Menu
Geri İrəli

“Bu “neqodyay” Jirinovskini tanıyırsan da?”

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2013 • Baxış sayı: 440 dəfə • Şərh yoxdur
Share Button

ziyaLent.az saytının  “Olanlar” Layihəsini təqdim edirik: 

 1993-cü ilin yayı – avqust ayı idi.  Erməni-faşist təbliğatına qarşı ideoloji mübarizə məqsədilə bir-neçə ay əvvəl yaradılan “Bakinets” qəzetinin növbəti nömrəsini çapa hazırlayırdıq.  İlk nömrələri 20 mindən artıq tirajla nəşr edilərək, əksər MDB ölkələri ilə yanaşı ABŞ, İsrail, Bolqarıstan, Kanada və Monqolustanın rusdilli oxucuları arasında AZAL-ın və Xəzər Gəmiçiliyi İdarəsinin köməkliyi ilə yayılan qəzetə xalqımızın vətənsevər oğullarından biri, Sumqayıtın “Məişət kimyası”  zavoduna rəhbərlik edən, döyüşçülərimizə daim hərtərəfli yardım göstərən, uşaqlıq illəri Şuşada, Cıdır düzündə keçmiş Ucal Qasımzadə himayədarlıq edirdi.

 “Bakinets”-in antierməni xarakterli olması Moskvada bəzi ermənipərəst dairələrin, o cümlədən “Novıy mir” jurnalının kəskin reaksiyasına səbəb olmuşdu. Qəzetimizdə əsas etibarilə qeyri-azərbaycanlı müəlliflərin, o cümlədən görkəmli tarixçi və yazıçıların – gürcü İlya Çavçavadzenin, rus Nikolay Şavrovun, fransız Jorj de Malevilin, Bakı ermənisi, fizika-riyaziyyat elmləri namizədi, daşnakların qatı düşməni Robert Arakelovun və digərlərinin ermənilərin mənfur niyyətlərini, iblis xarakterini ifşa edən yazıları ilə yanaşı vətənpərvərlik nümunəsi olaraq Qarabağda torpaqlarımız uğrunda qəhrəmanlıqla vuruşmuş igid döyüşçülərimiz haqda məqalələr yerləşdirilir, eyni zamanda şəhər və kəndlərimizin işğala məruz qaldığı bir zamanda bəzi imkanlı adamların Orduya silah-sursat, top-tüfəng almaqda kömək etmək əvəzinə “mən salim olum, cümlə cahan batsa da, batsın” düşüncəsi ilə xalqı talaması, Bakı və ətraf kəndlərdə, bağ yerlərində topdağıtmaz evlər, qəsrlər ucaldıb onların içərisində xalqdan və ermənilərdən gizlənməyə çalışan bəzi nankorların xalqımıza elə düşmən kimi ziyan vurmaları kəskinliklə tənqid olunurdu.

***

 …Telefon zəngi çalındı, dəstəyi götürdüm. Ötkəm səslə rusca danışan, ziyalı olduğu hiss edilən adam:

 - Zdravstvuyte, eto qazeta “Bakinets”? – soruşaraq, “mne qlavnoqo redaktora, pojaluysta” dedi.

 - Ya vas sluşayu, – dedim.

 Yəqin ki, “Bakinets” qəzetinin redaktorunun rusdilli bir jurnalist olduğunu düşünərək, bir qədər əvvəl rusca  danışan adam birdən azərbaycanca:

 - Orxan müəllim (adımı bilmədiyindən, mənə qəzetdə təqdim olunan təxəllüsümlə müraciət etdi), danışan Ziyadır, – dedikdə bir anlığa çaşdım.

Bu adda dost-tanışımın olduğunu xatırlamayaraq, eyni zamanda səsin qətiyyətli, özünə inamlı bir adama məxsus olduğunu diqqətdən yayındırmadan, eyni zamanda ehtimalıma o qədər də inanmayaq, tərəddüd içərisində soruşdum:

 - Ziya müəllim, sizsiniz? Akademik Ziya Bünyadov?

 “Bəli, mənəm” dedikdə, doğrusu, inana bilmədim. Axı, belə bir məşhur adam – görkəmli akademik, böyük bir Elmi-tədqiqat İnstitutunun direktoru, Azərbaycanın Əməkdar elm xadimi və, nəhayət, Sovet İttifaqı Qəhrəmanı, mənim fikrimcə, əvvəlcə köməkçisi vasitəsilə əlaqə saxlayıb, danışa bilərdi. Azərbaycana, xalqımıza baş ucalığı gətirmiş belə bir nüfuzlu şəxsiyyətin redaksiyamıza, mənə zəng etməsindən yaranmış məmnunluq dolu bir çaşqınlıqla, lakin ehtiramla dedim:

 -  Eşidirəm Sizi, Ziya müəllim…

 - “Bakinets”i oxuyuram, cəsarətli qəzetdir. Ermənilərin ifşa edən, onların iç üzünü açan yaxşı yazılar, tarixi materiallar verirsiniz. Özümüzünkülərə də sözünüzü deməkdən çəkinmirsiz. Sağ olun! Belə də davam edin…

 Doğrusu, akademik Ziya Bünyadov tərəfindən deyilərək, yenicə ayaq tutmağa başlayan, cəmisi 5-6 nömrəsi işıq üzü görmüş bir qəzetin yox, hər hansı bir “titullu” qəzetin də redaktoru üçün iftixar doğura biləcək bu fikirləri eşitmək gözlənilməz olduğu qədər də xoş və sevindirici idi. Həm də nəinki bu xoş sözləri eşitmək, hətta bütün ömrünü erməni şovinistlərinin öz mənafeləri naminə tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını dünya tarixinin dərinliklərindən arayıb, aşkara çıxardığı danılmaz elmi dəlil-sübutlarla qətiyyətlə alan,  SSRİ-də və xarici ölkələrdə keşirilən elmi tədbirlərdə erməni saxtakarlıqlarını ifşa edərək, Azərbaycan dövlətciliyi ilə bağlı tarixi həqiqətlərin olduğu kimi qəbul edilməsinə prinsipiallıqla nail olan görkəmli bir tədqiqatçı alimin erməni ideologiyasına qarşı mübarizə aparan bizim qəzeti oxuması faktının özü məmnunluq doğururdu.  Məhz Ziya Bünyadov ermənilərin və ermənipərəst M.Qorbaçovun sifarişi ilə Azərbaycana tarixi dəllallıq etmək üçün gələn, arvadı erməni fahişəsi olan A.Saxarova elmi fikrini vətənpərvər bir azərbaycanlı alim kimi cəsarətlə, kəskinliklə deyərək, onun Dağlıq Qarabağla əlaqədar marionetka təklifini rədd etmiş və özünəməxsus xarakterdə onu bərk acılamışdı.

 …Telefon danışığını davam etdirərək:

 - Sən bu “neqodyay” Jirinovskini tanıyırsan da… – dedi. – O yenə də başlayıb sarsaqlamağa, ağzına gələni danışmağa. İsrailin “Alef” jurnalına verdiyi intervüdə Azərbaycana qarşı yenə də aqressiv fikirlər səsləndirib.

Doğrusu, həmin jurnalı mən təsadüfən yalnız bir dəfə görmüşdüm. Ancaq Ziya müəllim Şərqşünaslıq İnstitutunun direktoru kimi, yəqin ki, “Alef”in hər nömrəsini nəinki alır, həm də onu diqqətlə oxuyur və bir şərq ölkəsi kimi İsrailin ictimai-siyasi həyatı barədə bəzi lazımi məlumatlar əldə edirdi.

- Türk dünyasına həmişə azğınlıqla, qaniçənliklə yanaşan bu alçağa cavab hazırlamışam. İstəyirəm ki, sizin qəzetdə verilsin. Bilirəm ki,  “Bakinets”i  Rusiyada, Moskvada da yayırsınız. Qoy bu sarsağın özü də oxusun, – deyə redaksiyamıza zəng vurmasının əsas səbəbini bildirdi və soruşdu. – Olarmı?

 - Əlbəttə ki, olar, Ziya müəllim, – dedim. – Sizin məqalənizin “Bakinets”də verilməsi bizim üçün böyük şərəfdir. Həm də ki bu, başlıca məqsədi, məramı Azərbaycanın düşmənlərinə qarşı ideoloji mübarizə aparmaq olan kollektivimizin bilavasitə işi və borcudur.

O, məqaləni kiminləsə göndərəcəyini bildirəndə, yaranmış məqamın mənimçün o böyük şəxsiyyətlə yeganə, həm də “göydəndüşmə” görüşmək şansı olduğunu düşünərək, dedim:

- Ziya müəllim, Siz narahat olmayın, icazənizlə mən özüm gələrəm məqaləni götürmək üçün.

 Mənə “əziyyət” vermək istəmədiyini deyərək, etiraz etsə də, çətinliklə də olsa, razı sala bildim.

Əvvəllər heç vaxt onun direktoru olduğu Şərqşünaslıq İnstitutunda olmadığımdan, bu mühüm elmi-tədqiqat mərkəzinin ayrıca bir binada yerləşdiyini düşünürdüm. Bu səbəbdən də İnstitutu Akademiya şəhərciyində axtararaq, bir qədər vaxt itirməli oldum. Yaşlı bir adam Ziya müəllimin İnstitutunun ayrıca binada yox, Akademiyanın binasında yerləşdiyini dedi.

Mən qəbul otağına qalxıb özümü təqdim etdim. Referent xanım dərhal bildirdi ki, buyurub keçə bilərsiniz.

 - “Bəlkə məlumat verəsiniz, sonra?” – deyə mən etiketi gözləmək istədikdə referent:

 - Yox, yox, Ziya müəllim sizi gözləyir, buyurun, – dedi.

 İlk dəfə görüşməyimizə, II Dünya müharibəsi iştirakçısı olmuş atamla həmyaşıd olmasına və mənim etirazıma baxmayaraq, ayağa qalxıb, irəli gələrək, ehtiramla görüşüb-salamlaşdı. Çay gətirtdi. Qəzetimizin yaranma tarixi ilə maraqlanaraq, yenə də xoş sözlər söylədi. V.Jirinovski və yazdığı məqalə barədə qısa məlumat verdi. Hiddətini gizlətməyərək bildirdi ki, bu azğınlaşmış, faşist kimi qəddarlaşmış alçaq “Alef”ə müsahibəsində deyib ki, lazım gələrsə, Rusiya Bakını bombalamaqdan da çəkinməyəcək və onda Bakının yerində dərin bir “voronka” (konusvari quyu) qalacaq. Rusiyanı öz nefti, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzinlə Almaniyaya məğlub olmaqdan, faşizmin köləsinə çevrilməkdən xilas etmiş Azərbaycan, onun paytaxtı Bakı haqqında, gör, bu vicdansız hansı istəklərdədir. Güllələnməli əclafdır.

Hiss edirdim ki, əgər Ziya müəllim cavan olsaydı, bəlkə də Moskvaya gedərək, Yirinovskini tapıb, elə rusların gözünün qarşısındaca onu güllələyib, it kimi gəbərdərdi…

Xudahafizləşərkən Ziya müəllimə qəzetimizə göstərdiyi diqqət və marağa görə redaksiyamızın kollektivi adından minnətdarlıq ifadə edərək, “Bakinets”in tarixi materiallarla bağlı elmi məsləhətçiyə ehtiyacı olduğunu bildirdim və mümkün olardısa, bu məsələdə bizə köməklik etməsini xahiş etdim. “Məmnuniyyətlə, sizin qəzet üçün hər zaman hazıram”, – dedi.

 Xalqımızın belə bir görkəmli, qəhrəman oğlu ilə ilk görüşümün xoş təsiri altında redaksiyaya qayıtdım. Məqaləni oxuyub, tanış olmaq üçün qəzetimizin o vaxtkı redaktor müavini, 35 ildən artıq “Vışka” qəzetində şöbə müdiri, məsul katib vəzifələrində çalışmış təcrübəlı jurnalist, müharibə veteranı Vasili Zaytsevə verdim. Məqalə ilə diqqətlə tanış olduqdan sonra Basili Mixayloviç gülə-gülə məndən soruşdu ki, sən özün bu məqaləni oxumusan?

     – Nə olub ki? – deyə təəccübləndim.

 Yenə gülə-gülə dedi ki, burda elə təhqiramiz, qatı söyüş ifadələri var ki, onları bu şəkildə qəzetdə vermək olmaz. Doğrudan da, Ziya müəllim məqalənin bir-neçə yerində hiddətini gizlədə bilməyərək, söyüşəbənzər ifadələr işlətmişdi. Əgər bunu hər hansı bir başqa müəllif etsəydi, bir redaktor kimi məsuliyyəti üzərimə götürərək, müvafiq dəyişikliklər edə bilərdim, ancaq Ziya müəllimlə belə məsələdə razılaşmamaq yolverilməz idi. Ancaq bununla bağlı akademikə zəng edib, hansısa bir dəyişiklik etməsini xahiş etməyin də düzgün olmadığını düşünərək, V.Zaytsevdən hər şeyi olduğu kimi saxlamağı, heç bir dəyişiklik etməməsini xahiş etdim. Əlbəttə, redaktor kimi son söz mənim idi, ancaq yaşlı kolleqam Ziya müəllimin bu cür “nesenzurnı” ifadələr işlətməsinin səbəbini məqaləni çox əsəbi halda (təbii ki, bu belə idi, əks halda heç məqaləyə ehtiyac olmazdı) yazması ilə izah edərək, düzəliş təklifimizdən inciməyəcəyini söyləyərək, israrla ona zəng etməyimi məsləhət gördü. Razılaşmadım. Məni Vasili Mixayloviçin məsləhətini qəbul etməyə, belə bir addımı atmağa qoymayan həm də Ziya müəllimin “Bakinets” haqqında xoş sözlər dedikdən, onu cəsarətli qəzet adlandırdıqdan sonra bu cür qətiyyətsizliyə yol verərək, onun yanında birdəfəlik hörmətdən düşə biləcəyimiz təhlükəsi idi. Daha çox isə ondan ehtiyat edirdim ki, xalqımızın ünvanına hər cür hərzə-hədyan danışaraq, hətta Bakını bombalamaq xülyası ilə yaşayan, bunu açıq-aşkar dilə gətirən bir alçaq şovinistə, faşistə layiq olduğu ifadələri işlətməyə çəkindiyimizə görə bizdən incisin və məqalənin çapına icazə verməyib, onu geri götürsün.

V.Zaytsev məni inandırmağa çalışırdı ki, “burda narahat olmalı heç bir şey yoxdur, istəyirsinizsə, mən özüm danışım Ziya müəllimlə”.

Nəhayət ki, razılaşmalı oldum, ancaq bir mühüm şərtlə. Vasili Mixayloviçə dedim ki, əgər Ziya müəllim təklifimizi qəbul etməyib, məqaləsini geri götürəsi olsa, Siz işdən çıxmaq haqqında ərizənizi yazmalı olacaqsınız. Belə də razılaşdıq və mən bu şərt daxilində akademikə zəng etdim.

- Hansı sözlərdir sizi narahat eləyən? – deyə, gözlədiyimin əksinə olaraq, sakit tərzdə soruşdu.

 Altından qara xətt çəkdiyimiz sözləri diqqətə çatdırdıqda gülərək dedi:

 - Orxan müəllim, bu sözlər ruslar üçün, o alçaq üçün “ağrın alım”, “əzizim”, “qadan alım” kimi olan sözlərdir. Onlar cöyüş deyil ki, rus mujikinin leksikonunda ən ədəbi, mədəni sözlərdir. Elə də verin getsin.

 Ziya müəllim yalnız bir “ifadə”ni bizim ixtiyarımıza buraxdı: “Saxlamaq da olar, dəyişmək də. Özünüz bilərsiniz.”

Beləliklə, V.Zaytsev işdən çıxmaq haqqında ərizə yazmalı olmadı.

 Növbəti nömrə çap olunduqdan sonra Ziya müəllimlə zəngləşib, qəzetdən bir-neçə nüsxə götürərək, onun görüşünə getdim. Qəzetdəki yazıları diqqətlə nəzərdən keçirdi, məqaləsinə görə təşəkkür etdi. Əslində biz ona minnətdar idik ki, bizə məlum olmayan bir acınacaqlı faktı diqqətimizə çatdıraraq, ona operativ olaraq, həm də kəskinliklə, özünün akademik səviyyəsində cavab vermişdi.

Həmin gün Ziya müəllimlə çox təbii olaraq, xalqımızın dahi oğlu, böyük xilaskarı Heydər Əliyevlə, onun xalq qarşısında xidmətləri barədə çox geniş söhbətimiz də oldu. Mən “Vışka” qəzetində işləyərkən, Ulu öndər Moskvada vəzifədən uzaqlaşdırıldığı vaxtlarda,  sonralar isə

- Elçibəyin hakimiyyətsizliyi, İsa bəylərin, İsgəndər Həmidov kimilərin hökmranlığı dövründə “Bakinets” qəzetində Heydər Əliyevə rəğbətimin açıq-aşkar hiss olunduğu bir-neçə məqalə verdiyim barədə Ziya müəllimə məlumat verərək, qəzetimizin “On vernulsya” başlığı altında” Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını alqışlayan nüsxəsini ona təqdim etdim.

 Vaxtilə – 1981-ci ildə məhz Ulu öndərin onu Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin etdiyini, lakin bəzi naqis adamların Heydər Əliyevin onunla münasibətində gərginlik yaratmağa çalışdıqlarını təəssüflə yada salan Ziya müəllim, Ulu öndərin həqiqətən dahi və müdrik bir şəxsiyyət, xalqımızın əsl lideri, xilaskarı, doğma Azərbaycanımızı bütün varlığı ilə sevən böyük bir vətənpərvər olduğunu söylədi.

 Ziya müəllim Heydər Əliyevlə 1991-ci ilin mayında Naxçıvandakı görüşündən səmimiyyətlə söhbət açaraq, dahi rəhbərin geniş, humanist bir qəlbə malik olduğunu diqqətə çatdırdı.

 - Mən həmin il mayın 6-dan Naxçıvanda idim, – deyə akademik maraqlı bir əhvalat danışdı. — Bəzilərinin hansı məqsədləsə bizim aramızı vurmağa çalışmasına və bəzən də buna nail olmalarına baxmayaraq, mayın 7-də Naxçıvan Ali Məclisinə gedərək, onunla görüşmək istədim. Referentindən xahiş etdim ki, mənim gəlişim barədə Heydər Əliyevə məlumat versin. Düzü, məni qəbul etməyəcəyinə, ordan məyus qayıdacağıma da hazır idim.  Referent içəri keçdi və mən onun cavabını gözləyirdim ki, birdən qapılar taybatay açıldı. Gözlədiyimin əksinə olaraq, Heydər Əliyev qollarını geniş açaraq, məni bərk-bərk qucaqladı və ehtiramla kabinetinə dəvət etdi. Xeyli söhbətimiz oldu. Dedi ki, Ziya müəllim, mən bura bir çoxlarının – bir vaxtlar vəzifə, səlahiyyət  verdiyim nankor adamların mənimlə görüşə gələcəklərini güman etsəm də, Sizin gələ biləcəyinizi qətiyyən gözləmirdim, heç düşünmürdüm də. Mənim üçün gözəl bir sürpriz etdiniz. Çox sağ olun ki, məni yad edib gəldiniz, görüşdük.

Ulu öndər Ziya müəllimin vəziyyəti, İnstitutdakı fəaliyyəti ilə, Naxçıvanda neçə gün qalacağı ilə maraqlanmış və onun sabah geri – Bakıya qayıtmaq istədiyini eşitdikdə  demişdi:

- Elə şey yoxdur, güclə əlimə düşmüsünüz, heç yerə getməyəcəksiniz. Çoxdandır ki, Sizi görmürəm, mənim qonağımsınız. Qələbə gününü – 9 Mayı Sizin iştirakınızla, Muxtar Respublikanın veteranları ilə birgə bayram edəcəyik.

Və həqiqətən də 9 may həm Heydər Əliyev, həm Ziya Bünyadovun özü və həm də xalqımızın igid oğlu, müharibə veteranları içərisindən yeganə olaraq akademik zirvəsinə yüksəlmiş məşhur Sovet İttifaqı Qəhrəmanı, ölkəmizin Əməkdar elm xadimi, Azərbaycan və Özbəkistanın bir-neçə şəhərlərinin, hətta  Almaniyanın Berlin şəhərinin Pankov rayonunun fəxri vətəndaşı ilə bir cərgədə dayanmağın sevincini yaşamış naxçıvanlı qələbə döyüşçüləri üçün əsl və böyük bir bayrama çevrilmişdi.

 Ziya müəllimlə görüşümüzün sonunda redaksiyamızın ona ünvanladığı bir sənədi qəbul etməsini xahiş etdim.

 Nə sənəddir? – deyə soruşdu.

İzah etdim ki, bu, Sizin “Bakinets”in elmi məsləhətçisi təsdiq edilmənizə rəsmi razılığınızın olması üçün qəzetimizin müraciətidir.

  • Rəhman, sizə bununla bağlı razılığımı vermişəm. Mən sözü bir dəfə deyirəm – kişinin sözü bir olar. Rəsmi məktuba heç bir ehtiyac yoxdur, – deyib məktubu geri qaytardı.

Bununla belə yenə də əvvəlki kimi səmimiyyətlə görüşüb ayrıldıq. Ancaq mən o zaman təsəvvürümə belə gətirə bilməzdim ki, bu, xalqımızın həm müharibədə, həm də elmdə düşmənlərlə döyüşlərdən qələbə ilə çıxmış cəsur, qəhrəman oğlu ilə son görüşümüzdür…  O, 1997-ci il fevralın 21-də öz evinin kandarında xaincəsinə öldürüldü. Düşmən ağır döyüşlər qalibi ilə üz-üzə gəlməyə cəsarət etməyərək, onu arxadan vurmuşdu…

Rəhman Orxan

ziya bunyadov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın