Menu
Geri İrəli

Bir dəfə əkirsən, yüz il məhsul verir – BU BİTKİ BİZƏ MİLYONLAR QAZANDIRA BİLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 616 dəfə • Şərh yoxdur

cayProqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq. Buna nail olunub-olunmayacağını zaman göstərəcək. Əsas sual doğuran çayçılığın indiki vəziyyətidir.

Bir zamanlar çayçılıq

Çay sudan sonra ikinci məşhur içkidir. Statistikaya əsasən, planet sakinləri hər gün təxminən üç milyard fincan müxtəlif növdə çay içirlər. Bu baxımdan çay biznesi gəlirli, həm də müəyyən dərəcədə dəbdə olan məşğuliyyət hesab edilir. 2005-2014-cü illərdə dünyada çayın əkin sahəsinin 803 min 602 hektar, istehsalın isə 1 milyon 711 min 510 ton artması bunu təsdiqləyir. Bəs çay bazarı kimdədir? Təbii ki, Çində.

Hazırda Çin çay istehsalında 36,2 faizlik göstərici ilə dünyada liderdir. İkinci sırada Hindistan yer alır. Şri-Lankanın (Seylon) payına isə 9-10 faiz düşür. İstehsalçılar sırasında Vyetnam və İndoneziya da önəmli yer tutur.

Azərbaycanda çay istehsalının bu ölkələrin sahib olduqları məhsuldarlığa çatması yüzilliklər tələb edir. Lakin bir zamanlar bizdə də çayçılıq əsas inkişaf etmiş sahə hesab olunurdu. İstehsal həcminə görə, respublika Qafqazda Gürcüstandan (Kolxida düzündə) sonra II yerdə dayanırdı. Çay əsasən Lənkəran, Astara, Masallı. qismən də Zaqatalada əkilirdi. İlk çay fabriki isə Lənkəranda qurulmuşdu – 1937-ci ildə. Bundan sonra çayın kütləvi istehsalı prosesi başlandı. Belə ki, 1980-ci illərdə artıq ölkədə 16 çay fabriki işləyirdi. Çayçılığın ən çox inkişaf etdiyi həmin dövrdə çay plantasiyalarının ümumi sahəsi 13,4 min ha, məhsul istehsalı 34,5 min ton idi. Bu isə o deməkdir ki, bir hektardan alınan məhsul 48 sentnerə çatırdı.

1985-87-ci illərdə ümumi tələbatın təxminən 65-70%-i daxili istehsal hesabına ödənilirdi. Nəzərə alsaq ki, hazırda qara çaya olan tələbatın əksər hissəsi ixrac sayəsində qarşılanır doğurdan da bu sektorda itirdiklərimiz var. Bu barədə bir qədər sonra…

Çayçılığın inkişafı

Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində göstərir. Belə ki, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici çay istehsalının 91 faizini təşkil edən Lənkəran iqtisadi bölgəsində qeydə alınıb. Əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma baş verib. Düzdür, son illər çayçılığın keçmiş nüfuzunun bərpası istiqamətində addımlar atılıb. Məsələn, Lənkəranda 566 hektar çay plantasiyası salınıb. Bunun 454,4 hektarı fermer və sahibkarlar tərəfindən salınmış yeni çay sahələr olub. Ancaq eksper rəylərinə əsasən, çayçılıq kənd təsərrüfatının ən ağır sahələrindən biridir. Bu sahə ancaq 8 ildən sonra bar verməyə başlayır, 10 ildən sonra da normal məhsuldarlıq əldə olunur. Nəzərə çatdıraq ki, çay generativ (toxumla) və vegetativ (qələmlə, ayırmalarla və s.) üsullarla çoxaldılır. Ümumiyyətlə çay bitkisinin inkişafı və onun məhsuldarlığı yerdən və çay plantasiyasının salınma üsulundan aslıdır. Çay kolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilir. Ona görə də çay plantasiyaları düzgün salınmalı və bitkinin tələbatına uyğun olmalıdır. Mütəxəssis rəyinə görə, çay plantasiyası salarkən hökmən torpağın reaksiyasını (pH) təyin etmək lazımdır. Çay altına yalnız o torpaqlar yararlı sayılır ki, onların 80-100 sm dərinliyə qədər pH-4-6.5 və qurunt sularının səviyyəsi 100 sm-dən aşağı olsun.

Çay istehsalı rəqəmlərdə

Kənd təsərrüfatı statistikası da maraqlı rəqəmlər ortaya qoyur. Məsələn, 2013-də 567,5 ton, 2014-cü ildə 459,2 ton, 2015-ci ildə 578,9 ton, 2016-cı ildə isə 1015,7 ton (75,4 faiz çox) yaşıl çay yarpağı götürülüb. Deməli, məhsuldarlıq artıb. Ancaq, çay yarpaqlarının yığımının artmasına baxmayaraq, idxal da çoxalıb. 2015-ci ildə 6 178.82 ton (16 319.88 min dollar), 2016-cı ildə 12 609.50 min ton (44 734.35 min dollar) dəyərində çay gətirilib. İxaraca gəlincə, 2015-ci ildə 4 287.53 ton (19 501.53 min dollar) çay ixrac olunub. 2016-cı ildə 1 137.70 ton (6 178.82 min dollar) ixrac realaşdırılıb.

Sənaye məhsullarının ən mühüm növlərinin natura ifadəsində istehsalında da rəqəmlər azalıb. Məsələn, 2011-ci ildə 11, o min ton, 2012-ci ildə 10,7 min ton, 2013-cü ildə 7, 7 ton, 2014-cü ildə 8,0 min ton, 2015-ci ildə 6,2 min ton təbii çay istehsal edilib. Göründüyü kimi, rəqəmlər o qədər dolaşıqdır ki, çayçlığın inkişaf etdiyini, yoxsa yerində saydığını söyləmək olmur.

Başqa tərəfdən, Statistika Komitəsinin rəqəmlərinə inansaq, Azərbaycanda bir nəfərə çay istehlakının həcmi 2013-cü ildə 1,2 kq olub. Bu, 2009-2010-cu illərdəkindən 0,2 kq azdır. Orta hesabla isə ölkədə hər il 15,8 min ton çay içilir. Bizdə isə natura ifadəsində 6,2 min ton təbii çay istehsal edilib.

Deməli, daxili tələbatın 70 faizi idxal hesabına ödənilir.

Xaricə çay satmaqda maraqlı olanlar

Yerli istehsal müəssisələri bazarın tələbatını ödəməkdənsə, xaricə çay satmağa daha meyillidirlər. Məsələn, “Azersun Holding”in prezidenti Abdulbari Goozal mətbuat konftanslarından birində istehsal etdikləri çay məhsullarını ixraca yönəltməkdə daha maraqlı olduğunu etiraf etmişdi. Onu da bildirmişdi ki, holdinqin çayları Rusiya bazarında daha məşhurdular.

Doğurdan da Azərbaycan çayları müəyyən ətirləndirici əlavələrlə qonşu ölkələrin bazarlarında yaxşı qiymətə satılır. Söhbət 1 kiloqram çayın 60-100 manat arasında dəyişməsindən gedir. Belə halda 70 milyonluq əhalisi olan Türkiyə, eləcə də Rusiya bazarı niyə də maraqlı olmasın? Bunu nəzərə alsaq, çayçılığın inkişafı ölkənin gəlirlərinin artmasında da rol oynaya bilər.

Ən çox çay istehlak edən ölkələr

Ən yaxşı bazar Türkiyə ola bilər. Statistika göstərir ki, Türkiyədə əhali daha çox çay istehlak edir. Rəqəmlərə nəzər yetirək:

Türkiyə – 9,87 kq

Mərakeş – 4,34 kq

İrlandiya – 3,22 kq

Böyük Britaniya – 2,77 kq

Ərəb Əmirlikləri -1,89 kq

Küveyt – 1,61 kq

Qətər – 1.60 kq

Qazaxıstan – 1,54 kq

Rusiya – 1,21 kq

Gürcüstan – 0,95 kq

Özbəkistan – 0,86 kq

Türkmənistan – 0,82 kq

Ukrayna – 0,58 kq

Göründüyü kimi, hazırda çayçılıq daxili tələbatı ödəməsə də, qəbul edilən qərarlar sayəsində sektoru inkişaf etdirib qonşu bazarları ələ almaq olar./publika.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın