Menu
Geri İrəli

İnternet cinayətə və intihara aparır – Nə etməli?

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2017 • Baxış sayı: 161 dəfə • Şərh yoxdur

Osman-GunduzUşaqların internet asılılığı qlobal və ciddi problemdir.

Bu sözləri Axar.az-a Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, uşaqlar uzun müddət nəzarətsiz qaldıqda və internetdən istifadədə heç bir məhdudiyyət görmədikdə internetdən asılı vəziyyətə düşür.

“Azyaşlılar internetdən valideyn nəzarəti altında istifadə etməlidir. Valideynlər uşağa internetin sürətlisini çəkdirməklə, kompüterin bahalısını və geniş funksiyalısını almaqla onların bu vərdişlərini və asılılıqlarını daha da artırmış olur. Məsələn, İngiltərədə kompüter uşağın yataq otağına qoyulmur. Kompüterlər valideynlərin otağında, internetdən istifadə isə müəyyən yaşa qədər valideyn nəzarəti altında həyata keçirilir.

Düşmən qruplaşma və ölkələr internet vasitəsilə uşaqların psixikasına təsir edir, onları şüualtı olaraq intihara və cinayətə sürükləyirlər.

Bu, ümumilikdə cəmiyyətin problemidir. Yalnız valideyni günahlandırmaq olmaz. Hökumət, dövlət qurumları, vətəndaş cəmiyyəti, özəl sektorlar, təhsil qurumları bunu birlikdə həll etməlidir. İnternet klubları da bu barədə məsuliyyətli olmalıdır. Təklif etmişdim ki, internet klublarında uşaqların istifadəsi üçün ayrı kompüterlər təşkil edilsin və həmin kompüterlərdə internetdən istifadəyə nəzarət olunsun. Biznes və gəlir tərəfini düşünən klub sahibləri isə bu cür məhdudiyyətlərin onların işinə yaramadığını deyirlər.

Hazırda uşaqlar üçün arzu olunmayan saytların girişinə icazə verməyən bir mexanizm üzərində çalışırıq. “Halal internet” adlanan bu mexanizmdən artıq Təhsil Nazirliyi sistemində istifadə olunur. Bununla lazımsız saytlara girişin qarşısı alınır və axtarış sistemlərində yalnız icazə verilən məlumatlara rast gəlinir. Bu yolla uşaqların psixikasına zərər verə biləcək və yaşlarına uyğun olmayan məlumatların əldə olunmasının qarşısını ala bilərik.

Əslində, hər bir saytdan tələb olunur ki, məlumatlar, virtual oyunlar, filmlər və digər xidmətlər təqdim olunarkən yaş məhdudiyyəti göstərilsin – 12+, 13+, 18+ və s. Buna isə əməl olunmur”.

Xatırladaq ki, aprelin 3-də internet asılılığına görə atası tərəfindən danlandıqdan sonra evdən çıxaraq geri dönməyən 11 yaşlı Ağamir Nəcəfi bir gün sonra internet klublarından birindən tapılmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın