Menu
Geri İrəli

Zəhərə və zəhmətə davam!

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2009 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

Nuranə Abbasova

Bir zamanlar Sumqayıta “Gənclik şəhəri” deyirdilər. Çünki şəhərin təməlini qoyanlar da, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıta sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri kimi adlar da verildi. Təəssüflər olsun ki, doğma şəhərimiz “ölü şəhər” statusu da qazandı. Bütün bunların isə yalnız bir səbəbi var idi: Sumqayıtın bütün SSRİ-də, o cümlədən, dünyada 30-a yaxın zavodun, zəhərli kimyəvi maddələrlə zəhərlənən təbiətin yerləşdiyi  yeganə şəhər olması. Sovet hökumətinin düşünülmüş siyasəti nəticəsində şəhər yuxarıda qeyd edilən bütün adları qazandı. İnsanları isə təmiz havadan, sudan, ümumiyyətlə sağlam həyatdan məhrum edildi. Bu cür vəziyyəti ilə şəhəri Xerosima və Naqasaki ilə də müqayisə etmək olardı. Şəhərin havası qapı-pəncərə açılmayacaq dərəcədə zəhərli idi.

Sovet rejimi dağıdıldıqdan sonra zavodlar bir müddət fəaliyyətini dayandırmış, şəhər “nəfəs ala bilmişdi”. Nazirlər Sovetinin qərarına əsasən, 1991-ci ildən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin ildən sonra “EP-300”, “Polimer-120” müəssisələri, asfalt zavodu, şəhərin 2 km-də Aliminium zavodu tikilməyə başladı.

Bu acı aqibəti şəhər əhalisi bu gün də yaşayır. Hal-hazırda orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Bu zəhərli maddələrin ən çoxu isə Aliminium zavodunun payına düşür. Xəzər dənizini məhv edən də bu zərərli və zəhərli maddələr, kimyəvi tullantılar və s. oldu.

Göründüyü kimi, “Azərkimya” zavodları yaradıldıqları vaxtdan şəhər həyatına özləri ilə bərabər müxtəlif problemlər gətirdilər. 1938-1980-ci illərdən təməli qoyulan bu müəssisələr təkcə şəhər üçün yox, orada çalışan fəhlələr üçün də böyük təhlükə mənbəyinə çevrildi. Bir vaxtlar şəhərə gənclərin böyük axınına səbəb olan bu zavodlar sağlam olmayan gələcək nəsillərin törəməsinə də gətirib çıxartdı.

Bu müəssisələrdə fəhlələrin ağır və təhlükəli, sığortasız iş şəraiti, az və ya gec verilən, hətta verilməyən maaşlarla ağır və riskli zəhməti bu gün özünün ən yüksək həddinə çatıb. Sirr deyil ki, bu tip zavodların tarix səhifələrində çoxlu sayda fəhlələrin ölümünə səbəb olmuş ağır partlayışlarla nəticələnən, məsuliyyətsiz iş şəraiti ilə müşayiət edilən hadisələr də baş vermişdir.

Hal-hazırda isə zavod fəhlələrinin ən böyük problemi aylıq maaşlarının verilməməsidir. İşçilər may və iyun aylarının əmək haqlarını alsalar da, fevral, mart və aprel aylarının əmək haqlarını nədənsə ala bilmirlər. Zavod siyasəti( xüsusilə Sintez-Kauçuk zavodunda) isə elə qurulub ki, həmin üç ayın maaşlarını tələb edən fəhlələr iş həyatlarına “əlvida” deməli olurlar. Özü də “zavod daxilində intizamsızlığa görə”. Qəribədir, “Azərkimya” Dövlət Şirkətinin rəhbərliyi tərəfindən fəhlələrə fevral, mart və aprel aylarının əmək haqlarının verilməməsinə belə aydınlıq gətirilir ki, guya fəhlələrin 95 faizi iqtisadi böhranı nəzərə alaraq və “Bizi pul maraqlandırmır, təki zavodumuz işləsin, biz pul haqqında düşünmürük” deyərək özləri könüllü şəkildə maaşlarından imtina edirlər. Bərəkallah… Yəqin inanmadınız. Bunu eşidən fəhlələr də heç inanmayıblar. Onları maraqlandıran isə bu olub ki “Görəsən bizi nə üçün bir ay bundan əvvəl təcili olaraq bəzi vərəqlərə qol çəkdirirdilər?”.

İqtisadi böhranın ölkəmizdən yan keçdiyi bir vaxtda görəsən bu nə “böhranbazlıqdır”? Sən bir acından günorta duran fəhlədəki böyük ürəyə bax! Görəsən şirkət rəhbərləri öz ölkələri üçün bu fəhlələr kimi belə bir addım atardılar? Bəs uydurduqları bu “Məlikməmməd” nağılına necə özləri inanırlar? Xəbəriniz olsun ki, rəhbərliyin sözlərinə görə, fəhlələri hətta zavodlardakı köhnə avadanlıqlar da narahat edir.Axı bu zavodlarda hər zaman tullantısız, ən son avadanlıqlardan istifadə olunub. Fəhlələr ona görə narahatdırlar. Nə olar növbəti üç ayın maaşlarına da texnoloji avadanlıq alınar. Həm də iş yerində 2-3 nəfərin bir yerdə dayanıb söhbət etməsi də qadağandır. Ağa o saat arabanı dərəyə sürdürər. Zavodlardakı rejimə bax! Təkcə şüarımız çatışmır: “Fəhlələr birləşin! İqtisadi böhran, zavodlar və texnoloji avadanlıqlar naminə!”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın