Menu
Geri İrəli

Oğuz Dizer: “Azərbaycanda Mustafa Dənizlinin rəhbəri olduğu futbol məktəbi açmaq lazımdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2014 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

Tanınmış türkiyəli məşqçi Mustafa Dənizlinin ötən mövsmün sonlarından, onun həmvətəni Güvənc Kurtarın isə bu ilin qışından ölkəmizdə fəaliyyət göstərməsi yerli futbol ictimaiyyətində Türkiyə futboluna onsuz da çox olan marağı bir qədər də artırıb. Son günlər türkiyəli futbol adamlarının adının yerli klublarla anılması qardaş ölkə futbolunun gündəmdən düşməsinə imkan vermir. Bu səbəbdən də iki ölkə futbolu ilə bağlı son durumu və maraq doğuran digər məsələləri qardaş ölkənin “Fanatik” qəzetinin tanınmış idman yazarlarından olan Oğuz Dizerlə müsahibə zamanı aydınlaşdırmağa qərar verdik.

-    İlk olaraq Azərbaycan futbolu haqqında fikirlərinizi bilmək istərdik. Futbolumuzla bağlı hansı məlumatlarınız var?

-   Türkiyədə olduğu kimi, Azərbaycanda da bu idman növü çox sevilir. Amma futbola göstərilən maraq olduqca güclü olsa da, sərgilənən oyunun səviyyəsi istənilən kimi deyil. Amma bununla belə, ölkədə futbola böyük sərmayə qoyulur ki, bu da futbolun sürətli inkişafına zəmin yarada bilər.

-    Azərbaycan klubları və futbolçuları haqqında nə dərəcədə məlumatlısınız?

-     Sözün açığı, Azərbaycan futbolu haqqında geniş məlumatım yoxdur. Milli komandanızın Türkiyə yığması ilə matçlarını izləmişəm. Klub komandalarınızdan tanıqdıqlarım var. Qışda Antalyada bəzi klublarınızın düşərgəsində olmuşdum. Azərbaycanlı oyunçulardan isə daha çox Türkiyədə çıxış edənləri tanıyıram.

-   Yeri gəlmişkən, bu mövsüm Türkiyənin çempionatının aşağı dəstəsi olan PTT birinci liqasında 8 azərbaycanlı futbolçu çıxış edirdi. Bu futbolçuların oyunu haqqında nə deyə bilərsiniz?

-   Ötən mövsüm “Dənizlispor”da çıxış edən Rail Məlikovun oyununu qeyd edə bilərəm. Sərgilədiyi oyunla Dənizli təmsilçisinin əsas fiqurlarından birinə çevrilməyi bacarmışdı. Mövsümlərarası transfer dönəmində Superliqa klublarının maraq dairəsinə düşə bilər. Bundan başqa, cari mövsümdə “Orduspor”da forma geyən Branimir Subaşiç də pis təsir bağışlamadı. Digər azərbaycanlı futbolçulara gəlincə, Davud Kəriminin mövsmün sonuna, Andrey Papoviçin isə qışa qədər çıxış etdiyi komandaların aşağı diviziona düşməsi üzündən bu oyunçuların çıxışını dəyərləndirməyə dəyməz.

  Yəqin ki, Türkiyə Superliqasında “Sivasspor”da forma geyən Cihan Özkara və “Elazığspor”da çıxış edən Əli Gökdəmirin Azərbaycan milli komandasının şərəfini qorumasından xəbərdarsınız. Bu oyunçuların cari mövsümdə sərgilədiyi oyun haqqında nə deyə bilərsiniz?

-   Düzü, nə Cihan Özkaranın, nə də Əli Gökdəmirin yaddaşımda iz buraxan oyununu xatırlamıram. Bilirsiniz, futbolda istedadla yanaşı, öz üzərində işləmək istəyi də mütləqdir. Hər bir futbolçu çatışmazlıqlarını aradan qaldırmaq üçün əlindən gələni etməlidir. Ancaq bu halda oyunçu adından söz etdirə bilər.

 

-    Türkiyənin tanınmış məşqçilərindən Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın, Güvənc Kurtarın isə “Rəvan”ın baş məşqçi postunu tutması haqqında nə deyə bilərsiniz?

-   Mustafa Dənizli və Güvənc Kurtar futbolçu kimi Türkiyənin tanınmış simalarından idilər. Bir azarkeş kimi onların futbolçu karyerasını izləmək imkanı qazandığım üçün xoşbəxtəm. Məşqçi kimi uğurlarına şahidlik etməyim də öz yerində. Mustafa Dənizlinin köməkçisi Oğuz Çətinin futbolçu karyerasının başlaması ilə mənim “Sakaryaspor” klubunun İdarə Heyətində yer almağım eyni vaxta təsadüf etdirdi. Onunla birgə xeyli xatirələrimiz var. Bundan başqa, “Qalatasaray”dan tanıdığımız Əli Yavaş da vaxtilə Azərbaycanda fəaliyyət göstərirdi. Elə indinin özündə də Azərbaycanda xeyli sayda türkiyəli uşaq məşqçisinin işlədiyini bilirəm. Ümumiyyətlə, ölkə futbolunun başında futbolu bilən adamların durması, klublarda işini bilən məşqçilərin çalışması yalnız futbolun inkişafına xidmət edə bilər. Unutmayaq ki, vaxtilə “Qalatasaray”ın  UEFA kubokunu və Super kuboku qazanmasını, eləcə də Türkiyə millisinin dünya və Avropa çempionatında üçüncülük əldə etməsini məhz bu amillər şərtləndirmişdi. Mustafa Dənizli, Oğuz Çətin və Güvənc Kurtar kimi təcrebəli məşqçilərin Azərbaycan futbolunun inkişafına yardımçı olacağına inanıram.

-     Yeri gəlmişkən, son vaxtlar Azərbaycan mediasında Aykut Kocamanın milli komandamızda, Səməd Aybabanın “Neftçi”də, İsmayıl Qartalın isə “Qəbələ”də baş məşqçi postunu tutacağı haqqında məlumatlar yayılmışdı. Sözügedən mütəxəssislərin ölkəmizə gəlmək ehtimalını necə dəyərləndirirsiniz?

-     Niyə də olmasın?! Hazırda Azərbaycanda futbola diqqət ayrılır və bu idman növü inkişaf etməkdədir. Bu səbəbdən Azərbaycanda məşqçi kimi çalışmaq adını çəkdiyiniz mütəxəssislər üçün də şans ola bilər. Hazırkı imkanlarla Azərbaycanda uğurlu karyera qurmaq olar. Odur ki, bu variant mümkünsüz görünmür.

-     Azərbaycan futbolunun hazırkı səviyyəsinin Türkiyə futbolunun 15-20  sürətli inkişafına nail olmaq üçün hansı addımları atdı ki, hazırda Azərbaycanda buna ehtiyac var?

-      Qış fasiləsində klub komandalarınızın bəzi matçlarını izləmək imkanı qazandım. Düzü, futbolunuzun səviyyəsinin 15-20 il əvvəlki Türkiyə futbolunun durumundan daha yaxşı olduğunu gördüm. Düzdür, futbolunuzda problemlər gözə dəyir, amma bunları aradan qaldırmaq ciddi problem olmamalıdır.

-    Təxminən bir il öncə ölkəmizdə “Fatih Terim gənc aslanları axtarır” layihəsi çərçivəsində  “Qalatasaray” klubunun futbol məktəbi açıldı. Bunun Azərbaycan futboluna hansı faydaları ola bilər?

-      Futbolu inkişaf etdirmək üçün ilk növbədə uşaq futboluna diqqət ayrılmalıdır. Sözügedən futbol məktəbinin açılması da bu baxımdan əhəmiyyətlidir. Açığı, Fatih Terimin adının olduğu yerdə uğursuzluğun olacağını düşünmürəm. Məncə, bu baxımdan rəqabəti artırmaq üçün bu məktəbin düz qarşısında “Qartallar yüksəkdən uçar” layihəsi çərçivəsində Mustafa Dənizlinin rəhbəri olduğu futbol məktəbini də açmaq lazımdır (gülür).

-    Sizi “Qalatasaray” azarkeşi olaraq tanıyırıq. Ölkəmizdə də “sarı-qırmızılar”ın xeyli sayda tərəfdarı var. Onlara demək istədiyniz nəysə varmı?

-    Bütün azərbaycanlı futbol azarkeşlərini və Azərbaycandakı dostlarımı salamlayıram. Yeri gəlmişkən, müsahibə üçün də sizə xüsusi minnətdarlığımı bildirirəm.

P.S. Müsahibə Mustafa Dənizlinin istefa xəbərinin yayılmasından bir gün öncə alınmışdı

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın