Menu
Geri İrəli

Türkiyənin yeni baş naziri məlum oldu – Binali Yıldırımla yola davam

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

Azərbaycanlı ekspertlər: “Münasibətlərimiz əvvəlki kimi yüksələn xətlə davam edəcək…”

bianli2

Mayın 22-də Türkiyənin hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada fövqəladə qurultayı  keçirilib. Qurultay başlayanda AKP sədrliyinə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb. Ondan sonra salona gələn AKP-nin dünənə qədərki  sədri və baş naziri Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. 
Qurultayda AKP sədrliyinə Yıldırımdan başqa namizəd göstərilməyib. Səsvermə keçirilib və Binəli Yıldırım bütün qurultay nümayəndələrinin səsini qazanaraq AKP-nin təzə başçısı seçilib. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədridir.
Qurultayda çıxış edən Əhməd Davudoğlu AKP sədri vəzifəsini Rəcəb Tayyib Ərdoğandan təhvil alandan sonra mübarizəni uğurla davam etdirdiyini vurğulayıb: “7 iyun ilə 1 noyabr arasında Türkiyədə indiyə qədər yaşanmayan keçici hökumət təcrübəsini yaşayaraq ölkəni seçkiyə apardıq. Demokratiya tarixinin ən böyük reytinqini 1 noyabrdakı seçkidə gördük. Bu gün partiyamızın reytinqi 54-55%-dir.
Cümhuriyyət dönəminin ən böyük terror təhdidi ilə üzbəüz qaldıq. Bu yoldakı qərarlılığımızdan güzəştə getməyi heç kim gözləməməlidir. Nə söz verdiksə, hamısını həyata keçirdik. I fövqəladə qurultay kimi II fövqəladə qurultayın da vida yox, vəfa qurultayı olmasını diləyirəm. Biz prinsiplərimizlə əsla vidalaşmarıq. Bu hərəkatda heç birimiz vazkeçilməz deyilik, ancaq bu hərəkatda vazkeçilməz dəyər AKP-nin Türkiyənin partiyası olmasıdır”. Ə.Davudoğlu B.Yıldırıma uğurlar diləyib.
B.Yıldırım isə çıxışında Rəcəb Tayyib Ərdoğanı “Böyük Türkiyənin əyilməz müdafiəçisi” kimi xarakterizə edib və onun yolu ilə getməyə davam edəcəklərini vurğulayıb.
B.Yıldırım terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini, Türkiyənin bölünməsinə yol verilməyəcəyini vurğulayıb: “Biz bu bəlanı Türkiyənin gündəmindən çıxaracağıq”.
 
O, paralel strukturlara qarşı mübarizəni də davam etdirəcəyini söyləyib. 14 illik AKP iqtidarı dönəmində rəhbərlik etdiyi Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin fəaliyyətindən danışan Yıldırım Türkiyəyə yeni konstitusiyanı  və prezident üsuli-idarəsini gətirəcəklərini bildirib: “Bu gün məqsədimiz, görməyimiz lazım olan iş bu qarmaqarışıqlığı aradan qaldırmaq və yeni konstitusiya ilə Türkiyəyə prezident üsuli-idarəsini gətirməkdir. Yeni dönəmdə Türkiyəni  iqtisadi cəhətdən dünyanın ən qüdrətli 10 ölkəsi sırasına daxil edəcəyik”.
B.Yıldırım  çıxışının sonunda prezident R. T. Ərdoğan tərəfindən illərdən bəri mitinq meydanlarında  oxunan “Bərabər yürüdük biz bu yollarda” mahnısının 4 misrasını salondakılarla birlikdə oxuyub.
Qurultayda baş nazirliyə də Konstitusiyaya uyğun olaraq hakim partiyanın sədri kimi B.Yıldırım namizəd olub və seçilib. B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir. Eyni zamanda yeni hökumətin qurulmasını da prezidentin verdiyi səlahiyyətə uyğun olaraq B.Yıldırım həyata keçirəcək.
***
AKP-nin qurultayına ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvət edilməyib. Qurultayda Azərbaycandan dəvət olunmuş qonaqların arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov da olub. 
 
Qeyd edək ki, Binəli Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə birbaşa iştirakı olub. Bu yaxınlarda onların Ankarada görüşü baş tutmuşdu. Məlumatlara görə, Cavid Qurbanovla Türkiyənin yeni baş naziri arasında dostluq münasibətləri var.
Binəli Yıldırım 1955-ci ildə Ərzincan şəhərində dünyaya göz açıb. İstanbul Texniki Universitetinin Gəmi İnşası və Deniz Elmləri Fakültəsindən məzun olub, daha sonra həmin bölümün magistratura pilləsində təhsil alıb. O, 1978-1993 illər arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı limanında mühəndis və idarəçi vəzifələrində işləyib. 1990-1991-ci illərdə İsveçdə olan BMT-nin Beynəlxalq Dənizçilik Təşkilatına aid Dünya Dənizçilik Universitetində Dənizdə Can və Mal Təhlükəsizliyi sahəsində ixtisas təhsili alıb.
Binəli Yıldırımın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə yaxınlığı isə Ərdoğanın 1994-1999-cu illərdə İstanbul Bələdiyyəsinin sədri olduğu zamanlardan başlayır. Həmin dönəmdə İstanbul Dəniz Avtobusları Müəssisəsinin baş direktoru olan B.Yıldırım, ictimai nəqliyyatın dəniz vasitəsi ilə də həyata keçirilməsi üçün çalışıb. Bu sahədə bir sıra yeniliklərə imza atıb. 2001-ci ildə AKP-nin qurucuları sırasında yer alıb. Partiya 2002-ci ildə hakimiyyətə gəldikdən sonra 2002-2003 və 2007-2011-ci illərdə Türkiyənin nəqliyyat naziri B.Yıldırım olub.
İstanbul, Ərzincan və İzmirdən millət vəkili seçilən B.Yıldırım 2014-cü ildə nazir vəzifəsindən istefa verərək, seçkilərdə yarışıb. İzmir Bələdiyyə sədrliyinə namizəd olan B.Yıldırım 2014-cü il 30 mart seçkilərində CHP-nin “alınmaz qala”sı sayılan bu şəhərdə AKP-nin səslərini 36 faizə yüksəldib, lakin seçkini qazana bilməyib. 2014-cü ilin iyun ayında baş nazir olan, iki ay sonra isə prezident seçilən Rəcəb Tayyib Ərdoğanın müşaviri olub. AKP-nin 2015-ci il noyabr zəfərindən sonra baş nazir Əhməd Davudoğlu tərəfindən açıqlanan 64-cü hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri yenidən Binəli Yıldırım olub. B.Yıldırım nazir olduğu müddətdə 17 min 500 km yol təmir olunub, aktiv hava limanlarının sayı 26-dan 55-ə yüksəlib. B.Yıldırım nazir olduğu dövrdə dünyada cəmisi 5 faiz böyüyən hava sektorunun, Türkiyədə 15 faiz böyüdüyünü vurğulayıb. Evli və 3 uşaq atası olan, ingiliscə və fransızca bilən B.Yıldırım Türkiyənin 65-ci baş naziri olacaq.
***
Politoloqlar Qabil Hüseynli və Natiq Miri “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, Türkiyədə qəfil baş nazir dəyişikliyi, Binəli Yıldırımın baş nazir və AKP sədri gətirilməsi Türkiyədə Konstitusiya dəyişikliyinə – parlamentli respublika idarəçiliyindən prezident üsul-idarəçiliyinə keçid üçün hazırlığın bir hissəsidir. Ekspertlər eyni zamanda hesab edir ki, Əhməd Davudoğlunun gedişi Rusiya ilə Türkiyənin münasibətlərində müsbətə doğru dəyişikliklərin başlanacağı ehtimalını da artırır. Binəli Yıldırımın baş nazir olmasının Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyinə gəlincə, ekspertlərin fikrincə, münasibətlər əvvəlki kimi yüksələn xətt üzrə davam etdiriləcək. B.Yıldırımın ənənəni davam etdirərək baş nazir kimi Şimali Kiprdən sonra ilk səfərini Azərbaycana edəcəyi bildirilir.
Etibar SEYİDAĞA
Facebook Şərhləndirmə:

Şərhinizi yazın