Menu
Geri İrəli

Necə oldu ki, «Nasoslu»ya, nəhayət ki, Hacı Zeynalabdin Tağıyevin adı verildi?.

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2013 • Baxış sayı: 792 dəfə • 1 şərh

24 il əvvəlin söhbətidir. 1989-cu ilin yayı idi. Bu, o dövr idi ki, Dağlıq Qarabağda vəziyyət son dərəcə kəskinləşmiş və Qərbi Azərbaycandan – indiki Ermənistanın Göyçə, Zəngəzur mahallarından on minlərlə qaçqın-köçkün ailəsi erməni faşistlərindən canlarını güclə qurtararaq, respublikamızın müxtəlif bölgələrinə pənah gətirmişdi. Həmin günlərdə öz yurdlarından didərgin salınmış minlərlə ailə həm də Sumqayıtın fəhlə yataqxanalarına, pioner düşərgələrinə, yaşayış üçün heç bir şəraiti olmayan yarımçıq tikililərə sığınmışdılar…

rehman_01[1]Qaçqın həmvətənlərimizin dözülməz vəziyyətini, olduqca ağır yaşayış şəraitini heç olmasa müəyyən qədər yüngülləşdirmək, bir zamanlar Göyçə, Zəngəzur ellərindəki dədə-baba yurdlarından, səfalı ab-havası olan dağlar, buz bulaqlı meşələr qoynundan qovularaq, indi nağıla, əlçatmaz xəyallara dönmüş obaların iqlimi-havası ilə qətiyyən uyuşmayan Sumqayıtda müvəqqəti yerləşənlərin bir qisminin dağlar diyarı olan, uzun illərdən sonra inzibati rayon kimi yenidən bərpa olunmuş Xızı rayonunun boş qalmış kəndlərinə, yeni inşa edilməkdə olan qaçqın qəsəbəsinə köçürülməsi nəzərdə tutulmuşdu.

Sumqayıtın təşəbbüsü ilə Xızıda qaçqın ailələri üçün yaradılmaqda olan yeni yaşayış məskəni üçün ora ilk tikinti materiallarının daşındığı vaxtlardan şəhərin tikinti təşkilatlarının bilavasitə iştirakı ilə evlərin inşa olunub başa çatdırıldığı günlərə qədər mən «Vışka» qəzetinin Sumqayıt-Quba zonası üzrə xüsusi müxbiri kimi o zaman Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri olan Rasim Eminbəyli ilə birgə yeni salınan qəsəbənin inşasının gedişi ilə tanış olmaq üçün vaxtaşırı Xızıya gedirdim.

Rasim Eminbəyli ilə hələ 1982-ci ildən – mən «Vışka» qəzetinin sənaye şöbəsində müxbir işləyərkən qiyabi olaraq tanış olmuşdum. O zaman keçmiş SSRİ-də və dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar və hərbi məqsədlər üçün böyük maraq doğuran, yeni perspektivlər vəd edən «poroşok» metallurgiyası həm elm, həm də istehsalat mütəxəssislərinin xüsusi diqqət mərkəzində idi. Yeni metallurgiya sahəsinin  perspektivini və gələcək tətbiq sahələrini, onun səmərəliliyini müəyyən etmək, toz halında olan metaldan hazırlanmış detalların öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə digər metallardan hazırlanmış analoqlarına nisbətən üstünlüklərini öyrənmək məqsədilə Bakıda Azərbaycan Əlvan Metallurgiya İdarəsinin tərkibinə daxil olan xüsusi Təcrübi-eksperimental Poroşok zavodu yaradılmışdı. Yeni müəssisədən hazırladığım geniş həcmli analitik yazı ilə bağlı həmin İdarə mütəxəssislərinin rəyini öyrənmək üçün ora zəng edərkən mənə şöbə rəisi Rasim Eminbəyli ilə əlaqə saxlamaq məsləhət görüldü. İlk dəfə olaraq, həm də qiyabi tanışlığımıza baxmayaraq, Rasim Eminbəyli mənim suallarıma konkret olaraq və dolğun, elmi cəhətdən əsaslandırılmış şəkildə, tam təfsilatı ilə cavab verməsi, rəhbərlik etdiyi sahəni dərindən, mükəmməl bilməsi və məsələyə fərdi yanaşması ilə diqqətimi cəlb etdi. Həm də bir jurnalist kimi mənim bu günə qədər də ən çox yadımda qalan o olmuşdur ki, Rasim müəllim bəzi müəssisə və təşkilat rəhbərləri kimi nəinki jurnalistin suallarından qaçmağa çalışmadı, əksinə – hazırladığım materialın daha sanballı və məzmunlu olmaqla maraq doğurması üçün dəyərli fikirlər irəli sürdü, təkliflərini bildirdi.

Material hazırlanıb qəzetdə dərc edildikdən sonra da biz bir müddət əlaqə saxladıq. Lakin sonradan mən həmin mövzuya qayıtmadım və bizim əlaqələrimiz kəsildi. 1988-ci ildə Rasim Eminbəyli Sumqayıt Alüminium zavoduna direktor təyin olundu. O, ilk günlərdən fəhlələrin iş və sosial şəraitini yaxşılaşdırmaq üçün mühüm tədbirlər görür, əvvəlki  müəssisə rəhbərlərindən fərqli olaraq çox zaman fəhlələrin yanında olur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Yeni direktor hətta ən zəhərli sex olan elektroliz sexinə girərək, nəfəs alınması çətin olan, havası alüminium toz-torpağına qərq  olmuş sexdə fəhlələrlə görüşməklə onların vəziyyəti ilə bilavasitə iş yerində tanış olmaqdan çəkinmirdi. R.Eminbəylinin bu cür sadəliyi, səmimiyyəti və əlbəttə ki, ilk növbədə yüksək rəhbər təşkilatçılığı, işgüzarlığı, mütəxəssis kimi zəngin biliyə, həmçinin yüksək mədəniyyətə malik olması onu həm alüminiumçulara, həm də onu tanıyıb-tanımayan şəhər sakinlərinə sevdirə bilmişdi. Təsadüfi deyil ki, o, 1988-ci ilin ortalarında Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdi. 350 minlik əhalisi olan, eyni zamanda minlərlə qaçqının pənah gətirdiyi bir şəhərin sosial-iqtisadi problemlərini həll etmək o qədər də asan deyildi. Qaçqın-köçkünlərin Sarıqaya ərazisindəki pioner düşərgələrində yerləşdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, Coratın yaxınlığında onlar üçün ilk ikimərtəbəli yaşayış evlərinin tikilməsi, onların işlə, ərzaq və sairlə təmini Rasim Eminbəylinin gündəlik fəaliyyətinin əsasını təşkil edirdi.  Fiziki cəhətdən möhkəm, sağlam olsa da və qaçqın həmyerlilərinin faciələri, dərdləri ilə bağlı narahatlıqlarını, göynərtilərini büruzə verməməyə çalışsa da, bütün bunlar onun üçün ürək ağrılarsız ötüşmürdü. O günlər onun fəaliyyətinin başlıca mahiyyəti qaçqın həmvətənlərimizlə, onların taleyi ilə bağlı idi. Bir də görürdün ki, 3-4 gün əvvəl Xızıdan qayıtmağımıza baxmayaraq, zəng edib soruşurdu: «Rəhman, hardasan? Nə işlə məşğulsan?». Cavab verirdim ki, «qəzet üçün material hazırlayıram, nə olub ki?»

- Dur gəl gedək Xızıya, görək orda işlər necə gedir? – deyib yarım saatdan sonra yola düşəcəyimizi bildirirdi. Əlbəttə, bir halda ki, Rasim Eminbəyli çağırırdı və bu dəvət qaçqınlarımızla bağlı idi, etiraz edə bilməzdim.

Sumqayıtdan Xızıya yollanarkən yolun sol və sağ hissələrində susuzluqdan od tutub yanan, diqqətsiz-nəzərsiz, boş qalan sahələrə baxdıqca onu da od götürürdü: «Buralara su çəkə bilsəydik, böyük bir yaşayış məskəni salmaq, bütün qaçqınlarımızı yerləşdirmək olardı», – deyirdi. Yolüstü yaxınlığında heç bir yaşayış məskəninin olmadığı, susuzluqdan od tutub yanan çöllükdə, uzanıb gedən geniş bir vadidə xalqımızın unudulmaz şairi Mikayıl Müşfiqin abidəsini, dahi dramaturqumuz Cəfər Cabbarlının ev-muzeyini ayaqüstü də olsa ziyarət etdikdən sonra Xızıya çatar, qaçqın həmvətənlərimiz üçün salınan şəhərcikdəki vəziyyətlə tanış olardıq. Rasim Eminbəyli inşaatçılarla görüşüb onlara öz tapşırıqlarını verər, soyuqlar düşənədək işlərin tamamlanmasının vacibliyini bildirər, onları ruhlandırar, həm də tələsdirərdi. Təzə yaşayış yerlərinə köçmüş ilk ailələrlə görüşüb, onların dolanışıq şəraiti, problemləri ilə maraqlanardı. O, tikilməkdə olan evləri bir-bir gəzmədən, vəziyyətlə yerindəcə tanış olmadan, problemləri aradan qaldırmaq üçün operativ tədbirlər görmədən geri dönməzdi. Yalnız axşama yaxın tikinti sahəsindən ayrılıb, Xızının girişindəki sərin sulu bulağın başına gələrək, orada qəzetlərdən süfrə açıb, təmiz havada böyük iştahla pomidor-xiyarla pendir-çörək yedikdən sonra Sumqayıtda tapılması mümkün olmayan büllur kimi təmiz bulaq suyundan doyunca içərək və yolumuz üçün götürərək, qaş qaralana yaxın Sumqayıta qayıdardıq.

Hər dəfə də birinin cəmi 35, digərinin isə daha az – 27 il ömür sürdükləri Cəfər Cabbarlının və Mikayıl Müşfiqin gəzib-dolaşdıqları, xüsusilə də «Bu gözəl dünyadan necə əl çəkim?», «Yenə o bağ olaydı» misralı şeirləri ilə hələ erkən gənclik illərindən mənim üçün son dərəcə doğmalaşmış, müqəddəs sandığım şairin dağlar arasında, uzun bir çöllükdə tənha qalmış, sanki sağlığında olduğu kimi elindən-obasından ayrı düşmüş Mikayıl Müşfiqin abidəsi önündən keçərkən ağır xəyallara dalar, romantik  poeziyası ilə nəfəs aldığım bəxtsiz şairimizin nakam, faciəli taleyinə acıyar, için-için yanardım.

Və bir dəfə Xızıya növbəti səfərdən qayıdarkən keçmiş «Nasoslu» qəsəbəsinə yaxınlaşdıqda Mikayıl Müşfiqə olan dərin və sonsuz bir ehtiramla fikrimə gələni Rasim müəllimə bildirdim:

- Rasim müəllim, necə bilirsiniz, bəlkə Nasoslu qəsəbəsinin adının dəyişdirilib ona Müşfiqin adının verilməsi daha münasib olardı?.. Hər dəfə burdan gəlib keçənlər Müşfiqi yad edər, bu qəsəbəyə onun adını verənlərə min rəhmət oxuyar.

- Müşfiqin?.. – deyə o, bir qədər fikrə dalaraq, dilləndi. – Etirazım yoxdur, ancaq…

Bəlkə də daxili təbəddülatlarımı, M.Müşfiqlə, onun poeziyası bağlı hisslərimi, ona olan oxucu sevgimi başa düşərək, davam etdi:

- Əlbəttə, yaxşı olardı. Amma bir məsələ var ki, Müşfiqin adı artıq Bakı-Şamaxı yolunun kənarında yeni salınmaqda olan qəsəbəyə verilib. Bəlkə bura Hacı Zeynalabdin Tağıyevin adı verilsin?..

Doğrusu, qəsəbənin adının vaxtilə məhz Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü üzrə paytaxta Şollar su kəmərinin çəkilməsi və qəsəbənin indi yerləşdiyi ərazidə suyun bir qədər yüksəklikdə yerləşən Bakıya təzyiqlə vurulması üçün burada nasos stansiyasının yaradılması ilə bilavasitə bağlı olduğunu bilsəm də, M.Müşfiqlə bağlı təklifimdən keçmək istəmirdim..

- Rəhman, sənin Müşfiq poeziyasına və şairin poeziyasına olan sevgini və rəğbətini başa düşürəm. Müşfiq hamımız üçün, bütün xalqımız üçün əziz və doğmadır. Onun dünyadan çox erkən – 27 yaşında köçməsi hamımız üçün ürək ağrısıdır, heç vaxt unudulmayacaq bir ağrıdır. Ancaq daha ədalətli olardı ki, bu yerə məhz Hacı Zeynalabdin Tağıyevin adı verilsin. Bu, ədalətli olmaqdan əlavə Hacının ruhunu da çox şad edərdi.  Axı, Şollar su kəməri bilavasitə onun ideyası, onun təşəbbüsünün bəhrəsidir.

Müşfiqlə bağlı təklifimdə geri çəkilmək istəməsəm də, Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin də bundan mühüm və əlverişli bir şəkildə əbədiləşdirilməsinin mümkün olmayacağını, qəsəbəyə başqa bir adamın adının verilməsinin Hacının xidmətlərinə böyük bir saymazyanlıq olacağını düşünərək, Rasim müəllimlə razılaşmalı oldum.  Bu razılığın əlaməti olaraq soruşdum:

- Yaxşı, bəs onda qəsəbə rəsmi olaraq necə adlandırılacaq? Hacı Zeynalabdin Tağıyev qəsəbəsi? Axı, bu üç sözdən ibarətdir və ağır səslənəcək. Bəlkə, Hacı Zeynalabdin, ya da  – Zeynalabdin Tağıyev qəsəbəsi?

Rasim Eminbəyli onunla artıq razılaşdığımı hiss edərək, dedi:

- Buna İspolkomun yığıncağında baxarıq. Əsas odur ki, qəsəbəyə Hacının adı verilsin.

Mən sanki böyük bir razılaşmaya imza ataraq, belə bir ideyanın yaranmasına təkanverici olduğumdan daxili bir rahatlıq duyaraq, qəzet işində birincilik şansımı əldən verməmək üçün dedim: «Rasim müəllim, danışdıq, sabah, ya birisi gün mən bu barədə qəzetimizdə informasiya verəcəyəm».

- Yox, tələsmə, hələ tezdir. Qoy biz qərarımızı çıxaraq, sonra verərsən…

Rasim müəllimə «yaxşı» deyib, səhərisi günü qəsəbənin adının dəyişdirilərək, ona Zeynalabdin Tağıyevin adının verilməsi barədə informasiyanı redaksiyaya təqdim etdim.

Bu, Azərbaycanın köhnəliyə, sovet dövrünün simvolları sayılan, şüurlara işləmiş sovetizm qalıqlarına qarşı atılan, milliləşmə və yeniləşmə ab-havasını hiss elətdirən daha bir addım olduğu üçün informasiya redaksiyada razılıqla qarşılandı və səhərisi günü xalqımızın vətənpərvər oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdinin adı ilə adlandırılması barədə informasiya qəzetin birinci səhifəsində, özü də lap yuxarı başda dərc olundu.

Qəzet səhər tezdən satışa getdikdən təxminən bir saat sonra Rasim Eminbəyli mənə zəng vurdu:

- Rəhman, sən neynəmisən? Belə partizanlıq olmaz axı… Mən hələ İspolkomun qərarını verməmişəm, sən götürüb qəzetin yuxarı başında informasiya vermisən. Axı, ispolkomun qərarından sonra Ali Sovet də bu barədə qərar çıxartmalıdır…

- Rasim müəllim, mən və redaksiyamız artıq qərarımızı vermişik. Formal olaraq qalan bütün işlər Sizlikdir… Sizə uğurlar arzulayıram, – deyə Rasim müəllimlə gülə-gülə xudahafizləşdik.

Bəli, artıq «qatar getmişdi» – «Nasoslu» qəsəbəsinə xalqımızın müdrik ağsaqqalının, böyük xeyriyyəçinin adının verilməsi xəbəri «Vışka» qəzetinin bütün oxucularına, xüsusilə də Bakı və Sumqayıt sakinlərinə artıq çatdırılmışdı. Qəzetin məlumatından bir neçə gün sonra – 29 sentyabr 1989-cu ildə Sumqayıt şəhər Soveti bu barədə qərar çıxartdı, Ali Sovet isə onu yalnız  həmin ilin dekabr ayında təsdiq etdi.

Əsas o idi ki, qəsəbəyə buna hamıdan çox haqqı olan Hacı  Zeynalabdin Tağıyevin adı verilmişdi. Bu ideyanın təşəbbüskarı isə, əlbəttə ki, xalqımızın ziyalı oğlu Rasim Eminbəylidir. Bu haqqı da danmaq olmaz…

 

 Rəhman ORXAN

Osman Mirzəyev adına Respublika mükafatı laureatı

Facebook Şərhləndirmə:

“Necə oldu ki, «Nasoslu»ya, nəhayət ki, Hacı Zeynalabdin Tağıyevin adı verildi?.” yazısına bir cavab

  1. Nigar deyir:

    Mən H.Z.Tağıyev qəsəbəsində yaşayıram.Yollarını deməsək, gözəl qəsəbədir :) )) Bu məqaləni oxuyanda öz yaşadığım yer haqqında daha yaxşı məlumat öyrəndim…. :) ))))

Şərhinizi yazın