Menu
Geri İrəli

Məntiqsiz dəyişikliyin məntiqi nəticəsi nə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2013 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

Sonun başlanğıcı və ya “Qalatasaray” Fatih Terimlə yollarını ayırdı

Bu da son. Gözlənilən oldu və dünən “Qalatasaray” rəhbərliyi baş məşqçisi Fatih Terimlə yollarını ayırdı. Əslində, son iki mövsümün çempionu sözügedən çalışdırıcının rəhbərliyi altında uğurlu dönəm keçirdiyindən rəhbərliyin qərarı təəccüblə qarşılandı. İllər öncə Mirça Luçeskunu komandadan uzaqlaşdıran Özhan Canaydından narazı olanlar nə qədər çox idisə, indi Terimlə yolları ayıran Ünal Aysaldan da razı olmayanların sırası o qədər genişdi. Bəs görəsən,“cim-bom” bu qədər etibarlı əllərdəykən “imperator”la əməkdaşlığa niyə son qoyuldu?

Əslində, Fatih Terimlə yolların ayrılması əvvəlcədən planlaşdırılmış məsələ idi. 2011-ci ilin mayında “Qalatasaray”ın prezidenti seçilən Ünal Aysalın məşqçi postunda görmək istədiyi ilk mütəxəssisin Terim olmadığı heç kimə sirr deyildi. Amma həmin dövrdə klubun idarə heyətində yer alan bəzi şəxslər klub rəhbərini öncəki “futbol ili”ndə bərbad mövsüm keçirən “sarı-qırmızılar”ı yalnız “imperator”un toparlaya biləcəyinə inandıra bildi və məşqçi növbəti dəfə doğma komandasına qayıtdı. Amma prezidentin Terimə qarşı soyuq münasibəti ilk günlərdən özünü göstərməyə başladı. İlk olaraq komanda ilə üç illik müqavilə imzalayan məşqçinin müqaviləsinin prezidentin göstərişi ilə bir ilə qədər endirilməsi tərəflərin münasibətlərində problem yaranmasını şərləndirsə də, bu məsələ həmin dövr üçün o qədər də gündəmə gəlmədi. Əslində, Ünal Aysalın planları ilk uğursuzluqda Terimi postundan uzaqlaşdırmaq idi, amma komandanın mövsümü zirvədə tamamlaması prezidentin planlarını təxirə salması və çalışdırıcı ilə anlaşmanın daha bir il uzadılması ilə nəticələndi. Üstəlik, ötən mövsümün əvvəlində Burak Yılmaz, Nordin Amrabat və Hamit Altıntop kimi səviyyəli oyunçuların transfer olunması münasibətlərin yaxşılaşmasına şərait yaratmışdı. Qış fasiləsində Didier Droqba və Uesli Sneyderin komandanın sıralarına qoşulması da “Qalatasaray” üçün əlavə üstünlük kimi qiymətləndirilirdi. Amma hollandiyalı Sneyderin alınmasında maraqlı olmayan və əvəzində braziliyalı Kakanı sərəncamında görmək istəyən Fatih Terim növbəti dəfə prezidentlə problem yaşadı. Bu ilin yanvarında İtaliyada ”İnter”in prezidenti Massimo Moratti ilə gizli danışıqlar aparan Aysal Terimin İtaliyadakı yaxın dostları vasitəsi ilə sövdələşmədən xəbər tutduğunu anlayanda mütəxəssislə yolları ayırmağı düşünsə də, bu dəfə də onu fikirindən klubun idarə heyətinin bəzi üzvləri daşındırdı. Həmin dövrdə daxili birincilikdə işləri qaydasında gedən “cim-bom”un Çempionlar Liqasında ən güclü 8 komanda sırasına qədər yüksəlməsi də verilən qərarın düzgün olmasından xəbər verirdi. Məhz bu üzdən də prezident 27-ci turdakı “Mərsin İdman Yurdu” qarşılaşmasında hakimlə mübahisə etdiyinə görə 9 oyunluq cəzalandırılan Terimlə müqaviləyə xitam verməyə cəsarət etmədi. Mövsümün sonunda isə ardıcıl ikinci il qızıl medalların qazanılması “imperator”u növbəti dəfə postunda saxladı.

Yeni mövsüm ərəfəsində qazanılan uğurların və komandanın idarə heyətində Fatih Terimi sevənlərin çoxluğu üzündən məşqçi ilə yolları ayırmağın çətinliyini anlayan Ünal Aysal növbədənkənar prezident seçkiləri keçirməyi qərara aldı. Ötən ilin mayında yenidən prezident seçilən 72 yaşlı iş adamı bu dəfə komanda rəhbərliyində Ali Dürüst və Abdulrahim Albayrak kimi Terimə yaxınlığı ilə seçilən şəxslərə yer verməməklə planlarının icrasına başladı. Cari mövsümün əvvəli də Terim-Aysal küskünlüyü ilə yadda qaldı. Bu dəfə transfer siyasətində anlaşmazlıq yaşandı. Məşqçinin transfer siyasındakı Arda Turan, Gökhan İnler, Serdar Aziz və Karlinyos kimi futbolçulara pul xərcləməkdən imtina edən Ünal Aysal əvəzində komandanı Aurelien Şedju, Erman Kılıç və Bruma ilə gücləndirdi. Hələ iki il öncə Terimlə anlaşmamışdan öncə Yohan Elmabderi komandaya gətirən prezidentdən narazı olan məşqçi o vaxt bunu büruzə verməsə də, bununla belə, mövcud durumla barışa bilmədiyi hiss olunurdu. Amma məhz həmin dövrdə İngiltərədə düzənlənən “Emirates Cup”ın qalibi olan “cim-bom”un uğuru növbəti dəfə münasibətləri normallaşdırdı.  Münasibətlər rəhbərliyin Terimə “işçi” gözü ilə baxmasını açıqlamasına qədər sabit şəkildə davam etdi.  Terim rəhbərliyin ona “işçi” gözü ilə baxmasından narahat idi. “İmperator” “Kasımpaşa” ilə matçdan sonra sıradan bir işçi sayılmasına etirazını bildirdi. Bundan sonra prezident məşqçini nahara dəvət edərək problemi yoluna qoysa da, artıq heç nə əvvəlki kimi deyildi. Tərəflərin münasibətləri növbəti dəfə ötən ayın sonlarında pozuldu. Avqustun 21-də Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcının istefa verməsindən sonra Türkiyə Futbol Federasiyasının rəhbərliyinin milli komandanın baş məşqçi postuna məhz Fatih Terimi gətirmək istəməsi “Qalatasaray” üçün belə demək mümkünsə, sonun başlanğıcı oldu. Əslində TFF rəhbərliyi “imperator”la anlaşmadan öncə “Qalatasaray”ın prezidenti Ünal Aysaldan icazə aldığından bu klub prezidenti ilə məşqçi arasında problem yaratmamalı idi. Üstəlik, Terim yığmaya sadəcə dörd oyunluq təyinat almışdı. Amma görünən odur ki, “Qalatasaray” rəhbərliyinə məşqçini istefaya göndərmək üçün bəhanə lazım idi. Əslində, həmin dövrdə klub rəhbərliyinin məşqçiyə iki illik müqavilə təklif etməsini ona göstərilən etimad kimi qiymətləndirilənlər də az deyildi. Amma buna qədər hər il qazanılan nəticələrdən asılı olaraq müqaviləsi bir il artırılan 60 yaşlı mütəxəssisin bu təklifi qəbul etməyəcəyi əvvəlcədən məlum idi. Ünal Aysala isə məhz bu lazım idi. Məhz bu bahənə ilə Terimi istefaya göndərməyi gündəmə gətirən Aysal əvvəlcə məsələni son olaraq Fatih Terimlə müzakirə edəcəyini açıqlasa da, bu barədə qərarı Terimsiz verdi. Məşqçi isə istefaya göndərildiyini komandanın axşam məşqi zamanı öyrəndi.

Artıq həm “Fənərbaxça” azarkeşi kimi tanınan Türkiyənin baş naziri Receb Tayyip Erdoğan, həm “Beşiktaş” tərəfdarı olan Türkiyə Futbol Federasiyasının rəhbəri Yıldırım Demirörənin istəyinə çatdığını demək olar. Məqsəd “Qalatasaray”ı zəiflətmək idi. Axı “Fənərbaxça” və “Beşikaş”da çempion olmalıdır. Bunun üçün rəqiblərə “imperator”suz “Qalatasaray” lazım idi. Buyurun, bu da Terimsiz “cim-bom”. Elə “Qalatasaray”ın prezidentinin də hədəfinə çatdığını demək olar. Onun etdiyi məntiqsiz dəyişşikliyin məntiqi nəticəsinin necə olacağı isə asan proqnoza gələn məsələ deyil. Amma böyük ehtimalla Fatih Terimsiz “aslan”ı heç də xoş sonluq gözləmir.

 

Tural Məmmədov

Xüsusi olaraq “Sumqayitxeber.com” üçün    

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın