Menu
Geri İrəli

Kim daha şanslıdır? – SORĞU

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2014 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

topaz

Qış fasiləsində olan komandaların çempionatın qarşıdakı hissəsinin hazırlıqlarını yekunlaşdırmaq ərəfəsində olduğu bir zamanda çempionluq mübarizəsi haqqında müzakirələr qızışmaqdadır. 

Düzdür, hələ irəlidə iki dövrə olduğundan, ölkə birinciliyinin qalibi və mükafatçıları haqqında danışmaq tezdir, amma komandaların çempionluq şansları və mükafatlar uğrunda mübarizə aparacaq kollektivlərin kimliyi haqda müəyyən qənaətə gəlmək olar.

Maraqlı olacağını nəzərə alıb, komandaların çempionluq şanslarını və mükafatçıların hansı komandalar olacağını barədə idman mediasının təmsilçilərinin fikirlərini öyrəndik.

Sənan Şəfizadə (ATV kanalının idman şərhçisi): 

- Azərbaycan çempionatında çempionluğa ən real namizədlər “Qarabağ”, “Qəbələ” və “Neftçi”dir. Fikrimcə, ən gərgin mübarizə “Qarabağ”la “Neftçi” arasında olacaq. Lakin “İnter”lə “Bakı”nı da unudmaq olmaz. Onların qızıl medallara şansı o qədər çox olmasa da, rəqiblərinə başağrı yaradacaq.

Tarixinin ən yaxşı mövsümlərindən birini keçirən “Qarabağ” əsas rəqibləri üzərində qələbə qazansa, çempion olacaq. Həmin sözlər “Qəbələ” və “Neftçi”yə də aiddir. Bir sözlə, qızıl medal ilk üçlükdə yarışan komandalardan birinin olacaq.

Mükafatçılar sırasına düşmək üçün gərgin mübarizə olacaq. “Qarabağ”, “Qəbələ” və “Neftçi”ylə yanaşı, “İnter”lə “Bakı” da sona qədər mübarizə aparacaq. Hətta 4-cü yer də çox vacibdir, çünki, Azərbaycan kubokunun nəticəsindən asılı olaraq 4-cü yerdəki komanda avrokuboklara gedə bilər. Medallar turnir cədvəlindəki 5 klub arasında bölünəcək.

Kənan Hakimov (ANS kanalının əməkdaşı): 

- Mənim fikirimcə, bu mövsüm qızıl medalları Ağdamın “Qarabağ” komandası qazanacaq. Mükafatçılar sırasında hansı komandaların yer almasına gəlincə, ilk üç sırada yer alan kollektivlərin medalları qazanacağını düşünürəm.

Natiq Muxtarlı (“Komanda” qəzetinin redaktoru): 

- Əslində Azərbaycan çempionatının medalçıları qış fasiləsinə qədər müəyyənləşmişdi. 18 turdan sonra turnir cədvələinin ilk 3 pilləsində qərarlaşmış komandalar – “Qarabağ”, “Qəbələ” və “Neftçi” sonda medallara da sahib olacaqlar.

Düşünmürəm ki, qış fasiləsindən sonra turnir cədvəlində hansısa ciddi dəyişiklik baş versin. Çünki aşağı pillələrdə olan komandalar heyəti gücləndirmək üçün ciddi transferlər həyata keçirmədilər. Bu da qüvvələr nisbətinin qorunacağı anlamını verir.

Çempionatın ekvator xəttinə qədər olan müddətdə komandaların oyun keyfiyyətlərinə nəzər salsaq, “Qarabağ”ın çempion olacağını iddia edə bilərik. Bu, məsələyə sağlam rəqabətin hakim olduğu idman prinsipləri kontekstindən yanaşmadı. Ancaq Azərbaycan çempionatında çempionluğun sağlam rəqabət mühitində müəyyənləşdiyini düşünmürəm. Belə mühitdə pərdəarxası oyunlar ön plana çıxır. Düşünürəm ki, mövsümün sonunda yenə də “Neftçi” çempion olacaq.
“Ağ-qaralar”ın ətrafında baş verən dəyişikliklər, yaşanan olaylar bu iddianın həqiqət yükünü artırır. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “mövsümün sonunda çempion da olacağıq, kuboku da götürəcəyik” deyir. Bu, bir məşqçi iddiası, Böyükağa Hacıyevin özünə və komandasına inamın təzahürü deyill. Bu, “Neftçi”ni himayə edən qüvvələrə arxayınçılığın təzahürüdü. Hazırkı heyətlə “Neftçi”nin çempion olması sağlam rəqabət baxımından qeyri-mümkündü. Ancaq bu qeyri-mümkünlük mövsümün sonunda mümkünlüyə çevriləcək. Meydanda yaşanan sağlam rəqabət fonunda yox, meydandankənar təzyiqlər nəticəsində. Çox təəssüf ki, artıq uzun illərdi Azərbaycan futbolunda idman prinsiplərinə yer yoxdu. “Neftçi”nin hazırkı baş məşqçisi Böyükağa Hacıyevin işsiz olduğu vaxtlarda mətbuata dediyi bir fikiri xatırladım: “Azərbaycan çempionatında oyunların 25 faizinin nəticələri meydanda, 75 faizinin nəticələri isə AFFA-nın divarları arasında müəyyənləşir”. Bu fikirlərin müəllifi “”Neftçi” çempion da olacaq, kuboku da götürəcək” deyirsə, ona əlavə şərh verməyə ehtiyac qalmır. Elə də olacaq.

Kənan Məstəliyev (“Rekord.az” saytının baş redaktoru): 

- “Neftçi” çempionluğa ən real namizəddir. Bu komandanln ardıcıl 4-cü çempionluğunu yaşayacağını düşünürəm. Mükafatçılar isə hazırda ilk üçlükdə olan komandalar olacaq. Aşağıdakıların onların mübarizəsinə qoşulması çətin məsələdir. Əvvəla aradakı xal fərqi böyükdür, üstəlik, onlar da yerlərində durmayacaqlar. Heyətləri digərlərindən güclü olan “Neftçi”, “Qəbələ” və “Qarabağ” rahatlıqla medalları öz aralarında bölüşdürəcəklər.

Səbuhi Nərimanoğlu (“Futbol+” qəzetinin əməkdaşı): 

- İndiki vəziyyəti nəzərə alsaq, çempionluğa ən real namizədlər “Qarabağ”la “Neftçi”dir. Amma təbii ki, digərlərini də yaddan çıxarmaq olmaz. Qış fasiləsində komandaların hazırlıq səviyyəsindən çox şey asılı olacaq. Ona görə də indidən proqnoz vermək çətindir. Amma yenə də, bu mövsüm “Qarabağ”ın qızıl medallara yiyələnəcəyini düşünürəm.

“Qarabağ”la “Neftçi”ni çempionluğa namizəd göstərdiyim üçün şübhəsiz ən azından mükafatçılar sırasına da düşəcəyini gözləyirəm. Digər iki yeri “İnter”lə “Qəbələ”nin tutacağını düşünürəm. Ümumiyyətlə bu komandalar arasında çox güman bürünc uğrunda mübarizə gedəcək. “Bakı”nın da avrokuboklara vəsiqə qazanmaq şansını istisna etməməliyik. Ancaq Milinko Pantiçin komandası bu istəyinə kubokda nail ola bilər. Premyer-liqada “Bakı”nın adlarını sadaladığım komandaların hansınısa üstələyib medal qazanacağına inanmıram. Qalanlarının isə durumu bəllidir. Mümkün qədər irəliləməyə çalışacaqlar.

Rüfət Nadirli (“İnterAz” televiziyasının İdman departamentinin rəhbəri, “Sportarena.az” saytının baş redaktoru): 

- Fikrimcə, çempionluğa ən real namizədlər “Qarabağ” və “Neftçi” klublarıdır. Bu iki komandanın səviyyəsi son turlara qədər çempionluq yarışı üçün mübarizə aparmağa imkan verir. Məncə, məhz son turlarda daha yaxşı çıxış edən komanda arzulanan hədəfə çatacaq. “Qarabağ” və “Neftçi”dən başqa, “Qəbələ” klubu da iddialı olması ilə diqqət çəkir. Xeyli müddətdən sonra “Qəbələ”ni də öncüllər sırasında görməyimiz sevindiricidir. Bu gedişlə “Qəbələ”ni Avroliqada görə biləcəyimizi düşünürəm.

İstərdim ki, bu il də “Xəzər-Lənkəran” komandası da mükafatçılar sırasında olsun. Amma çox təəssüf ki komandanın hazırki durumu bu sözləri deməyə əsas vermir. Xəzər Lənkəran xeyli geridədi. Onun aşağı pillələrdə olması çempionat oyununa da öz təsirini göstərir.

Rüstəm Piriyev (“ExtraTime.az” saytinin redaktoru): 

- Mənim fikrimcə, ən real namized “Qarabağ”dır. Bu gün bu komanda hamıdan yaxşı komplektleşib və motivasiya olunub. Əgər ağdamlılar öz səhvləri ucbatından xallar itirməsə, onu heç kəs saxlaya bilməyəcək. Mükafatçıların kim olmasına gəlincə, bu baxımdan “Neftçi” və “Qəbələ”ni fərqləndirmək olar. Ölkə kuboku isə “Bakı” və ya “Xəzər Lənkəran”a qismət olacaq. “Bakı” və ya “İnter”in ilk üç sırada qərarlaşan komandalara çatması isə real görünmür.

Saleh Arslan (“Korner.az” saytının baş redaktoru): 

- Bu mövsüm Topaz Premyer Liqasında çempionluğa real namizəd “Qarabağ” görünür. Ancaq Böyükağa Hacıyevin qayıdışından sonra “Neftçi”nin özünə gəlib “qızıl”dan ikiəlli yapışacağı şübhəsizdir. Ümumiyyətlə, mükafatlar uğrunda bu iki komandadan başqa, “Qəbələ”nin mübarizə aparacağını düşünürəm. Yuri Syominin gəlişindən sonra komandanın “iştaha”sı artıb. Məncə, “Qəbələ” klubu illərdi formalaşdırdığı sistemin bəhrəsini bu mövsümdən görməyə başlayacaq.

Əli Həyati (“Futbolmedia.az” saytının baş redaktoru): 

- “Neftçi” və “Qarabağ” klublarını çempionluğa ən real namizəd kimi görürəm. Çünki hazırda ən formada olan klublardır. Mükafatçılar məsələsəinə gəlincə, düşünürəm ki, mükafatçılar sırasına “Neftçi”, “Qarabağ” və “Qəbələ” klubları düşəcək. Çünki onların potensialları daha yüksəkdir və heyət baxımından da digər rəqiblərdən daha üstündürlər.

Tural Məmmədov
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın