Menu
Geri İrəli

Sumqayıt bələdiyyəsinin sədri Litva Respublikasında işgüzar səfərdə olub

Müəllif: Rəhman Orxan • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

841 612 LİTVAAzərbaycanın bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti Litva Respublikasına işgüzar səfərdən qayıtmışdır

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin rəhbərlik etdiyi Bələdiyyə sədrlərindən ibarət Azərbaycan nümayəndə heyəti bugünlərdə Litva Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi həmin ölkədə yerli özünüidarə sahəsində mövcud təcrübəni öyrənmək, bu sahədə Litvanın qanunvericilik bazası ilə tanış olmaq, cəmiyyətin idarə olunmasında Bələdiyyə qurumlarının yeri və rolu ilə bağlı təcrübə mübadiləsi aparmaq idi.
Nümayəndə heyətinin rəhbəri Ə.Babayev səfərin təfərrüatı və nəticələri barədə danışaraq demişdir:

- İlk görüşümüz Respublika Mərkəzi Seçki Komissiyasının sədri ilə oldu. Məlum oldu ki, Bələdiyyə seçkilərinin təşkilində bir fərqli cəhət 24 illik fəaliyyət və təcrübədən sonra sonuncu seçkidə Litvada ilk dəfə olaraq Bələdiyyə sədrlərinin birbaşa seçki prosesində seçilməsi olmuşdur. Litvalı həmkarların qənaətinə görə bu idarəçilik baxımından daha səmərəlidir. Geniş fikir mübadiləsindən sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün məqsədəuyğun hesab olundu.
Növbəti görüş Litva Bələdiyyələr İttifaqının direktoru və aparat işçilərinin iştirakı ilə keçirildi. İttifaqın işinin təşkili barədə geniş fikir mübadiləsi aparıldı. Qısa xarakterizə etsək, İttifaq iqtisadi-siyasi və təsərrüfat xarakterli işlərin təşkilində iştirakçılıq, planlaşdırma, proqnozlaşdırma çərçivəsində müzakirələr və qərarların hökumət səviyyəsində qəbul olunmasına dəstəkçilik, himayəçilik səviyyəsində iştirak edir. Müzakirələr zamanı bizim Assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verildi, birgə əməkdaşlıq istiqamətləri təklif olundu.
Daha bir görüş yerli özünüidarəetməyə nəzarət edən respublika Daxili İşlər Nazirliyinin iki şöbəsi ilə oldu. Təqdimatdan məlum oldu ki, nəzarət əsasən qəbul olunan qərarlara mübahisəli hallarda baxılmasından ibarətdir. Bu da tərəflərin müraciətindən sonra həyata keçirilir. Bələdiyyənin maliyyə məsələlərinə isə onlar praktiki olaraq qarışmırlar. Maliyyə yoxlamalarını auditorlar həyata keçirir.
Daxili İşlər Nazirliyinin digər şöbəsində isə qarşılıqlı əməkdaşlığın təşkilinə dəstək göstərilməsi, o cümlədən yerli özünüidarə qurumları arasında sərhədyanı əlaqələrin qurulması məsələlərinə xüsusi diqqət yetirilməsi barədə məlumat verildi. Prezentasiya olunan məsələlər barədə müzakirələr zamanı bizim tərəfimizdən Bələdiyyələrin beynəlxalq münasibətlərin yaradılması istiqamətində Qardaş Bələdiyyələr, Qardaş Şəhərlər, Qəsəbələr və Kəndlər çərçivəsində apardıqları geniş işlər barədə ətraflı məlumat verildi.
Sərhədyanı əməkdaşlıq barədə danışarkən mən erməni işğalçılığı, onun fəsadları barədə hərtərəfli məlumat verdim və 2014-cü ilin oktyabrında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinın bu barədə xüsusi qərarını onların nəzərinə çatdırdım. Bildirdim ki, 47 iştirakçı ölkənin mütləq səs çoxluğu ilə Dağlıq Qarabağın separatçı bir qurum olduğu barədə və bu separatizimdən nəinki Cənubi Qafqaz ölkələrinin, bütünlükdə ətraf Avropa dövlətlərinin də ziyan çəkdiyi barədə və bunu pisləyən qərar qəbul olunmuşdur. Qeyd etdim ki, sizin nümayəndə heyəti də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində bu qərarın lehinə səs verib. Hesab edirəm ki, gələcək beynəlxalq əməkdaşlıq fəaliyyətinizdə bunu nəzərə alacaqsınız. Ətraflı müzakirələrdən sonra məlumat anlayışla qəbul olundu.
Növbəti görüş Litvanın Pribaltikada ən böyük istirahət, müalicə və sağlamlıq mərkəzinin yerləşdiyi Dryskininkay şəhərinin meri, eyni zamanda respublikanın Bələdiyyələr İttifaqının sədri Riçard Malinunkas ilə oldu. Görüşdə həm Assosiasiyaların, həm də bələdiyyələrin qarşılıqlı əməkdaşlıq fəaliyyətinin təşkili istiqamətində geniş müzakirələr apardıq. Yüksək, kefiyyətli istirahət, müalicə-kurort mərkəzinə malik olan Dryskininkay şəhərinin bizim Naftalan şəhəri və Naxçıvan Duz Dağ kompleksi ilə geniş əməkdaşlıq imkanları müzakirə olundu. Bu məsələlərin yerində müzakirəsi üçün qarşılıqlı səfərin mümkünlüyü diqqətə çatdırıldı. Eyni zamanda xalqlarımız arasında tanışlıq xarakterli kütləvi tədbirlər mübadiləsinin də mümkünlüyü və faydalılığı qeyd olundu.
Sonda Litvanın qədim tarixi yerlərindən biri olmaqla çoxsaylı su hövzələrinin əhatəsində yerləşən Trakai şəhərinin meriyasında görüş keçirdik. Yeni tərkibdə seçilmiş meriyanın sədri Edita Rudyalenin rəhbərliyi altında meriyanın fəaliyyəti barədə təqdimat olundu, fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Trakai tarixi və turizm şəhəri olmaqla yanaşı Litvanının su idmanı və avarçəkmə sahəsində mərkəz rolunu oynayır. Litva komandasının birinci Avropa oyunlarında mükafat alanlar sırasında olması da məmnunluqla qeyd olundu. Bizim tərəfimizdən idmançıların hazırlığı sahəsində Mingəçevirlə Trakai şəhərinin qarşılıqlı, faydalı əməkdaşlıq qurmaları təklif edildi.
Eyni zamanda Trakai bölgəsinin qədim şərabçılıq üsul və texnologiyalarına malik olduğunu nəzərə alaraq, ərazisində üzüm yetişdirilən bələdiyyələrlə qarşılıqlı əməkdaşlığın qurulmasının, xüsusilə də şərabçılıq istehsalı üzrə birgə müəssələrin yaradılmasının mümkünlüyü də qeyd olundu.
Bir faktı xüsusi olaraq qeyd etmək istərdim. Litvada mindiyimiz birinci taksinin sürücüsü bizim Azərbaycandan olduğumuzu bilincə, yol boyu Bakıda keçirilən birinci Avropa Oyunlarından danışdı. Dryskininkay şəhərinin İdman idarəsinin rəhbəri isə bizi meriyanın qarşısında birinci qarşılayıb dedi ki, “mənə məlum olanda ki, nümayəndə heyətiniz bizim şəhərə gəlir, qərara gəldim ki, sizi ilk olaraq özüm qarşılayım və deyim ki, mən Bakı Oyunlarında iştirak etmişəm. Azərbaycandan yeni qayıtmışam. Bakıda hər şey valehedici idi. Mən London olimpiadasında da iştirak etmişdim və bir az yavaşdan onu deyim ki, sizdə hər şey Londondakından çox-çox yaxşı təşkil olunmuşdu…”
Bu, əlbəttə ki, bizim nümayəndə heyətimiz üçün çox qürurverici idi!

Qələmə aldı: R.Məmmədzadə.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın