturlar”.

Ekspress.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın