Menu
Geri İrəli

Tofiq Yaqublunun ürək parçalayan söhbəti – “… çətin olacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2015 • Baxış sayı: 919 dəfə • Şərh yoxdur

IMG_5661“Nərgizin həyatının ən xoş günündə də, ən faciəvi, dünyaya gözlərini yumduğu son anında da onun yanında ola bilmədim…”

Mağarın bir küncündə üz-üzə əyləşmişik. Haradan, necə başlayacağımı bilmirəm. Övladını, ciyərparası Nərgizini yenicə torpağa tapşıran ata ilə nədən danışasan, necə danışasan?!Amma qələm əhli olduğundan, hətta Qarabağ savaşlarına qatılanda savaş gündəliklərini yazmağı bir gün də dayandırmayan, bizləri hamıdan yaxşı anlayan Tofiq bəyin dözümü dadıma çatır, məni vəziyyətdən qurtarır.

Öncə o məşum xəbəri necə almasından söz açır:
- Bu hadisədən iki gün qabaq möhkəm xəstəydim. Məndə bronxial-astma var, həm də bərk soyuqlamışdım. Elə bil dünyanı tərk eləmək ərəfəsindəydim. Odur ki, məni tibb məntəqəsinə köçürtdülər. Bir gün başımı yataqdan qaldıra bilmədim. Ertəsi gün bir az düzəldim. Balaca bir otaqda televizor qoyulmuşdu. Adam orda “Xəbərçi”yə baxmadan dura bilmir, yeganə informasiya mənbəyidir. Gördüm bir nəfər ATV-də əyləncəli verilişə baxır. Xahiş elədim ki, olar xəbərlərə çevirim? Dedi, hə, olar, pultu qoydu, getdi. Elə ANS-ə çevirmişdim ki, bu xəbəri eşitdim… Təsəvvür edin ki, özüm o vəziyyətdə və belə bir xəbər…
 
- O vaxta qədər Nərgizin komada olmasından xəbər tutmamışdınız?
- Ondan bir neçə gün qabaq adi qaydada Maya xanımın (həyat yoldaşı-E.P.) iş yerinə zəng eləmişdim. Dedilər işə gəlməyib. Dedim, ola bilər, tez-tez xəstələnir, ola bilsin icazə alıb. Nigara zəng etdim ki, ana işdə yoxdur, nə məsələdir, dedi, bilmirəm, ananın telefonuna zəng çatmır. Mən də Maya xanımdan narahat oldum, ancaq zəng etmək limitim bitdi deyə, daha aydınlaşdıra bilmədim. Növbəti gün tezdən Nigara zəng etdim, dedi, Nərgiz sarılığa yoluxub deyə, anam Rusiyaya gedib. Bir anlıq fikirləşdim ki, sarılığa görə getməmək də olardı, yəqin qızı doğuş ərəfəsində olduğu üçün övladını tək qoymaq istəməyib. Sən demə, bunlar vəziyyəti bilirmiş, məndən gizlədiblər.
 
- Xəbəri eşitdiyiniz gecəni necə keçirdiniz? 
- Bax, o gecə mənə dəhşət oldu. Bir yandan da astma kəskinləşmişdi. Nəfəslə bağlıdır deyə, öskürək dayanmırdı. Gözlərimdən yaş axırdı, amma Nərgizə için-için ağlamağıma da mane olurdu…

“Özünü çox xoşbəxt sayırdı… Uçurdu…”

Hətta sonra məlum oldu ki, bizim siyasi məhbuslar da vəziyyəti bilirlərmiş. Mən gəlib Əli İnsanovdan da soruşdum ki, Əli müəllim, hamilə qadının sarılıq olması bir problem yarada bilərmi? Dedi, yox, narahat olma, sarılıq tibb üçün adi şeydir, yoluna qoyulacaq. Amma o ağır xəbəri eşidəndən sonra dustaqlar gördü ki, mən xəbərdaram, yaxınlaşıb təskinlik verməyə çalışdılar.
- Heç o günlərdə yuxularınızı qarışdırdınızmı? 
- Mən fatalist adam deyilən, yuxuya qəti inanmıram. Amma ölüm xəbərindən bir gün qabaq illərdir görmədiyim bir nəfər yadıma düşdü. Hətta öz-özümə təəccübləndim ki, bu hardan ağlıma gəldi. Çox qəribədir, evə gəldim, maşından düşüb həyətə yaxınlaşanda ilk gördüklərimdən biri o adam oldu…
- Son dəfə Nərgizlə nə vaxt görüşmüşdünüz? Nələr danışmışdınız?
- Son dəfə əyani şəkildə Şəkidə görüşmüşdük. Dəqiq tarix deyə bilmirəm. Nərgiz orda mənə böyük dəstək oldu. Amma Rusiyada olanda telefonla tez-tez danışırdım. Adətən uşaqlara “ana qurban” deyirlər. Amma mən həmişə uşaqlara “ata qurban” deyirəm. Onunla danışanda o qədər “can”, “ata qurban” deyərdim ki… Özünü çox xoşbəxt sayırdı… Uçurdu… Deyirdi, ata, arzuladığım qədər xoşbəxtəm.

“Toy dəfələrlə təxirə salındı”

- Nərgizin toyunda da iştirak edə bilmədiniz… 
- Bəzən deyirlər Nərgizin ölümündə bu hakimiyyətin günahı var. Mənim bu məsələyə baxışım bir az fərqlidir. Onlar bir-birini sevirdilər, elçilik-zad olmuşdu, amma toy məsələsində tərəddüd edirdilər. Nərgiz istəyirdi ki, mən həbsdən çıxım və toyda iştirak edim. Dəfələrlə toy təxirə salındı, ertələndi, ertələndi, aylar keçdi. Məlum olur ki, o virus Nərgizdə əvvəldən olmayıb, bəlkə də hardasa qadın salonunda manikür edəndə keçib. Yəni hamiləliyin son aylarında buna yoluxub. Həkimlər deyir ki, bu virus hamilə qadınlarda dəhşətli sürətlə inkişaf edir. Düşünürəm ki, onun toyu azad, rahat vaxtda olsaydı, sözsüz ki, proseslər belə cərəyan eləməzdi. Hətta onun hamiləlik dövrü da başqa cür olacaqdı, ayrı poliklinikada qeydiyyata duracaqdı, həkimi də fərqlənəcəkdi. Yəni Nərgiz Yaqublunun atasını içəridə saxladılar… Mən  Nərgizin həyatının ən xoş günündə də, ən faciəvi, dünyaya gözlərini yumduğu son anında da onun yanında ola bilmədim… İndi buna kim cavab versin? Təsəvvür edin ki, mən onun son günlərində yanında olaydım, tumarlayaydım, alnından öpəydim… Bunlardan da məhrum oldum…
- Tofiq bəy, Nərgiz sizə bir oğul nəvəsi əmanət edib. Göz yaşı içində də olsa, babalıq duyğularınızla baş-başa qalmaq imkanı olubmu?
- Dünən biri soruşdu, oğlandı, qız? Yadıma sala bilmədim. Bilirəm ki, gələcəkdə belə olmayacaq. Ağılla düşünəndə Nərgizin yadigarıdır… Sadəcə, indi mənimçün çox çətindir…
- Sizin azadlığa buraxılmağınızla bağlı ölkə başçısına bir sıra müraciətlər var. Sizcə, reaksiya necə olacaq? 
- Müraciət edənlərə diqqət və qayğıya görə təşəkkür edirəm. Özümün müraciət etmək fikrim yoxdur. Bir şey deyim, neçə dəfə əfv fərmanı imzalanıb, onda da soruşublar ki, nə gözləyirsən? Mən həmişə demişəm, bu hakimiyyətin hərəkətlərini heç kəs proqnozlaşdıra bilməz. Çox vaxt gözləntilər doğrulmur. Bu gün deyim “gözləyirəm” və əfv olunmayım, sadəlövh kimi görünüm. Əksini də qəti şəkildə deyə bilmirəm… Nə olacaqsa, olacaq.
- Amma ailə üzvlərinizin sizin dəstəyinizə daha böyük ehtiyacı var… 
- Təbii. Ancaq adamın bir günahı olar, kiminsə ayağını tapdayar, deyər, “bağışla”. Məntiq yoxdur axı. Bu siyasi məhbusların işində İlqar Məmmədovla mənim cinayət işimiz elədir ki, bütün baş verənlər ictimaiyyətin, hökumətin kameralarının gözü qarşısında olub. Məsələn, deyilir ki, Tofiq Yaqublu 24 yanvar 2013-cü ildə saat 16-17 radələrində İsmayıllıda icra hakimiyyəti yaxınlığında iğtişaş törədib. Axı bu kameralar hər tərəfdən göstərir ki, gəlmişəm, maşından məni düşürüb aparıblar, yenə maşına qoyub Bakıya yola salıblar. İsmayıllı Koliforniya deyil ki. Kim istəyir gedib soruşsun, axı Tofiq Yaqublu burda neyləyib? Biz getdiyimiz gün orda heç nə olmayıb axı. Həmin hadisələr bir gün əvvəl baş verib. Mən İsmayıllıya çatanda rayon mərkəzi üzük qaşı kimi polis əhatəsindəydi, orda heç quş səkə bilməzdi. İndi Fərəc (Quliyev-E.P.) durub deyir hamı qanun qarşısında bərabər olmalıdır. Necə olur ingilis, fransız gəlib məhkəmədə oturur, hər şeyi olduğu kimi görür, eşidir, sən burdan-bura məhkəməyə gəlmirsən, üstəlik, qanundan danışırsan.
*    *    *
Tofiq bəy Penitensiar Xidmətin onu müşayiət edən nümayəndələrindən razılığını dilə gətirdi: “Sağ olsunlar, çox mədənidirlər. Nə onlar bizə, nə biz onlara heç bir problem yaratmamışıq. Sadəcə, kənardan müşahidə edirlər”. 
 

Düzü, biz də ətrafa göz gəzdirsək də, həmin şəxsləri görə bilmədik, çalışırlar ki, diqqətdən kənarda qalsınlar. Həmsöhbətim bir dəqiqləşmə də aparır: “Mətbuatda getmişdi ki, guya onlar mənim aeroporta getməyimə imkan verməyib. Nərgizi gətirəndə mənim vəziyyətim çox pis idi, təcili yardım gəldi. Həm xəstəlik, həm Nərgizin şoku. Hazırlaşırdım ki, mütləq aeroporta gedim. Onlar özləri gəlib israrla təklif etdilər ki, heç bir problem yoxdur, səni də, başqa getmək istəyənləri də iki maşın var, aparacağıq. Ancaq mən özümə gələ bilmədim deyə, alınmadı”.
 
- Tofiq bəy, Nərgizin faciəsi çoxlarını ağlatdı, insan selinə şahid olduq. Nərgiz bu sevgini necə qazanmışdı, ata olaraq bunu düşündünüzmü?
- Burda Tofiq Yaqublunun qızı olmasından daha çox onun Nərgiz Yaqublu olması öz sözünü dedi. Həyat eşqi ilə dolu, gənc, mübariz, gözəl, çarpışan, vuruşan, az qala simvola çevrilmiş bir xanım dünyasını dəyişibsə, sözsüz ki, insanların buna biganə qalması mümkün deyildi. Nərgizin də fəaliyyəti göz qabağında olub. Özü də gənc, ana olmağa hazırlaşan bir xanımın qəfil ölümü sözsüz ki, qəlbləri ağrıtdı. İnanın ki, minlərlə başsağlığına gələn adamın içində bir dənə saxta söz eşitmədim, kim gəldisə, onu səmimi şəkildə hüznlü gördüm. İnsanlar bura sanki mənəviyyatın diktəsi altında gəlmişdilər. Mən bunu aydın gördüm. Amma xanımımla Nigarı ovundura bilmirəm. Elə hey ağlayırlar, dayanmaq bilmirlər. Düşünürəm ki, bu, bir problemə gətirib çıxara bilər.

“Əlimdə bir dəstə nərgiz, balaca Nərgizi düşünə-düşünə…”

Mən nərgiz gülünün dəlicəsinə vurğunuyam. Nərgiz gülü bizimçün müqəddəs güldür. Elə ona görə qızıma Nərgiz adını qoymuşdum. Müharibə gündəliklərimdə belə bir epizod var: “Kəşfiyyatdan gəlirdim. Kəpəz dağının başına çıxmışdım. Nərgiz gülləri gördüm. Demə, subalp çəmənlikləri olduğu üçün burada nərgizlər bizim yerlərdən bir ay sonra yetişir. Əlimdə bir dəstə nərgiz, balaca Nərgizi düşünə-düşünə dağdan enməyə başladım…” Yeri gəlmişkən, mən Zeynəb Xanlarovanın fanatıyam. Onun “Nərgizim” mahnısı var, gecəboyu o mahnıya qulaq asıb ağlamışıq. Uşaqlar Nərgiz haqda klip də hazırlayıb, o mahnının müşayiəti ilə.  Nərgiz haqqında xüsusi bir arzum yox idi. İnanın ki, Nərgizlə bərabər Azərbaycanda demokratik cəmiyyətin qurulmasını istəyirdik. Mənim Nərgizə əsas arzum bu idi ki, normal cəmiyyətdə hamı kimi biz də xoşbəxt yaşayaq. Nərgizin getdiyi ailənin heç bir qayğısı yox idi. Kim olsa, bəlkə də düşünərdi ki, daha məndən bu qədər, həyatımı yaşayım. Amma Nərgiz yenə Azərbaycanın qayğıları ilə yaşayırdı…

“Əli İnsanov azadlığa məndən tez çıxacaq”

Tofiq Yaqublu mayın 1-də, saat 15.00-da qayıdacağı 13 saylı cəzaçəkmə müəssisəsində vəziyyətinin normal olduğunu söylədi: “Amma ”Yeni Müsavat” və “Azadlıq” qəzetini demək olar ki, vermirlər. Həftədə bir dəfə gəlir, yaxud hansısa hissəsini kəsirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də deyilib. Bizim qəzet üçün xüsusi bir otaq ayırıblar, özü də qol çəkməlisən ki, neçədən-neçəyə qədər oxudun. Baxıram mənim köşəm olan yeri kəsiblər. Xalid Kazımlı mənə axırıncı kitabını göndərmişdi, onu da aldılar, vermədilər”.
- Əli İnsanovla tez-tez görüşürsünüz? Hətta sizi də müalicə edir… 
- Hə. 13 saylı müəssisədə sərbəst toplaşma azadlığı “tam təmin olunub”. Yəni 6 nəfər müxalifətçi bir yerdədir. Orda 950 məhbus var, ancaq balaca yerdir. Hətta xoşlamadığın adamla gündə on dəfə üz-üzə gəlirsən. Tibb məntəqəsindən şikayətim yoxdur. Amma Əli İnsanov akademikdir, təkcə öz sahəsini, ağciyər məsələlərini yox, kardiologiya, digər sahələri də yaxşı bilir. Bir mənə yox, hər kəsə diqqət göstərir. Kimin hətta qulağının dibi qaşınır, o saat gəlir ki, Əli müəllim, yaman qaşınır, bu, nədən olar? Mənə resepti o yazıb. Hətta adamlar telefonla xəstəliyini yazır, sualları yazıb göndərir, Əli müəllim onlara müalicə yazır. Elə məni bronxial-astmadan ilk dəfə 1993-cü ilin yayında Əli İnsanov müalicə eləmişdi. İndi xəstəlik yenə şiddətlənib və yenə Əli müəllim müalicə edir.
 
- Özünün durumu necədir? Azadlıq ümidi varmı?
- Punktual qrafiki olan adamdır. İdman, nahar, mütaliə, xəbərə qulaq asma, gəzmək, vəkil vaxtı hamısı alman dəqiqliyi ilədir. Amma azadlığa çıxmaq ümidi, məncə, sıfırdır. Praqmatik adamdır. Əlbəttə, o da istəyər çıxsın. Hər halda, o, günəgün hesabla azadlığa məndən tez çıxacaq. 1 il 7 ayı qalıb…
Tofiq bəy qayıdacağı müəssisədə yayı çətin keçirəcəyini etiraf etdi, həm Nərgiz itkisinə görə, həm də qızmar yayın gəlişi ilə bağlı: “40 dərəcə şaxta olsun, mənimçün fərqi yoxdur. Yayda isə orda daldalanmağa bir yer yoxdur, bilirəm ki, məni dəhşətli günlər gözləyir. Baraklarda kondinsioner yox… Şəxsən mənə çox çətin olacaq. Üstəlik də Nərgizin itkisi… Getdikcə bu itkinin nə dərəcədə ağır olduğunu daha çox dərk eləyəcəyəm… Bəzən özümü çimdikləyirəm ki, görüm bu yuxudu, ya yox? Bəzən deyirəm necə yəni Nərgiz həyatda yoxdur…
Söhbətin sonunda oğlu Rəhim gəlib atasının yanında əyləşir.  Atasından sonra evin yeganə başıpapaqlısı…
 
Elşad PAŞASOY
FOTO: “YM”
Facebook Şərhləndirmə:

Şərhinizi yazın