Menu
Geri İrəli

Əli Əhmədovdan Avropaya sərt mesaj

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

67532“Avropa Parlamentinin ilk Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Azərbaycanda uydurma insan hüquqları məsələsini müzakirəyə çıxarması nə qədər qəribə görünsə də, təəccüblü deyil.”

ANS PRESS-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O, Avropa Parlamentində (AP) iyunun 8-də bir qrup deputatın Azərbaycana qarşı aksiya keçirməsinə, iyunun 10-da isə AP-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı təşkil olunan dinləmələrə münasibət bildirib: “Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib. Azərbaycan bu günlərdə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi qayğısı ilə yaşayır. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “New York Tayms” qəzetinə verdiyi müsahibəsində açıq-aşkar bildirir ki, Avropa iqtisadiyyatı geriləməyə başladığından Azərbaycan Oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi. Deməli, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürməsəydi, həmin Oyunların taleyi başqa cür ola bilərdi. Görəsən, Avropa idman hərəkatı tarixində önəmli hadisə ərəfəsində Azərbaycanı saxta ittihamlarla tənqid edən Avropa Parlamentinin üzvləri bu hərəkətlərinin nə demək olduğu barədə fikirləşirlərmi?”

Ə.Əhmədov vurğulayıb ki, əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur. Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə, bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir ki, hüquqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir.

YAP-ın sədr müavini bildirib ki, idman həmişə sülhün carçısı olub. İnsanları, xalqları, dövlətləri yaxınlaşdırıb. Bakıda keçirilən ilk Avropa Oyunları da idmanın bu ənənəvi missiyasından kənarda qalmayıb. Görünür, Avropa Parlamentində heç bunu da istəmirlər. Qeyri-ixtiyari olaraq onlara xitabən demək istəyirsən: İdmanı siyasətə qatıb gözdən salmayın!

O vurğulayıb ki, Ukraynada baş verən faciələrin, tökülən qanların, dağılan talelərin qarşısını ala bildinizmi?! Bir il bundan əvvəl rahat, dinc, firavan həyat yaşayan bir ölkə indi qan içindədir, parçalanmaq üzrədir. Nifaq salmaq, xalqları bir-birinə qarşı qaldırmaq, dağıtmaq, uçurmaq çox asandır. İnsanlar isə tam əksini arzulayır. İmkan verin, hər bir xalq öz taleyinə sahib olsun, rahat və firavan yaşasın. Avropa İttifaqında həllini gözləyən kifayət qədər problem var və AP deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın