Menu
Geri İrəli

Dolların məzənnəsi 1,63 manatı ötdü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2016 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

merkezi-bankMərkəzi Bankın “üzən məzənnə”dən imtinası mümkündürmü?

Mərkəzi Bankın (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi gözlənilir. “Report”un analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik edilməsi ilə izah oluna bilər. 

 Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 milyon dollar çıxarıldığı da müşahidə olunub.
Qeyd edək ki, fevralın 24-də “Brent” markalı neftin qiyməti 33 dollar/barel təşkil edib. Martın 9-da isə “Brent” nefti 40 dollara satılır ki, bu da fevralın 24-nə nisbətən 21 faiz çoxdur. Məhz fevralın 24-dən etibarən AMB-nin məzənnə siyasətini dəyişdirməsindən sonra daxili bazarda dollara tələbat artıb və bəzi günlərdə hərraca təklif olunan məbləği bir neçə dəfə üstələyib.
Hazırda AMB yeni valyuta siyasətini davam etdirir və bu gün də hərraca Dövlət Neft Fondu AMB vasitəsilə 50 mln. dollar çıxarıb. Bugünkü hərracda tələbat təklifdən bir neçə dəfə artıq olub və nəticədə, növbəti gün üçün rəsmi məzənnənin 1,6309 AZN/USD olacağı gözlənilir (bu gün 1,6228 AZN/USD-dir).
 
Bu arada, Mərkəzi Bank martın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Bankdan musavat.com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 10-na 1,6315 səviyyəsində müəyyən olunub…
Bildirilir ki, manatın məzənnəsinin möhkəmlənməsi dövründə istədiyi effektə nail ola bilməyən AMB valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb: “Aydın olub ki, ”üzən məzənnə” rejimi Azərbaycan reallıqlarına uyğun deyil. Çünki insanlar gələcəkdə manatın məzənnəsinin proqnozlaşdıra bilmədiklərindən xarici valyutada vəsaitlərini qorumağa çalışır. Bu da real iqtisadiyyatın inkişafına mane olur. Manata inamın geri dönməsinin yeganə yolu isə AZN/USD məzənnəsinin sabitləşdirilməsidir. Bu zaman xarici valyutada yığımların manata geri dönəcəyi və banklara yatırılacağı şübhəsizdir. Nəticədə banklar da manatla kreditləşməni bərpa edə bilər ki, bu da öz növbəsində iqtisadi artımı sürətləndirər”.
 
Analitik qrup dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür: “AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı ehtimal edilir. Belə olarsa, artıq 2016-cı ilin ikinci yarısında ÜDM-də ciddi artım gözləmək olar”.
 
Ekspertlərin bu fikirlərə münasibəti birmənalı deyil. Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, hökumətin “üzən məzənnə”dən imtina etməsi real deyil: “Çünki ”üzən məzənnə” siyasəti ən azından manatın dəyər itirməsi prosesində hökumət üçün hansısa prosesi arqumentləşdirmə ehtiyacı yaranır. Digər məsələ ondan ibarətdir ki, hökumətin hazırda məzənnəni sabit saxlama imkanları kifayət qədər məhduddur. Bu il ölkədə valyuta bazarı iştirakçılarının – əsas iki tərəfin, Mərkəzi Bank və Dövlət Neft Fondunun imkanları kifayət qədər məhduddur. Dövlət Neft Fondu ən yaxşı halda 4,8 milyard manat bazara çıxarmalıdır ki, artıq təxminən 800 milyonunu çıxarıb. Mərkəzi Bankın da ehtiyatları 4 milyard həddindədir ki, bu da minimum hədd hesab edilə bilər. Buradan Mərkəzi Bank ən yaxşı halda 25-30 faiz ətrafında bu vəsaitdən istifadə edə bilər. Bu il bu imkanlar isə düşünürəm ki, manatın məzənnəsini qoruyub saxlamağa şərait yaratmır. Burada faktorlardan biri də ölkəyə göndərilən pullarla bağlıdır. Miqrantların daha çox, təxminən 70 faizi Rusiyada məskunlaşır. Təxminən 85 faiz MDB ölkələrində məskunlaşır. Bu dalğa, böhran dalğası ölkələrə yayıldığı üçün pulların həcmində elə ciddi artım gözlənilmir. Əksinə, azalma baş verir. Yəni ixraca qaldıqda isə qeyri-neft ixracı imkanları kifayət qədər məhduddur və düşünmürəm ki, 2016-cı ildə hansısa fövqəladə hal baş verəcək, yerli istehsal qısa müddət ərzində rəqabət qabiliyyətini artıracaq və eyni zamanda gömrük islahatları imkan verəcək ki, ölkəyə kifayət qədər valyuta gəlsin. Burada, sadəcə, iki alətdən istifadə oluna bilər. Biri Neft Fondunun vəsaitlərinin bir qisminin ölkəyə gətirilməsidir. Əslində bu vəsaitlərin ölkəyə manatın məzənnəsinin sabitliyinə xidmətinin təmin edilməsi, ikincisi isə xarici borclanmadır. Xarici borclanma ilə bağlı artıq hökumət bir neçə dəfədir münasibətini ortaya qoyub ki, belə bir ehtiyac görmürük. Qeyri-rəsmi formada məlum olur ki, əslində müəyyən danışıqlar gedir. İkincisi isə Neft Fondunun vəsaitlərinin gətirilməsində də hökumət müəyyən qədər ehtiyatlı davranır. O vəsaitlərin ölkəyə gələcəyi təqdirdə, manatın məzənnəsinin qorunub saxlanması istiqamətində sərf olunması da doğru olmaz. Amma onları hansısa formada banklarda yerləşdirməklə bankların bazara valyuta dəstəyini mümkün qədər artırmaq olar. Bu özü bazarda manatın məzənnəsi istiqamətində sabitliyə müəyyən təsir göstərə bilər. Burada ciddi faktorlar yoxdur ki, bu hökumətə əsas və imkan versin manatı sabit saxlasın. Bu baxından, çətin ki, hökumət “üzən məzənnə” siyasətindən imtina etsin”.
Ekspert Fikrət Yusifovun sözlərinə görə isə Mərkəzi Bankın manatın dəyərinin üzən məzənnə ilə müəyyən olunması qaydasından imtina edəcəyinə dair yayılmış fikirlərdə heç bir məntiqi əsas görünmür: “Baş bank bunu nə üçün etməlidir? Onsuz da bizdəki ”üzən məzənnə” idarə olunan üzən məzənnədir. Bu, o deməkdir ki, Mərkəzi Bank bütün zəruri hallarda valyuta bazarına müdaxilə etmək imkanlarını özündə saxlayır. Əgər belədirsə, onda “üzən məzənnə”dən imtinanın səbəbi və məqsədi nə ola bilər? Əksinə, yaxın illərdə manatın məzənnəsini daha da sərbəst buraxmaq vəzifələri qarşıda durmalıdır. Bu halda Mərkəzi Bankın belə bir addım atacağına inanmıram. Digər tərəfdən də unutmayaq ki, son 40 gün ərzində dünya bazarlarında neftin qiyməti 43 faizə qədər yüksəlib və real görünən budur ki, qiymətlərdəki bu tendensiya bundan sonra da davam edəcəkdir. Belə olan halda isə ölkəyə valyuta axını çoxalacaq. Bir sözlə, bütün konturlar bu fikrin əsassız olduğunu deyir”.
Röya RƏFİYEVA
Facebook Şərhləndirmə:

Şərhinizi yazın