Menu
Geri İrəli

Sumqayıtın gənc futbolçuları qeybə çəkilib?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2016 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur
sumqayit futbolSumqayıt Azərbaycanın aparıcı futbol məktəblərindən biridir. Bu şəhərdən Nazim Süleymanov, Arif Əsədov, Mehman Yunusov, Kamal Quliyev, İsmayıl Məmmədov, Aqil Məmmədov, Mahir Şükürov və adlarını çəkmədiyimiz xeyli futbolçu çıxıb. Təəssüf ki, maddi problemlər ucbatından bir müddət bu şəhərdə futbol olmayıb. 
Bu səbəbdən də yeni istedadların üzə çıxmasında da durğunluq yaranıb. Ümumiyyətlə, maddi problem Sumqayıt futbolunun həmişə ən yaralı yeri olub. Bu məqam şəhərin uşaq futboluna da təsirsiz ötüşməyib. Yalnız 2010-cu ildə “Sumqayıt” Futbol Klubu təsis edildikdən sonra tədricən uşaq futboluna fikir verilməyə başlayıb. Eyni zamanda bu sahədə çoxşaxəlilik yaranıb. Məsələn, SSRİ dönəmində şəhərdə bir futbol məktəbi var idi. Hansı ki, rəhmətlik Tofiq Rzayevlə hazırda “Sumqayıt” Futbol Akademiyasında çalışan Ağamusa Bağırov həmin məktəbdə əsas söz sahibi idilər, bir çox futbolçunun yetişməsində əhəmiyyətli rol oynayıblar. İndi isə vəziyyət fəqlidir. Sumqıyatdı bir çox futbol məktəbləri, futbol bölmələri fəaliyyət göstərir. Onların arasında müxtəlif idarə və təşkilatların balansında olan məktəblər də var, bir qrup şəxsin qrup yaradaraq məşq keçdiyi futbol bölmələri də.
10 komandaya 1 bürünc
Şübhəsiz ki, şəhərin əsas futbol məktəbi “Sumqayıt” Futbol Akademiyasıdır. Akademiya bir neçə ildir ki, fəaliyyət göstərir. Düzdür, “Sumqayıt”ın Futbol Akademiyasını “Bakı”nın, “Qəbələ”nin futbol akademiyaları ilə müqayisə etmək olmaz.  Çünki ad akademiya olsa da, reallıqda bundan əsər-əlamət görünmür. Yəni, akademiyanın şagirdləri üçün ayrıca bina olsun, orada qalsınlar, yesinlər, içsinlər, təhsil alsınlar… Xeyr, sadalananların demək olar ki, heç biri yoxdur. Ancaq klubun nəzdində olan akademiyada 10 yaş qrupu üzrə komanda fəaliyyət göstərir. Bir sözlə, U-9-dan tutmuş, U-19 kimi klubun bütün yaş qrupları var. U-15 və U-17 qızlar komandası da, həmçinin. Hər qrupun da öz məşqçisi, məşqçi  köməkçiləri. Akademiyanın əsas vəzifəsi məlum olduğu kimi, əsas komandaya futbolçu yetişdirməkdir. Bu mənada ən uğurlu futbolçu hələ ki, Bəxtiyar Həsənalızadədir. Hansı ki, klubun akademiyasından çıxan Həsən əsas komandanın əvəzedilməz üzvlərindəndir. U-21 yığmamıza da cəlb olunan Bəxtiyarın xidmətində bir sıra iddialı klublar da maraqlıdır. Son zamanlar isə Xəyal Nəcəfovun oyununu da qeyd etmək yerinə düşər. “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Xəyalın oyununu artlq İnyestaya bənzədənlər də tapılıb. Təsadüfi deyil ki, Samir Abasov onu əsas komandaya cəlb edib.
Təssüfləndirici bir məqam var –  klubun aşağı yaş qruplarından ibarət komandaları ölkə miqyasında ciddi uğur qazana bilmirlər. Elə son mövsümü götürək. Belə ki, “Sumqayıt”ın 10 yaş qrupundan ibarət komandalarından yalnız U-17 bürünc medal qazanmağı bacarıb. Qalan 9 yaş qrupundan heç biri şəhərə medal gətirə bilməyib. Bu isə Sumqayıt futbolu adına utancverici məqamdır. Həm bu, həm də digər məsələlərlə bağlı daha geniş məlumat almaq üçün “Sumqayıt” Futbol Akademiyasının baş koordinatoru Aqil Məmmədovla görüşməyi lazım bildik. Öncə, Sumqayıt futbolunun ümumi durumuna nəzər saldıq. Görəsən, hazırkı durum Məmmədovu razı salır?
Aqil Məmmədov: “Xəzər”ə gələnə kimi pul üzü görməmişəm”
 “Sumqayıt” Futbol Akademiyasında 10 yaş qrupu üzrə komanda fəaliyyət göstərir. Ümumilikdə akademiyamızdakı uşaqların sayı 300 nəfərə yaxındır.  Məşqlər  “Kapital Bank Arena”da keçirilir. Hər yaş qrupunu müxtəlif vaxtlara təyin edirik. Meydan amilinə gəlincə, şəxsən mən həmişə uşaqların süni örtüklü meydanlarda oynamalarının, məşq keçmələrinin əleyhinə olmuşam. Çünki bu cür meydanlar uşaqların sağlam inkişafına mane olur. Amma nə edək , olanımız budur. O ki qaldı top, forma və digər inventarlara, bu barədə heç bir problemimiz yoxdur”.
Aqil Məmmədov “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalarının ötən mövsümkü zəif çıxışına da toxundu. Belə ki, bayaq da qeyd etdiyimiz kimi “Sumqayıt” ölkə çempionatında 10 yaş qrupu üzrə komanda ilə təmsil olunsa da, yalnız U-17 komandası bürünc medal qazana bildi. Qalan 9 komanda medalsız qaldı. Ancaq nədənsə, Aqil Məmmədov uşaq futbolunda nəticənin əsas olmadığını əsas gətirərək fərqli düşünür: “Bizim media, bəzi klub rəhbərləri nədənsə həmişə nəticəni ön plana çəkir. Halbuki akademiyanın əsas vəzifəsi əvəzedici və əsas komandalara layiqli futbolçular yetişdirməkdi. Razıyam, nəticə olsa, daha yaxşıdır. Düşünürəm ki, növbəti mövsümdən bizim rəhbərliyin də akademiyanın məşqçilərinin qarşısına nəticə tələbi qoyması məqsədəuyğundur. Çünki belə tələb olmayanda heç kim özündə məsuliyyət hiss eləmir. Hamı düşünür ki, uduzsam belə heç kim nəticə tələb etməyəcək. Artıq, bu istiqamətdə müəyyən işlər görmüşük. Təcrübəli Sabir Əliyevi akademiyaya dəvət etmişik. U-9-dan U-12-ə qədər olan qruplara məhz Sabir müəllim rəhbərlik edəcək. U-13-dən U-17-ə qədər qruplar isə Baba Əsgərovun nəzarətində olacaq. Baba müəllim təcrübəli məşqçidir, uzun illər yığmada işləyib”.
Baş koordinator Sumqayıtdakı uşaq futbolunun ümumi durumuna da toxundu, son illər bu şəhərdən güclü futbolçuların çıxmamasının səbəbini belə izah etdi: “Sumqayıtda hər zaman potensiallı futbolçular olub. Əvvəllər yığma komandalarda, iddialı klublarda daim sumqayıtlı futbolçullar forma geyinərdilər. Özü də bir komandada bir neçə futbolçu. İndi baxsaq, istər yığmada, istərsə də iddialı klublarda sumqayıtlı futbolçulara rast gəlmirik. Bunun əsas səbəbini texnologiyanın inkişafında görürəm. Bizim vaxtımızda internet, mobil telefon yox idi. Məktəbdə idman dərsində futbol oynayırdıq, evə gəlirdik məhəllədə top qovurduq. Hazırda məhəllə futbolu deyilən bir anlayış qalmayıb. Bundan başqa, valideynlərdə də günah az deyil. Çünki indi valideyn futbola gedən uşağına ilk növbədə onu aşılayır ki, get, yaxşı futbol oyna, yaxşı futbolçu ol, pul qazan. Yəni, maddiyyat ön plana keçib. Halbuki  o vaxt “Xəzər”ə gələnə kimi pul üzü görməmişdim”.
Baba Əsgərov: “Hərdən elə olur ki, özüm də kömək üçün dost-tanışa ağız açıb problemləri həll edirəm”
Aqil Məmmədovun ardından Sumqayıt Uşaq Gənclər İdman Məktəbinin rəhbəri, U13-dən U-17-ə qədər komandalarının koordinatorubir müddət U-17 yığmamızda çalışmış Baba Əsgərovun da mövzu ilə bağlı fikirlərini öyrəndik. Baba müəllim öncə rəhbəri olduğu yerli məktəbin fəaliyyəti barədə danışdı: “Məktəbimizin futbol bölməsində 120-150 arası uşaq futbolun sirlərini öyrənir. Ümumilikdə 4 qrupumuz var – U-10, U-11, U-13 və U-14. Komandalarımız həm AFFA-nın bayrağı altında keçirilən liqalarda, həm də nazirliyin təşkil etdiyi yarışlarda iştirak edirlər. Məşqlərimizin böyük hissəsini nazirliyin balansında olan Mehdi Hüseynzadə adına stadionda keçiririk. Eyni zamanda həmin ərazidə AFFA-nın dəstəyi ilə salınan kiçik ölçülü meydançadan da yararlanırıq. Top və inventarın alınmasında Sumqayıt Gənclər və İdman İdarəsi kömək edir. Səfər oyunlarına da sözügedən qurumun dəstəyi ilə gedirik.  Forma cəhətdən isə bir qədər çətinliyimiz var. Amma müraciət eləmişəm və inanıram ki, bu problem həllini tapacaq. Ümumiyyətlə, hər iki quruma dəstək üçün təşəkkürümü bildirirəm. Düzdür, hərdən özüm də kömək üçün dost-tanışa ağız açıb problemləri həll edirəm”.
Məlum məsələdir ki, bu tip məktəblər yetişdirdiyi futbolçuların qarşılığında heç nə qazana bilmir. Çünki futbolçular müəyyən yaşa çatandan sonra müstəqil klublara keçirlər. Bununla belə, Sumqayıt UGİM-i bu məsələdən çıxış yolu tapıb: “Siz dediyiniz problem həqiqətən də ciddi problemdir. Çünki futbolçu 14-15 yaşa çatandan sonra başqa klublara keçirlər. Biz də bunun qarşısını ala bilmirik. Əslində futbolçularımızın hamısının şəxsi “kartoçka”sı var. Ancaq AFFA müqaviləsi başqadır. Bu ildən çalışacağıq futbolçularla AFFA müqaviləsi bağlayaq ki, gələcəkdə onlar hansısa kluba keçəndə müəyyən məbləğ qazanaq. Həmin pulun futbolçuların yetişməsində əziyyət çəkən məşqçilərə verilməsi nəzərdə tutulub”.
Baba Əsgərovdan onu da öyrəndik ki, məktəbdə özü də daxil olmaqla 4 məşqçi çalışır. Lakin həmin məşqçilərin heç birinin kateqoriyası yoxdur. Səbəbini həmsöhbətimiz belə izah etdi: “Biz nazirliyin balansında olan məktəb olduğumuz üçün işə götürdüyümüz məşqçilərdən ilk növbədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının doplomu tələb edirik. Başqa sözlə, diplom bizə kifayət edir. Lakin hansısa məşqçi gələcəkdə klublarda, yığma  komandalarda işləmək istəyərsə, bu zaman AFFA-nın təşkil etdiyi kurslarda oxuyub kateqoriya almalıdır”.
Sonda UGİM rəhbərindən də Sumqayıt futbolunun son illərdə yaşadığı tənəzzülün səbəblərini soruşduq: “Həqiqətən də əvvəllər Sumqayıt futbolunun yetirmələrinə hər yerdə rast gəlinirdi. Son illər sayın azalmasının səbəbi, məncə, “Gənclərbirliyi” dağıldıqdan sonra “Sumqayıt”ın yarandığı zamana kimi Sumqayıt futbolunda bir boşluğun yaranmasıdır. Problemi həmin fasilədə görürəm. Bundan sonra bütün sumqayıtlı mütəxəssislərin işbirliyi nəticəsində yaxın 1-2 ilə Sumqayıtın yenidən əvvəlki futbol şöhrətini qaytara biləcəyini düşünürəm. Bunun üçün təklifim var. Yaxşı olar ki, əsas komandanın heyətində oynayan sumqayıtlıların sayı artırılsın. Heç olmasa, 5 sumqayıtlı daim əsas heyətdə oynamalıdır. Çünki hələ “Xəzər”in vaxtında əsas heyətin 5-6 futbolçusu sumqayıtlı idi”.
“Het-trik news” qəzeti
Facebook Şərhləndirmə:

Şərhinizi yazın