Menu
Geri İrəli

Oliqarx həbsinin ikinci dalğası başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 576 dəfə • Şərh yoxdur

hebs23“Riyad-Farm” prezidentindən sonra növbə kimin olacaq? Ekspert: “Yalnız inzibati yollarla bu problemi səmərəli, itkisiz həll etmək çətindir…”

Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-nin prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.

Onun barəsində ötən həftənin cümə günü Nərimanov Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmədəki mənbələrdən məlum olub ki, iş adamına Cinayət Məcəlləsinin 178.2-ci (iri məbləğlərdə dələduzluq) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Xatırladaq ki, Həsən Şərifov və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev Beynəlxalq Banka kredit borcu olan oliqarxların kütləvi həbsi kampaniyasında saxlanılıb. Daha sonra H.Şərifov banka borcun bir hissəsinin ödənilməsi şərti ilə sərbəst buraxılıb. Lakin belə görünür ki, istintaqla anlaşma pozulub və iş adamı bu dəfə rəsmi ittihamla üzləşərək barəsində həbs qərarı çıxarılıb.

Məlumata görə, “Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.

Qeyd edək ki, Beynəlxalq Bank Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi “Riyad-Farm”a kredit ayırıb. Həmin kreditlərin ödənilməsi müddəti 2017-2019-cu illərdə bitir. “Riyad-Farm” MMC hazırda faktiki olaraq müflis durumdadır, şirkətin 3300-ə yaxın apteki fəaliyyətini dayandırıb, özü dərman bazarındakı mövqelərini itirib.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, iş adamlarının həbsi davam edəcək və bu prosesin ölkənin sosial-iqtisadi həyatına təsirləri olacaq: “Belə bir gözlənti var idi ki, Avropa Oyunları zamanı bu cür həbslər dayanacaq və oyunlar bitdikdən sonra həbslər olacaq. Lakin belə görünür ki, vəziyyət o qədər kritik həddədir ki, hətta Avropa Oyunlarının başa çatmasını da gözləmirlər. Beynəlxalq Bankdan götürülən vəsaitlərin geri dönüşü ilə bağlı problemlər bu gün qalmaqdadır. Ona görə də digər addımlardansa məhz həbslər yolu ilə vəsaitlərin geri qaytarılmasını effektiv sayıblar. Hesab edirəm ki, bu, o qədər də yaxşı hal deyil. Çünki müəyyən fəsadları olacaq”.

Ekspert vurğuladı ki, Azərbaycanda iş adamlarının böyük əksəriyyəti iri çaplı məmurlarla əlaqəlidir və böyük şirkətlərin iri çaplı məmurlar səviyyəsində dəstəyi olmasa, böyük məbləğlərdə kredit götürmək, böyük biznes qurmaq mümkün deyil: “Beynəlxalq bankla bağlı iri və orta iş adamlarına qarşı çoxlu sayda cinayət işinin açılması əslində yazılmamış qaydaların da pozulması ilə nəticələndi. İş adamları hansısa biznes quranda reallığı başa düşürdülər və bilirdilər ki, qəyyumluq prinsipi ilə iş qurmadan mümkün deyil. Hər hansı şəxs böyük bir iş qurarkən hansısa iri çaplı məmurun qəyyumluğu altında fəaliyyət göstərirdi. Bu, qanunvericilikdə olan boşluqları əvəz edirdi. Yəni mülkiyyət toxunulmazlığı qarantiyası verirdi, məhkəmələrdə hər hansı problemin yaranmayacağına qarant rolunu oynayırdı. İndi bu ”ənənəvi sxem” də pozuldu. Bu da iş adamlarında ciddi əndişə yaratdı. Hətta Beynəlxalq Bankla əlaqəsi olmayan orta sahibkar sinfi də öz biznesini hər an itirəcəyindən və ya həbs edilə biləcəyindən əndişələnərək vəsaitlərini Azərbaycandan çıxarmağa başladı. Rəsmi statistik məlumatlar göstərir ki, ilin əvvəlindən Türkiyə və Gürcüstanda Azərbaycan kapitalının həcmi xeyli dərəcədə artıb.

Bu, həmin ölkələrin rəsmi statistikasıdır. Bu, birbaşa olmasa da dolayısı ilə onu göstərir ki, ölkəmizdə iş adamları öz vəsaitlərini Azərbaycandan çıxarmağa üstünlük verirlər. Çünki qarantiya olmadığı qənaətinə gəliblər. Ona görə də belə həbslərin genişlənməsi iş aktivliyinə, biznesə zərbə vurur, nəticədə iş yerləri azalır, bağlanır. Şübhəsiz ki, həbs olunan adamlar dövlətin pulunu qaytarmalıdır. Ancaq mən hesab edirəm ki, bu vəziyyətin yaranmasına gətirib çıxaran səbəbləri öncə aradan qaldırmaq daha yaxşı olar. Ciddi islahat paketi hazırlanıb tətbiq olunmalıdır. Yalnız inzibati yollarla bu problemi səmərəli, itkisiz həll etmək çətindir. İri şirkətlər bağlandıqca insanlar işsiz qalır, kiçik şirkətlər də bağlanır”.

“Yeni Müsavat”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın