Menu
Geri İrəli

Startapın uğur əldə etməsi məkandan asılıdırmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Aprel 2015 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

qarib mehdiyev“Əgər tanınmış startapçı olmaq, uğur qazanmaq istəyirsinizsə, bilin ki, sizi bəzən  qapıdan qova bilərlər. Ancaq  bundan yorulmamaq lazımdır və daha çox çalışmaq vacibdir”.

Əvvəllər ölkəmizdə müxtəlif İT strukturlarda işləyən, artıq uzun müddətdir ki, ABŞ-da İnternet biznes sahəsində çalışan Qərib Mehdiyev hazırda  dünyada İT-nin  mərkəzi hesab edilən “Silikon Vadi”-də fəaliyyət göstərir. Qərib Mehdiyevin ölkəmizdə olmasından istifadə edərək ABŞ- da və Azərbaycanda İT biznes, startapların vəziyyəti haqqında  söhbət etdik.

İT mütəxəssisi  öz fəaliyyəti barədə də Xəbərlər-in suallarını  cavablandırıb.

 -Qərib bəy, xeyli müddətdir  ki, ABŞ-da İT sahəsində çalışırsınız. Fəaliyyətiniz hazırda nələrdən ibarətdir? Əsasən, hansı istiqamət üzrə çalışırsınız?

-Bəli, uzun müddətdir vətəndən uzaqda yaşayıram. Əvvələr də ölkəmizdə İT sahəsində fəaliyyət göstərirdim. ABŞ-a, San Fransiskoya  oxumaq üçün getmişdim.
Daha sonra  e-ticarətlə bağlı şirkət qurduq və elektron avadanlıqlar satmağa başladıq.  Lakin indi e-ticarətlə məşğul deyiləm.  Şirkətimiz fəaliyyət göstərsə də, mən ayrılmışam.
Düzdür, şirkətdə kiçik hissə mənə məxsusdur, amma  mütəmadi olaraq şirkətdə çalışmıram.

- Şirkətdən niyə ayrıldınız?  Hazırda  da İT sahəsində  fəaliyyət göstərirsinizmi?

-Əlbəttə, İT-dən ayrılmamışam. E-ticarətlə bağlı şirkət artıq öz işini mənsiz davam etdirə bildiyinə görə yeni məhsul  üzərində işləyirəm. Hazırda turizm sahəsində “marketplace” yaratmışıq. Platformamızdan bütün nüfuzlu universitetlər istifadə edir.

- Qeyd etdiniz ki, səfərlərlə bağlı startap hazırlayırsınız. Startapınız  ənənəvi turizmə nə kimi yenilik gətirəcək?

- Təşkil etdiyimiz startapla  ənənəvi qrup səyahətini dəyişdiririk. Belə ki, platformamız şəxsi formada  hazırlanan qrup səyahətlərinin satışını təşkil edir. Bu, “Airbnb“ (beynəlxalq onlayn icarə xidməti) və “Uber”(beynəlxalq onlayn taksi xidməti) şirkətlərinin istifadə etdiyi modelə çox yaxındır.
Biz isə onlayn turizm xidməti , daha doğrusu onlayn olaraq tur formalaşdırmaq xidmətlərini təklif edirik . Bu günə qədər palatformamızdan minlərlə insan istifadə edib və  artıq son 3 ay içində 100-dən artıq uğurlu səyahətlər  təşkil olunub.

-Maraqlıdır, bəs sizin startap vasitəsi ilə səyahət edən şəxslərin təhlükəsizliyini necə təmin edirsiniz? Saytınız  müştərilərin bütün məsuliyyətini üzərinə götürürmü?

-“Tur agenti “ saytda  şəxsi qeydiyyata alır. Onun haqqında rəsmi sənədləri ilə “background check”  edirik (şəxslərin bioqrafiyası İnternetdə araşdırılır). Amma müştərilərlə  müqavilədə qeyd edilir  ki,   getdiyi ölkədə onlarla bağlı hər hansı hadisə baş verərsə, biz məsuliyyət daşımırıq.
Məsələn, Kaliforniyada 21 yaşdan aşağı içki içməyə icazə var, amma Brazilyada 19 ola bilər.  Braziliyada gəzərkən klubda içki içən  şəxsin  valideyni sonradan narazılıq edə bilər ki, niyə onun övladı içki içib. Bunlara görə biz şərt qoyuruq ki, bütün bu kimi hadisələrə bizim saytımız xidməti təqdim edən olaraq məsuliyyət daşımır.

-  Startap komandanız harada fəaliyyət göstərir? Yəni, İT ilə bağlı əsas mərkəz kimi ofisiniz harada yerləşir?

-Bizim komanda Berkli Kaliforniya Universiteti  tərkibində fəaliyət göstərir və komanda yoldaşlarımızdan biri isə Bakıda –Yüksək Texnologiyalar Parkının ofisində çalışır.

-Qərib bəy,  uzun illərdir İT-nin ən inkişaf etmiş məkanında çalışırsınız. Sizcə, yaxşı komanda formalaşdırmağı necə bacarmaq olar?

- Mən öz təcrübəmdən danışa bilərəm. Əslində, ən çətini elə komanda formalaşdırmaqdır. Komanda formalaşdırmaq üçün ideyanızı satmağı bacarmalısınız . Həmçinin özünü artıq müəyyən əhatəyə təqdim etmiş biri olmalısan. Bununla yanaşı, məqsədyönlü, inadcıl olmaq lazımdır. İnsanları inandırmağa çalışmaq lazımdır. Qarşınızdakı insan sizə inanıb arxanızca gəlməlidir.

Qeyd etdiniz ki,  komanda formalaşdırmaq çox çətindir. Bəs siz xarici ölkədə necə komanda formalaşdıra bildiniz?

- Bizim komanda əsasən Berkli Kaliforniya Universitetinin məzunlarıdır. Mən Berkeley universitetində çoxlu əlaqələr yarada bildim. Berkli-nin professor heyəti ilə yaxın münasibətlərim var.
Düzdür, bu universitetdə təhsil alsaydım, daha irəli gedə bilərdim. Amma buna baxmayaraq, universitetin heyəti ilə yaxşı münasibətlərim olduğu üçün  İT ilə bağlı bütün təlimlərində iştirak edə bildim və bu təcrübə mənə çox şey qazandırdı. Hazırda da universitetin bizə çox dəstəyi olur.
“Silikon Vadisi”-də fərqimiz, Berkli Kaliforniya Universitetinin  startapı olmağımızdır. Çünki universitetin İT sahəsində çox möhkəm və geniş əlaqələri var. Bu, bizə də çox kömək edir. İT sahəsində olan tanınmış mütəxəsssislərə zəng edib, Berkli Kaliforniya Universitetindən olduğumuzu demək kifayətdir ki, onlar bizə istiqamət versinlər.

 

-Amerikada proqramçılar nə qədər maaş alırlar?  Startap sahəsində uğur qazanmaq məkandan asılıdırmı?

- Bu ölkədə proqramistlərə çox böyük ehtiyac var. Onların illik gəliri 80-160 min dollar arasında olur. ABŞ  resurslara çatımlılıq baxımından əlverişlidir. Amma bizim proqramistin biri Azərbaycanda fəaliyyət göstərir, uğurun isə fikrimcə məkanla əlaqəsi yoxdur.

Azərbaycanda startaplara ekspert dəstəyi, mentorluq zəifdir, demək olar ki, mövcud deyil. ABŞ-da isə bu sistem tam formalaşıb. Mentor fəaliyyəti çox yaxşı inkişaf edib və geniş istifadə olunur.

Bəzən startap komandalarının paraçalanmasının, komanda daxilində müəyyən narazılıqların və hətta aldatmaların olduğunu müşahidə edirik . Bu kimi hadisələr orada da baş verirmi ?

- Əlbəttə, problemlər hər yerdə var. Amma əməkdaşlıq haqda müqavilə imzalanır. Yəni, layihəsi oğurlanmış şəxs məhkəməyə müraciət  edir və ədalətli qərar çıxarılır.

-ABŞ-da İT sahəsində tanınmış şəxslərin, tanınmış şirkətlərin təlimlərində iştirak imkanlarınız olurmu ?

- Bəli, məşhurların təlimləri çox olur. Mən Google-un yaradıcılarının təlimlərində iştirak etmişəm. Bununla yanaşı, Stanford Universitetində bir neçə yaradıcının və sahibkarın təlimlərində olmuşam. Bəzi məşhurlarla isə şəxsən görüşüb məsləhətlər alıram.

- Sizcə, Azərbaycan Silikon Vadisində ayrıca bir İT ofis yaratsa, bunun hansı özəllikləri ola bilər? Mümkündürmü belə ofis yaratmaq?

-Bəli, maraqlı olar. Həmçinin Silikon  Vadisində həmyerlilərimizə dəstək verilmiş olar. Hazırda biz Vadiyə gələn soydaşlarımıza vaxt olduqca yardım edirik. Amma bu həmişə effektli olmur. Çünki vaxt orda qızıldır. Odur ki biz artıq bu məqsədlə  bir konsaltinq şirkəti yaratmışıq. Vadiyə gələn soydaşlarımıza müxtəlif köməkliklər göstəririk, xidmətlər təqdim edirik.

-  Məlumdur ki, İT sahəsində Azərbaycan ABŞ-la müqayisədə  kiçik bazardır. Belə  bazardan qlobal bazara böyük startap çıxarmaq mümkündürmü? Buna necə nail olmaq olar?

 - İT sahəsi Azərbaycanda son 4-5 ildə inkişaf edir, xüsusən son 3 ildə startapların  fəaliyyəti diqqət çəkir.
Düşünürəm ki, insanların özündə həvəs, hərəkət olmalıdır. Ölkəmizdə bu sahəyə hələ az inanırlar.Yalnız ölkə daxilində fəaliyyət, tanıtım kifayət etmir. Qlobal bazara çıxmağın önəmli olduğunu düşünürəm.
Ən azından yaxın ölkələrə-Türkiyə, Rusiya ve Qazaxıstan kimi bazarlara da diqqət etmək lazımdır. Bu ölkələrin alıcılıq qabiliyyəti olduqca yüksəkdir. Amma hələ də o bazarlarda keyfiyyətli xidmət edən şirkətlərə ehtiyac var.
Bununla yanaşı, bəzi məhsullar elə yarandığı gündən qlobal bazar üçün nəzərdə tutulur. Buna məhsuldarlığı da artırmaq üçün proqramlar, oyunlar da daxil ola bilər.

Məltəm Talıbzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın