Menu
Geri İrəli

Azərbaycanlı şahmatçılar arasında qalmaqal – “Özünü idarə edə bilmir”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

t

Kişi şahmatçılar arasında Bakı çempionatı qalmaqalla başa çatıb. Bu barədə apasport.az saytına məlumatı yarışın iştirakçısı Elmar Qasımov verib.

1865 reytinq əmsalına malik şahmatçı bildirib ki, çempionatda hüquqları pozulub və VIII turda Murmusa Feyziyevlə oyun zamanı qalmaqal yaşanıb: “Ağ fiqurlarla oynayırdım və gediş edən zaman fiquru əlimdən buraxmamış geri qaytarırdım. Həmin gedişlə oyunu uduzacaqdım. 2004-cü il təvəllüdlü rəqibim isə belə etməməyim üçün qışqırmağa başladı. Ona “qışqırma” desəm də, səsini ucaltmağa başladı. Bu vaxt ona yaşda böyük olduğumu xatırladıb, narazılığını mədəni şəkildə bildirməsini və ya hakimi çağırmasını, əks halda, onu vuracağımı söylədim. Rəqibim isə ağlayıb valideynlərinin yanına qaçdı. Ara sakitləşən zaman digər lövhədə oynayan Telman Feyzullayev “kimi vurursan” deyərək, üstümə cumdu. Ona bildirdim ki, lazım olsa, səni də vuraram. Bu sözdən qəzəblənib, nalayiq ifadələr işlətməyə başladım və ara qızışdı”.

Məsələyə yarışın baş hakimi Nurəli Məmmədzadə aydınlıq gətirib. O, “apasport”a bildirib ki, Qasımovun sağlamlığında problem var və bu səbəbdən də həmin qalmaqalı ciddiyə almaq lazım deyil: “Bu şəxs özünü idarə edə bilmir. O, hətta həmin gün protokolu da cırdı. Rəqibinə uduzmuşdu, onunla bacarmadığından belə səs-küy saldı. Yarış iştirakçılarının valideynləri də Elmardan şikayətlənirdi və bu səbəblərdən onu son tura buraxmadıq”.

Azərbaycan millisinin baş məşqçisi Fikrət Sideifzadə də şikayətçi şahmatçının sağlamlığında problem olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Qasımov həmişə turnirlərdə dava salır: “Yarışa bir gün gəlmədi, sona yaxın yenə dava saldı və bu səbəbdən axırıncı turda oyuna buraxmayıblar. Bu, birinci dəfə deyil, onun şikayətinə ciddi baxmaq lazım deyil”.

Baş məşqçi Qasımovun heç də zəif şahmatçı olmadığını da qeyd edib. Onun sözlərinə görə Elmar dəfələrlə müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında çıxış edib və nəticə qazanıb.

Qeyd edək ki, yarışın qalibi Fərid Mustafayev (1847) olub. O, 9 turdan 7,5 xal toplayıb. İkinci yeri 6,5 xal yığan Elnur Mehtiyev (1892) tutub. Qasımovla qalmaqal yaşayan Feyziyevin (1774) aktivində də 6,5 xalı olub və o, əlavə göstəricilərə görə bürünc medala yiyələnib. Digər qalmaqal iştirakçısı Feyzullayev (1799) 6 xalla 4-cü pillədə qərarlaşıb. Rəqiblərindən 1 oyun az keçirən Qasımovun özü isə 5 xalla 13-cü yerdə qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın