Menu
Geri İrəli

Heydər Əliyev ukraynalı naziri necə heyrətləndirib?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Dekabr 2012 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

Və Heydər Əliyev haqqında bizə məlum olmayanlar

Dünyanın ən yüksək texniki tərəqqiyə malik Almaniya, Rusiya, Amerika, İngiltərə, İtaliya, həmçinin Argentina, Kuba, Çin, Bolqarıstan, Polşa, Türkiyə və Misir kimi ölkələrinə, bütünlükdə 6 qitədən 4-nə çoxtonnajlı neft və kimya avadanlığı ixrac edən «Sumı Elmi-İstehsalat Birliyi» ASC-nin daimi sifarişçiləri arasında respublikamızın müəssisələri də vardır. Və təsadüfi deyil ki, Ukraynanın ən qocaman müəssisəsi, neft və kimya sənayesi üçün istehsal etdiyi yüksək keyfiyyətli, unikal avadanlıqları ilə bütün dünyada tanınan bu nəhəng müəssisənin bir-neçə il əvvəl keçirilmiş 110 illik yubiley tədbirlərinə Azərbaycan nümayəndələri də dəvət olunmuşdu.

Azərbaycandan olan qonaqlar üçün yubiley tədbirindən daha çox və ən xoş təəssüratla yadda qalan isə həmin nəhəng maşınqayırma müəssisəsinin rəhbəri, bu sahədə 45 ildən artıq zəngin təcrübəsi olan, bir vaxtlar SSRİ kimi nəhəng bir ölkənin Neft və Kimya Maşınqayırması sənayesi naziri vəzifəsində çalışmış Sosialist Əməyi Qəhrəmanı, Ukrayna Qəhrəmanı, akademik Vladimir Matveyeviç Lukyanenkonun Ulu öndərimiz, xalqımızın unudulmaz rəhbəri Heydər Əliyev haqqında söylədiyi ürək sözləri, yüksək fikirlər, onunla görüşləri ilə bağlı xoş xatirələr olmuşdur.

Tədbirdən əvvəl akademik V.Lukyanenko müxtəlif ölkələrdən gəlmiş onlarla nümayəndə heyətini şəxsən özü qəbul edirdi. İşinin hədsiz dərəcədə gərgin olduğuna görə hər nümayəndə heyətinə cəmi 4-5 dəqiqə vaxt ayıran Vladimir Matveyeviç respublikamızdan olan qonaqları çox səmimi, xoş əhvalla və gülərüz qarşılayaraq, onlar üçün vaxt məhdudiyyəti qoymayaraq, yarım saatdan artıq mehribancasına söhbət etmişdi. Bizim nümayəndə heyətinə xüsusi diqqət isə onun Azərbaycana, Ulu öndərimiz H.Əliyevə olan xüsusi ehtiramından irəli gəlirdi. Ölkəmizdəki ümumi vəziyyətlə, onun sürətli inkişafı ilə maraqlanan akademik, aldığı məlumatdan məmnunluğunu ifadə edərək, birdən söhbətin səmtini dəyişmiş və əsas mövzuya – bütün varlığı ilə dahilik nümunəsi olan Heydər Əliyevlə bağlı söhbətə, onun üçün çox işıqlı olan xatirələrə keçmişdi.

 

V.M.Lukyanenko ilə qısa tanışlıq

1937-ci ildə dünyaya gəlib. 1961-ci ildə ali məktəbi bitirdikdən sonra M.Frunze adına Sumı Elmi-İstehsalat Birliyində usta köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Bütün əmək bioqrafiyası məhz bu müəssisə ilə bağlı olub – baş usta, sex rəisi, baş mühəndis və baş direktor vəzifələrində çalışıb. 1994-cü ildən həmin Birliyin bazasında yaradılmış ASC-nin idarə heyətinin, hazırda isə Müşahidə Şurasının sədridir. 1986-1989-cu illərdə – Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə SSRİ Kimya və Neft Maşınqayırması Sənayesi naziri vəzifəsində çalışmışdır. Texnika elmləri doktoru, Ukraynanın Mühəndis Elmləri Akademiyasının və Kibernetika Elmləri Akademiyasının akademikidir. Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı və Ukraynanın Milli Qəhrəmanıdır. Neft və kimya maşınqayırması sənayesinin inkişafındakı böyük xidmətlərinə görə SSRİ-nin və Ukraynanın ən yüksək orden və medallarına layiq görülmüşdür.

 

Akademik V.M.Lukyanenkonun xatirələrindən:

1986-cı ildə mən SSRİ-nin Neft və Kimya Maşınqayırması Sənayesi naziri təyin olunmuşdum. Və mənim üçün xüsusilə xoş idi ki, bu sahəyə həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məhz Heydər Əliyev rəhbərlik edirdi.

Çox prinsipial, qətiyyətli və işgüzar bir rəhbər olması, yüksək daxili enerjiyə, iti zəkaya və düşüncəyə malik geniş intellektli bir adam olduğu haqqında müəyyən məlumatım olsa da, hələ görüşməmişdik. Bir gün məni yanına dəvət elədi. Gülərüzlə qarşıladı və rəhbərlik etdiyim nazirliyin işi, problemləri ilə maraqlandı. Dedi ki, Siz SSRİ-nin maşınqayırma sənayesinin ən vacib sahələrindən birinə rəhbərlik edirsiniz, orada isə hələ istifadə olunmamış böyük potensiallar var. Və o, bizim nazirliyin fəaliyyətində elə ciddi sahələrə və məqamlara toxundu ki, düzü, onlar barədə ancaq bu sahənin yüksək ixtisaslı və səlahiyyətli rəhbərləri bu cür dəqiqliyi və təfərrüatı ilə söhbət apara bilərdilər. Mən həqiqətən hiss etdim ki, qarşımdakı şəxs heç də Siyasi Büronun qabaqcadan hazırlanmış  yazılı çıxışlar üzrə danışan, mövzunun qoyulmuş çərçivəsindən kənara çıxanda çaşıb qalan üzvlərindən olmayıb, geniş təfəkkürə, çevik düşüncəyə, möhkəm özüllü dərin və hərtərəfli biliyə, savada malik, məlumatlı bir rəhbərdir. Onun hər bir sözü, cümləsi konkret fikirlə yüklənmişdi və onlar mənə hər bir vaqonu, hər bir çəni qiymətli məhsulla dolu olan ağır yüklü qatarı xatırladırdı.

Nazirliyə dair bəzi təklif və mülahizələrini bildirdikdən sonra dedi:

- Vladimir Matveyeviç, bilirsiniz ki, mən neçə illər Azərbaycana rəhbərlik etmişəm. Respublikanın iqtisadiyyatının qaldırılması üçün bir çox genişmiqyaslı, səmərəli tədbirlər həyata keçirilib. Ancaq mənə belə gəlir ki, respublikanın maşınqayırma sənayesində hələ istifadə olunmamış xeyli potensial imkanlar var, ancaq bu sahənin dəzgah-maşın parkı bugünün tələblərinə uyğun deyildir. Sizdən xahiş edirəm, vaxt tapıb, Azərbaycana gedəsiniz, respublikanın maşınqayırma kompleksinin vəziyyəti və fəaliyyəti ilə daha yaxından, bilavasitə tanış olub, öz fikir və təkliflərinizi mənə bildirəsiniz. Bu, son dərəcə vacibdir, çünki Bakı və Sumqayıtda neft və kimya sənayesi sürətlə inkişaf edir, maşınqayırma sənayesi də ona paralel olaraq inkişaf etməlidir.

- Baş üstə, Heydər Əliyeviç! – dedim, lakin həmin anda fikrimə hakim kəsilən verdiyi tapşırıqdan daha çox onun əsl insanlıq göstəricisi olan sadəliyi, səmimiliyi idi.

Axı, elə böyük bir dövlət vəzifəsində çalışan adam «xahiş edirəm» demədən də öz rəsmi göstərişini verə bilərdi və işin tam yerinə yetirilməsi üçün bilavasitə bu kifayət idi. Ancaq, yəqin ki, yüksək, elitar mədəniyyəti, sadəliyi və səmimiyyəti onu amiranə tərzdə danışmağa qoymazdı.

Heç şübhəsiz ki, mən Heydər Əliyevin təklifinə əməl edərək, bir müddət sonra ilk dəfə olaraq Bakıya getdim. Azərbaycan həm də mənim nazir kimi işgüzar səfərə çıxdığım ilk İttifaq respublikası idi. O zaman Azərbaycanın Nazirlər Soveti sədrinin birinci müavini işləyən Artur Rəsizadə və respublikanın maşınqayırma kompleksinin rəhbəri Əli Qaraxanovla görüşərək, H.Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə barədə məlumat verdim. Onlarla birgə Bakının maşınqayırma zavodlarını bir-bir gəzərək, hər bir müəssisənin texniki-iqtisadi göstəriciləri, istehsalat potensialı, maşın parkının vəziyyəti və s. ilə yaxından tanış oldum. Gördüklərim, şahidi olduqlarım məni xeyli təəccübləndirdi. İlk növbədə ona görə ki, bu müəssisələrdə güclü mütəxəssis potensialı olsa da, texniki tərəqqi və yeniləşmə sanki Böyük Qafqaz dağlarına «ilişərək» qalmış, bura gəlib çatmamışdı. Həm də ona təəccübləndim ki, Bakı müəssisələri bu cür mənəvi və fiziki cəhətdən köhnəlmiş texnoloji istehsalat sahələrində neft sənayesi üçün kifayət qədər böyük həcmdə və keyfiyyətli neftçıxarma avadanlıqları istehsal edirdilər. Bununla belə başa düşmək heç də çətin deyildi ki, 1950-1960-cı illərin artıq sıradan çıxmaqda olan dəzgah parkı və texnoloji-istehsalat sahələrində yüksək keyfiyyətli məhsul əldə etmək hansı əziyyətlər, çətinliklər bahasına başa gəlir.

Şübhəsiz ki, gördüklərimdən Moskvaya pərişan halda qayıtmalı oldum. Səhərisi günü nazirlik aparatı üzrə geniş müşavirə keçirdim. Maşınqayırma müəssisələrinin yenidən qurulmasına, maşın-dəzgah parkının təzələnməsinə, texniki tərəqqiyə cavabdeh olan baş idarələrin rəhbərlərini ciddi tənbeh edərək, Azərbaycanın maşınqayırma sənayesinə olan belə laqeyd münasibətin səbəblərini araşdırmağa çalışdım. Təəssüf ki, Azərbaycana qısqanc münasibətdən doğan belə xoşagəlməz fikirlər də səsləndi ki, Bakıda işlərimiz artıq çoxdan zəif gedir, guya həmin müəssisələrdə texniki tərəqqiyə o qədər də meyl yoxdur, hətta guya Bakı müəssisələrinin bəziləri perspektivsizdir və s. Mən təəssüflə bildirdim ki, siz yanlışlığa, çox böyük səhvə yol verirsiniz və soruşdum ki, axı, siz hara baxırsınız, niyə Azərbaycana lazımi diqqət göstərmirsiniz? Axı, hansı zəiflikdən, perspektivsizlikdən söhbət gedə bilərdi ki, Azərbaycan müəssisələri həmin dövrdə SSRİ-nin neft avadanlıqlarının təxminən 70 faizə qədərini verirdi.

Müşavirə iştirakçılarına göstərilən səbəblərin və gətirilən müddəaların özünümüdafiədən başqa bir şey olmadığını bildirərək, Azərbaycanın neft və kimya maşınqayırmasının potensial gücünü artırmaq, texniki tərəqqinin daha geniş tətbiqinə nail olmaq, zavodların maşın-dəzgah parkının təzələnməsi, modernləşdirilməsi üçün onların qarşısında qəti tələblər qoyaraq, təxirə salmadan ciddi işə başlamaq barədə müvafiq tapşırıqlar verdikdən sonra H.Əliyevin görüşünə getdim.

Heydər Əliyeviç məni kabinetində çox mehribanlıqla qarşıladı və səbrlə, lakin hiss olunacaq dərəcədə narahatlıqla Bakıya səfərimin nəticələrini, fikir və təkliflərimi dinlədi. O, Bakı müəssisələrinin texniki səviyyəsinin aşağı və zəif olmasından açıq-aşkar təəssüf hissi keçirərək, çox məyus oldu. Lakin vəziyyəti dəyişmək, Bakının maşınqayırma müəssisələrinin ən son və mütərəqqi texnologiya əsasında yenidən qurulması məqsədilə mənim nəzərdə tutduğum tədbirlər onda bir qədər nikbinlik yaratdı. Buna baxmayaraq, hələ də fikirli halda dedi:

- Vladimir Matveyeviç, mən Sizdən xahiş edirəm. Bakıdakı vəziyyəti, zavodların rekonstruksiyası, avadanlıqlarının təzələnməsi işlərini öz şəxsi nəzarətiniz altına götürün, Sizə hansı kömək lazımdırsa, eləyəcəyəm, təki Azərbaycanın maşınqayırma kompleksi müasir tələblər səviyyəsində yenidən qurulsun. Və hər rübdə Bakıya gedib, bütün işlərin gedişinə şəxsən özünüz rəhbərlik edin.

Düzünü deyim ki, bütün İttifaq üzrə işimin çoxluğuna və gərginliyinə baxmayaraq, mən hər 4-5 aydan bir nazirliyin bir-neçə mütəxəssisi ilə birgə Azərbaycana gedib, işlərin gedişi ilə yerindəcə tanış olurdum. Respublikanın maşınqayırma zavodlarının müasir avadanlıqlarla təmin edilərək, texniki cəhətdən yenidən qurulduğunu gördükcə sevinir və bu barədə hər dəfə Heydər Əliyevə məlumat verirdim. Hiss edirdim ki, o, istəyinin yerinə yetməsindən nə dərəcədə böyük fərəh duyur. Duyurdum ki, o, öz doğma xalqını, Azərbaycanı necə kövrək duyğularla sevir, yurdunun hər uğuruna qəlbən sevinir.

Və mən bu gün tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi görkəmli övladı, dahi bir şəxsiyyəti olub. Heydər Əliyev də xoşbəxt idi ki, onun bu cür qədirbilən, onu ürəkdən sevən, qəlbində yaşadan xalqı var və o, bu gün də dünyanın hər yerində böyük ehtiramla xatırlanır, yad edilir.

 

Söhbəti yazdı:

Rəhman ORXAN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın