Menu
Geri İrəli

Seçki ili nələr vəd edir? – ANALIZ

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2013 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

Bu il keçiriləcək prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında necə hiss olunacaq?

2013-cü il ölkəmizdə növbəti seçki ili kimi yadda qalacaq. Söhbət ölkənin birinci şəxsinin – prezidentin seçilməsindən gedir. Bəs görəsən, seçki ili ölkəmiz üçün necə keçəcək və seçki ilindən hansı nəticələri gözləmək olar?
Xatırlatmaq yerinə düşür ki, bundan öncə ölkəmizdə 6 dəfə prezident seçkiləri baş tutub. 90-cı ilərin əvvəllərində keçirilən 3 seçki ölkənin ictimai-siyasi, eləcə də iqtisadi həyatının ziddiyyətli, gərgin dövrünə təsadüf edib. Yalnız 1993-cü ildən sonra vəziyyət stabilləşməyə doğru getməyə başladı. 1998-ci il seçkiləri daha sabit dövrə düşdü. İlham Əliyevin qələbəsi ilə sonuclanmış 2003 və 2008-ci il seçkiləri isə bir qədər də normal ictimai-siyasi şərtlər altında baş tutdu.
Ancaq bu da faktdır ki, bütün dövrlərdə bütün ölkələrdə seçkilər siyasi atmosferə ciddi şəkildə təsir edir. Cəmiyyətdə gərginlik arta, hətta ciddi qarşıdurmalar baş verə bilir. 2003 və 2008-ci il prezident seçkiləri Azərbaycan üçün ciddi daxili gərginliklə və qarşıdurmalarla müşahidə olunmasa da, müəyyən dəyişikliklərə və seçkinin təsiri ilə yaranan siyasi dinamizmə şahidlik etmişdik.
Bəzi təhlilçilər hesab edir ki, Azərbaycanın nəhəng layihələri və regionda aparıcı gücə çevrilməsi bəzi xarici qüvvələri narahat edir. Bu qıcıq bu seçki ilində özünü göstərəcək.
Beləliklə, gəlin, seçki ilinin nələrlə yadda qala biləcəyi, konkret olaraq hansı nöqtələrdə özünü göstərə biləcəyi üzərində düşünək.

Regionlardakı olaylar: təsadüf, yoxsa …?!
Məlum olduğu kimi, yarvarın 23-də İsmayıllı rayonunda məmurlardan birinin övladı olduğu söylənilən şəxsin yerli əhalini təhqir etməsi ciddi olaylara səbəb oldu. Yüzlərlə yerli sakin həmin şəxsə aid olan otel və maşını yandırdı. Hadisənin daha da şiddətlənməsinin qarşısını polis dəstələri çətinliklə ala bildi. Ardınca İmişli və Neftçalada nisbətən kiçik miqyasda olsa da, gərginliklər yaşandı. Maraqlıdır, bütün bunlar nə qədər təsadüfi xarakter daşıyırdı?

Zəruri keçid
Bu hadisələrdən bir neçə həftə öncə Azərbaycan öz ərazisində Rusiya üçün hərbi-strateji əhəmiyyət daşıyan Qəbələ RLS-i Rusiyaya güzəştə getmədi. Rəsmi Bakının təqdim etdiyi yeni qiymət paketi Kremli razı salmadı, beləliklə, tərəflər Qəbələ RLS-lə bağlı ortaq məxrəc tapi bilmədi. Bu isə sonuncu rus hərbçilərinin də Azərbaycan ərazisini tərk etməsi demək idi. Təbii ki, regionu nəzarəti və diqtəsi altında saxlamaq istəyən, hələ də imperiya sevdası ilə yaşayan Rusiya üçün bu, bir sillə effekti verdi. Belədə keçmiş «böyük qardaş» sakitcə bu zərbəni həzm edə bilməzdi: Bakıya mesajlar göndərmək lazım idi. Qəbələnin bir addımlığında – İsmayıllıda baş verənlərdə xarici müdaxilə elementləri hiss edilirdi. Yerli əhalinin bir gəncin buraxdığı səhvə görə belə reaksiya verməsi nə qədər ədalətli idisə, bir o qədər də bəzi qüvvələrin hadisələri şiddətləndirmək, idarəolunmaz hala qədər gətirib çıxartmaq istəyi hiss edilirdi.
Bütün bunlar ehtimal etməyə əsas verir ki, seçki ilə Azərbaycan üçün xarici müdaxilələrlə də yadda qala bilər. Güman ki, Qəbələ RLS-in intiqam ehtirası bununla soyumayacaq. Həm də məsələ təkcə RLS məsələsi deyil axı, ortada daha ciddi maraqlar, məsələn, Azərbaycanın enerji bazarında Rusiyaya rəqib kimi çıxış etməsi məqamı da var. Elə İranın da Azərbaycanla bağlı separatizm maraqları təsirsiz ötüşməyə bilər.

Müxalifətçilər büdcədən pay almağa başlayır
Ölkədə iqtidar-müxalifət dialoqu istiqamətində cəhdlər ilin əsas siyasi proseslərindən biri ola bilər. Siyasi partiyaların büdcədən maliyyələşməyə başlaması artıq hakimiyyətin ilk jesti kimi dəyərləndirilə bilər.
Gəlin, öncə maliyyələşmənin hansı prinsiplərlə aparıldığına və kimin nə qədər pay aldığına baxaq. Daha sonra bir məqama diqqət yetirək:

“Siyasi partiyalar haqqında” qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.

Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

 

Siyasi partiyaların adı

Məbləğ (manatla)

1

Yeni Azərbaycan Partiyası

1145125,89

2

Vətəndaş Həmrəyliyi  Partiyası

136089,81

3

Ana Vətən Partiyası

121029,57

4

Sosial Rifah Partiyası

105969,33

5

Azərbaycan Demokratik İslahatlar Partiyası

105969,33

6

Azərbaycan Ümid Partiyası

105969,33

7

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

105969,42

8

Vətəndaş Birliyi Partiyası

105969,33

9

Böyük Quruluş Partiyası

105969,33

10

Milli Dirçəliş Hərəkatı Partiyası

105969,33

11

Ədalət Partiyası

105969,33

 

Göründüyü kimi budcədən pay alanlar parlament seçkilərində 3%-lik baryeri aşmış partiyalardır. Təbii ki, siyahıda radikal müxalifət partiyalarının adı yoxdur – çünki, bu partiyalar son seçkiləri baykot edərək, ona qatılmamışdılar. İndi hakimiyyət radikal müxalifət düşərgəyə mesaj verir: əgər növbəti seçkilərə qatılsanız, siz də bu siyahıda olacaqsınız. Xarici donorlarını itirməkdə olan radikal qanad üçün bu, xoş təsadüf sayıla bilər.

«Azad seçki» deyərək küçələrə…
Müxalifətin ənənəsinə sadiq qalacağı gözləniləndir. Müxalif düşərgə əsas siyasi mübarizə metodundan bu il gen-bol istifadə etməyə çalışacaq – söhbət aksiya və piketlərdən gedir. Əksər hallarda bu, icazəsiz olduğundan yəqin ki, polislə müxalifətçilər arasında qarşıdurmalar da yaşanacaq. Yenə bir neçə nəfər saxlanılacaq, yenə müxalifət mətbuatı sərbəst toplaşmaq və azad seçki barədə yazacaq, qarşı tərəf isə əks arqumentlər barədə və s..

«Köhnə qvardiya»dan kimlərsə yenilənəcək
Seçki ili adətən islahatlarla da xarakterik olur. Bu baxımdan kadr dəyişiklikləri də gözləniləndir. İllah da, nəzərə alsaq ki, cəmiyyət kadr dəyişikliklərinə adətən həssas reaksiya verir, hər bir yenilənmənin faydalı olacağına ümid edir. Üstəgəl, illərdir eyni vəzifəni tutan məmurların dəyişdirilməsi həm siyasi, həm də idarəçilik baxımından müsbət effekt verə bilər. Xüsusilə yaşı 65-i keçmişlərin bir neçəsinin bu il, türklər demiş, «kadro dışı» buraxılacağı gözlənilir. Ancaq birinci addımdaca köklü kadr islahatları da gözlənilən deyil, ən azı ona görə ki, bu cür radikal reformlar xeyir verməyə də bilir.

Sosial siyasət prioritet olaraq qalacaq
Ölkəmizin maliyyə imkanlarının artması, valyuta ehtiyatlarının çoxalması sosial sahədə uğurlu siyasət aparmağa imkan verir. Son illərdə bu istiqamətdə iri infrastruktur layihələrinin reallaşdırılması, eləcə də, əməkhaqqı, təqaüd və pensiyaların ardıcıl olaraq artırılması büdcənin miqyasından xəbər verməklə yanaşı, siyasi xəttin ifadəsidir. Gözlənilir ki, bu il də artımlar baxımından yaddaqalan olacaq. Əhalinin müəyyən kateqoriyaları var ki, hələ də əməkhaqqları istənilən səviyyəyə qədər gəlib çatmayıb – bunu hökumətdə də etiraf edirlər. Odur ki, bu il inflyasiyanın birrəqəmli həddə saxlanaraq, əhalinin gəlirlərinin artımına nail olmaq prioritetlər sırasındadır.

Korrupsiyaya qarşı mübarizə
İki ildir ki, dövlət başçısının göstərişi ilə xüsusi olaraq genişlənən korrupsiyaya qarşı mübarizə tədbirləri enişli-yoxuşlu bir yol qət edib: bəzən tədbirlər daha kəskin xarakter alırdısa, bəzən bir müddət bununla bağlı heç bir əməliyyat tədbiri haqa informasiya yayılmırdı. Ancaq 2013-cü ildə təhlilçilər daha effektiv tədbirləri proqnozlaşdırır. Bü yaxınlarda Korrupsiyaya qarşı Mübarizə Komissiyasının toplantısının keçirilməsi, qarşıya yeni vəzifələrin qoyulması da bundan xəbər verir.
Beləliklə, seçkiyə 8 ay qalır. İrəlidə bizi uzun, həm də qısa bir dövr gözləyir. Ümid edək ki, nə olur olsun, ölkəmiz onu gözləyən bütün sınaqlardan qazanaraq və üzüağ çıxacaq.

Vüsal Mətləboğlu

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın