Menu
Geri İrəli

Sumqayıtlı yubilyar jurnalist: “Yazdığımı 50 il sonra götürüb oxuyan mənə lənət oxumayacaq” – MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 620 dəfə • 3 şərh

Modern.az-ın növbəti jurnalist qonağı Azərbaycan Dövlət Televiziyasının Orta Asiya dövlətləri üzrə xüsusi müxbiri Aidə Eyvazlıdır.

– Sabah 50 il yaşınız tamam olur. Ömrün yarısı hesab edilən bu yaşı necə qeyd edəcəksiniz?

– Bir şeirim var: “Ömrü yarı edim, yarıdan keçmişəm. Sevincimi şərab bilib içmişəm. Ayrılıq vermisən onu çəkmişəm…”.
Bəli, ömrü yarı elədim. Ümumiyyətlə, ad günü keçirməkdən heç vaxt xoşum gəlməyib. Adətən ad günlərimi qızımla bərabər keçirməyə çalışıram. Keçən il qızım yanımda olmadı, onda da Daşkənddəki səfirliyimizdə Namiq Abbasov, Qazaxıstandakı Azərbaycan diasporu məni unutmadılar. Amma yubileyimi məhz vətəndə, doğmalarım yanımda qeyd etməyim daha xoş olur. Qəribliyin ağrısı çətindir, sevincini doğmalarla bölə bilmirsən. Nə qədər uzaqda olsam da, içimdə vətən həsrəti, vətən sevgisi olub. Nə gözəl oldu ki, ömrün yarısını vətəndə qeyd edəcəyəm.

– 50 yaşdan geriyə baxdığınız zaman istər şəxsi həyatınız, istərsə də jurnalist fəaliyyətinizdə nələri itirdiniz, nələri qazandınız?

– Ömrün yarısı elə ömrün yarısında qoyub gəldiklərimizdir. Götürdüklərimiz isə qazandığımız dostlar, tərbiyəli övladdır. İnsanlara çox inandığımdan büdrəmələrim də olub. Sözə inanan olmuşam. Amma sonra böyük Allahım qüvvət verib dayanmışam. “Böyük”, “vəzifəli kişilərin” basqılarına məruz qalsam da, Allah kömək edib. Bəzən deyirlər ki, bunun arxasında kim var ki, bu işində irəli gedir, qalibiyyət əldə edir. Cavabım isə Allahımın mənə kömək etməsi olub. Heç vaxt kimsənin paxıllığını çəkməmişəm. Kiçik jurnalist maaşımla da çalışmışam kiməsə kömək edim. Kimlərsə bunu bilib, kimlərsə də gətirib sonradan başıma vurub. Hesab edirəm ki, 50 yaşımdan sonra təzə tanıdığım insanlara inanmayacağam. İnsanlarda sədaqəti sevirəm, yalanı, xəyanəti bağışlaya bilmirəm. Amma deyim ki, işlədiyim müddətdə mənə olan hücumları dəf etməkdə AzTV rəhbərliyinin böyük köməyi olub. Göydə Allah, yerdə onlar hər zaman mənə dəstək olublar.

– Uzun müddətdir Orta Asiyada jurnalist fəaliyyətinizlə məşğulsunuz. Vətənə qayıtmaq istəyirsiniz?

– Təbii ki. 2014-cü ildə vətəndən uzaq jurnalist fəaliyyətimlə məşğul olmağımın 10 ili tamam olacaq. Amma bu zaman da nə vətən, nə də dostlarım məni unutdu. Nə qazanmışamsa jurnalistikada qazanmışam. Bəzən deyirlər ki, tək yaşayır, uşağını tək böyüdür. O sözdən elə zəhləm gedir. Şükür Allaha, ən xoşbəxt adamam. Tərbiyəli övladım var.

Ölkəyə qayıtmağı hərdən fikirləşirəm. Sadəcə, orada başladığım işlərim var ki, onları yarımçıq qoymaq istəmirəm. İstəyirəm ki, Özbəkistan azərbaycanlıları ilə bağlı kitab yazım. Ölkəyə bir şərtlə qayıdaram ki, heç olmazsa artıq yaşıma, təcrübəmə uyğun işləyə biləcəyim bir iş olsun.

– Yəni dövlət qulluğunda bir iş?

– Fikirləşmişəm ki, dövlət qulluğunda işləsəm belə, qələmi əlimdən yerə qoymayacağam. Çörəyim də, havam da suyumda o qələmdir

– Bəs mətbuat xidmətində necə?

– Əlbəttə, işləyərəm. Ora daha rahat olar.  Çünki işimin içərisindəyəm. Burada olanda günləri sayıram ki, yenə gedəcəyəm, qızım tək qalacaq.

– Olduğunuz ölkələrdə sizi jurnalistikadan dərs keçməyə dəvət ediblər?

- Olub. Qazaxıstanda dövlət universitetində “master klass” keçirmişəm. Həm də Qazaxıstanda redaktorlar klubunun qeyri-rəsmi üzviyəm. Redaktorlar klubunun keçirdiyi seminarlarda dərs demişəm. Tələbələr tərəfindən maraqla qarşılanıb. Amma Özbəkistanda bunu etmək mümkün deyil, qapalı mühitdir.

- Deyirsiniz, Özbəkistan qapalı mühitdir. Deməli, xəbər qıtlığı çəkirsiniz?

– Əlbəttə, çətindir orada xəbər yoxdur. Onların da öz “setka”ları var və ümumi məlumat verirlər, dövlətdən gələn xəbərləri hazırlayıb verirlər və sənətkarlıq və mədəniyyətlə bağlı xəbərlər gedir. Amma deyim ki çox gözəl kino, serial çəkirlər.

– Vətənə tez-tez gedib gəlmək sizə çətinlik yaratmır?

– Vətənə az-az gəlirəm. Amma Orta Asiya ölkələrinə tez-tez gedirəm. Təyyarə ilə gedirəm və çətinlik çəkirəm, ürəyimdə problemlərim var. O da zamanla çəkdiyim mübarizələrdəndir ki, məhz bunun nəticəsində 2009-cu ildə də infarkt keçirmişəm.

– 50 yaşdan sonra nələri düşünrüsünüz?

- Həyatı öz axarına buraxmışam. Yaradıcılığımla bağlı işlərdə isə tənbələm. Kitabımı yığmaq istəyirəm. Yığsam hardasa iki cild edəcək. İstəyirəm onu tamamlayım. Hazırda öz işimdən də razıyam. Sağ olsunlar mənə etibar edib, o boyda postu veriblər. AzTV-nin qarşımda qoyduğu öhdəliklərin öhdəsindən layiqincə gələ bilirəm. Bir qadın üçün çətindir, amma ki, şükür Allaha gördüyüm işdən sonra “sağol”u mənə ürəkli deyirlər.

– Qızınızla bağlı nələri düşünrsünüz?

– Qızım Qazaxıstan Milli Avrasiya Universitetinin hüquq fakültəsini “4”, “5” qiymətləri ilə bitirib. 1 il Tailandda ingilis dilini öyrənmək üçün təhsil alıb. İndi Sumqayıt Şəhər Məhkəməsində işləyir. Qızımdan çox razıyam. Təmiz düşüncəli, hadisələrə real qiymət verəndir. Hər şeydən nəticə çıxarda bilər.

– İlk təbriki kimdən gözləyirsiniz?

– İlk təbrikim artıq olub. Aktaudakı baş konsulluğumuz seçkiləri işıqlandırmağa gedərkən həm seçkilərin qalibiyyətlə qurtarmağı, həm də yubileyim münasibətilə böyük qonaqlıq verdilər və məni təbrik etdilər.

– Burada ad gününüzü necə keçirməyi planlaşdırsınız?

– Ancaq qohum-əqrəba və bir-iki yaxın dostumla birlikdə qeyd etməyi düşünürəm. Kiməsə əziyyət verməmək üçün heç vaxt ad günümü keçirməmişəm. Amma “Space”in köhnə kollektivi oktyabrın 14-də bir araya gələcək. Orada ola bilsin ki, həm görüş həm də ad günümü qeyd edərik. Yəni bəhanə olacaq.

– Son olaraq əlavə etmək istədiyiniz?

– Sözümə, qələmimə hər zaman sadiq qalmışam, kimisə aldatmamışam, təhqir etməmişəm. İnanıram ki, yazdığımı 50 il sonra götürüb oxuyan mənə lənət oxumayacaq.


Aytən ƏLİYEVA

Facebook Şərhləndirmə:

“Sumqayıtlı yubilyar jurnalist: “Yazdığımı 50 il sonra götürüb oxuyan mənə lənət oxumayacaq” – MÜSAHİBƏ” yazısına 3 cavab

  1. Əli Nəcəfxanlı deyir:

    TEBRİKLER

  2. ƏTRABƏ RZAYEVA deyir:

    TƏBRİKLƏR VƏ YENİ UĞURLAR!!!!

  3. Rəhman ORXAN. deyir:

    Əzizim Aida xanım!
    Təəssüf ki, gec xəbər tutdum. Jurnalist kimi uğurlarına sevinərək, ürəkdən təbrik edirəm! Sən mənim üçün həqiqətən hər zaman tam səmimi olan bir xanım, sədaqətli dost olaraq qalırsan.
    Ancaq o nə rəqəmdir elə – 50? Sənə bu görkəmlə, bu gözəlliıklə olsa-olsa, 30-32 yaş vermək olar. Allah qoysa, 50 yaş hələ 50 ildən sonra olacaq.
    Sənə və qızın Ləmana xoşbəxtlik, can sağlığı və daha böyük uğurlar arzulayıram!

    Hörmətlə: Rəhman ORXAN.

Şərhinizi yazın