Menu
Geri İrəli

Tanınmış sumqayıtlı aktrisa göz yaşı tökdü: “Özümdən güclü kişi tanımadım” – FOTOSESSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2016 • Baxış sayı: 1,063 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsi.

- Xatirə xanım, teatr mövsümü artıq başlayıb. Yeni mövsümə nə ümid bəsləyirsiz?

- Bəli, artıq yeni teatr mövsümü başlayıb. Aktyorun səhnəsiz bir günü olmasın. Teatr bizim ikinci evimizdir. Baxmayaraq ki, yay ərzində çəkilişlərdə oldum, istirahət edə bilmədim, amma teatr aktyora rahatlıq gətirən bir məkandır. Teatrda irili-xırdalı bir çox rollarda oynamışam, inşallah, bu mövsüm də bir-birindən gözəl tamaşalarla tamaşaçılarımı sevindirərəm.

- Sumqayıt Dram Teatrının çox az sayda aktrisaları var ki, sizin qədər tanınırlar. Ümumiyyətlə, Xatirə xanımın xüsusi tamaşaçı kütləsi varmı?

- Təkəbbürlü insanları Allah sevməz, təkəbbürdən uzaq olmaq şərtilə sevinirəm və özümlə fəxr edirəm ki, məni sevən, qədirbilən tamaşaçılarım var. Buna görə Allahımdan çox razıyam. Onların sevgisi mənə bəs edir.

- Xatirə xanım, son illər daha da məşhurlaşıb, sevildiniz. Tamaşaçılarla efirdə görüşmək gözəldir, yoxsa teatrda?

- Hər ikisində məni izləyən sevimli xalqımızın nümayəndələridir. Aktrisa kimi mənə teatr çox əzizdir. Amma geniş tamaşaçı sevgisini bizə efirlər qazandırır. Arzu edirəm, efir məkanlarımızın imkanları da aktyorlar üçün geniş olsun. Həm serialda, həm filmdə, reklamlarda, həm də tamaşalarda tamaşaçılarla görüş mənə sevinc bəxş edir.

- Teatrlarda gedən intriqalardan xəbəriniz varmı?

- Xeyr, heç xəbərim yoxdur. Başımı aşağı salıb sənətimlə məşğul oluram. Bizim teatrda bu cür intriqalar baş vermir. Hansını nəzərdə tutursuz?

- Məsələn, həmkarlarınız Kleopatra rolu üstündə birincilik iddiası ilə çıxış edirlər…

- Sənətkarlar bir-birinin ünvanına təhqiredici ifadələr işlətməzlər. Bunu ancaq sənətdən kənar bir insan edə bilər. Böyük və ya kiçik olmasından asılı olmayaraq rolu çox gözəl ifa etmək lazımdır. Əsas əsərin ideyasını və rejissorun fikrini tamaşaçıya səlis çatdırmaqdır. Rolun böyüyü-kiçiyi yoxdur. Aktrisa tanıyıram ki, 5 dəqiqəlik rolda oynayır, amma səhnəyə çıxanda baş roldan gözəl çıxış edir. Kleopatra oynamaq üçün ürək olmalıdır, hər insan bu rolu oynaya bilməz. İnşallah, tezliklə, yəqin ki, Kleopatra rolu da mənə qismət olar.

- Qorxmursunuzmu, siz də Kleopatra rolunu oynayıb qıcığa səbəb olasız?

- Tamaşaçını aldatmaq olmur. Ən böyük qiyməti, təbii ki, tamaşaçı verir. Kleopatra oynasam, bilirəm ki, qısqananlar çatlayacaq. Mən onsuz da qısqanc münasibətə öyrəşmişəm.

- Bunu açıq-açığına bildirənlər var?

- Baş rejissorumuz və mənim səhnədə professional müəllimim Mehdi Məmmədov kimi dahidən dərs almış Firudin Məhərrəmov deyir ki: “Xatirə, başını aşağı sal, rolunun üzərində çalış. Boş-boş danışanlara fikir versən, rolunu gözəl oynamayacaqsan. Çünki fikrin onda-bunda qalar. Əsas işdir, qalan şeylər tozdur, uçub gedir”.

- Keçən mövsüm “Bir ailəm var” serialında çəkildiniz. O biri mövsüm nədənsə sizi yenidən görmədik. Rolunuz dəyişilmişdi, yoxsa özünüz imtina etmişdiz serialdan?

- Əslində serial davam edə bilərdi, amma nədənsə ssenaristlər “ZAQS” səhnəsini ixtisara saldılar. İstedadlı rejissor Rüfət Şahbazov məni Şəfəq xanım rolu ilə tamaşaçılara daha da sevdirdi. Hətta indi məni teatrda oynadığım böyük rollarla yox, “Şəfəq” xanım deyə çağırırlar. O serialdan və kollektivdən çox razı qaldım.

- Bu günlərdə oğlunuz tələbə adını qazandı. Sevinc göz yaşlarınızı paylaşdınız. Bu göz yaşlarınız əslində hansı gününüzə ağlamağınıza işarə idi?

- Şükür Allahın böyüklüyünə, 2 oğul qismət edib mənə. Mən onları zülmlə, çox əziyyətlə böyütdüm. Çoxları kimi anam, qaynanam, ərim yanımda olmadı. Mən ailə quranda nə mənim, nə də yoldaşımın anası artıq həyatda idilər. Yoldaşım qəfil rəhmətə getdi (ağlayır). 1 yaş və 2 yaş körpə ilə ortada qaldım. O zaman 30 yaşım hələ olmamışdı. O qədər zülmlü günlərim oldu ki, inanmırdım ki, onları böyüdə bilim. İndi şükür Allaha, böyüyüblər. Hər ikisi ali təhsil ocağında təhsil alır. Təbii ki, bir qadın kimi onların ehtiyacını ödəmək mənə çox çətindir. Bilmirəm, sevinim, ya balalarımı mərdi-mərdanə böyütdüyümə görə ağlayım.

- İkinci dəfə ailə qurmaq üçün elçilər olurdumu?

- Bəli, olmuşdu. Elçilik edən özümə etdi. Kaş adamın anası ölməsin. Allah heç bir bəndəsini anasız qoymasın. Amma mən bu təkliflərin heç birinə “hə” demədim. Övladlarım üçün qorxurdum. Qorxurdum ki, ikinci dəfə ərə getsəm, yoldaşım balalarıma gün verməz. Onlar mənim həyat simfoniyalarımdır. Allah etməsin, pis sədaları gəlsə, deməli, mən pis bəstəkar olmuşam. Oğlum bir dəfə mənə sual verdi ki, ana, ata nə deməkdir? O necə olur? Dedim ki, ata mənəm, qazanıb gətirirəm, ana da mənəm, bişirib yedirdirəm. Həyat mənə güclü dərs keçdi (ağlayır). O qədər güclü oldum ki, daha özümdən güclü kişi tanımadım.

- Bu gününüzə görə kimi günahlandırırsınız?

-Hər kəsə taleyi, qisməti yazan böyük Allahdır. Biz kimik ki? Hər şeyin yaxşısını Allah bilir. Mən öz yazımı yaşayıram. Hələ kimi nə gözləyir, bilmək olmaz. Mənim yoldaşım cavan rəhmətə getdi, kim dünyanı tutub yaşayacaq ki? Oğullarımın hərəsi bir ərdir. Gün doğmamış nələr doğar.

- Son çəkildiyiniz “Nazlı” komediyasında komik rolu oynayırsız. Bu qədər dərdlə komediya oynamaq çətin deyil?

-Bir dəfə bir qadına dedim ki, fəxr etmə ki, sən yaxşısan, ərin var. Mənim anam da bilmirdi ki, onun “nazlı”, “forslu” Xatirəsi 3 ilin gəlini olub, tənha qalacaq. Qadın mənə dediyi sözdən peşman oldu. Bu bir növ qarğış oldu. Səhnə sehrli aləmdir, oraya çıxdınsa hər şeyi unudursan. İşıqlar sönüb, pərdə enəndə artıq başqa həyat başlayır. Nə qədər dərdli olsam da həmişə çalışıram ki, gülümsəyim. Amma gözlərim məni aldadır. Güləndə də gözlərim qəmli olur.

Əli Rəhimoğlu, milli.az

471499_35 471499_05 471499_10 471499_11 471499_16 471499_18 471499_19 471499_22 471499_23

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın