Menu
Geri İrəli

Azərbaycan sənayesinin inkişafında yeni mərhələ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2014 • Baxış sayı: 2,901 dəfə • Şərh yoxdur

Böyük sənaye komplekslərinin, texnoparklarin yaradılması və ixrac yönümlü sənaye məhsullarının istehsalı ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını təmin edəcək

 İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”

Heydər Əliyev, Ümummilli lider

 

Avropa və Asiya qitəsinin kəsişməsində yerləşən unikal geosiyasi və coğrafi mövqeyə malik olan Azərbaycan hələ qədim zamanlardan beynəlxalq iqtisadi və mədəni əlaqələr üçün mühüm əhəmiyyət kəsb etmişdir. Şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, cənubda İran, cənub-qərbdə Türkiyə ilə həmsərhəd olan, şərqdən isə Xəzər dənizi ilə əhatə olunan Azərbaycanın ərazisindən Mərkəzi Avropa və Şərqi Asiya ölkələrinə gedən bir sıra dünya əhəmiyyətli yollar keçir. Bu baxımdan bu gün də Azərbaycan dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında yeni formasiyanın mühüm zəruri siyasi, sosial, iqtisadi, hüquqi qanunauyğunluqları dururdu. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir cəmiyyətin davamlı sosial-iqtisadi inkişafı və yeniləşməsi, dünya birliyinə inteqrasiyası, yeni iqtisadi münasibətlərin formalaşması yalnız çoxmülkiyyətli bazar iqtisadiyyatı, azad rəqabətin üstünlük təşkil etdiyi şəraitdə mümkündür. Bazar iqtisadiy­yatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmla­kının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsəd­yönlü siyasət iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət qurucu­luğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ölkədə ardıcıl apa­rılan islahatlar 90-cı illərin birinci yarısında iqtisadiyyatda mövcud geriləməni dayan­dırmış və yeni inkişaf mərhələsinə keçidi təmin etmişdir. Azərbaycan ötən 20 illik tarixi bir dövrdə makroiqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən, demoqrafik durum, əmək ehti­yatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ətraf mühit, infra­struktur, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi, istehlak bazarı və digər komponentlər üzrə yüksək inkişaf yolu keçmişdir.

2

Son 10 ildə ölkədə sənayenin inkişafı yeni mər­hələyə qədəm qoydu

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkənin davamlı iqtisadi inkişafı təmin edilmiş, iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun dinamik inkişafına və bölgələrin iqtisadi potensialının səmərəli istifadəsinə yönəldilmiş tədbirlər həyata keçirilərək sosial-mədəni infrastruktur obyektləri yenidən qurulmuş, əmək tutumlu və rəqabət qabiliyyətli yeni istehsal və xidmət müəssisələri istifadəyə verilmiş, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam et­dirilən uğurlu siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mər­hələyə qədəm qoymuşdur. 2010-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı struktur baxımından tam modernləşmə mərhələsini yaşayır ki, bu tendensiya da birbaşa yeni iqtisadi inkişaf modelinin məntiqi nəticəsidir. Ölkəmizin milli iqtisadi inkişaf modeli bazar iqtisadiyyatı və makroiqtisadi idarəetmənin müasir strukturunun yenilənməsinə, bazar iqtisadiyyatının güclənməsinə, iqtisadi artımın sürətlənməsinə, iqtisa­diy­yatın şaxələn­diril­məsi fonunda ölkəmizin davamlı inkişafına baza yaradır.

Rəqabət qabiliyyətliliyinə görə ölkə­miz dünyada 39-cu yerdədir

Yola saldığımız 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı davam etmiş, beynəlxalq imici möhkəmlənmişdir. Davos Forumunun son açıqla­ma­sına əsasən rəqabət qabiliyyətliliyinə görə ölkə­miz dünyada 39-cu yerdədir. Azərbay­canın ilk kosmik peyki – “Azərspace-1” “İKT ili” elan edilən 2013-cü ildə fəzaya qaldırıldı ki, bu da xalqımızın, dövləti­mi­zin böyük tarixi nailiyyəti kimi dəyərləndirilir.

2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün bir sıra tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı saziş imzalan­dı, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçildi, artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada təçhizi üzrə zəruri qərarlar verilib və müqavilələr imzalanıb. Bu da çox önəmli bir hadisədir. Nəhayət, ilin sonunda – dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya Sazişi bağlanmışdır ki, bu layihə respublikamız üçün böyük tarixi nailiyyətdir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı makroiqtisadi sabit­liyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasi­yanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihə­lərinin davam etdirilməsi barədə konkret tapşırıqlar vermişdir ki, buraya 2014-cü ildə Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin icra edilməsi, Şəmkirçay Su Anbarının tikintisinin başa çatdırılması, içməli su və kanalizasiya təmina­tı­nın yaxşılaşdırılması, qaz­laş­dırma səviyyəsinin yüksəldilməsi, yol tikintisinin sürətlən­dirilməsi, sosial obyekt­lərin, Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar idman obyektlərinin tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmlən­dirilməsi və digər vəzifələr daxildir.

2014-cü ilin “Sənaye ili” adlandırılması iqtisa­diyyatın sənayeləşdirilməsi baxımından çox vacibdir

Müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilən müşavirədə, sənayenin daha da inkişaf etdirilmə­si, o cümlədən texnoparkların yaradılması sahəsində işlərin genişləndirilməsi, metallurgi­ya sənayesinin inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində konkret göstəriş­lər verən Prezident İlham Əliyev yanvarın 10-da imzaladığı Sərəncamla 2014-cü ili “Sənaye ili” elan etmiş­dir. 2014-cü ilin “Sənaye ili” adlandırılması iqtisa­diyyatın sənayeləşdirilməsi baxımından çox vacibdir. Bu isə o deməkdir ki, növbəti mərhələnin əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi təşkil edəcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endirilir, innovativ iqtisadiyyata keçid təmin edilir, bu mərhələdə həmçinin aqrar sektorun inkişafına zəmin yaradan tədbirlərə üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.

Məlum olduğu kimi, dövlət başçısının digər bir Fərmanı ilə növbəti mərhələdə ölkə­mizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır.  Hər bir ilin konkret sahənin adı ilə bağlanması, o isti­qa­mətdə ciddi tədbirlərin həyata keçirilməsi bir daha bu həqiqəti ortaya qoyur ki, hər­tərəfli inkişaf Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir.

Sevindirici haldır ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq regionlarda mühüm tədbirlər həyata keçirilib və iqtisadiyyatda bir sıra keyfiyyət göstə­ri­ci­ləri əldə olunub. Regionlarda sahibkarlıq mühitinin yaxşılaşdırıl­ması, is­teh­sal müəs­sisələrinin müasir tələblərə cavab verən texnologiya ilə təminatının həyata ke­çirilməsi və sənayenin texnoloji səviyyəsinin yüksəldilməsi, yeni sənaye müəs­sisə­lə­ri­nin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması vacib şərtlərdən biri hesab olunur.

“Şahdəniz-2”, TANAP və TAP layihələri Azərbaycanın gələcəyinə hesablanmış layihələrdir 

1Xüsusilə qeyd etmək istərdim ki, “Şahdəniz-2″ layihəsi 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” kimi Azərbaycan üçün iqtisadi və siyasi baxımdan çox vacibdir. Bu xətt üzrə təqribən 40 milyard həcmində investisiyanın cəlb edilməsi gözlənilir. Qürurverici haldır ki, dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələri Azərbaycanın gələcəyinə hesablanmış layihələrdir və bu layihələrin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyya­tına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Bir məsələni də qeyd edim ki, Azərbaycanın iqtisadi və sənaye potensialının güclən­diril­məsində mühüm rol oyna­yacaq Bakı gəmiqayırma zavodu respublikamızda həyata keçirilən ən iri infrastruktur layihələrindən biri olmaqla, Xəzəryanı ölkələrdə olan analoji müəssisələr arasında ən böyüyüdür. Qaradağ rayonunda inşa olunmuş və geniş əraziyə malik zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirəcək və ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.

2013-cü ildə Qaradağ rayonunda “AzMeCo” şirkəti illik istehsal gücü 700 min tona yaxın olan Metanol zavodunu istismara vermişdir. Bu müəsissənin istehsal etdiyi məhsulun əksəriyyəti ixrac üçün nəzərdə tutulmuşdur. Bununla belə metanol digər kimyavi məhsulların istehsalı üçün də xammal kimi istifadə olunacaq və bir sıra yeni istehsalatların yaradılmasına təkan verəcək.

Bununla yanaşı yaxın dövrlərdə Qaradağ rayonunda inşa olunacaq yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQNK) istismara verilməsi Bakı və Sumqayıt şəhərlərində yerləşən qaz emalı, neft emalı və neft-kimya sahələri üzrə müasir tələb və standartlara cavab verməyən istehsal sahələrinin istismardan çıxarılmasına gətirəcəkdir. Neft və qaz emalı zavodlarının, baza polimerlərin istehsalı planlaşdırılan nəhəng neft-kimya zavodunun inşası nəzərdə tutulmuş kompleksin konfiqurasiyasına 20-dən çox texnologiya lisenziyasının tətbiqi ilə təxminən 30 qurğu daxil olacaq. Bununla da Azərbaycanda neft və qaz emalı, həmçinin neft-kimya sahəsində dərin texniki və texnoloji irəliləyişlərə nail olunacaq, çoxlu sayda ən yeni texnologiyalar əldə ediləcək və bir çox növdə məhsul və məmulatların idxalından asılılığı aradan qaldıran geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal edilməyə başlanılacaq. Bu layihənin icrası və iri müəssisələrin şəhərdən kənarlaşdırılması ilə böyük həcmdə ərazilərin boşaldılaraq mülki və sosial-məişət təyinatlı məqsədlər üçün istifadə edilməsinə imkan yara­dılacaqdır. Həmçinin müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı formalaş­dırılacaq, yeni iş yerləri açılmaqla əhalinin məşğulluq strukturu və dolanışıq səviyyəsi keyfiyyətcə yaxşılaşdırıla­caqdır.

Sumqayıt şəhərlərində və ətraf ərazilərdə ekoloji mühitin kifayət qədər sağlamlaşdırılmasına təminat yarana­caq

Xüsusilə qeyd etmək istərdim ki, yeni sənaye mərkəzlərinin yaradılması multiplikator effekti rolunu oynayaraq, yeni sənaye və sosial infrastrukturların yaradılmasına gətirib çıxarmaqla yanaşı, respublikamızın məqsədyönlü şəkildə yürütdüyü ekoloyi siasətin tərkib hissəsi kimi də çıxış edəcəkdir.  Bununla da istər Bakı və Sumqayıt şəhərlərində, istərsə də ətraf ərazilərdə ekoloji mühitin kifayət qədər sağlamlaşdırılmasına təminat yarana­caqdır.

Azərbaycanın zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından mak­simum faydalanmağa imkan verir. Təkcə Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəs­sisələrinin, texnoparkların yaradılması üçün yetərlidir. Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində,  Bakının Qaradağ və Pi­rallahı rayonlarında müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Ümumiyətlə, Azərbay­can istər yüngül sənaye, istər ağır sənaye, istərsə də emal sənayesi baxımından geniş təcrübəyə malikdir. İqtisadiyyat və Sənaye Nazirliyinin proqnozlarına görə, qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın inkişafında xüsusi rol oynaya bilər.

Sumqayıta gəlincə isə fəxrlə deyə bilərəm ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Sumqayıtın iqtisadi xəritəsində bir çox yeni, müasir tipli sənaye ob­yekt­ləri yer almışdır. Şəhərdə tullantısız, müasir texnologiyalar əsasında inşa edilmiş «Azkom­pozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» Qida-sənaye Kom­plek­­si, “Gilan” Tekstil, yeni Elektrik stansiyası və s. istifadəyə verilmiş, «Azərboru»nun istehsalat fəaliy­yəti bərpa edilmişdir. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafının müstəsna əhəmiyyəti olan Sum­qayıt Texnologiyalar Parkının istis­mara verilməsi ölkə­mizdə elektroenergetikanın inki­şafına, onun mövcud potensialının daha da möhkəmlən­diril­mə­sinə, enerji müəssisələ­rinin yenidən qurulma­sına və müasir­ləşdirilməsinə geniş imkanlar açmışdır. Bu baxımdan Sumqayıt şəhərin­dəki sənaye zonası ərazisində zəruri infrastruk­tura və idarəetmə sisteminə malik, müasir texno­logiyaların tətbiqi yolu ilə rəqabətqa­bi­liyyətli məhsullar isteh­salı və xidmətlər göstə­rilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə fevralın 25-də Sumqayıtda Mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış yağ fabri­kinin, kağız və karton istehsalı kombinatının istis­mara verilməsi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqa­mətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilməlidir. Sumqayıt yağ fabrikinin yaradılması rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfədir. Bu qəbildən olan layihələrin reallaşması ölkəmizin ərzaq təhlü­kəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icra­sının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir. Kağız və karton istehsalı kombinatının fəaliy­yətə başlaması ilə isə kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühi­tin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayacaq, ildə yüz minlərlə şam ağa­cının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miq­darda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır.

Sənaye parklarının bir əhəmiyyəti də ondadır ki, burada istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradacaq, 10-larla yeni istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verəcəkdir.

Ümumiyyətlə, Sumqayıtdan və onun sənaye potensialından danışanda neftkimya sənayesindən söz açmamaq qeyri-mümkündür. İndi məm­nunluqla demək olar ki, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi illər oncəsi düşdüyü durğunluqdan muvəf­fə­qiyyətlə çıxmış, zəhərli və zərərli, müvafiq standartlara cavab ver­mə­yən, şəhərin ekolo­giyasına mənfi təsir göstərən bütün istehsalatlar ləğv edilmiş, səmərəli işləyə bilən isteh­salat sahələri isə yenidən qurularaq, əməkcilərin sosial-məişət şəraiti, maddi təminatı və yaşayış səviyyəsi baxımından müs­bət dönüş yaradılmışdır. Bütün bunların nəticəsidir ki, bir neçə onilliklərlə müqayisədə ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, Sumqa­yıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.

Hazırda ARDNŞ Sumqayıtda perspektivi olan mövcud qurğuların modernləşdirilməsi və optimallaşdırılması ilə yanaşı yeni istehsalatların yara­dılması işləri həyata keçirir. Artıq son illərdə geniş tələbat duyulan plastik məmulatlar  istehsalının əsas bazası olan illik 200 min ton gücə malik polipropilen və illik 100 min ton gücə malik yüksək sıxlıqlı polietilen istehsalatlarının tikintisinə başlanılmışdır.

Bundan başqa “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq Sumqayitda  Karbamid zavodunun tikintisinə baş­la­nmışdır. Zavodda ildə  650 min ton kənd təsərrufatı üçün mühüm əhəmiyyətə malik azot gübrəsinin istehsalı nəzərdə tutulub. Ölkədaxili təlabat ödənildikdən sonra bu məhsulun da bir hissəsinin ixrac olunması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi respublikamızda daha bir sahənin – qaz kimyası sənayesinin inkişafına gətirib çıxaracaq. Yaradılacaq istehsalatlar ən yeni və təbiətə ziyan verməyən texnologiyalar əsasında qurulacaq.

İftixar hissi ilə demək olar ki, yaxın gələcəkdə Sumqayıt böyük sənaye mər­kəzi olmaqla, həm Azərbaycanın, həm də regionun ən böyük sənaye mərkəzinə və ekoloji cəhətdən təmiz şəhərlərindən birinə çevriləcəkdir.

Ümumilikdə yuxarıda sadalanan faktlar və həyata keçirilən tədbirlərin məntiqi nəti­cəsi kimi, XXI əsrin ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə yeni bir inkişaf mərhələsi kimi qiymət­ləndirmək olar. Əminliklə deyə bilərəm ki,  biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhər­ciklərinin, biznes-inku­batorların yaradılması, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin güclən­di­ril­məsi, beynəlxalq qurumlarla işgüzar əlaqələrin inkişaf etdirilməsi, yüksək texnolo­gi­ya­ya əsaslanan iqtisadiyyatın formalaşması yolu ilə sahibkarlığın və regionların inki­şafının daha da sürətləndirilməsi respubli­kamızı qarşıdakı onillikdə də dünya miqyasında siyasi, iqtisadi, sosial, maliyyə gücünə görə önəmli strateji mövqeyə malik ölkəyə çevirəcəkdir.

Bu isə o deməkdir ki, əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması, içməli su və kana­li­zasiya sisteminin yenidən qurulması, həmçinin regionların infrastrukturlarının inşası kimi lokal layihələrinin icrası ilə bərabər, ölkənin ixrac po­ten­sialının inkişaf etdiril­məsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxa­rılması, bu­nun üçün əlve­rişli şəraitin yara­dılması, ölkə iqtisadiyyatının dünya iqtisa­diy­yatına səmə­rəli inteqrasi­yasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qar­şıdakı illərdə də prioritet istiqamətlərdən olacaqdır.

Yazımı möhtərəm Rrezidentimiz İlham Əliyevin aşağıdakı sözləri  ilə yekunlaşdırmaq istəyirəm: “Bu gün Azərbaycan iqtisa­diy­yatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahat­lardan ölkəmizin sənayeləş­məsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azər­baycanda yara­dılmış və yaranmaqda olan müasir, dünya standartlarına cavab verən sənaye müəs­sisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.”

 Muxtar Babayev,

Milli Məclisin deputatı

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın