Menu
Geri İrəli

​Sumqayıtda özlərini jurnalist kimi təqdim edən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2016 • Baxış sayı: 527 dəfə • Şərh yoxdur

hebse-mehkum-olunan-030910Sumqayıt Apellyasiya Məhkəməsində şantajla məşğul olmaqda və quldurluq etməkdə təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun barələrində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxslərin 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası 70-ci maddə tətbiq olunmaqla onlara şərti cəza verilib. Ş.Orucov və C.Səmədov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ş.Orucov və C.Səmədov Sumqayıt şəhəri ərazisində yerləşən “Metallurq” adlı kafedə əxlaqsızlıq yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək videogörüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Ş.Orucov “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi, C.Səmədov isə “Korrupsiya və qanun” qəzetinin baş redaktorunun müavini olduğunu bildirib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham olunublar.

Ötən il noyabr ayının 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov və C.Səmədovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Xatırladaq ki, Ş.Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın