Menu
Geri İrəli

Sumqayıtlı şairlər Nizami Gəncəvinin xatirəsini ehtiramla yad ediblər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2016 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

Sumqayıtlı şairlər Azərbaycan poeziyasının korifeyi Nizami Gəncəvinin xatirəsini ehtiramla yad ediblər. 

Bugünlərdə Sumqayıtın bir qrup ziyalısı, o cümlədən şairlər və şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 875 illik yubileyi münasibətilə şairin adını daşıyan meydanda əzəmətlə ucalan heykəli önündə toplaşaraq, onun xatirəsini ehtiramla yad etdiblər.

Xalqımızın hər zaman fəxr etdiyi dünya şöhrətli korifey şairin abidəsi önünə gül-çiçək dəstələri düzülmüş, həyat və yaradıcılığından danışılmış, əbədiyaşar poeziyasından nümunələr səsləndirilmişdir. Qeyd edilmişdir ki, yaradıcılığı bütün dünyada 8 əsrdən artıgdır ki maraqla izlənən, əsərləri əksər xalqların dillərinə tərcümə olunaraq, zaman-zaman oxunan Nizami Gəncəvi elə qüdrətli, sevilən bir şairdir ki, hətta dəhşətli II Dünya müharibəsi dövründə – 1941-ci ildə ağır blokada şəraitində çırpınan, müdhiş ölüm-dirim savaşının getdiyi, şeirin yox, çörəyin daha vacib olduğu Leninqradda (Sankt-Peterburqda) görkəmli sovet şərqşünası, Nizami yaradıcılığının böyük pərəstişkarı və yorulmaz tədqiqatçısı, Leninqrad Dövlət Universitetinin professoru Y.Bertelsin təşəbbüsü ilə dahi Azərbaycan şairinin 800 illik yubileyi keçirilib.

Bir çox dünya ölkələrində olduğu kimi, Almaniyada da Nizami Gəncəvi poeziyasına maraq bütün əsrlərdə böyük olmuşdur. Təsadüfi deyil ki, görkəmli alman şairi Henrix Heyne Nizamini şərq poeziyasının günəşi, özünün böyük ustadı hesab edərək, ona böyük bir poema da həsr edib.

Tədbirdə Sumqayıt şəhər Mədəniyyət İdarəsinin nümayəndəsi, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi şair Əşrəf Veysəlli Ulu öndərimiz Heydər Əliyevin Nizami irsinə və şəxsiyyətinə məhəbbətindən, onun təşəbbüsü ilə 1981-ci ildə dahi şairin Bakıda beynəlxalq səviyyədə, böyük təntənə ilə keçirilən 840 illik yubileyindən söhbət açmışdır.  Sonra o, şairin qəzəllərindən nümunələr söyləmiş, Nizami qəzəllərinin, xüsusilə də “Sənsiz” və “Sevgili canan”ın Üzeyir Hacıbəyov, Bülbül və Müslüm Maqomayev yaradıcılığında mühüm yer tutduğunu, “Yeddi gözəl” poeması əsasında yazdığı baletin Qara Qarayevə böyük şöhrət gətirdiyini qeyd etmişdir. Təsadüfi deyil ki, bu gün də Nizami qəzəlləri əsasında yaradılmış romanslar və digər əsərlər sevilə-sevilə oxunur, zəngin yaradıcılığı bütün dünyada diqqətlə öyrənilib-araşdırılır, yeni nizamişünaslar nəsli yetişir. 1982-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilmiş “Nizami” filmi də (baş rolda – dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevdir) xalqımızın dahi şairə olan böyük sevgisinin bariz nümunəsidir.

Tədbir iştirakçıları daha sonra Nizami Gəncəvinin şair “nəvəsi”, vaxtilə Sumqayıtda yaşayıb-yaratmış, M.Qorki adına Ümumittifaq mükafatı (indi – Beynəlxalq) laureatı, Əli Kərim adına Sumqayıt Poeziya Klubunun və Respublika Ədəbi Birliyinin yaradıcısı, hələ çox gənc ikən – 38 yaşında təsadüfi faciənin qurbanı olmuş unudulmaz şair Vaqif İbrahimin xatirəsini yad etmək üçün onun əbədi uyuduğu Saray qəbristanlığına getmiş, onun da xatirəsini ehtiramla yad etmiş, məzarı üstünü yuyub-təmizləyərək, gül-çiçək düzüblər.

Şairlər Əşrəf Veysəlli və Süleyman Hüseynov,  tanınmış jurnalistlər Zümrüd Baloğlanova, Qadir Sultan, Aida Eyvazlı, Rafiq Mehdiyev və Saray qəsəbə sakini Hacı İslam istedadlı şair, həm də gözəl insan olan Vaqif İbrahim haqqında xatirələrini danışmış, şairlərdən Əli Kərim adına Sumqayıt Poeziya Klubunun sədri  İbrahim İlyaslı, Davud Qaraçaylı və “Möhtəşəm Azərbaycan” qəzetinin redaktoru Nisə Qədirova şairin şeirlərini səsləndirmişlər. Respublikanın Əməkdar jurnalisti, şair-publisit Rafiq Oday ustadı hesab etdiyi Vaqif İbrahimin xatirəsinə özünün hələ çox gənc vaxtında – 23 yaşında böyük sevgi ilə həsr etdiyi “Dünya saxlamalıydı onu” şeirini oxunub:

 Dünya saxlamalıydı onu

ata əvəzi,

saxlaya bilmədi.

Yamanca qarışıb

başı dünyanın.

Dünya ağlamalıydı onu

ana əvəzi,

ağlaya bilmədi.

Heyrətdən qurumuşdu

gözlərinin

yaşı dünyanın…

 Sonda Vaqif İbrahimin və onun məzarı yanında uyuyan atası Əliyar kişinin, anası Məhsadə xanımın və Arif qardaşının ruhuna dualar oxunmuşdur.

Xatirə tədbirləri Əli Kərim adına Sumqayıt Poeziya Klubu və yeni yaradılmış Azərbaycan ədəbiyyatını, incəsənət və mədəniyyətini təbliğ Mərkəzi tərəfindən təşkil edilib.

 Rəhman ORXAN.

950 956_o 032_o 320_o 344_o 927

Facebook Şərhləndirmə:

Şərhinizi yazın