Menu
Geri İrəli

Bu şəhərdə çoxlu dəli yaşayır – Reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2016 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

“Qafqazinfo”nun əməkdaşı İqbal Aslanov bir müddətdir ki, Amerikanın Los Anceles şəhərində yaşayır. O, bu şəhərdə qarşılaşdığı maraqlı məqamları qeyd etməklə reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

 los anceles

Kaliforniya torpaqları da Amerikaya digər əraziləri kimi sonradan qismət olub. Bu yerlərə ilk dəfə 1700-cü ildə İspaniyalı missionerlər ayaq basıblar. Amerikalılar öz gələcək ştatları ilə təxminən əsr yarım sonra tanış olublar. Belə ki, 1847-ci ildə Meksika ilə aparılan müharibənin sonunda qalib gələn yeni qitə nümayəndələri 423 min 970 kvadrat km əraziyə sahib olublar. Kaliforniyanı ələ keçirmək təbii ki, yalnız ərazi genişləndirmək məqsədi güdmürdü. Tez bir zamanda yüzlərlə qızıl axtaran öz xoşbəxtliyinin dalınca məhz bu ərazilərə axın etməyə və məsunlaşmağa başladı. Beləliklə, 1850-ci ildə Kaliforniya Amerikanın rəsmi olaraq 31-ci, ərazi baxımından Alyaska və Texasdan sonra 3-cü böyük ştatı oldu.

Bir küçəyə 10 milyon turist gəlib

Ştatın paytaxtı Sakramento olsa da Los Anceles ərazi və əhalisi baxımından Amerikanın və dünyanın ən böyük meqapolislərindən biri sayılır. Ötən ilin araşdırmalarına əsasən, şəhərdə təxminən 19 milyona yaxın əhali yaşayır. Sözsüz ki, Los Anceles dedikdə insanın ağlına ilk olaraq Holivud gəlir. Bu da əbəs deyil. Çünki dünya kinoindustriyasının vuran ürəyi Hollivud məhz elə bu şəhərdə yerləşir. “Paramaunt Pictures”, “Warner Brothers”, “Universal” kimi kino studiyaları həm film, həm də turizim baxımından şəhərin inkişafında əvəzsiz rol oynayır. Elə bu səbəbdəndir ki, il ərzində milyonlarla turist həm bu cür yerləri görmək üçün, həm də sevdikləri aktyorların yolu ilə getmək arzusu ilə Los Ancelesə gəlir.

Bu kino studiyalarının hər birində turist turları təşkil edilir. İnsanlar həmin studiyaları gəzərək sevdikləri filmlərin necə çəkildiyini və istifadə edilən dekorasiyaları canlı görürlər. Maraq üçün qeyd edək ki, “Universal” studiyasının böyük bir hissəsi məşhur kinorejisor Stiven Spilberqin istəyinə uyğun tərtib edilib. Onun sifarişilə “Dünyaların müharibəsi” adlı filmin çəkilişi üçün əsl təyyarə alınıb və həmin təyyarə dekorasiya məqsədilə hissələrə bölünüb.

Təbii ki, Hollivudu Hollivud edən əsas məsələlərdən biri də “Walk of Fame” (Ulduzlar Xiyabanı) dir. Bu elə Hollivud bulvarında yerləşən uzunluğu 2.1 km olan və 2500 dən artıq dünyaca tanınmış aktyorların, rejissorların, musiqiçilərin, televiziya aparıcılarının adının yerə qızılı ulduz içərisində həkk edildiyi bir küçədir. Adların asfalt üzrərinə həkk edilməsi məsələsinə Hollivud Ticarət Palatası qərar verir. Təbii ki, bu proses müəyyən məbləğin, daha dəqiq desək, 25 min doların qarışılığında həyata keçirilir. Onu da qeyd edək ki, təkcə elə “Walk of Fame” küçəsi 2003-cü ildə 10 milyon turist qəbul edib.

Los Ancelesə baxanda Bakıya şükür

Ümumiyyətlə, hər hansı bir şəhər haqqında söhbət açanda onun mərkəzi insanda maraq doğurur. Ancaq Los Anceles üçün mərkəzi küçə anlayışı bir qədər yaddır və ya mövcud deyil. Çünki vaxtılə burada hər bir rayon özü ayrıca şəhər idi və indiki Los Ancelesi də nəhəng edən amillərdən biri məhz budur. Şəhərin bir ucundan digərinə getmək üçün maşınla təxmini 4 saata yaxın vaxt sərf etməlisən. Yeri gəlmişkən, amerikalıların təbirincə desək, LA-də (El Ey) ümumi sürücülərin sayından iki milyon çox maşın var. Bura dünyanın ən böyük meqapolislərindən olsa da nəqliyyat sistemi , çox bərbad vəziyyətdədir. Hesablasaq bəlkə də 30 dan çox marşurut avtobusu tapmaq olmaz. On beş dəqiqəlik yolu qət etmək üçün sərnişin dayanacaqda 20-25 dəqiqəsini sərf edir və mənzil başına yarım saata çatır. Gediş haqqı da 1 dollar 75 sentdir.

Doğrudur, şəhərdə metro da fəaliyyət göstərir. Ancaq stansiyalar o qədər də çox deyil və ondan əsasən turistlər istifadə edirlər. Çünki bir amerikan ailəsinin orta hesabla iki-üç maşını olur. Ona görə də burada yaşayanlar və ya turistlər hamısı bi ağızla “Los Ancelesdə maşınsız hərəkət etmək mümkün deyil”- deyir. Bu mənada insan nə qədər qeyri-adi səslənsə də, Bakının nəqliyyat sisteminə şükr edir. Ancaq küçələrin səliqəli, yaşıllığın bol olması nəqliyyat problemi haqda çox da fikirləməməyə vadar edir.

Amerikalılar bu vaxta qədər necə sağ qalıblar?

Bəli, elə bu sual məni Los Ancelesdə olduğum bir həftənin tamamında çox narahat etdi. Çünki burada problem olan təkcə nəqliyyat məsələsi deyil, həm də insanların qidalanmağıdır. Bəlkə də artıq bir çoxunuza bəlli olan “Amerikanın mətbəxi yoxdur” kimi bir ifadə işlətsəm, özümdən Amerika kəşf etmiş olmayacam. Çünki neçə illərdir bu boyda ölkənin insanları “burger”lərdən “fast food”lardan və ya sonradan italyanların, çinlilərin, taylandların gətirdiyi bir neçə mətbəxt çeşidindən asılıdır. Ona görə də burada ağız dadıyla nəsə yeyib doymursan, sadəcə ac qalmamaq üçün mədəni aldadırsan.

Ancaq bu aldatmaq prosesi də illər keçdikcə insanların genefonduna mənfi təsir göstərir və küçədə çoxlu sayda artıq çəkililəri görmək adi hala çevrilir. Digər şəhərləri dəqiq deyə bilmərəm, amma Los Ancelesdə gün ərzində istənilən restoranı adamla dolu görmək olar. Burada qadınlar daha çox üstünlük təşkil edirlər. Çünki əksər amerikalı qadın ya yemək bişirə bilmir, ya da bişirməyə yemək növü tapmır. Ortabab restoranda nahar etmək bir nəfər üçün təxminən 10-15 dollara başa gəlir. Burdakı məkanların kiçik bir hiyləsi yeməyi tam boşqab dolusu verməkdir. Bu halda yarım boşqab sifariş edib pula bir qədər qənaət etmək olar. İnsanı məmnun edən bir cəhət də birincidən sonrakı içkilərin (şirə, adi su) pulsuz verilməsidir. Mətbəx mövzusuna irəlidə yenidən qayıdacağam…

Ərəblərin Los-Anceles macərası

Yaxın keçmişdə “dünyanın istənilən yerində çoxlu sayda rus turistləri görmək olar” kimi məlumatlar eşidirdik . Hazırda isə bu estafeti ərəbər ələ keçiriblər. Pulla bağlı heç bir problemi olmayan bu xalqın nümayəndələrinin gəzmək üçün Los-Ancelesdən ideal seçimi ola bilməz. Bahalı maşınları, üzərlərində qiymətli daş-qaşları, həddən artıq ucadan danışmaq xüsusiyyətləri ilə ərəblər amerikalıların belə təəccüblü baxışlarına səbəb olurlar.

Ancaq şəhərdə bir ərəbi digər millətdən olan insandan fərqləndirmək üçün bu sadaladığım faktlara fikir verməmək də olar. Sadəcə olaraq hər hansı bir suvenir dukanın önündən keçmək kifayətdir. Belə ki, burada satıcını döymək həddinə çatıb, ondan cəmi 5-10 dollarlıq bir suvenirə israrla endirim istəyən şəxs ərəbdən başqası ola bilməz.

Los Ancelesdə çoxlu dəli yaşayır

“Homeless” yəni evsizləri LA-də olduğu kimi Amerikanın istənilən şəhərində görmək olar. İşi, yaşamağa yeri olmayan, istənilən yaş qrupuna aid bu insanlar bütün günü küçələrdə gəzir, harda gəldi yatır və nə tapdı yeyirlər.

Bizdə olan dilənçilərlə fərqləri insanı bezdirəcək dərəcədə dil töküb pul istəmirlər. Yalnız bir dəfə “bəlkə, qəpiyin olar?” deyib uzaqlaşırlar. Ümumiyyətlə, buradakı evsizlərin öz dünyaları olur. Öz-özləri ilə durmadan danışıb, gülürlər, qışqıraraq xəyallarında canlandırdıqları insanlarla mübahisə edirlər. Bəzən ətrafdakılarla ünsiyyət qurmağa çalışırlar. Ancaq bura gəldiyim ilk gündən tanıdığm insanlar cəmiyyət üçün o qədər təhlükəli olmayan evsizlərlə söhbət etməməyimi, onlara yaxınlaşmamağımı tövsiyə etdilər. Səbəb kimi də “onlar dəlidirlər, çalış uzaq dur” göstərirlər.

Bu fikirlə hardasa razılaşmaq olar. Ona görə yox ki, onlar özlərini qeyri normal tərzdə aparırlar. Sadəcə olaraq Amerika kimi bütün imkanlara malik olan, pis-yaxşı istənilən yerdə iş tapmağın asan olduğu bir ölkədə bu cür səfil həyat tərzi seçmək dəlilikdən başqa bir şey deyil.

Ermənilərin Los-Anceles hegemonluğu

Amerikada təxminən 4 milyona yaxın erməni yaşayır ki, bunun da böyük bir qismi Los Ancelesin payına düşür. Onlar bu ölkəyə müxtəlif dövrlərdə və müxtəlif səbəblərə görə köçüblər. Ən böyük axın isə SSSR-nin dağılmasından sonra müşahidə olunub. Ona görə də Azərbaycan dilini bilən və ya öz dilərində danışdıqları zaman bizim sözlərdən istifadə edən çoxlu sayda Bakıdan köçən erməni ilə də rastlaşmaq mümkündür.

XX əsrin əvvəlində köçən ermənilər Osmanlı dövlətinin onlara qarşı törətdiyi soyqırımı iddia edərək burada sığınacaq ala biliblər. Sovet imperiyasının dağılmasından sonra isə Dağlıq Qarabağda gedən müharibə və ya fərqli siyasi və iqtisadi bəhanələr göstərilib. Ancaq hazırda burada yaşayan ermənilər vəziyyətlərindən çox razı görünürlər. Çünki bizimkindən fərqli olaraq çox güclü və geniş fəaliyyətlə məşğul olan bir diasporaları var. Los Ancelesdəki ermənilər özləri belə etiraf edirlər ki, Ermənistanın iqtisadi baxımdan pis yaxşı hazırda ayaqda qala bilməsinin ən böyük səbəblərindən biri məhz elə diasporalarıdır.

Bu qurum il ərzində büdcəyə kifayət qədər mailliyə göndərir. “Ermənistan-Amerika Birliyi” və ya “Ermənistan Milli Komitəsi” adlı qurumlar isə hər ik dövlət arasındakı əlaqələri daha da gücləndirmək və soydaşlarının hətta erməni dilində təhsil almaları istiqamətində işlərlə məşğuldular.

Erməniləri Los Ancelesdə istənilən işdə görmək olar. Onların arasında restoran sahibləri, taksi sürücüləri, bank işçiləri, satıcılar və s. var. Restoran biznesində əldə etdikdəri uğuru isə xüsusilə qeyd etmək lazımdır. Təbii ki, bu sahədə də özlərinə xas olan spesifik oğurluq bacarıqları köməklərinə çatıb. İstənilən iri və xırda ticarət mərkəzində “Massis” adlı erməni kababxanasına rast gəlmək olar. Erməni və kabab sözü bir-birinə çox yad olsa da LA-də bu sözlər iki doğma qardaş mənasını verir. Çünki istənilən amerikalı kabab adı eşidəndə bunun milli erməni yeməyi olduğunu düşünür. Menyusuna adı da bizim olan lülə, tikə və s. kimi kabab növlərinin daxil olduğu bu restoranların qarşısında xüsusən nahar saatında uzunluğu 10 metrdən də artıq olan növbələr müşahidə olunur. Bundan başqa türk milli məbəxinə aid olan lahmacun, mantı, çiy börəyi də ermənilər özlərininki kimi təqdim edirlər.

Ermənilərdən fərqli olaraq Los Ancelesdə azərbaycanlılar çox azdır və təbii ki, onlarda olan geniş imkanlar bizimkilərdə yoxdur. Soydaşlarımızın əksəriyyəti ya “Uber” taksi xidmətində ya da telefon təmiri ustası kimi fəaliyyət göstərir. Bəlkə də mən ancaq onlara rast gəldim. Ola bildin hər hansı bir elmi, ictimai, siyasi işlə məşğul olan həmyerlilərimiz də var. Hər halda bu sualları hələki adını eşidib özünü görmədiyim Azərbaycan diasporasına ünvanlamağa çalışacam…

Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj
Bu şəhərdə çoxlu dəli yaşayır  -  Reportaj

Facebook Şərhləndirmə:

Şərhinizi yazın