Menu
Geri İrəli

“Uşaqlığı və gəncliyi Sumqayıtda keçənlər”- VASİF İSMAYIL

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2013 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

 

Vasif İsmayıl – Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyəti üzvü.

İsmayıl Vasif Rafael oğlu (Vasif İsmayıl) 9 fevral 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. 1981-ci ildə ibtidai təhsilə Sumqayıt şəhəri 24 saylı orta məktəbində başlamış və təhsilini 21 saylı orta məktəbdə davam etdirmişdir. Dəfələrlə şəhər kimya və riyaziyyat olimpiyadalarında iştirak etmişdir.
Sumqayıt şəhəri 3 saylı musiqi məktəbində beş il fortepiano sinifində təhsil almışdır.
1991-ci ildə orta məktəb təhsilini “Gümüş medal”la bitirmişdir.
1991-ci ildə Azərbaycan Tibb Universiteti “Müalicə-profilaktika” fakültəsi və Azərbaycan Dövlət Neft Akademiyası “Mühəndis-iqtisadçı” fakültəsi üzrə hər iki təhsil müəssisəsinə qəbul olmuş və Tibb universitetində təhsilini davam etdirmişdir.
1992-ci ildə Tibb universitetində təhsilimni əla qiymətlərlə davam etdirdiyi üçün universitetlərarası anlaşma çərçivəsində TürkiyəRespublikası İstanbul Universitetinə göndərilmişdir. O ildən tibb təhsilini İstanbul Tibb Fakültəsində davam etdirmiş və 1997-ci ildə təhsilini bitirmişdir.
Urologiya ixtisasına həvəsli olduğu üçün təhsilinə müvafiq qərarla İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında davam etdirmiş, buradakı təhsilini 2003-cü ildə “Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya” mövzusunda dissertasiyanı müdafiə edərək bitirmişdir. Urologiya təhsili boyunca xüsusilə rekonstruktiv urologiya, endourologiya və onkologiya ilə maraqlanmışdır.
2003-cü ildə Səhiyyə nazirliyinin təyinatı əsasında Mərkəzi Klinik Xəstəxanada işə başlamış, 2009-cu ilə qədər orada çalışmışdır. Bu sırada Azərbaycanda endourologiyanın inkişafı üzərində işləmiş, 3 000-dən çox əməliyyat etmişdir. Bunlardan xüsusilə ölkəmizdə ilk dəfə həyata keçirilən qapalı böyrək, sidik kisəsi, sidik axarı əməliyyatlarını qeyd etmək olar.
2009-cu ildən hal-hazıra qədər Gömrük Komitəsi Tibb Xidmətinin Mərkəzi Hospitalında işləyir. Burada da yeni texnologiyaların tətbiqi və inkişafı üzərində çalışmaqdadır.
Türkiyədə işlədiyi illərdə 1997-ci ildən başlayaraq informasiya texnologiyaları ilə maraqlanmış bu mövzuda müxtəlif layihələrdə iştirak etmişdir. UNIX standartları üzərində xeyli əmək sərf etmiş, Azərbaycan dilində ilk əməliyyat sistemi olan Mandrake Linux 7.2 üzərində işləmiş, bu sistemin Qafqaz koordinatoru olmuşdur. Bu illərdə GNU, TrollTech şirkətləri ilə əməkdaşlıq etmiş, GNOME, KDE sistemləri üzərində işləmişdir. Azərbaycan internet aləminin inkişafında ilk ictimai müzakirə səhifələrinin yaradılması üzərində işləmiş, bədii-publisistik “Ləpir” internet jurnalının yaradıcısı və redaktoru olmuşdur.
Türkiyədə, digər xarici ölkələrdə və eləcə də Azərbaycanda çap edilmiş 30-dan çox elmi məqalə və çalışmanın müəllifidir.
Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyəti üzvüdür.

Ailəlidir, 3 oğlu var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın