Menu
Geri İrəli

“Sumqayıt”ın sabiq futbolçusu: “Mənə dedilər ki, getməyini yuxarılar istədi”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2013 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

Azərbaycan futboluna güclü maliyyə axınının olduğu dövrdən, bir az da konkretləşdirsək, 2004-cü ildən ölkə çempionatında xeyli sayda legioner futbolçu çıxış edib. Amma Azərbaycan birinciliyində çıxış edən əcnəbilərin heç də hamısı ölkəmizdən xoş hisslərlə ayrılmayıb. Kimsə Azərbaycandakı karyerasından, kimsə komandanın məşqçilər heyətindən, kimsə isə çıxış etdiyi klubun rəhbərliyindən narazı qaldığından bizimkilərlə əməkdaşlığa son qoyub. Sözsüz ki, gəlmələrin heç də hamısının ölkəmizdən məmnun şəkildə ayrılması mümkün olmadığından bunu normal qarşılamaq olar. Amma son dövrlər həm cari “futbol ili”ndə, həm də  əvvəllər Azərbaycan çempionatında çıxış etmiş və ya bu və ya digər şəkildə ölkə futbolu ilə bağlantısı olan futbol adamlarının ard-arda ölkəmizdən narazılığını dilə gətirməsi bizi bu mövzuya toxunmağa sövq etdi. Xatırladaq ki, bir müddət əvvəl AZAL-ın sabiq müdafiəçisi Robert Petrovun “Vaqif Sadıqov komandada qalmağım üçün məndən pul istədi” açıqlamasının ardından son olaraq “Qəbələ”nin sabiq yarımmüdafiəçisi  Stiv Olfers  Azərbaycan futbolunda hər şeyin, hətta oyunçular və hakimlərin də korrupsiyalaşdığını deməklə diqqət mərkəzinə düşmüşdü. Ancaq bu, yeganə bu səpkili açıqlama deyil. Məhz bu açıqlamanın ardından ölkəmizlə bu və ya digər formada bağlantısı olan futbol adamlarının Azərbaycan futbolu haqqında yerli və xarici mətbuat orqanlarına verdiyi bəzi neqativ yüklü açıqlamaları diqqətinizə çatdırmağa qərar verdik.  İndi isə gəlin, həmin açıqlamalarla tanış olaq.

 

Əli Cansun (“Neftçi”nin eks forvardı): “Mənim “Neftçi” də forma geydiyim vaxt komandanın vitse-prezidenti olan İlqar Quluzadənin futboldan qəti anlayışı yox idi. O, mənim transferimdən pul qazanmaq istəyirdi. Bunu mənə təklif edəndə, razılaşmadım və komandadan ayrıldım”

Vladimir Poşexontsev (Milli komandamızın sabiq üzvü): “Sizin ölkədə ikili vədəndaşlıq olmadığından mən bunu qanuni şəkildə ala bilməzdim. Bu məsələni Fuad Musayev həll etdi. Sənədləri yoxlayan UEFA komissarı mənim Ukrayna pasportuma rast gələndə əsəbləşmişdi. Bir ölkənin komandasında üçüncü cür pasportu görüb, “başa düşmədim, bu Azərbaycan millisidi, yoxsa dünya xalqları” demişdi.”

Adel Armuş (Sumqayıtın “Gənclərbirliyi” komandasının sabiq çalışdırıcısı): “Mən Azərbaycana gələndə başımda bir dənə ağ tük yox idi. Mənim saçım Azərbaycanda ağardı. O vaxt hər şey bərbad idi. Meydançalar, hakimlik, futbolçuların peşəkarlığı. Təsəvvür edin, oyuna bir gün qalmış futbolçuların hərəsi bir yerini tuturdu ki, mənim zədəm var. Halbuki, heç nələri yox idi, sadəcə, oynamamaq üçün bəhanə axtarırdılar”

Rasim Kara (“Xəzər-Lənkəran” və “Qarabağ”ın eks baş məşqçisi): “Mən Azərbaycana getdiyim zaman orada futbol torpaq meydançada oynanılırdı”

Mehmet Ak (“Neftçi” və “Qarabağ”ın sabiq fiziki koordinatoru): “Neftçi”nin prezidenti mənə verdiyi sözə əməl etmədi və bu, mənim komandadan ayrılmağın səbəblərindən biri oldu”

Anatoli Demyanenko (“Neftçi”nin keçmiş çalışdırıcısı): “Azərbaycanda pərdəarxası oyunlar çoxdur.  Soruşurdum ki, niyə bu baş verir? Heç olmasa, bəzi suallarıma cavab verin. Onlar isə cavabında “Tolya, sən bunu başa düşməzsən, biz belə millət, belə xalqıq” deyirdilər”.

Mirça Rednik (“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi): “Futbolçular mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yayandan sonra məni vəzifəmdən uzaqlaşdırdılar. Mənim orada olmağım onlara sərf eləmirdi, çünki heç kim qayda-qanundan kənara çıxa bilməzdi”

Naci Şensoy (“Turan”ın keçmiş baş məşqçisi): “Mən ilk dəfə “Turan”da çalışanda vəziyyət o qədər pis idi ki, oyunçular futbol geyimlərini belə özləri yuyurdu. Gün ərzində üç dəfə məşq keçdik və  futbolçuların səhər məşqindən sonra yuduqları formaları növbəti məşqə kimi qurumurdu. Belə olanda məşqə çıxmaq üçün forma tapmırdıq. Məhz bu üzdən gün ərzində keçirilən məşq sayını əvvəl ikiyə, ardınca isə birə endirməyə məcbur oldum. Sözsüz ki, bu da nəticələrə təsir edirdi”

Robertas Poşkus (“İnter” və “Simurq”un eks hücumçusu): “Azərbaycan çempionatında oynamaqdansa, daha səviyyəli yarışda oynamaq istərdim. Azərbaycan futbolunda çox şey çatışmır: meydançalar, təşkilatçılıq, usta futbolçular, xüsusilə burada söhbət yeri oyunçulardan gedirsə. Azərbaycanda oynadıqdan sonra futbolçunun nəinki Rusiyada, başqa ölkələrdə də yüksəlmək şansı yoxdur. Çünki onların çempionatı heç kimə lazım deyil.

Ziya Ərən (“Kayseri-Ərciyesspor”komandasının prezidenti): Cavid İmamverdiyevlə maraqlanırdıq, amma “Neftçi”nin prezidenti bizə qarşı hörmətsizlik elədi. Bu səbəbdən mən komandada olduğum müddətcə Azərbaycandan oyunçu dəvət etməyimiz mümkün deyil. Həm də azərbaycanlı oyunçular özünü doğrulda bilmir”

Draqan Mandiç (AZAL klubunun sabiq oyunçusu): Mən “Olimpik”də (hazırkı AZAL) oynayanda klubda çalışan insanlar mənim 4000 dollarımı alıb, ciblərinə qoymuşdular. Hansı ki, həmin pulları mən öz ayaqlarımla və başımla, bir sözlə zəhmətimlə qazanmışdım. Nə üçün belə etdiklərini bilmirəm. Mənim özüm üçün də qaranlıq qalmışdı. Bunun cavabını klubun o vaxtkı prezidenti Vaqif Qasımov bilir.

Çesnauskis Deividas (“Bakı”nın yarımmüdafiəçisi): “Azərbaycanda futbolun səviyyəsi o qədər də aşağı deyil, amma bununla belə, Azərbaycana gəldiyim üçün məyusam”

Ufuk Budak (Milli komandamızın və “Eskişehirspor”un müdafiəçisi): “Azərbaycandan təklif almışdım, amma menecerim dedi ki, Azərbaycana getmə”

Erdal Çelik (“Sumqayıt”ın sabiq üzvü): “Bernhard Raab mənə dedi ki, komandadan getməyini istədilər, amma sənin gedişini  mən istəməmişəm. Komandadan mənə dedilər ki, getməyini “yuxarılar” lazım bildi”

Franko Nildo (AZAL”ın hücumçusu): “Dedilər, Azərbaycanda yaxşı pul var, mən də gəldim”

Srcan Balyek (“AZAL”ın sabiq futbolçusu): “Azərbaycanda normal qazon görməmişəm”

Co Kendrik (“Neftçi”nin sabiq müdafiəçisi): “Mən “Neftçi”yə pulsuz qaldığım üçün getmişdim”

 “Qəbələ” klubunun  yarımmüdafiəçisi Luka Jinko: “Qəbələ”yə ilk növbədə yaxşı qazanc dalınca gəlmişəm”

 

Tural Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın