Menu
Geri İrəli

NƏYİ DƏYİŞƏRDİN | Vüsalə Mahirqızı: “Təkcə ona təəssüflənirəm ki…”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2013 • Baxış sayı: 396 dəfə • Şərh yoxdur

İnsan yaşadığı, var olduğu müddətdə daima həyatında nəyisə dəyişir. Bu bəzən adi, sadə əşyadan tutmuş çevrəyə, dostlara qədər uzanan bir dəyişiklik olur. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir. Amma fərq etməz dəyişilənlər və ya dəyişdirilənlər sonradan ömür səhifələrində kiçik, ya da böyük xatirələrə çevrilir. Dəyişikliklər həyatımızda bəzən xoş, bəzən isə xoşagəlməz izlər qoyur .

Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək gücümüz və ya imkanımız olmur. İllər ötükcə isə edə bilmədiklərimiz “KAŞ Kİ…”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” …… dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur…
… Çünki keçmişdə edə, dəyişdirə bilmədiklərimiz az və ya çox dərəcə də şüuraltımızda ilişib qalır, ta ki o sönənə kimi…
Beləliklə AzVision.az yeni rubrikaya start verir. Rubrikamız “NƏYİ DƏYİŞƏRDİN?” adlanır. Burada cəmiyyətimizin bir çox tanınmışları bizə həyatalarında nəyi dəyişdirmək istədiklərini deyəcəklər. Rubrikamızın ilk qonağı mətbuatımızın tanınmış ledisi, “APA” Holdinqin prezidenti Vüsalə Mahirqızıdır. Görək, Vüsalə xanım nəyi dəyişdirmək istərdi.

“Çox xoşbəxtəm ki, məhz belə həyat yaşamışam”

Keçdiyim həyat yoluma nəzər salsam, heç nəyi dəyişmək istəməzdim. Nə varsa, mənim həyatımdır. Yaxşısı, pisi, çətinliyi ilə mənə məxsusudur. Hesab edirəm ki, o çətinliklər olmasaydı, bu yüksəliş də olmazdı. Qazandıqlarım mənim üçün bu qədər ləzzətli, şirin olmazdı. Çox xoşbəxtəm ki, məhz belə həyat yaşamışam. Hansısa mərhələdə bəlkə də bir az geri düşmüşəm, hansındasa bir az irəli getmişəm, amma yaşadığım həyatı özüm üçün kifayət qədər şərəfli hesab edirəm. Orada istər mənəvi, istərsə də maddi olaraq heç nəyi korrektə etmək istəməzdim.

“Təkcə bir şey üçün təssüflənirəm…”

Əgər ailəmin maddi imkanı olsaydı, Amerikanın Kolumbiya Universitetində təhsil almaq istəyərdim. Orada oxumaq mənim ən böyük arzum idi. Təkcə bunu dəyişərdim, yəni təhsil aldığım ünvanı. Həmin vaxtın imkanları və şərtləri mənim orada təhsil almağıma mane oldu.

Yaxşı çevrəm və karyeram var

Bir də əgər geriyə, gəncliyimə dönə bilsəydim, və şəhər mühitində böyüsəydim, piano çalmağı öyrənərdim. Maddi olaraq heç nəyi dəyişmək istəməzdim. Çünki uşaqlığım kifayət qədər yaxşı keçib. Atam hər zaman vəzifələrdə çalışıb. Yaxşı imkanımız olub. Gəncliyimdə bir müddət çətinlik görmüşəm. Yaxşı ki o çətinlikləri də görmüşəm. İndi yaxşı çevrəm və karyeram var. İndiki mərhələsinə qədər kifayət qədər xoşbəxt bir həyatım olub. Ona görə də, dediyim kimi, nəyisə dəyişmək istəməzdim. Sadəcə, “Kolumbiya”da təhsil almağı və piano çalmağı əlavə edərdim. Hesab edirəm ki, ikinci üçün indi də gec deyil. Amma birinci üçün artıq çox gecdir. Mənim çox böyük arzumdur ki, övladım həmin universitetdə oxusun. Düşünürəm ki, Saranın piano çalması üçün müəllim tutacağam. Yəqin ki o zaman ana- bala bir yerdə öyrənərik. Bu mənə hobbi kimi maraqlıdı. Yoxsa mahnı bəstələmək fikrim yoxdur. Belə bir istedadım da yoxdur. Bir az insanın özü ilə qalması üçün pianoda çalmaq yaxşı bir xobbi olardı.

- Pianinoda hansı musiqini çalıb dinləmək sizə zövq verərdi ?

- Mənim ən çox sevdiyim soundtrack Emin Sabitoğlunun “Ölsəm, bağışla” əsəridir. Təbii Şopenin musiqilərini sevirəm. Ona qulaq asmaq xoş olardı. Amma “Ölsəm, bağışla”nı özüm ifa etmək istəyərəm.

“17 yaşımdan işləyirəm”

Bu elə-belə istəkdi, heç arzu da deyil. Amma universitet məsələsi mənim üçün dəhşətli bir arzu olub zamanında . İllər sonra Amerikaya səfər edəndə həmin universitetə getdim, orada gəzdim, tanış oldum. Amma gecdir, hər şey zamanında gözəldir. Orada oxumaq imkanlarım olanda artıq həyatda başqa öncəliklərim və öhdəliklərim var idi, onları etməli idim.
Mən Bakı Dövlət Universitetini bitirmişəm. Tələbəlik illərində daha çox işlədim. 17 yaşımdan, yəni birinci kursdan etibarən ilk 3 ayı çıxmaq şərtilə işləməyə başladım. Artıq universiteti bitirəndə təvazökarlıqdan uzaq da olsa deyim ki, Azərbaycanda tanınan jurnalistlərdən biri idim. Eyni zamanda o zaman üçün populyar olan “Bu gün” qəzetində baş redaktorun müavini idim. Bunu tələbəlik illərimdə qazanmışdım. Həmin 4 il müddətində bir gün də dayanmadan çalışmışam. Yadımdadı ki, cəmi bir dəfə universitetdə tələbə yoldaşlarımla birinci kursda Yeni ili qeyd eləmişəm. Sonralar heç bir əyləncədə olmadım, qızlarla gedib kafedə oturmaq və s. kimi bu şeylərə qatıla bilmirdim. Çünki çalışırdım, vaxt yox idi. Amma mən bunlara görə peşman deyiləm, “kaş ki…” demirəm, özüm belə istəmişdim.

Bu dediklərimdən başqa heç nəyi dəyişmək istəməzdim. İnsan nəyi yaşayacağını bilmir. Nə varsa, mənim həyatımdır. Yaxşısı və pisi, çətinliyi ilə mənə məxsusdur. O çətinliklər olmasaydı, bu yüksəliş də olmazdı.

“Heç nəyə görə peşman deyiləm”

Tələbəlik həyatımın sönük keçməsi üçün peşmanammı? Yox, deyiləm. Bugünkü Vüsalənin olması üçün onlardan vaz keçmək lazım idi. Əvvəlcədən bilirdim ki, Bakıda qalmağımı təsdiqləyəcək addımları həmin 4 ildə atmalıyam. Sonra buna vaxtım olmayacaqdı. Ona görə də tələbəlik illərimi işləməyə, karyera qurmağa, məşhurlaşmağa sərf elədim. Özüm belə istədim. Amma deyim ki, adamın gəncliyinin ən gözəl dövrü tələbəlik illərdir. Həmin dövr ən çox gəzmək, dolaşmaq, əylənmək istədiyin dövrdür, o dövrün həyəcanı başqadır. Bu gün mənim imkanım var ki, dünyanın istənilən yerinə gedim, dincəlim, əylənim və s. Amma o zaman bu imkanlarım yox idi. Yalnız işləmək və oxumaq barədə düşünürdüm. Peşiman deyiləm əlbəttə. Amma tələbəliyində normal yaşamaq imkanları olan, karyera qurmaq üçün tələsmək məcburiyyəti olmayan adamların bu illərini doya-doya yaşamalarını istəyərəm. Çünki o yaş dövrü keçəndən sonra insan başa düşür ki, həmin dövrdə etdikləri, o zamanın həyəcanı sonralar olmur. Sonra əylənmək üçün bütün imkanlar olur, amma o həyəcan tapılmır.

Şahanə Rəhimli
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın